Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə Miluz
şəhərində
Məhsəti Gəncəvinin
yaradıcılığının 900
illiyinə həsr olunmuş sərgi və konsert
təşkil edilmişdir
Heydər
Əliyev Fondunun təşkilatçılığı
və Azərbaycanın Fransadakı
səfirliyinin dəstəyi ilə dekabrın 10-da Miluz şəhərində müsəlman
intibahının parlaq nümayəndəsi,
ilk Azərbaycan şairəsi və
qadın şahmatçısı Məhsəti Gəncəvinin
yaradıcılığının 900 illiyinə həsr olunmuş sərgi və
konsert təşkil edilmişdir.
Miluzun Tanpl San-Etyen
kilsəsində təşkil olunan konsertin aparıcısı Alen
Tremoliyer Qafqazın mirvarisi
olan Azərbaycanın Cənubi Qafqazda qədim İpək yolunun
üzərində, Şərq ilə Qərb arasındakı
strateji qovşaqda yerləşdiyini,
bəşəriyyətin beşiklərindən biri kimi dəyərləndirilən
zərdüştlüyün
vətəni olduğunu
xatırlatmışdır.
Azərbaycanın
dünya ədəbiyyatına və
musiqisinə dahilər bəxş etdiyini
diqqətə çatdıran aparıcı Şərq aləmində
ilk demokratik
respublikanın da ölkəmizdə qurulduğunu, 1918-ci ildə qadınlara seçki hüququnun verildiyini, müsəlman dünyasında ilk dünyəvi teatrın, operanın, baletin və milli akademiyanın yarandığını,
yeraltı sərvətlərlə yanaşı, tarixi və mədəni irslə zəngin olduğunu vurğulamışdır.
Bildirilmişdir ki, Azərbaycan ilə
Fransa arasında mədəni əlaqələrin
özünəməxsus tarixi kökləri
vardır. Böyük fransız yazıçısı Aleksandr
Dümanın (Ata) XIX əsrin ikinci yarısında Azərbaycana səyahəti,
Jorj Sandın məşhur “Koroğlu” epik
poemasını fransız dilinə tərcümə etməsi,
XX əsrin əvvəllərində Parisdə “Qafqaz” məcmuəsinin çap
olunması, azərbaycanlı yazıçı Ümbülbanu Əsədullayevanın Fransada yaşayıb-yaratması və nəhayət
Fransanın ictimai-siyasi
həyatında mühüm rol oynayan Prezident
Şarl de Qolla Əhmədiyyə Cəbrayılovun görüşü xalqlarımız arasındakı
dostluğun parlaq
nümunəsidir.
Tarixən yaranan dostluq əlaqələri
Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə bu gün də
davam edir və
möhkəmlənir. Azərbaycanın fransızlara daha yaxından tanıdılması istiqamətində
Fondun Fransada keçirdiyi mədəni tədbirlər təqdirəlayiq
hadisədir.
Keçən
ay Reymsdə, bu gün isə Miluzda Azərbaycanın
görkəmli şairəsi Məhsəti Gəncəvinin
yaradıcılığının 900 illiyi
münasibətilə təşkil olunan sərgi
və konsert Fondun Fransada həyata keçirdiyi mədəni tədbirlərin
davamıdır.
Daha sonra aparıcı Məhsəti
Gəncəvinin Azərbaycanın ikinci böyük şəhəri qədim Gəncədə
yaşayıb-yaratdığını, Qafqazda
ilk dəfə olaraq Gəncənin
2016-cı il üçün
“Avropanın gənclər paytaxtı” seçildiyini
bildirmişdir.
Tədbirdə
çıxış edən Yuxarı-Alzas Universitetinin
ədəbiyyat fakültəsinin dekanı xanım Greta-Komur-Thilloy Məhsəti Gəncəvi
yaradıcılığının əsas məziyyətlərindən
danışmış, azərbaycanlı şairənin əsərlərində
bəşəri ideyalardan söhbət
açdığını diqqətə
çatdırmışdır.
“Xocalı-613” əsərinin
bəstəkarı Pyer Tilua
çıxışında Azərbaycanın qədim və
zəngin mədəniyyətə malik olduğunu vurğulamış,
xalqımıza məxsus ayrı-ayrı musiqi
alətləri barədə tamaşaçılara məlumat vermişdir.
Azərbaycanın
Fransadakı səfiri Elçin
Əmirbəyov Miluzda təşkil olunan konsert və sərginin
dahi Azərbaycan şairəsi Məhsəti
Gəncəvinin yaradıcılığının 900 illiyinə
həsr olunduğunu diqqətə
çatdırmış, Heydər Əliyev Fondunun təşkilatçılığı
və səfirliyin dəstəyi ilə Fransanın müxtəlif regionlarında, o
cümlədən Miluzda mədəni tədbirlərin
keçirildiyini, bu konsert və sərginin 2013-cü il üçün nəzərdə
tutulmuş tədbirlərdən biri olduğunu bildirmişdir.
