“Cənubi Azərbaycan ədəbiyyatı
tarixi”nin ikinci cildi
"Qanun" nəşriyyatı bü günlərdə "Cənubi Azərbaycan ədəbiyyatı tarixi"nin 2-ci cildini çapdan buraxır. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin hazırladığı bu kitabın XIX əsrə həsr olunmuş birinci cildi 2009-cu ildə "Nurlar" nəşriyyatında buraxılıb. İkinci cild XX əsr Cənubi Azərbaycan ədəbiyyatını əhatə edir.
Kitab ancaq Cənubi Azərbaycanda yaranan ədəbiyyatı, o tayda yaşayıb-yaratmış ədibləri ehtiva edir. Burada 1900-cü ildən bəri Cənubi Azərbaycanda yaranmış ədəbiyyat, mətbuat, folklorşünaslıq, ədəbiyyatşünaslıq və publisistikanın inkişafı təhlil və təqdim olunur. Bu ədəbiyyat tarixinin əsas məqsədi ilk növbədə, o tayda yaşayıb-yaratmış, mübarizələr aparmış yazıçı, şair və alimlərin, mətbuat xadimlərinin anadilli irsimizə fədakar xidmətlərini işıqlandırmaqdır. Kitabda hər konkret dövrə aid icmal oçerklər və dövrün aparıcı ədibləri haqda portret oçerklər verilir. Burada Hacı Rza Sərraf, Səid Səlmasi, Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri, Şəhriyar, Həbib Sahir, Məhəmməd Biriya, Səhənd, Sönməz, Nasir Mənzuri və b. görkəmli ədiblər haqqında əhatəli oçerklər təqdim olunur.
Bu ikicildlik ədəbiyyat tarixi mərhum akademik, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin ilk müdiri Mirzə İbrahimovun (1911-1994) layihəsidir. Cildlər Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində professor, f. e. d. Teymur Əhmədovun ümumi elmi redaktorluğu və rəhbərliyi, f.e.d. Rəhim Əliyevin məsul redaktorluğu ilə hazırlanıb.
Redaksiyamız nəşrin böyük elmi-ədəbi və məfkurəvi əhəmiyyətini nəzərə alaraq, aşağıda redaksiya heyətinin kitabda verilən ön sözünü oxucularımıza təqdim edir.
Redaksiya heyəti
“Cənubi Azərbaycan
ədəbiyyatı tarixi”nin elmi ictimaiyyətə və
oxuculara təqdim olunan ikinci cildi 1980-ci illərin ortalarında
akademik Mirzə İbrahimov tərəfindən
hazırlanmış layihənin bəhrəsidir.
Layihənin ortaya gəlməsindən
onun bu kitabla gerçəkləşib bitməsi arasında
otuz ilə yaxın bir vaxt keçib. Biz bu kitabı redaktə
edib qurtaranda daha bir nəticəyə gəldik: sözü
gedən otuz ildə Cənubi Azərbaycan ədəbiyyatının
öyrənilməsi böyük bir elmi məktəbə, ədəbiyyat
elmimizin müstəqil bir sahəsinə və kursuna
çevrilib. Həm də bu, artıq Bakıda yaranan ədəbi
məktəb deyil. Bu, həm də İran İslam
inqilabından sonra İranda, Türkiyədə, Avropa
mühacirləri içərisində və əlbəttə
ki, Bakıda yaranan və zənginləşən ədəbi
məktəbdir.
İkinci cild Məşrutə
inqilabı dövründən İran İslam inqilabına qədərki
mərhələni əks edir. Burada inqilabdan sonrakı
dövrün mətbuatına dair kiçik oçerklər də
vardır. Lakin redaksiya heyəti İran İslam inqilabından
sonrakı yeni, lakin öz ziddiyyətləri olan ədəbi mərhələni
geniş işıqlandırmaq niyyətində olmayıb.
Birincisi, bu hələ tezdir, yeni ədəbi proseslərin
büllurlaşmasına, burada fəaliyyət göstərən
ədəbi şəxsiyyətlərin doğru qiymət
almağına vaxt məsafəsi lazımdır.
