"Aqoniya", yoxsa təkamül?
B i r i n c
i m ə q a l ə
Üç-dörd ay bundan əvvəl ədəbiyyatşünaslığımızda
bir polemika mənim diqqətimi cəlb etdi və
öz-özlüyündə, olsun ki, növbəti bir polemika
təsiri bağışlasa da, son illərdə klassik ədəbiyyata
münasibətdə ara-sıra özünü göstərən
və şəxsən mənim üçün mübahisəli,
bəzi məqamlarda isə tamam qəbuledilməz olan
tendensiyalar baxımından bu fikir mübadiləsi son illərin
səciyyəvi bir nümunəsidir.
Söhbət XIX əsr Azərbaycan ədəbiyyatından
və həmin əsri Azərbaycan ədəbiyyatı
tarixinin "itirilmiş dövrü", "mənasız
dövrü" kimi qiymətləndirməkdən, Mirzə
Şəfi Vazeh, Qasım bəy Zakir, hətta Mirzə Fətəli
Axundzadə kimi ədəbi simalar haqqında söylənən
və tarixi revizionizm cəhdləri açıq-aydın hiss
olunan bəzi mülahizələrdən gedir.
Təəssüf ki, belə metodoloji
yanlışlıqlar bu gün təkcə ədəbiyyatşünaslığımızın
deyil, ümumiyyətlə, humanitar fikrimizin bütün sahələrində
özünü göstərir. Sosrealizm
ədəbiyyatşünaslığının tənəzzülü
və bir sıra məqamlarda inersiya ilə davamı şəraitində
nəzəri-metodoloji çaşqınlıq, klassikanın
mexaniki inkarı uzun zaman sürən və hakim olan sosioloji
ifratların, əslində, daha radikal mövqedən
"improvizə edilmiş" təkrarıdır. Son
illər dünya ədəbiyyatşünaslığında
müşahidə etdiyim bir məqamı xatırlatmaq istəyirəm:
bir çox ölkələrdə, xüsusən postsovet məkanında
klassik irsə yanaşmada nəzəri-metodoloji cəhətdən
irəliləyişlərlə, tədqiq və təhlil
obyektinə estetikanın əldə etdiyi yeni meyarların tətbiqi
ilə bərabər, ciddi yanlışlıqlar da meydana
çıxır və bu baxımdan Nizami adına Ədəbiyyat
İnstitutunun xarici ölkələrdən gəlmiş
görkəmli nəzəriyyəçi alimlərin
iştirakı ilə keçirdiyi "Humanitar elmlərin
müasir durumu və ədəbiyyatşünaslığımızın
nəzəri-metodoloji məsələləri"
mövzusunda beynəlxalq konfrans bu dediklərimi əyani şəkildə
nümayiş etdirdi (Bax: Humanitar elmlərin müasir durumu və
ədəbiyyatşünaslığımızın nəzəri-metodoloji
məsələləri. Bakı, "Elm", 2010). Bu
konfransı ona görə xatırladım ki (çox əhəmiyyətli
haldır ki, həmin beynəlxalq konfransın materialları
operativ olaraq nəşr edildi), ədəbiyyatşünaslığımızın
məni ciddi narahat edən nəzəri-metodoloji
qayğıları yalnız XIX əsr ədəbiyyatımızla
məhdudlaşmır və bu fonda
geniş elmi fikir mübadiləsinin zərurətini bir daha
gündəliyə gətirir.
XIX əsr Azərbaycan (yaxud fransız, yaxud da rus, ingilis
və s.) ədəbiyyatı dedikdə, aydın məsələdir
ki, bu zaman vahidinin sərhədlərini heç vəchlə
formal yanaşma ilə, pedantcasına təqvimlə müəyyənləşdirmək
olmaz, yəni yalnız 1801-ci ilin 1 yanvarından 1901-ci ilin 1
yanvarına qədərki dövrü nəzərdə tutmaq ədəbiyyatın
və ümumiyyətlə, sənətin, eləcə də
ictimai fikrin inkişaf dinamikasının təbiətinə
ziddir. Ədəbiyyatda, ictimai fikirdə hər hansı cərəyanın,
ədəbi hadisənin ilkin işıltısı, təmayülü,
başlanğıcı var, onlar bədii-estetik təməlqoyma
prosesinin davamı və nəticəsidir, yəni XIX əsrin
"Əkinçi"sini qiymətləndirmədən, onun
ictimai fikrin inkişafındakı rolunu müəyyənləşdirmədən,
XX əsrin əvvəlində nəşrə
başlamış "Molla Nəsrəddin"i necə qiymətləndirmək
olar? Yaxud M.F.Axundzadə komediyalarından gələn
bədii-estetik ənənələri qiymətləndirmədən
Üzeyir Hacıbəylinin operettalarının dramaturji mətnini
elmi-metodoloji baxımdan düzgün qiymətləndirmək
mümkündürmü? XX əsrin əvvəllərindən
etibarən əlinə qələm alan, demək olar ki, hər
bir yazı-pozu əhlinin pyes yazması XIX əsr ədəbiyyatının,
konkret olaraq M.F.Axundzadənin, sonrakı dövrdə N.B.Vəzirovun
xidməti deyilmi və elə yalnız bundan sonra necə ola
bilər ki, XIX əsri Azərbaycan ədəbiyyat tarixinin
"itirilmiş dövrü" adlandırasan?
