Mədəniyyətimizin
tükənməz xəzinəsi
Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin 90 illiyinə həsr olunur
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin 90 illiyinin dövlət
səviyyəsində bayram edilməsi hamımız
üçün iftixar və qürur mənbəyidir. Hər
birimiz fəxr edirik ki, Azərbaycan mədəniyyəti
tarixində misilsiz xidmətləri olan bu unikal ali məktəbdə
çalışırıq. Universitetimizin inkişafı
çoxumuzun gözləri önündə baş verib. Bu
gün mədəniyyətimizin elə bir sahəsi yoxdur ki,
orada bizim məzunlarımız çalışmasın. Azərbaycan
teleməkanının təşəkkül və
inkişafında, teatr və kino sənətimizin yüksəlişində,
mədəni-maarif müəssisələrinin çoxşaxəli
fəaliyyətində ADMİU-nun rolu böyükdür.
Televiziyanın
ilk addımlarının şahidi
olduğum illərdə tanınmış
diktorlardan, aparıcılardan, rejissorlardan tutmuş
sıravi işçilərə qədər böyük
bir sənət ordusu universitetimizin yetirmələri idi.
İllər keçdikcə bu ordunun sıraları artdı, onlar
Azərbaycan teleməkanının salnaməsini yaratdılar. Bu ənənə
indi də davam edir. Bu gün
Azərbaycanda mövcud olan
mərkəzi telekanallardan başqa,
regionlardakı televiziya studiyalarında da çalışanların çox
böyük əksəriyyəti universitetimizin məzunlarıdır. Doxsan ilin uğurları çoxdur və onları əhatə etmək
çətindir.
Mən
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin 90 illiyinin
qeyd edildiyi, kollektivimiz üçün
çox fərəhli olan
bu günlərdə, ali
təhsil ocağımızın son 30 ildəki
inkişaf mərhələsindən
danışmaq istəyirəm. Bu mərhələdən söz açmaq zəruri və məqsədəuyğundur.
Çünki universitetin
kadr potensialı, mədəniyyət və
incəsənətimizin bütün sahələrini
əhatə edən yeni ixtisasların
açılması, ildən-ilə genişlənən beynəlxalq
əlaqələr, xarici ölkələrin
ali təhsil
ocaqları ilə imzalanan niyyət
protokolları, müqavilələr,-bütün bunlar məhz bu illərin
bəhrəsidir. İncəsənət institutunun
universitet statusu
alması, bu ali məktəbin
ulu öndərimizin göstərişi ilə
yeni bina ilə təmin
edilməsi, müxtəlif ixtisaslar üzrə
yeni fakültə və
kafedraların açılması, xarici
ölkələrdən universitetimizə təhsil almağa gələn tələbələrin
sayının ildən-ilə çoxalması, təhsilimizin Avropaya inteqrasiya prosesindəki
iştirakı son 30 ilin
nailiyyətləridir. Bu qazanılmış uğurlarda,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin rektoru,
Beynəlxalq Humanitar Avropa-Asiya
Akademiyasının həqiqi üzvü, akademik Fuad Qasımzadənin təbiri ilə desək,
sənətşünaslıq sərkərdəsi, professor Timuçin Əfəndiyevin
böyük xidmətləri
vardır. Dəyərli, monumental əsərlərin
müəllifi olan professor
Timuçin Əfəndiyev ADMİU-nun inkişafı və onun dünya miqyasında
tanınması üçün gərgin
əmək sərf etmiş, bu gün də etməkdədir.
Son onilliklərdə Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universiteti yüksək bədii və intellektual bazası olan, dünya təhsil standartlarına cavab verən bir ali məktəbə çevrilmişdir.
Teatr İnstitutunun ilk məzunlarından, xalq
yazıçısı Hüseyn Abbaszadə
uzun fasilədən sonra
universitetlə yenidən tanışlığını
aşağıdakı sözlərlə ifadə etmişdi: “Düzü, Mədəniyyət
və İncəsənət Universitetində gördüyüm
ürəkaçan yeniliklər, gözəl tədris şəraiti
məni çox sevindirdi.
Fərəhlidir ki, bu işlərin hamısı, səliqə-sahmanı,
nizam-intizamı sevən Timuçin Əfəndiyevin
universitetə rektor təyin edilməsindən
sonra yaradılıb”.