Məşrutə
inqilabı ilə İran və Cənubi Azərbaycan inqilablar
epoxasına qədəm qoyur. XIX əsr Avropa kapitalizminin
bütün ideoloji və mədəni nailiyyətləri bu,
ya digər dərəcədə İran cəmiyyətinə
daxil olur. Kino, musiqi, burjua mətbuatı, sinif-dərs sistemli təhsil,
maarif və burjua azadlığı ideyaları ölkənin
qabaqcıl adamlarının şüuruna hakim kəsilir. Rus
marksist inqilabçılarının Cənubda ilk tərəfdarları
fəaliyyətə başlayır. Məşrutə
inqilabı bu ideyaların nəticəsi idi. Lakin İranın
siyasi həyatında iri torpaq sahibləri ilə din xadimlərinin
güclü ittifaqı İranda 1979-cu ilə qədər
burjua inqilablarının qələbəsinə imkan vermədi.
Bu ittifaqın liderləri İranda hər növbəti
inqilabı yatırmaq üçün xarici dövlətlərdən,
Rusiyadan və ingilis-Amerikan cütlüyünün hərbi-siyasi
və maliyyə qüvvələrindən istifadə edirdilər.
Lakin
artıq Məşrutə inqilabi illərində Cənubi və
Şimali Azərbaycan xalqının mənəvi birliyi, ilk
növbədə, təhsil, mətbuat, vahid siyasi hərəkatlar
və nəzəriyyələr şəklində meydana
çıxdı. A.A.Bakıxanov və M.F.Axundzadəylə başlanan möhtəşəm
maarifçilik hərəkatı
vahid ümummilli bir hadisə idi. XIX əsrin ortalarında bu
birliyi M.F.Axundzadənin
nəhəng maarifçilik fəaliyyəti və taleyi təmsil
edirdi.
Ondan sonra Bakıda
“Əkinçi” qəzeti fəaliyyətə başlayanda Cənubda
yaşayan maarifçi, şair, jurnalist və müəllimlər
bu qəzetdə az qala şimallı ziyalılardan fəal və
sayca çox idi. Mərhum professor Xeyrulla Məmmədovun
maarifçiliyə dair birinci cilddə gedən icmalında bu,
faktlarla göstərilib
1. Həm də son illər
cənublu mütəxəssislər, xüsusilə
mühacirlər internetin imkanlarından daha artıq istifadə
edirlər. Müxtəlif ədəbi qruplar Cənubi Azərbaycanda
son iki əsrdə yaranan anadilli ədəbiyyata aid xeyli saytlar
yaratmışlar. Vekipediyada, Türkiyənin bəzi
universitetlərinin saytlarında da bu mövzuda xeyli informasiya
tapmaq olur və bu informasiyanın həcmi böyük sürətlə
artır.
XX əsr Cənubi Azərbaycan
ədəbi prosesi XIX əsrin sonlarında aydınlaşan
ümumi bir tendensiyanı davam etdirir: Təbriz ədəbi
mühiti iki mənbədən - Bakı və Türkiyə ədəbi
mühitindən paralel olaraq təsirlənir. Əlbəttə,
bu təsirdə Bakının payı məlum səbəblərə
görə daha üstündür.
Türkiyə
təsirinin tarixi səbəbləri dəyişməz olaraq
qalır: hələ Osmanlı imperiyasının ilk dövrlərindən
İranda təhsil görmüş ikidilli - fars və türk
dillərini bilən - müəllim və ziyalılar sarayda
mühüm mövqelər tutur, Osmanlı mətn mədəniyyətinin inkişafında yaxından iştirak edirdilər. Sultanların
çoxu Ərəb dilli təhsilə üstünlük
verirdi, lakin türk dilini bilən və İran maarifinin
daşıyıcısı olan ziyalılar Osmanlı ərazisində
həm türk, həm də farsdilli mətn mədəniyyətinin
yaranmasına xidmətlər göstərdilər. (Cənubi
Azərbaycan Ədəbiyyatı tarixi, 2 cilddə, 1 cild,
Bakı, “Nurlar”, 2009, s. 331-398).
Bu
gün də İranla qonşu olan bu ölkə ilə ticarət
münasibətləri, Türkiyə universitetlərində təhsil,
işçi qüvvəsinin ixracı, sərhəd əhalisinin
qohumluq münasibətləri və s. istər-istəməz
Türkiyə ədəbi dili və mətbuatı, ədəbiyyatı
və elmi mühiti ilə rabitələr yaradır.