Ədəbiyyatın tarixi - həm də söhbət,
aydın məsələdir ki, yalnız Azərbaycan ədəbiyyatından
getmir - sübut edir ki, milli ədəbiyyat mövcuddursa, onun
"itirilmiş dövrü", "mənasız
dövrü" yoxdur, sadəcə olaraq, bəzən özlərindən
əvvəlki dövrlərin yetişdirdiyi nəhəng ədəbi
fiqurların yaşayıb-yaratdığı dövrlər
daha qabarıq şəkildə, bədii-estetik mündəricatın
daha artıq zənginliyi ilə özünü göstərir.
Azərbaycan ədəbiyyatında parlaq Məhsəti, Xaqani,
Nizami dövrü ilə parlaq Nəsimi, Xətai, Füzuli
dövrü arasında nə qədər zaman
keçmişdir və biz bu zamanı "itirilmiş
dövr", "mənasız dövr" kimi qiymətləndirə
bilərikmi? Bəs Füzulidən sonra Vaqifəcən
nə qədər zaman keçmişdir və bu illər ərzində
ədəbiyyat sadəcə olaraq gözləmişdir ki,
Molla Pənah Vaqif haçan onun tarixinə düşəcək?
Yox, həmin müddətdə ədəbiyyat
axtarışlar apara-apara Vaqifi yetişdirmişdir.
Gənclik çağlarımda mən rus
dilində Napoleonla bağlı nəşr olunmuş
kitabların, bəlkə də, hamısını
oxumuşdum və indi, bu sətirləri yazarkən, akademik
Y.Tarlenin bir fikri yadıma düşür. Tarle yazırdı ki, XVIII əsrin sonu, XIX əsrin əvvəllərində
Fransda elə bir vəziyyət yaranmışdı ki,
Napoleonun meydana çıxması zərurət idi, amma bu
şəxsin isə məhz Korsikalı Bonapart olması təsadüfdür.
Nə demək istəyirəm?
Azərbaycan
ədəbiyyatının özünüaxtarışı
elə bir məqama gəlib çatmışdı ki, elə
yetişmişdi ki, XVIII əsrin sonlarında bu ədəbiyyatdakı
Vaqif hadisəsi zərurətin nəticəsi idi, bu şəxsin
isə məhz Molla Pənah olması təsadüf idi, yəni
konkret olaraq həyatda Molla
Pənah adlı bir şəxs olmasaydı da Vaqif hadisəsi
başqa bir şəxsin adı ilə bağlı Azərbaycan
ədəbiyyatı tarixinə düşəcəkdi.
Lev
Tolstoy Mixail Lermontovun istedadını çox yüksək
qiymətləndirirdi və özünə xas olan bir dərinliklə
deyirdi ki, bu oğlan ("etot malçik") həyatdan bu qədər
tez getməsəydi, nə mənə, nə də Dostoyevskiyə
ehtiyac olacaqdı. Tolstoyun bu fikri, elə bilirəm ki, mənim
demək istədiyimi yaxşı yozur, yəni rus ədəbiyyatının
özünüaxtarışı artıq Tolstoy və
Dostoyevski yüksəkliyinin əldə olunmasını
labüd etmişdi və həmin ədəbi axtarışlar
Lermontov istedadını meydana çıxartdı, ancaq həyat
bu istedada öz ədəbi missiysını yerinə yetirməyə
imkan vermədi, ona görə də (!) bu missiyanı Lev
Tolstoy və Fyodor Dostoyevski
yerinə yetirdi.
Canlı
bir orqanizmin təhtəlşüur olaraq öz həyatı
uğrunda daima mübarizə apardığı, bu həyatı
mənən zənginləşdirməyə
çalışdığı kimi, milli ədəbiyyat da
öz missiyası daxilində canlı bir orqanizm kimi təkmilə
gedən yolda daima, bütün epoxalarda özünü
axtarır, həmin epoxaların spesifikasından doğan bədii-estetik
mərhələləri bir-bir adlayır və bəzən ədəbiyyatın
bu axtarışları təxminən eyni zaman vahidi daxilində
öz tarixinə bir neçə böyük sənətkarın
adını yazır, bəzən də bu
axtarışların nəticəsi daha artıq vaxt tələb
edir.