Azərbaycan Dövlət
Neft Akademiyasının rektoru,
professor Siyavuş Qarayevin bu sözləri də
eyni fikri ifadə edir. O, yazır: “Görün,
səhnəmizdə, radio və
televiziyamızda, estradamızda, mədəniyyət və elm mərkəzlərində ADMİU-nun
nə qədər tələbəsi, yetirməsi
çalışır. Universitetin rektoru Timuçin
Əfəndiyev Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinə rəhbərlik etdiyi müddətdə həm sənətimizi,
həm də elmimizi durmadan
inkişaf etdirmiş,
uzun illər Azərbaycanda olmayan
sənət, elm sahələrinin tədrisinə
həyat, isti nəfəs bəxş
etmiş, onların inkişafının və
təkmilləşməsinin qeydinə qalmışdır”.
Bu sözlər təkzibedilməz bir həqiqətdir. Nailiyyətlərimizin
qazanılması sahəsində professor-müəllim heyətinin
fəaliyyətini əməli surətdə istiqamətləndirən
professor Timuçin Əfəndiyev
universitetin 90 illiyinə həsr etdiyi “Mədəniyyət və incəsənətimizin
məbədgahı” adlı kitabında yazır: “ADMİU-nun professor-müəllim
heyəti kadr
hazırlığının müasir dövrün tələbləri səviyyəsində
qurulması, Azərbaycan təhsilinin dünyanın
qabaqcıl təhsil sisteminə hərtərəfli inteqrasiya olunması üçün
var qüvvəsi ilə
çalışır, dövlətçiliyimizin, milli maarifçilik
strategiyamızın inkişafına fədakarlıqla
xidmət edir”.
Belə fədakarlıqla
çalışmanın əsas sirri universitet rəhbərliyinin
yaratdığı saf mühit
və əsl yaradıcılıq ab-havasıdır. Bu mühit və yaradıcılıq
sferasının sayəsindədir ki, təhsil
ocağımızın müəllimləri adları Azərbaycanın
mədəniyyət, elm və ədəbiyyat
tarixinə qızıl hərflərlə yazılmış Əbdürrəhim
bəy Haqverdiyev, Cəfər Cabbarlı, Hüseyn Cavid, Abbas Mirzə Şərifzadə,
Ülvi Rəcəb, Kazım Ziya, Mikayıl Rəfili, Əli Sultanlı, Mehdi Məmmədov, Adil
İsgəndərov, Niyazi, Mikayıl Abdullayev, Tahir Salahov və bu kimi məşhur sələflərinin yolunu ləyaqətlə davam
etdirir, Azərbaycan mədəniyyətinin
inkişafı, onun dünya
miqyasında tanınması işinə xidmət edir, əllərindən gələni əsirgəmirlər.
ADMİU-nun son onillərdəki
fəaliyyətində nəzərə çarpan
mühüm keyfiyyətlərdən
başlıcası universitet kollektivinin dövlətçilik prinsiplərinə,
ulu öndərimiz Heydər Əliyevin
ölməz ideyalarına sədaqətidir. Bu,
imtahan biletlərinin suallarından,
mühazirələrdən, elmi-tədqiqat işlərindən
tutmuş, burada
keçirilən tədbirlərə qədər hər sahədə
özünü aydın şəkildə
göstərir. Bu elmi-tədqiqat işlərinə
və tədbirlərə misal olaraq: “Azərbaycan mədəniyyəti
və incəsənəti Heydər Əliyevin azərbaycançılıq
ideologiyasının ideya-fəlsəfi əsası kimi”, “Mən fəxr edirəm ki,
azərbaycanlıyam”, “Heydər Əliyev mədəniyyət
siyasətinin qurucusudur”, “Azərbaycan bəstəkarlarının
yaradıcılığında Heydər Əliyev obrazının təcəssümü”, “Heydər Əliyevin
ədəbi-irs təlimi azərbaycançılıq kontekstində”,
“Heydər Əliyev və milli təhsil sisteminin inkişaf
strategiyası”, “Heydər Əliyev ideya-nəzəri irsində
insan amili”, “Heydər Əliyev
və Azərbaycan gəncliyi” və s.
göstərmək olar.
Universitetdə
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin yorulmaz fəaliyyətinə həsr olunmuş “Əsrə bərabər on il”, “İlham
Əliyevin Azərbaycan mədəniyyətinə verdiyi töhfələr”, habelə “Heydər Əliyev
Fondu”nun prezidenti,
millət vəkili Mehriban Əliyevanın
mədəniyyətimizin dünya
miqyasında tanıdılması prosesindəki səylərini əks
etdirən “Milli mədəniyyətlərin
yaxınlaşmasında “Heydər Əliyev Fondu”nun rolu”, “Azərbaycan mədəniyyətinin
inkişafında YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri Mehriban Əliyevanın
rolu” adlı tədbirlər və bu mövzularda nəşr
edilmiş elmi-tədqiqat işləri
rəğbətlə qarşılanmışdır.
