Yuvalara dəyməyin
Yuva qurmaq çətindi,
Min əzabı, zilləti.
Yuva qurmaq şirindi,
Yaddan çıxmaz zəhməti.
Quşun da yuvası var,
Yuvasız düşmən
olsun.
Bir yuva
dağıdanın
Ömrü, günü çən
olsun.
Bir ağac budağında,
Bir ana qucağında,
Bir evin bucağında,
Küncündə, ocağında
Yuvalara dəyməyin,
Yuva olan budağı
And verirəm, əyməyin.
Elim pərən-pərəndi,
Gedib
yurdu, yuvası.
Pozulubdu növrağı,
Gedib
kefi, səfası.
Yuvalara dəyməyin,
Daşın,
qumun dili var.
Yuvaların içində
Neçə
ruhun sirri var.
Yuva qurmaq çətindi,
Min əzabı, zilləti.
Yuva qurmaq şirindi,
Yaddan çıxmaz
zəhməti…
Səni
düşünürəm
Başımı söykəyib
gecənin qollarına,
Uyuyub sığalına,
uyuyub tumarına,
Xəyallar dumanında,
fikrimin gümanında
Mən
səni düşünürəm.
Burnumda dalğın
dənizlərin
Doğma yosun
qoxusu,
Hərdən səni
itirmək qorxusu,
Ay gözümün perikmiş
yuxusu -
Mən
səni düşünürəm.
Gələrsənmi
Qar bürüyüb yolu-izi,
Xatirələr
üşüyübdü.
Nağılların ocağına
Xəyalımdan
köz düşübdü.
İsinməyə gələrsənmi-
Hərdən
bizə gələrsənmi?
Ömür-günü düzüb sapa,
Baxa-baxa
qocalırıq.
Bəzən vaxtlı,
bəzən vaxtsız,
Bu dünyadan köç salırıq.
Dərdləşməyə gələrsənmi,
Hərdən
bizə gələrsənmi?
Sərv boyumuz
əyilibdi,
Qara
gözü tor alıbdı.
Yollar yoxuş,
ayaq gücsüz,
Daha
yolundan qalıbdı.
Oturmağa gələrsənmi,
Hərdən
bizə gələrsənmi?
Deyirlər ki,
yaz gələcək,
Çəmənlər,
düzlər güləcək.
fəridənin çox dərdini
Bilənlər,
sonra biləcək.
Yad etməyə gələrsənmi,
Hərdən
bizə gələrsənmi?
Fəridə Ləman
Ədəbiyyat qəzeti.- 2013.-
20 dekabr.- S.7.
l