Yazıçılar Birliyində

  

Sağlığında Azərbaycan xalqının canlı əfsanəsinə çevrilən dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin işıqlı xatirəsi dünən Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçirilən mərasimdə dərin qədirbilənlik hissilə yad edildi.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar mərasimi açaraq ulu öndərin müstəqil dövlətçiliyimizin bərpa edilməsi və möhkəmlənməsi yolundakı tarixi xidmətlərindən ətraflı şəkildə danışdı: "Bu gün Azərbaycan xalqının ən kədərli günlərindən biridir. On il əvvəl xalqımızın böyük oğlu Heydər Əliyevi cismani olaraq itirdik. Hələ sovetlər dönəmində o, Azərbaycanın ən qabaqcıl respublikalar sırasına çıxması üçün çox böyük işlər görmüşdü. Bunların hamısı bizim gözlərimiz qarşısında baş verib.

Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdan zaman Azərbaycan artıq parçalanmaq ərəfəsində idi, ölkədə xaos, anarxiya hökm sürürdü. Bu bəladan xalqı 1993-cü ildə Heydər Əliyev xilas etdi, yeni Azərbaycanın əsasını qoydu. Heydər Əliyev ədəbiyyatımızın böyük dostu, qayğıkeşi idi. Bu gün Azərbaycan Yazıçılar Birliyi bu şəkildə öz fəaliyyətini davam etdirirsə, buna görə ilk növbədə Heydər Əliyevə borcluyuq. O, ədəbi orqanlarımızın dövlət büdcəsindən maliyyələşməsinə göstəriş verdi. Bütün zamanlarda görkəmli ədəbiyyat xadimlərinə qarşı yönəlmiş donosların qarşısını aldı. Qalib gəldi, qalib getdi…"

AYB-nin birinci katibi, xalq şairi Fikrət Qoca vurğuladı ki, Heydər Əliyev haqqında hər bir Azərbaycan insanının xoş, unudulmaz ürək sözləri var. Heç kəs onun haqq-sayını dana bilməz. "Onun heykəli ürəklərdədi. İnsanlarla ünsiyyəti zamanı çöhrəsində xoş bir təbəssüm var idi. Bu təbəssüm elə bil insanların əlindən tuturdu ki, mənə yaxın gəl, ürəyini mənə . Biz ondan həmişə qayğı görmüşük. Hələ ötən əsrin altmışıncı illərində hakimiyyətə gələndə başda Rəsul Rza olmaqla yaşlı nəslin ədəbiyyat xadimlərini qəbul etdi. Sonra gənc nəslin nümayəndələrini. Yadımdadı ki, ilk olaraq, "açıq danışın, ürəyinizdə nə varsa söyləyin" - dedi. Yazıçılar üçün hər bir şərait yaratdı. Bu gün mənim burada durub danışmağıma görə Allahdan aşağı o kişiyə borcluyam. Böyük bir dövlətin ən yüksək kürsüsündə əyləşməsinə baxmayaraq o, imkan eləyib mənim səhhətimlə maraqlandı, mümkün olan nə vardısa etdi. Yadımdadı ki, səfərləri zamanı Heydər Əliyev imkan tapıb söz adamları ilə söhbətləşər, onlarla ata-oğul münasibəti ilə ünsiyyət qurardı. Bu unudulmaz anlar sonralar tarixləşər, salnaməyə dönərdi…"

Xalq yazıçısı, AYB-nin katibi Çingiz Abdullayev vurğuladı ki, hər bir ölkə başçısına ikinci hakimiyyətə qayıtmaq xoşbəxtliyi nəsib olmur. Ancaq Heydər Əliyev bunu bacardı. O, Azərbaycanın simvolu olaraq ölümsüzlük qazana bildi, həyatının hər bir zərrəsini xalqına sərf edərək yaşadı.

AYB-nin katibi Arif Əmrahoğlu dedi: "Ömrünün yeddi ilini o dahi insanın rəhbərliyi altında fəaliyyət göstərmişəm. Yadımdadı ki, Prezident Aparatına gələn müraciətlər rus dilində olurdu. Bir gün Hidayət Orucov məni Heydər Əliyevin dərkənarıyla tanış etdi. Orada göstərilmişdi ki, Azərbaycan dilində yazılmayan müraciətlər qəbul edilməsin. Bu, Heydər Əliyevin Azərbaycan dilinə, Azərbaycan dövlətçiliyinə olan sədaqətinin ifadəsi idi…"

"Ədəbiyyat qəzeti"nin baş redaktoru Ayaz Vəfalı xatırlatdı ki, ulu öndərin ədəbiyyatımıza, eləcə də "Ədəbiyyat qəzeti"nə qayğısı ayrıca bir söhbətin mövzusudur. Qəzetin müzakirəsi zamanı ən doğru yolu və münasibəti məhz Heydər Əliyev göstərirdi.

"Mən Moskvada yaşayarkən işlədiyim zaman, həm də işləmədiyim zaman "Ədəbiyyat qəzeti"ni daim alırdım. Ümumiyyətlə, Azərbaycanın bütün qəzetlərini alırdım. Çünki Azərbaycandan mən ayrıla bilməzdim. Amma "Ədəbiyyat qəzeti"ni xüsusi oxuyurdum.

...Ona görə də mənim bu qəzetə çox böyük hörmətim olubdur. Və qəzet də həqiqətən bizim xalqımız üçün çox xidmətlər göstəribdir, çox yaxşı ki, bu qəzet də indi çıxır."

Ümummilli liderin bu unudulmaz sözləri ədəbiyyatımızın salnaməsi barədə ən mötəbər qiymət, eyni zamanda müəllif kollektivi və əməkdaşlar üçün ən yüksək məsuliyyət deməkdir.

Yazıçılar Birliyinin sədr müavini Nazim İbrahimov, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə, "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli, "Qobustan" jurnalının baş redaktor müavini Maarif Soltan, "Ədəbiyyat qəzeti"nin şöbə müdiri Adil Cəmil də ulu öndərin parlaq şəxsiyyətindən, dövlətimiz qarşısındakı xidmətlərindən söz açdılar.

Əməkdar müəllim, Beynəlxalq Rəsul Rza mükafatı laureatı Oqtay Rza qeyd etdi ki, ulu öndər ədəbiyyatımıza o qədər sayğı ilə yanaşırdı ki, hətta oğlunun da adını İlham qoymuşdu.

Mərasimi Anar yekunlaşdırdı. Bir daha vurğuladı ki, Heydər Əliyev çağdaş Azərbaycan tarixinə qalib gəldi, qalib getdi

 

Sərvaz

 

Ədəbiyyat qəzeti.- 2013.- 13 dekabr.- S.3.