Mən
yuxarıda qeyd etdiyim polemikada "XIX əsr Azərbaycan ədəbiyyatının
ən mənasız dövrüdür" (Rüstəm
Kamal, Azadlıq radiosu. "Pen klub" proqramı, 19 aprel 2013) fikrinə
rast gəldim, daha sonra müəllif "aqoniya" ifadəsini
işlədir, başqa bir müsahibəsində isə
"XIX əsri ədəbiyyatın aqoniyası
adlandırırsınız" fikrini təkzib yox, şərh
edir ("Kulis.az" saytı, 29 aprel 2013).
Nəinki XIX əsr Azərbaycan
ədəbiyyatı ilə, ümumiyyətlə, ədəbiyyatla
bağlı belə bir məfhumun işlədilməsi elmi-nəzəri
baxımdan nə dərəcədə məqbuldur? Yaxud XIX əsri
Azərbaycan ədəbiyyatı kontekstində "ən mənasız
bir dövr" adlandırmaq metodoloji cəhətdən nə
qədər doğrudur?
Rüstəm
Kamal düz müəyyən edir ki, "Folklor təfəkkürü etnik
özünüdərklə bağlıdır" və onun
söylədiyi bu fikiri də aşağı-yuxarı qəbul
etmək olar ki, "Bakıxanov, Mirzə Şəfi Vazeh,
Seyid Əzim Şirvani etnik özünüdərklə
bağlı şairlər deyillər" (Yenə orada), ancaq bunları
ümumiləşdirib və bunlara istinad edib XIX əsri Azərbaycan
ədəbiyyatının "ən mənasız
dövrü" kimi qiymətləndirmək yanlış bir
müddəadır və metodoloji cəhətdən də,
elmi-nəzəri baxımdan da əsassızdır.
Ədəbiyyatın
tarixində "mənasız" dövr olmur, hansı bir
zaman çərçivəsində möhtəşəm
simalar və ədəbi hadisələr yoxdursa, deməli
hazırlıq, yetişdirmə prosesi gedir, ədəbiyyat
"qeyri-möhtəşəm" ədəbi simaları təcrübədən
keçirir, kamil üçün münbit zəmin
yaradır.
Biz, hətta
XX əsr Azərbaycan ədəbiyyatına təbii şəkildə,
yəni yuxarıda dediyim həmin
özünüaxtarış nəticəsində gəlməyən,
inzibati qaydada gətirilən, pərçim edilən sosialist
realizminin belə "aqoniya"sını görmədik, rəsmi-inzibati
ideologiyanın tərkib hissəsi kimi həmin inzibati ideologiya SSRİ ilə birlikdə
süquta uğrayan kimi, sosrealizm də heç bir aqoniya
keçirmədən (vaxt çatmadı?!) yox oldu.
Şirindil
Alışanov "müəyyən təşəbbüs"
kimi Azərbaycan klassik romantizminin belə bir mərhələ
təsnifatını verir:
1. Erkən orta əsrlərin
intibah romantizmi (Nizami, Xaqani, Məhsəti);
2. yetkin orta əsrlərin klassik
romantizmi (Nəsimi, Füzuli);
3. klassik romantizmin ənənə
kimi davamı və tənəzzül dövrü
(M.Ş.Vazeh, Natəvan). (Ş.Alışanov.
Sözün estetik yaddaşı. Bakı, "Elm",
1994, səh. 141).
Bu təsnifat, elə bilirəm ki, mahiyyət
etibarilə Azərbaycan klassik romantizminin mərhələlərini
dəqiq müəyyən edir.
Yaşar Qarayev isə "Azərbaycan realizminin mərhələləri"
monoqrafiyasında, ümumiyyətlə, yazılı ədəbiyyatın
orta əsrlər romantik ədəbiyyatından sonrakı
ardıcıllığını belə müəyyən
edir - XVIII əsrin erkən realizmi; XIX əsr maarifçi
realizmi, tənqidi realizm; XX əsrin yeni romantizmi - və
yazırdı: "…Azərbaycan xalqının ədəbiyyatında
XIX əsrin ortalarından etibarən milli ədəbi fikrə
hər cür sufizm, panteizm təsirlərini tam bir ideologiya, məfkurə
sistemi, ideya-fəlsəfi cərəyan səviyyəsində
yeni bir təlim - maarifçilik və onun təsiri əvəz
edir." (Y.Qarayev. Azərbaycan realizminin mərhələləri.
Bakı, "Elm", 1980, səh. 22-23).
Mən hələ 1979-cu ildə unudulmaz Yaşarın
"Tənqid: problemlər, portretlər" kitabı
haqqındakı məqaləmdə yazmışdım:
"Maarifçi realizmin müstəqil ədəbi-tarixi bir mərhələ
kimi əsaslandırılmasını, milli intibahın spesifik
təzahürü kimi, Azərbaycanda XIX əsrin irəli
sürdüyü tarixi vəzifələrə cavab kimi
yaranmasını belə sistemli, konseptual şəkildə
açmasını müəllifin bir realizm tədqiqatçısı
kimi ən mühüm nəzəri nəticələrindən
biri hesab etmək olar." (Elçin. Klassiklər və müasirlər. Bakı,
"Yazıçı", 1987, səh. 323-324).