Bu rabitələr XIX əsrdə
artıq formalaşmışdı və XX əsrdə daha da
genişlənir. Cənublu ziyalılar Türkiyədə təşkilatlar
və mətbuat orqanları yaratmışdılar, bu barədə
kitabın Məşrutə inqilabına həsr olunmuş fəslində
bəhs edilibdir. Türkiyədən gələn
ittihadçılıq ideyaları Bakı mühitində
olduğu kimi, Cənubda da təşkilati formalar kəsb
etmiş, Tağı Rüfət, Həbib Sahir kimi
maarifçilərə və başqalarına böyük təsir
buraxmış, türk dilinə və mədəniyyətinə
marağı artıran amil olmuşdur. Digər tərəfdən,
Türkiyə ədəbi mətbuatı İranda türkdilli
informasiya boşluğunu dolduran mühüm amil olmuşdur və
indi də belə olaraq qalır. Rəqəmsal TV və
internet İran ərazisində türkdilli informasiyaya qoyulan məhdudiyyətləri
artıq mənasız etmişdir.
1905-1920-ci illərdə
Cənubi Azərbaycanda milli mədəniyyətin və
şüurun formalaşması Bakının aparıcı təsiri
altına düşür. Bu təsirin əsas mənbəyi
isə rus imperiyasında gedən hadisələr - Birinci Rus
inqilabı, Rusiyada konstitusiya, parlament, azad burjua mətbuatının
ortaya çıxması idi. Rusiyada yaranan
inqilabi nəzəriyyələr, sosial-demokrat və bolşevik
təşkilatları, sosializm, azadlıq və tərəqqi
ideyaları, əsasən, Bakı vasitəsi ilə Cənubi
Azərbaycanda və bütün İranda yayılırdı.
1905-1911-ci illərin Məşrutə inqilabı bütün
İran miqyasında bu təsirin nəticəsi idi. Lakin
faktiki qalib gəlmiş inqilab xarici dövlətlərin,
xüsusilə rus çarının müdaxiləsindən
sonra irtica qüvvələrinin revanşı ilə nəticələndi.
Bu dövrdə
Bakı mətbuatındakı nisbi azadlıq, güclü
maarifçi və sosializm ideyaları Cənubda da oxşar cərəyanların,
siyasi qurumların yaranması ilə nəticələnirdi.
Birinci Dünya müharibəsinin başlanması Bakı
mühitində güclü milli ədəbi cərəyanın
yaranmasına səbəb oldu.
C.Məmmədquluzadə,
M.Ə.Sabir, M.Ə.Rəsulzadə, M.Hadi, A.Səhhət,
C.Cabbarlı, Əhməd Cavad bu cərəyanın
aparıcı şəxsiyyətləri kimi ədəbi
mühitdə əsas yer tuturdular. İranın qabaqcıl
adamları Bakı ilə şəxsi əlaqələr
yaradır, mətbuatı və kitab çapını izləyir,
buradakı mətbuatda çıxış edir və bu tayda
populyar olurdular.
Bu dövrdə Rusiya
və Bakı təsirinin ən qüdrətli amili 1918-ci ildə
Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması oldu. Rəsmi
Tehran bu hökumətə düşmən münasibət bəsləsə
də, İranın qabaqcıl adamları, maarifçilər
onun tarixi mənasını anlayır və ona rəğbət
bəsləyirdilər. Nəticədə İranda Demokratik
Cümhuriyyətin təsiri ilə Şeyx Məhəmməd
Xiyabaninin Azadistan respublikası meydana çıxdı.
Şeyx Məhəmməd
Azərbaycanın böyük vətənpərvəri, həm
də İranın bütün xalqlarını sevən bir
adam idi. O, birpartiyalı bolşevik inqilabının İran
mühitinə uyğun variantını yaratmaq, lakin marksizmi
dinlə əvəzləmək istəyirdi. Misilsiz iradəyə
və ağıla, sadə adamlara sonsuz lütfə malik olan
bu adam hələ layiqli tarixi qiymətini almayıb,
dünyagörüşü və dövlətinin hədəfləri
tam aydınlanmayıb.