Sonra incəsənət ustalarının
ifasında Azərbaycan bəstəkarlarının əsərləri,
Məhsəti Gəncəvinin sözlərinə bəstələnmiş
mahnılar və xalq
yaradıcılığı nümunələri səslənmişdir.
Fransanın müasir tipli “Fundari” sarayında Məhsəti Gəncəvinin
yaradıcılığının 900 illiyi
münasibətilə təşkil olunan sərgini
açan Yuxarı-Alzas Universitetinin
rektoru xanım Kristin Gangloff Ziegler Gəncədə
səfərdə olduğunu və
görkəmli şairənin abidəsinə baş
çəkdiyini, onun öz
xalqı tərəfindən yüksək hisslərlə yad edildiyini
xatırlatmış, rəhbərlik etdiyi
ali təhsil müəssisəsinin Azərbaycan
Dövlət Aqrar, Gəncə Dövlət
və Azərbaycan Texnologiya universitetləri
ilə əməkdaşlıq perspektivlərindən və tələbə
mübadiləsi imkanlarından söhbət
açmışdır.
Miluz şəhərinin meri Jan Rottner iki
xalq arasında dostluq əlaqələrinin
inkişafında bu cür
sərgi və konsertlərin təşkilinin mühüm
rol oynadığını, bu istiqamətdə Heydər Əliyev Fondunun Fransada Azərbaycanı
tanıtmaq baxımından həyata keçirdiyi
mədəni tədbirləri yüksək qiymətləndirmiş, ölkələrimiz
arasında əməkdaşlıqda iqtisadi
əlaqələrlə yanaşı, mədəni əlaqələrin
də mühüm rol
oynadığını qeyd etmişdir.
Səfir
Elçin Əmirbəyov Məhsəti Gəncəvinin
Şərq intibahının böyük
mədəniyyət mərkəzlərindən biri olan Azərbaycanın ikinci böyük şəhəri
Gəncədə doğulduğunu və bu şəhərdə
yaşayıb-yaratdığını, Gəncənin dünya mədəniyyətinə Nizami
Gəncəvi kimi bir düha bəxş etdiyini
xatırlatmış, şairənin öz
fikirlərini açıq şəkildə bildirən Şərq
qadınlarından biri olduğunu,
yaşadığı cəmiyyətdə qadın problemini və rolunu ortaya qoyduğunu,
yaradıcılığının əsas qayəsini bərabərlik,
qardaşlıq və azadlıq kimi
bəşəri ideyalar təşkil etdiyini vurğulamışdır.
M.Gəncəvinin
yalnız şairə deyil, eyni zamanda, fəal bir qadın olduğunu diqqətə
çatdıran səfir onun gənc
qızları ətrafına toplayıb ədəbi dərnək
yaratdığını, onların arasında öz
dövrünün tanınmış
şairələrinin də yetişdiyini
bəyan etmişdir.
E.Əmirbəyov
şairənin əsərlərində əks olunan
ideyaların və fikirlərin səsləndiyi vaxtdan 900 il keçməsinə
baxmayaraq, həmin ideyaların bu gün də öz aktuallığını itirmədiyini bildirmişdir.
Azərbaycan
Prezidenti İlham
Əliyevin Məhsəti Gəncəvinin
yaradıcılığının 900 illik
yubileyi ilə bağlı sərəncam
imzaladığını diqqətə çatdıran səfir
birinci xanım Mehriban
Əliyevanın prezidenti olduğu
Heydər Əliyev Fondunun şairəni
dünya ictimaiyyətinə yaxından
tanıtmaq məqsədi ilə
onun fars və ərəb
dillərində yazdığı əsərlərin xarici dillərdə nəşr etdirməsindən
danışmışdır.
E.Əmirbəyov
Parisdə, Reymsdə və Miluzda təşkil
olunan sərgilərdə Məhsəti Gəncəvinin
yaşadığı dövrə məxsus eksponatların nümayiş olunduğunu
bildirmişdir.
Konsert və sərgidə Miluz
meriyasının və Alzas bölgəsinin
rəsmiləri, deputatlar, senatorlar,
şəhər ictimaiyyətinin nümayəndələri, Azərbaycanın
və Türkiyənin diaspor təşkilatlarının
təmsilçiləri iştirak
etmişlər.
Qeyd edək ki, tədbirə
marağın böyük olmasında Miluz şəhərindəki tramvayların
üzərində Məhsəti Gəncəvinin şəklinin
və sərgi barədə afişanın yerləşdirilməsi
də mühüm rol
oynamışdır.
Sərgi dekabrın
20-dək davam edəcəkdir.
Əsgər Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Miluz
Ədəbiyyat
qəzeti.- 2013.- 13 dekabr.- S.3.