Hərgah biz Yaşar Qarayevin bu təsnifatını da qəbul
etsək (mən bu təsnifatı da dəqiq hesab edirəm), o
zaman XIX əsrdəki Azərbaycan ədəbiyyatı ilə
bağlı belə bir qənaətə gəlirik: klassik
romantizm (yəni "Divan ədəbiyyatı") yalnız
"ənənə kimi", yəni inersiya ilə davam edib və
tənəzzülə uğrayıbsa, elə bunun
özü, ilk baxışda paradoks kimi görünsə də,
XIX əsr ədəbiyyatını Azərbaycan ədəbiyyatı
tarixinin mühüm dövrü edir və belə olan təqdirdə
onu nə üçün "itirilmiş dövr" hesab
etməliyik? Hərgah XIX əsr Azərbaycan ədəbiyyatında
perspektivli keyfiyyət dəyişikliyi baş veribsə, yəni
bu ədəbiyyat marrifçi və tənqidi realizmi əldə
edibsə, o zaman biz həmin dövrə nə
üçün "aqoniya" dövrü kimi
baxmalıyıq?
XVIII əsrin sonlarında və XIX əsrdə Avropa ədəbiyyatında
yaranan və biri az, o biri çox dərəcədə
ümumdünya ədəbiyyatının bədii-estetik
mündəricatını genişləndirən parnasizm,
neoklassizm, naturalizm, personalizm, impressionizm və s. kimi cərəyanlar
arasından Azərbaycan ədəbiyyatı yalnız iki əsasını
- romantizmi (yeni romantizm!) və realizmi özünün ifadə
vasitəsinə çevirdi. Bu romantizm artıq gül ilə
bülbülün, Leyli ilə Məcnunun romantizmi deyildi, bu
romantizmdəki faciəvi xətt həyati idi və o xətt
sonrakı əsrdə Cəfər Cabbarlının
"Aydın"ına, ya da ki, Hüseyn
Cavidin "Şeyx Sənan"ına gətirib
çıxartdı.
Həsən bəy Zərdabi "Vəkili-naməluma"
(Mirzə Fətəli Axundzadə "Əkinçi"yə
bu imza ilə yazırdı) müraciətlə millətin
"öz dilimizdə" təhsil almağını, savad
sahibi olmasını arzulayırdı və yazırdı ki,
"yəqin o vaxt indikindən yaxşı müsəlman
olarıq". Həsən bəy bu arzunu xəyal
adlandırırdı və "amma onun xəyal
olmağına səbəb biz özümüzük" -
deyirdi. (Həsən bəy Zərdabi.
Seçilmiş əsərləri.
Bakı, "Azərnəşr", 1960, səh. 109).
Mirzə Fətəli isə "Kəmalüddövlə
məktubları"nın Peterburq naşiri
İsakova yazdığı məktubda deyirdi ki, vaxt gələcək
"Qafqaz müsəlmanları içərisində savada həvəs
doğacaq, idraka meyl oyanacaq…" (Bu barədə ətraflı
bax: C.H.Cəfərov. Azərbaycan teatrı.
Bakı, "Azərnəşr", 1974, səh.9).
Yenə də Mirzə Fətəlidən bir sitat gətirmək
istəyirəm: o, şahzadə Cəlaləddin Mirzəyə
məktublarından birində öz komediyalarını nəzərdə
tutaraq yazırdı: "Bu əsərləri yazmaqdan məqsədim
öz xalqımı Avropada məlum olan dram və teatr sənəti
ilə tanış etmək idi ki, bəlkə mənim
başqa həmvətənlərim də son dərəcə
faydalı olan bu gözəl sənətin şərtləri
və tələbatı ilə tanış olub, bu cür əsərlər
yazmağa başlasınlar." (M.F.Axundzadə.
Əsərləri üç cilddə, 3-cü cild, Bakı,
"Şərq-Qərb", 2005, səh. 108).
Bu xəyalları, arzuları və inamı məhz XIX əsr
yaratdı və onların reallığa çevrilməsinin
təməlini qoydu; həmin təməlqoyma vacibliyinin və əhəmiyyətinin
izahını da məhz XIX əsr Azərbaycan ictimai fikri
verdi, məqsəd və məramını ortaya qoydu; Zakirdən
Həsən bəy Zərdabiyə, Nəcəf bəy Vəzirova,
gənc Mirzə Cəlilə (ilk hekayələri) və gənc
Nəriman Nərimanova (ilk pyesləri və "Bahadır və
Sona") qədər, təbii ki, Mirzə Fətəli də
daxil olmaqla, məhz XIX əsr Azərbaycan ədəbiyyatı
o xəyal və arzuların reallıq olduğunu əyani
şəkildə sübut etdi.