Demokratik Cümhuriyyətin
və Azadistan respublikasının qan içində
boğulması həm Bakı mühitində, həm də Cənubda
milli ovqatlara və hərəkata ağır zərbə oldu.
Bolşeviklər bundan istifadə edib Bakıda,
çürük şahlıq rejimi isə Cənubda Milli
qüvvələrə qarşı əkshücuma keçdilər.
Bakıda milli hərəkata qarşı,
müsavatçılığa qarşı mübarizə
ancaq 1937-ci ildə yekunlaşdı. Cənubda isə Rza
şah rejimi özünü rüsvay edərək Azərbaycan
dilini ictimai yerlərdə qadağan etdi. İran türkcəsinin
tarixi barədə böhtan xarakterli nəzəriyyələr
yaradılmağa başlandı.
1941-ci ilin avqustunda
sovet ordusunun İrana daxil olması Rza şah rejimini
dağıtdı. O da özündən əvvəlki İran
şahları kimi xaricə qaçmalı oldu. Azərbaycan
xalqının azadlıq və müstəqillik mübarizələrinin
mərkəzi 1946-cı ilə qədər Təbriz oldu. Bu
prosesə İosif Stalinin İranda kommunist rejimi yaratmaq planları
da kömək edirdi. Cənubda mətbuat, mədəniyyət,
maarif, kitab çapı böyük vüsət aldı, bu
hadisələr milli şüurun yüksəlişinə,
milli dövlətçilik ideyalarının yayılmasına
səbəb oldu. Şimaldakı
bolşevik senzurası Cənubda yox idi və bu amil də orada
milli mətbuatın və poeziyanın yüksəlişinə
təkan verirdi. Nəticədə, Cənubi
Azərbaycan mətbuatında, Azərbaycan Demokrat Partiyası
tərəfdarlarında milli qürur hissləri Azərbaycan
tarixində görünməmiş bir yüksəkliyə
çatdı.
Şimali Azərbaycanda ədəbiyyata gələn
cavan şairlər nəsli - Bəxtiyar Vahabzadə, İsmixan
Rəhimov, Gülhüseyn Hüseynoğlu, Atif Zeynallı,
İslam Səfərli, Xəlil Rza, Məmməd Araz və b.
Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi
milli hərəkatın ideyaları zəminində milli
düşüncəli bir nəsil kimi ərsəyə gəldi.
1941-1946-cı illər Azərbaycan
xalqının milli şüuru tarixində yeni və daha
yüksək bir mərhələ oldu. S.C.Pişəvəri hökumətinin
dağılması Şimalda da ağır milli faciə kimi
yaşandı, ədəbi prosesdə dərin izlər qoydu,
milli ovqatların gənclər arasında görünməmiş
dərəcədə artması ilə nəticələndi.
Gülhüseyn Hüseynoğlu, İsmixan Rəhimov və digərlərinin
daxil olduğu milli ovqatlı tələbə ədəbi dərnəyinin
üzvləri bolşevik rejimi tərəfindən repressiya
edildilər.
Lakin tarix də öz işini gördü: 50-ci illərin
əvvəllərində Şəhriyarın “Heydərbabaya
salam” poeması yarandı və fotosurət kimi yayılaraq, ədəbi
partlayış yaratdı. Şəhriyar nə
iranpərəst, nə də türkpərəst idi.
Onun kommunist hərəkatı ilə də
heç zaman əlaqəsi olmamışdı. Hətta cavanlığında bir İran əsilzadəsi
olmaq istəmişdi. Amma tarix ona başqa bir rol
tapşırdı: Şəhriyar Milli hökumətin
süqutundan sonra orta əsr vəhşiliyi ilə
dağıdılmış milli dirçəliş prosesini bərpa
edən yenilməz simvol oldu. 1941-1946-cı illər
milli hərəkatının mənəvi varisləri pərvanə
kimi onun işığına yığışdılar.
