Fəridə Ləman - 60

         

Hörmətli Fəridə xanım!

Sizi - istedadlı şairi yubileyiniz münasibətilə təbrik edirik.

Siz ədəbi fəaliyyətə ötən əsrin 70-ci illərində başlamısınız. İlk mətbu şeriniz "Elm və həyat" jurnalında dərc edilmişdir. Bir qədər sonra şeirlərinizlə yanaşı, ədəbi-tənqidi yazılarınızla da "Azərbaycan", "Ulduz" jurnallarında, "Ədəbiyyat və incəsənət" qəzetində çıxış etməyə başlamısınız. 1991-ci ildə ilk şeirlər kitabınız "Yazıçı" nəşriyyatında çapdan çıxmışdır. "Tale adlı yazı varmış" adlı bu kitab Türkiyədə də nəşr edilmişdir. Çoxşaxəli yaradıcılığınızın məhsulu kimi otuza yaxın kitabınız: "Suya danışılan yuxu", "Torpağın yaddaşı", "Dünya qəm dünyasıdır", "Solsa da göy çəmənlər", "Müasir Azərbaycan dilində epitetlər", "Səlcuqdan gələn səs" və s. işıq üzü görmüş, ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

Bədii yaradıcılıqla yanaşı, siz elmi fəaliyyətlə də məşğulsunuz, filologiya elmləri üzrə fəlsəfə doktorusunuz. Hazırladığınız Azərbaycan bədii dilinin epitetlər lüğəti" dilçilik elminizə dəyərli töhfədir.

Əmək fəaliyyətinizdə mətbuat işi əsas yer tutur. Siz "Gənclik" ("Molodost"), "Azərbaycan qadını", "Xatun" jurnallarında "Azərbaycan", "Respublika", "Dəli Kür" qəzetlərində çalışmış, ədəbi işçidən başlamış baş redaktoradək müxtəlif vəzifələrdə çalışmısınız. Jurnalistika sahəsindəki xidmətləriniz "Xan qızı Natəvan", "General Həzi Aslanov", "Araz", "Sara xatun", "Qızıl qələm", "Həsən bəy Zərdabi" mükafatları və fəxri diplomları ilə qeyd olunub. Hazırda AMEA Dilçilik İnstitutunun böyük elmi işçisisiniz. Yaratdığınız və rəhbərlik etdiyiniz "Məhsəti şairlər məclisi" neçə illərdir ədəbiyyatımızın təbliğiylə məşğuldur. "Məhsəti" adlı jurnalın təsisçisi və baş redaktorusunuz.

Hörmətli Fəridə xanım!

Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.

 

Azərbaycan Yazıçılar Birliyi

  

Ədəbiyyat qəzeti.- 2013.- 20 dekabr.- S.7.