XIX əsrin 20-ci illərindən etibarən Azərbaycan
ziyalılığında Şərq ilə Qərb kəsişməyə
başlayırdı, misal üçün, baxın,
Varşava və Peterburq kübar salonlarının qəhrəmanı
Abbasqulu Ağa Bakıxanov, eyni zamanda, şiə məzhəbli
mömin bir müsəlman kimi deyirdi:
Kərbəla, saxlagilən nəşi-Əliəkbərimi,
Verirəm çünki əmanət sənə
gülpeykərimi…
Və illər ötdükcə bu kəsişmə bədii-estetik
vəhdətə çevrilməyə başladı və bu
istiqamət artan xətlə inkişaf edərək Mirzə Fətəli,
Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, Üzeyir bəy,
Hüseyn Ərəblinski yaradıcılığından
keçərək Şövkət Məmmədova,
Bülbül, Qəmər Almaszadə, Qara Qarayev, Fikrət Əmirov,
Tahir Salahov yaradıcılığına gəlib
çıxdı, ədəbiyyatda yeni janrlar yarandı,
poeziya ilə bərabər proza da bu ədəbiyyatın
simasını müəyyənləşdirdi, ədəbi-bədii
dil tam şəkildə formalaşdı və milli ilə bəşərinin
vəhdəti bir küll halında Azərbaycan mədəniyyətini
xarakterizə edən ən mühüm cəhətə
çevrildi.
Ancaq biz, deyəsən, çox irəli
getdik.
Rüstəm Kamal yazır ki,
"Osmanlı ədəbiyyatından fərqli olaraq, Azərbaycan
ədəbiyyatında dialektik keçid yoxdur"
("Kulis.az" saytı, 29 aprel 2013) və bunu "millətin
ədəbi natamamlığı" ilə izah edir. Güman edirəm ki, bu, mübahisəli yox, tamam
yanlış müddəadır, həm də gurultulu
patriotizm baxımından yox, sadəcə olaraq ədəbiyyatın
tarixi sübut edir ki, onun təbiəti, spesifikası, əgər
belə demək olarsa (güman edirəm ki, olar!) "ədəbi
inqilaba", "ədəbi qəfilliyə" yaddır,
onun yolu təkamül yoludur, yəni hansı millətə məxsus
olur-olsun, ədəbiyyat varsa, orada Rüstəm müəllimin
dediyi həmin "dialektik keçid" mövcud və
mütləqdir; "ədəbi inqilab", "ədəbi
qəfillik" ədəbiyyat yox, kiç, yəni ədəbi
məmulat yaradır ki, bunu biz bu gün elə müasir ədəbiyyatımızın
təcrübəsində açıq-aydın
görürük.
Ədəbiyyat nə varsa, artıq nə və
hansı bədii-estetik səviyyədə və yöndə
yaranıbsa, onunla kifayətlənə bilməz, mahəzər
ədəbiyyatın təbiətinə ziddir və bu
baxımdan XIX əsr Azərbaycanda vaxtilə dünya
miqyaslı böyük şairlər yetişdirmiş
"Divan ədəbiyyatı"nın artıq tam bir tənəzzül
dövrüdür, ancaq bunu heç vəchlə
"aqoniya" kimi qiymətləndirmək olmaz, əksinə,
bu, Azərbaycanda gedən tarixi ədəbi proses və ədəbi
mühit kontekstində ədəbiyyatın "Divan ədəbiyyatı"
çərçivələri daxilindəki missiyasını
sona yetirməsi deməkdir, yəni çox əhəmiyyətli
və pozitiv ədəbiyyat hadisəsidir.
Bəşəriyyət irəlilədikcə
ictimai formasiyalar bir-birini əvəz etdiyi kimi, bəşəri
həyatın bir hissəsi olan ədəbiyyat da eləcə
irəlilədikcə onun tarixindəki ədəbi mərhələlər
məhz "dialektik keçidlə" bir-birini əvəz
edir. Ədəbiyyat irəli getdikcə, onun
adladığı həmin mərhələlər müsəlsəl
xarakter daşıyır, bu mərhələlər zəncir
həlqələri kimi bir-biri ilə bağlıdır və
bir mühüm cəhət də var ki, ədəbiyyatın
özünüaxtarışı təhrimçilikdən
uzaqdır, o heç nəyi, o cümlədən də
"Divan ədəbiyyatı"nı qətiyyən
qadağan etmir, mərhələlər təbii axarı ilə
biri o birinin yerini tutmağa başlayır.
Bu yaxınlarda mən Andrey
Konçalovskinin çox maraqlı və cəsarətli
"Rus insanı hansı Allaha inanır?" adlı məqaləsini
oxudum (maraqlananlar müasir rus ictimai fikrində səs
salmış bu məqaləni www.rg.ru/sujet/3628 saytında oxuya
bilərlər). Konçalovskinin sözlərinə
görə, Argentina sosioloqu Qrondon və Amerika kulturoloqu
Xarrison uzun illərin tədqiqatından sonra belə bir nəticə
əldə ediblər ki, təbiətləri etibarilə
bir-birindən seçilən iki mədəniyyət
mövcuddur:
a) dinamik, yəni yenilikləri asan qəbul
edən mədəniyyət;
b) inert, yəni bütün yeniliklərə
müqavimət göstərən, modernləşməyə
düşmən münasibət bəsləyən mədəniyyət.