Düzdür, Səməd Behrəngi kimi
kommunist və millətçi əqidəsi daşıyan bir
sıra qələm adamları Şəhriyarın əhəmiyyətini
görmədi, ona düzgün qiymət verə bilmədi. Bu, başa düşüləndir, hərəkatçılar
ədəbiyyatda da birinciliyi özlərində görmək
istəyirdilər. Lakin ədəbi tərəqqinin
öz məntiqi var: Şəhriyar hətta İran İslam
inqilabından sonra da Cənubdakı ədəbi
gedişatın simvolu olaraq qalır.
Cənubda 1950-1980-ci illərdə Həbib
Sahir, Səhənd, Sönməz kimi milli şairlər
yetişdi və yüksəldi, bütün ümumazərbaycan
ədəbiyyatını və bədii düşüncəsini
zənginləşdirdilər.
Bolşevik rejimi şəraitində
Bakıda da Cənubi Azərbaycanın problemləri barədə
yazmaq, konkret işlər görmək asan deyildi. Bu işdə
1977-ci ildə Mirzə İbrahimovun təşəbbüsü
ilə Akademiyanın Nizami adına Ədəbiyyat
İnstitutunda açılan Cənubi Azərbaycan ədəbiyyatı
şöbəsi tarixi işlər gördü. Bu işləri də şübhəsiz ki, Mirzə
İbrahimov məktəbi adlandırmaq mübaliğə
olmaz. Otuz beş ilə yaxın bir
dövrdə Azərbaycan elmində bütöv bir yol
yarandı. Bu ədəbiyyatşünaslıq
elmi mərkəzinin necə sürətlə tərəqqi
etdiyinə heyrətsiz baxmaq çətindir.
Bircə misal kifayətdir: 1942-ci ildə Mirzə
İbrahimov böyük şair Mirzə Əli
Möcüzün divanını Qulam Məmmədliyə verib
onu çapa hazırlamağı tapşıranda böyük
şairimiz Möcüzün cəmi iki şeri çap
üzü görmüşdü. İranda
türk dilinin basqıya məruz qaldığını qəbul
etmək istəməyənlər qoy bu kitabda Fərman Xəlilovun
oçerkinə əlavə edilmiş ədəbiyyat
siyahısına baxsınlar.
Möcüzşünaslıq bir kitabxanaya sığası
elmi məktəb olub, hətta ingilis dilində də onun
haqqında iki kitab çıxıb! Bu, Mirzə
İbrahimov elmi məktəbinin, bizim milli ədəbi
düşüncəmizin nailiyyətidir.
Mirzə İbrahimov 1918-ci ilin aclıq
vaxtında Sərabın Evə kəndindən Sabunçu
neft mədənlərinə qədər atası və
böyük qardaşı ilə piyada gəlmişdi. O, Cənubda
1941-1946-ci illərin milli hərəkatının əsas təşkilatçılarından
biri idi. Hadisələr qanlı faciə ilə
bitəndən sonra o, öz şəxsi mənəvi məsuliyyətini
həmişə yaşayırdı. Allah
hər iki tərəfdən ölənlərə rəhmət
eləsin. Mirzə müəllim Azərbaycanın
böyük və müdrik oğlu idi. Cənubi Azərbaycan
ədəbiyyatının tədqiqi işinə başlayanda
sadə bir prinsip qoymuşdu: çox bacaran çox, az bacaran az iş görsün.
Cənub ədəbiyyatının öyrənilməsi
hamımızın işidir. Əsas odur ki,
bir-birimizə iddialı iradlar tutmadan hər kəs bir iş
görsün.
Cənubşünaslığın
sürətli inkişafının bir səbəbi də
budur.
Şübhəsiz ki, təqdim olunan bu
kitabda qüsurlar da var. Biz çox vaxt Cənubda
çıxmış bir kitabçanın nəşr ilini dəqiqləşdirməkdə
belə aciz qalmışıq. Çünki ədəbi mətinlərin
toplanması işi belə hələlik tamamlanmayıb. Amma
çox böyük işlər görülüb və bu
layihə də bu işlərə, cənubşünaslığın
Mirzə İbrahimov mərhələsinə yekun vurmaq cəhdidir.
Kitab haqda qeyd və təkliflərini
bildirmək istəyənlərə, bizə kitab və mənbələr
yollamaq istəyənlərə əvvəlcədən minnətdarlığımızı
bildiririk.
Ədəbiyyat qəzeti.- 2013.- 20 dekabr.- S.5.