Nurəngiz Gün - 75

  

Hörmətli Nurəngiz xanım!

Sizi - tanınmış yazıçımızı yubileyiniz münasibətilə təbrik edirik.

Siz bədii yaradıcılığa ötən əsrin yetmişinci illərində başlamısınız. 1981-ci ildə "Ulduz" jurnalında dərc olunan "Tanrı" povestiniz ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdı. Onun ardınca oxuculara təqdim olunan "Ağ qanadlar", "Salamat ol", "Ağca yol", "Əsrin son yuxusu" poemalarınızın da taleyi uğurlu oldu. "Tanrı bəşər övladıdır", "Ağ qanadlar", "Günəşə dua", "Yol gedirəm", "Povestlər və hekayələr", "Xocalı simfoniyası" və s. kitablarınız orijinal üslubunuzdan, hadisələrə maraqlı yanaşma tərzinizdən, vətəndaşlıq qayənizdən xəbər verir. Əsərləriniz ölkəmizin hüdudlarından kənarda da nəşr olunmuş, milli ədəbiyyatımızı layiqincə təmsil etmişdir. "Novo Makedoniya" nəşriyyatının buraxdığı "Qolosovina" almanaxındakı şeirlərinizə görə "Yaşıl budaq" mükafatına layiq görülmüsünüz.

Siz 1964-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmisiniz. Həmin il Azərbaycan Teleradio Komitəsində əmək fəaliyyətinə başlamısınız. On il burada çalışdıqdan sonra məzunu olduğunuz universitetdə "Səhnə danışığı və nitq mədəniyyəti" kafedrasının müəllimi vəzifəsinə qəbul olunmuş, peşəkar kadrların hazırlanmasında bacardığınızı əsirgəməmisiniz.

Hörmətli Nurəngiz xanım!

Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı və yaradıcılıq uğurları arzulayırıq.

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.- 2013.- 20 dekabr.- S.7.