Bu mənada XIX əsr Azərbaycan mədəniyyəti,
o cümlədən də bu mədəniyyətin əsas tərkib
hissələrindən biri, bəlkə də birincisi olan Azərbaycan
ədəbiyyatı dinamik xarakter daşıyır və bunun
belə olduğunu yalnız elə Mirzə Fətəli
Axundzadə hadisəsinə əsaslanaraq söyləmək
olar ki, irəlidə bu barədə danışacağıq.
Yaxud, baxın: Azərbaycan mədəniyyəti Avropa opera musiqisinin
əsrlər boyu keçdiyi yolu yalnız elə Üzeyir bəyin
yaradıcılığında "Leyli və Məcnun"undan
"Koroğlu"ya qədər qısa bir müddətdə
qət etdi və belə bir sürət, aydın məsələdir
ki, mədəniyyətin məhz həmin dinamikasının
göstəricisidir.
Azərbaycan ədəbiyyatı XIX əsri, elə bil
ki, Molla Pənah Vaqifin dili ilə qarşılayaraq deyirdi:
Bizim bu dünyada nə malımız var,
Nə də evdə sahibcamalımız
var.
Vaqif, öyünmə ki, kamalımız var,
Allaha şükür ki, kamal da yoxdur!
Azərbaycan ədəbiyyatında, o cümlədən
"Divan ədəbiyyatı"nda Vaqifdən əvvəl də
"malsızlıqdan", "sahibcamalsızlıqdan",
hətta "kamalsızlıqdan" da bu və ya digər
şəkildə şikayət az deyildi, ancaq indiki kontekstdə
mən Vaqifin söylədiyi
"kamalsızlığı", ümumiyyətlə, ədəbiyyatımızın
özünün öz bədii-estetik kasadlığından
şikayəti kimi qəbul edirəm.
Azərbaycanda "Divan ədəbiyyatı"nın dahiyanə poetik zirvəsi Məhəmməd
Füzuli yaradacılığıdır, sonrakı dövrdə
ədəbiyyatın bütün cəhdləri hər
hansı bir nümayəndəsini həmin zirvəyə
qaldıra bilmədi, ən yaxşı halda yalnız epiqon ədəbiyyatının
böyük nümayəndələrini yetişdirdi. Mən,
bəlkə də, mistikaya varıram (hər halda, bu -
materialist estetikaya müsaid olan bir fikir deyil), ancaq ədəbiyyat
məhz canlı bir orqanizm kimi, belə bir vəziyyətlə
barışa bilməzdi, əgər o, yəni ədəbiyyat
Füzulinin timsalında ən yüksək bədii-estetik zirvəyə
qalxmışdısa və bundan yuxarı qalxmaq mümkün
deyildisə, deməli, istiqaməti dəyişmək zərurəti
yaranırdı, "Divan ədəbiyyatı"nın
çərçivələrindən çıxıb irəliləyiş
üçün başqa yollar axtarılmalı, başqa (və
tamam fərqli!) bədii-estetik istiqamət tapılmalı və
müəyyənləşdirilməli idi. Füzulidən
sonra Azərbaycan ədəbiyyatının həmin
axtarışları yeni mərhələnin təməlini
qoyması üçün münbit zəmin XIX əsrdə
yetişdi və o təməl qoyuldu.
Düzdür "Divan ədəbiyyatı" möhtəşəm
bədii-estetik mündəricata malik olduğu
üçün, inersiya ilə XX əsrə də adladı,
Əli Naseh, Məşədi Azər, Əliağa Vahid kimi
istedadlı qələm sahibləri o ənənəni davam
etdirdi, hətta o inersiya XXI əsrə də gəlib
çıxdı, ancaq… artıq XIX əsrdə yeni mərhələnin
təməli qoyulmuşdu və ənənəni davam etdirmək
isə, həmin ənənələri inkişaf etdirmək
demək deyil. İnkişaf - indiki kontekstdə
füzulidən yüksəyə qalxmaqdır və ədəbiyyatımızın
tarixi göstərdi ki, bu, mümkün deyil.
Bu, incə bir məsələ olduğu
üçün istərdim ki, məni düzgün başa
düşsünlər: hərgah şairin istedadı onu
"Divan ədəbiyyatı"na çəkirsə, qəzəl,
qəsidə və s. onun istedadına və
dünyagörüşünə, bədii zövqünə ən
uyğun şeir formasıdırsa, hərgah müasir
muğamımız bunu qəbul edirsə, burada heç vəchlə
irad tutmalı bir iş yoxdur, əksinə, bu, ədəbiyyatın
daxilindəki, mahiyyətindəki demokratiklikdən xəbər
verir - şairdən tələb etmək olmaz ki, sən
mütləq Füzuli səviyyəsində yazmalısan.
