Parisli soydaşımız Nizami Gəncəvi adına
Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə
rəsm əsəri hədiyyə edib
İkinci Dünya müharibəsindən sonra Fransada
yaşayan, artıq yaşı 100-ü haqlayan və
ömrü boyu Azərbaycanı təbliğ etməklə məşğul
olmuş soydaşımız Qədir Süleyman Bakıya qiymətli
hədiyyə göndərməyi qət etmişdir. O, Avropa
Şurası Parlament Assambleyasının komitə
iclaslarında iştirak etmək üçün Parisdə səfərdə
olan Azərbaycan Milli Məclisinin deputatı, Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru
Rafael Hüseynova Toğrul Nərimanbəyovun çəkdiyi
bir rəsm əsərini təqdim etmişdir. AzərTAc-ın
xüsusi müxbiri ilə söhbətində Rafael
Hüseynov bununla əlaqədar demişdir: “97 yaşlı həmvətənimiz
Qədir Süleyman bu gün Avropada yaşayan ən qocaman
soydaşlarımızdan olmaqla yanaşı, həm də Azərbaycan
ilə əlaqələrini heç vaxt kəsməmiş, hər
bir uğurumuza ürəkdən sevinən, sərhədlərimizdən
kənarlarda ölkəmizə və xalqımıza rəğbətləri
artırmaq üçün yalnız indi deyil, bu işin asan
olmadığı sovet dövründən bəri
çalışmış sədaqətli insandır.
İctimai-siyasi həyatda mütəmadi olaraq fəallıq
göstərmiş Qədir Süleymanı Azərbaycan
mühacirətinin görkəmli nümayəndələri Məhəmməd
Əmin Rəsulzadə, Əbdürrəhman Fətəlibəyli-Düdənginski,
Əkbər ağa Şeyxülislamov, Ceyhun Hacıbəyli, Məmməd
Məhərrəmov, Ələkbər bəy
Topçubaşı və digərləri ilə sıx
dostluq və əməkdaşlıq əlaqələri
bağlamışdır. Dünya şöhrətli dirijorumuz
maestro Niyazi, SSRİ xalq artisti, bəstəkar Rauf Hacıyevlə
mühacir soydaşımız Qədir Süleyman hələ
SSRİ ilə Avropa arasında dəmir siyasi pərdələrin
mövcudluğu zamanlarında səmimi münasibətlərdə
olmuşdur. Müstəsna dövlət adamı, Azərbaycan
siyasi mühacirətinə yaxşı bələd olan, belə
həssas məsələlərə sovet partiya
nomenklaturasındakı əksəriyyətdən fərqli
yanaşan, hər cür mühafizəkarlıqdan
uzaqlığı ilə seçilən Heydər Əliyevin
köməyi sayəsində Qədir Süleyman siyasi
mühacirlərin yolunun Sovet İttifaqına, Vətənə
bağlı olduğu çağlarda 30 illik ayrılıq və
həsrətdən sonra Azərbaycana gələ bilmişdir.
Unudulmaz Heydər Əliyevi həmişə minnətdarlıq
hissi ilə xatırlayan Qədir Süleymana artıq Azərbaycan
dövlət müstəqilliyini bərpa edəndən sonra,
1990-cı illərdə Parisdə bir neçə dəfə
ulu öndərlə görüşmək nəsib
olmuşdur. Qədir Süleymanın qırx ilə yaxın
dövrdə dostluq etdiyi məşhur azərbaycanlılardan
biri də istedadlı sənətkar Toğrul Nərimanbəyov
idi. Qədir Süleymana və onun ailəsinə əvəzsiz
rəssamımız Toğrul Nərimanbəyov xüsusi isti
duyğular bəsləyirdi. Toğrul Nərimanbəyov Qədir
Süleymana və ailəsinə 2 rəsm əsəri də
ithaf etmişdi. Həmin rəsmlərdən birində Qədir
Süleymanın nəvəsi Parisdəki Notrdam kilsəsi
fonunda təsvir edilib. Digər tablonun qəhrəmanı isə
Qədir Süleymanın özüdür. Toğrul Nərimanbəyov
həyat yolunu, daxili dünyasını dərindən bildiyi
dostu Qədir Süleymanın son dərəcə ifadəli
bir portretini yaratmışdır. Dəyərli rəssamımız
Toğrul Nərimanbəyovun əsərləri hazırda
dünyanın ən müxtəlif ölkələrindədir.
Şübhə etmirəm ki, gələcəkdə Toğrul
Nərimanbəyovun Azərbaycandan kənardakı həmin əsərlərini
də toplayaraq böyük fırça ustamızın
yaradıcılığını mümkün qədər
bütöv şəkildə nümayiş etdirə biləcək
albomların buraxılmasına təşəbbüs göstəriləcəkdir.
Qədir Süleyman isə çox nəcib hərəkət
edərək xaricdəki daha bir sənət incimizin Azərbaycana
dönüşünə, onun üçün son dərəcə
əziz olan Toğrul Nərimanbəyov yadigarının Vətənə
qayıtmasına, gələcəkdə Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində yer
almasına qərar vermişdir”.
Rafael Hüseynov onu da bildirmişdir ki, Qədir
Süleymanın hədiyyəsi - Toğrul Nərimanbəyovun
çəkdiyi rəsm əsəri yaxın vaxtlarda Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində
mühacirətə həsr edilmiş ayrıca zalda yer
alacaqdır.
Əsgər
Əliyev
AzərTAc-ın
xüsusi müxbiri
Paris
Ədəbiyyat
qəzeti.- 2013.- 13 dekabr.- S.3.