Məlumdur ki, bu gün
milli maarifçilik
sahəsində əsas vəzifə dünya
təhsil sisteminə inteqrasiya problemidir. Bu sahədə
artıq universitetimiz tərəfindən
təqdirəlayiq addımlar atılmışdır. ADMİU-nun
Almaniyanın “Let İnternet”
şəbəkəsinə daxil
olması, eyni zamanda YUNESKO-nun “Auşberq”, “Tempus-Tasis” mədəniyyət proqramlarında
iştirakı, 2011-2013-cü illər üzrə Avropa magistr proqramına
qoşulması və başqa tədbirlərin
həyata keçirilməsi fikrimizi
aydın şəkildə əks etdirir.
Bundan əlavə, universitetin
professor-müəllim heyətinin elmi fəaliyyətində
inteqrasiya prinsipləri prioritet
istiqamət təşkil edir. Bununla əlaqədar olaraq
son illərdə hazırlanmış
elmi-tədqiqat işlərinə nəzər salmaq
kifayətdir. “Dünya mədəniyyət
siyasəti”, “Qloballaşan dünyada
Azərbaycan mədəniyyətinin dünya
mədəniyyətinə inteqrasiyası”, “Gender
və mədəniyyət”, “Qloballaşan
dünyada mədəniyyət”, “Azərbaycan
mədəniyyət sahələrinin informasiya
fəzasında formalaşması”, “Şərq və Qərb
sivilizasiyalarının milli
və dini aspektləri”, “Qlobal
mədəni inteqrasiya prosesinin
dinamikası”, “Azərbaycanın beynəlxalq münasibətlərində
Qərbə inteqrasiya”, “Azərbaycan mədəniyyətlərarası
dialoq məkanı kimi”,
“Kulturologiya və mədəni inteqrasiya prosesləri” və s.
mövzularda yazılmış və nəşr
edilmiş elmi əsərlər
təhsilimizin dünyaya inteqrasiya sisteminə örnək olan nümunələridir. Bu
inteqrasiya təkcə elm
sahəsində deyil, təhsil
sferasında, xüsusən Boloniya təhsil
sisteminin tətbiqi prosesində də özünü bariz şəkildə
göstərir.
Məlum olduğu kimi, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin bu
yaxınlarda, dəqiq desək, 24 oktyabr
2013-cü il tarixində
imzaladığı Sərəncamla respublikamızda təhsilin
inkişafı üzrə Dövlət strategiyası təsdiq
edilmişdir. Bu tarixi
sənəddə respublikada keyfiyyət nəticələri
və əhatəliliyə görə dünya
ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli
müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura
malik təhsil sisteminin
yaradılması üçün strateji istiqamətlərdə
genişmiqyaslı tədbirlər nəzərdə tutulmuşdur. Söz yox ki, bu
tədbirlərin həyata keçirilməsində universitetimiz də fəal iştirak
edəcək, dünyanın aparıcı təhsil
standartlarına uyğun təhsil sisteminin yaradılması sahəsində var qüvvəsini sərf edəcəkdir.
Hər il Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetini
yüzlərlə gənc bitirir. Azərbaycan mədəniyyətinin tükənməz
xəzinəsi olan universitetimizin
məzunları təkcə respublikamızda deyil,
onun hüdudlarından kənarda da mədəniyyətin müxtəlif sahələrində
çalışır və həmişə bu
təhsil ocağını bitirdikləri ilə fəxr edir, iftixar hissi
duyurlar. Universitetimizin
90 illik yubileyinin qeyd edildiyi bu
günlər, bizimlə bərabər, məzunlar ordumuzun da
bayramıdır. Adı universitet olsa da, əslində Mədəniyyət
və İncəsənət Akademiyası funksiyasını
yerinə yetirən təhsil müəssisəmiz hələ bundan sonra da
uzun illər mədəniyyətimizi
yüksək ixtisaslı, bacarıqlı kadrlarla
təmin edəcəkdir.
Cəmi
10 ildən sonra universitetimizin 100 yaşı
tamam olur. ADMİU-nun bir əsrlik
tarixi gününü
bayram edəcək məsləkdaşlarıma, universitetimizin
rektoru, professor Timuçin
Əfəndiyev başda
olmaqla o günü görəcək bütün
müəllimlərimizə möhkəm can sağlığı,
Azərbaycan mədəniyyətinin
inkişafı naminə
fədakar fəaliyyətlərində
yeni-yeni uğurlar arzulayıram.
Aqşin
Babayev
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin kafedra müdiri,
professor
Ədəbiyyat qəzeti.- 2013.-
13 dekabr.- S.4.