Dediyim həmin inersiya ilə "Divan ədəbiyyatı"
bəlkə XXII əsrə də adlayacaq, ancaq məsələ
burasındadır ki, bu, artıq Azərbaycan ədəbiyyatının,
lap konkret desəm, poeziyasının magistral yolu deyil,
istisnadır, hərgah belə demək olarsa, estetik
ekzotikadır və bu "estetitk ekzotika"nın da, yəqin
ki, öz bədii dəyəri var.
Məlumdur ki, XIX əsr Azərbaycanda ədəbi məclislərin
yarandığı və intensiv fəaliyyət göstərdiyi
bir dövr idi, Mirzə Rəhim Fəna Şuşada "Məclisi-üns"
yaratmışdı və bu məclis Xurşidbanu Natəvanın
himayəsi altında idi, Mirzə Möhsün Nəvvab yenə
də Qarabağda "Məclisi fəramuşan"ı, Mirzə
Şəfi Vazeh Gəncədə "Divani-hikmət"i,
Şeyxəli xan Gəngərli Ordubadda "Əncüməni-şüəra"nı,
Abbasqulu Ağa Bakıxanov Qubada "Gülüstan"ı
yaratmışdı, Məmmədağa Cürmi Bakıda
"Məcməüş-şüara"ya, Mirzə
İsmayıl Qasir Lənkəranda "Fövcül-füsəha"ya
başçılıq edirdi və bu məclislərdə
adlarını çəkdiyim şairlərdən başqa
Seyid Əzim Şirvani, Əbdülxalıq Cənnəti,
Abdulla bəy Asi, Fatma xanım Kəminə, Molla Ələkbər
Aciz və b. kimi şairlər iştirak edirdi.
Adlarından da göründüyü
kimi, bu məclislər tam şəkildə "Divan ədəbiyyatı"nın
təsiri altında idi və mən deyərdim ki, elə bil,
"Divan ədəbiyyatı" öz ömrünü
uzatmaq üçün yeni (və son!) bir təşəbbüs
kimi bu məclisləri yaratmışdı. Bu məclis
üzvlərinin bir qismi çox istedadlı (S.Ə.Şirvani,
X.Natəvan…), digər qismi az istedadlı
idi, ancaq onların yaratdığı bədii təsərrüfat
bir küll halında epiqon ədəbiyyatı idi. Eyni zamanda
bir cəhəti də qeyd etmək lazımdır ki, bu məclislər
arasında ciddi ədəbi əlaqələr
yaranmışdı (Rüstəm müəllim bunu
"kommunikativ sistem" adlandırır) və
maraqlısı budur ki, həmin əlaqələrin, XIX əsrdə
milli mədəniyyətimizin təşəkkül
tapmasında, yeni mərhələnin yaranmasında rolu az
olmadı.
Bizim böyük ədəbiyyatşünaslarımızdan
biri olan Feyzulla Qasımzadə yazırdı: "XIX əsr Azərbaycan
ədəbiyyatında nəzirəçilik çox
yayılmışdı. Bu əsrdə özündə
azacıq şairlik qabiliyyəti hiss edən şəxs dərhal
qəzəl nəzirəsi yazmağa başlayırdı… XIX əsr
nəzirəçiləri vaxtı ötmüş köhnə
fikirləri bayağılaşmış şəkildə təkrar
edirdilər, onlar öz mənəvi misginlikləri və fikir
yoxsulluqları ucundan şerin məzmun və ideyasına fikir
vermirdilər… Bu təqlidçilər ancaq
şerin şəkli cəhətdən gözəlliyinə əhəmiyyət
verirdilər. Onlar öz qəzəlləri
üçün əruz vəznindən ahəngdar bəhrlər,
oynaq qafiyələr və çox yayılmış bədii
qiyaslar seçirdilər. Qəzəl təqlidçiləri
şeri əyləncəyə döndərməklə onu
qabaqcıl ictimai ideyalara xidmət etməkdən
ayırırdılar." (F.S.Qasımzadə.
XIX əsr Azərbaycan ədəbiyyatı tarixinə dair tədqiqlər.
Bakı, APİ-nin nəşriyyatı, 1960, səh.
11).
Ədəbiyyat cəmiyyətin
aynasıdır və bu barədə xüsusi danışmaq,
açıq qapını döymək kimi bir şeydir, ancaq
biz XIX əsr Azərbaycan ədəbiyyatından bəhs
ediriksə, həmin dövrün siyasi-ictimai mənzərəsindən
sərf-nəzər edə bilmərik. XVIII əsr, XIX əsrin əvvəllərində Azərbaycan,
o cümlədən Şimali Azərbaycan bir-birinə gizli,
yaxud açıq ədavət bəsləyən kiçik
feodal dövlətlərdən - aşağı-yuxarı
müstəqil xanlıqlardan ibarət idi və geniş mənada
cəmiyyəti də feodal-patriarxal münasibətlər
xarakterizə edirdi. Belə bir vəziyyət
hansısa yeni bir bədii-estetik istiqamətin təməlini
qoymaq yolunda, təbii ki, ədəbiyyata mane olurdu.
Yenə də maraqlı bir fikir yadıma
düşür: XX əsrin böyük musiqiçilərindən
biri hesab olunan İequdi Menuxinin valideynləri vaxtı ilə
Rusiyadan köçmüşdülər, o özü isə
bütün ömrünü Qərbdə
yaşamışdı və müsahibələrindən birində
müxbir ondan soruşanda ki, "niyə sizin böyük həmkarlarınızın
çoxu Rusiya kökənlidir? Belə bir rus
musiqiçiliyinin mahiyyəti nədən ibarətdir?"
Menuxin çox gözlənilməz və məncə,
gözlənilməz olduğu qədər də maraqlı
cavab verir: "Rusiyada iztirablar (rusca "stradaniye")
çoxdur." (Bax: "Arqumentı i
faktı" həftəliyi, 11 mart 1999).
Atasının - I Pavelin - qətlində iştirak edib
Rusiya imperiyasının taxtına çıxan I
Aleksandrın siyasətində bu imperiyanın genişləndirilməsi,
yəni müstəmləkəçilik prioritet yer tuturdu və
bu baxımdan Qafqaz, o cümlədən Zaqafqaziya da onun
xüsusi diqqət mərkəzində idi. I
Aleksandr özündən əvvəlki rus
hökmdarlarının başladığı işi sona
çatdırmaq istəyirdi və Birinci Rusiya - İran
müharibəsindəki qələbəsindən sonra
1813-cü ildə imzalanan Gülüstan müqaviləsinə
əsasən İrəvan və Naxçıvan
xanlıqlarından savayı Şimali Azərbaycan faktiki olaraq
Rusiyanın tərkibinə qatıldı. 15 ildən
sonra isə - 1828-ci ildə (artıq I Nikolayın vaxtında)
Türkmənçay müqaviləsi ilə Rusiya
imperiyası bütün Şimali Azərbaycanı zəbt
etdi və mən bu məlum fakitları ona görə təkrar
edirəm ki, XIX əsrin ilk otuz ilindəki bu hadisələrin
geniş miqyaslı kataklizm yaratdığını nəzərə
çatdırım.
İlkin orta əsrlərdən üzü bu tərəfə
- XIX əsrə qədər də Azərbaycan ərəb və
müxtəlif türk dövlətlərinin, İranın
savaş meydanına çevrilmişdi, ayrı-ayrı
dövrlərdə böyük dövlətlərin tərkibinə
qatılmışdı, ancaq bunların hamısı islam
dünyasına aid tarixi hadisələr idi, XIX əsrin əvvəllərindəki
hadisələr isə tamam başqa keyfiyyətli kataklizm yaratmışdı
və bu "başqa keyfiyyət" (milli təəssübkeşlik,
dünyəvi savad sistemi, dünyagörüşünün
coğrafiyası və problematikası, şikayətlərin,
çatışmazlıqların konkret ünvanı və
s.) öz mahiyyəti etibarilə "Divan ədəbiyyatı"na
yad idi, həmin "başqa keyfiyyət" ədəbiyyat və
ümumiyyətlə, sənət sahəsində artıq
bülbülün gülə məhəbbətinin
(özlüyündə gözəl poetik məhəbbətin)
uzun müddətli təkrarı ilə kifayətlənə
bilməzdi, o yeni mövzu və yeni bədii-estetik təsvir
vasitələri tələb edirdi.
Rusiya istilası və onun
yaratdığı kataklizm özü ilə bərabər
İ.Menuxinin dediyi həmin iztirabları da (yeni keyfiyyətli
iztirabları!) Şimali Azərbaycana gətirdi
və bu iztirablar da çox ciddi bədii-estetik stimul rolu
oynadı. Məhz bu yeni keyfiyyətli iztirab, milli-mənəvi
əzab, cəfa, ictimai möhnət Mirzə Fətəlinin
komediyalarını yaratdı və qısa bir zaman vahidində
ədəbiyyatımızda həmin komediyalardan
"Ölülər"ə və "Molla Nəsrəddin"
jurnalına qədər bədii-estetik yolu qət etdi. Məhz XIX əsr, Cəfər Cəfərovun
M.F.Axundzadəyə bağlı sözləri ilə desəm,
"ədəbiyyat və sənəti mücərrədlikdən,
sxolastikadan, hər cür doqmatik keyfiyyətlərdən xilas
edib, yeni ədəbiyyat və sənətin ən demokratik
formalarda inkişafı üçün yol açdı."
(C.H.Cəfərov. Azərbaycan teatrı.
Bakı, "Azərnəşr", 1974, səh. 13).
Elçin
Ədəbiyyat
qəzeti.- 2013.- 13 dekabr.- S.5.