Deyəsən qəribçilikdir

 

İstədim çağıram...

Boynum çiynimə düşdü.

Çünki heç kim yox idi qabaqda.

 

İstədim çağıram,

Ey, adam!”...

Gördüm çiynimə düşənim

gedək evimizə - deyir,

burası “səhradır!”...

pıçıldayır...

 

Aman könlüm! Can könlüm!

Deyəsən qəribçilikdir...

 

Yoxdur könül

bağça-bağım

 

Əllərimi uzadıram,

Yoxdur könül bağça-bağım,

qönçə yoxdur, ləçək yoxdur,

yoxdur şəbgül çiçəklərim,

anam yoxdur, atam yoxdur,

dağılıbdır böyük tifaq,

yoxdur quyu ehtivalar.

Əllərimi uzadıram,

Yoxdur hündür bağça-bağım,

qızılgüllər onlar deyil,

yoxa çıxıb qızıl qəfəs, bülbül

yoxdur, tikan yoxdur,

tor əlcəyim tiftik-tiftik...

altında əllərim yoxdur.

 

Lay-lay könlüm, a lay-lay

 

Dənizə qar yağır, bitməyir,

Lay-lay könlüm, a lay-lay.

Yelkənlər lal baxır, getməyir,

Lay-lay könlüm, a lay-lay.

 

Bayırda borandır...

Yazığım gəlir dənizə.

Pəncərəmi isladır gözlərim

hənüz, belə qüssəli olmamışdım,

hələ mən.

 

...Dənizə qar yağır, bitməyir,

Lay-lay könlüm, a lay-lay.

Yelkənlər lal baxır, getməyir,

Lay-lay könlüm, a lay-lay.

 

Çağırıb, çağırıb... gediblər

 

O gedən saraydır...

Yeriyir, yıxılır, itib-batır dumanda,

Qalxır, yenə ağarır, yeriyir, dərd

verir...

O gedən haraydır!..

Yaxılır, dağılır, itir-batır dumanda,

oyanır, çağırır çən içi!.. Dərd

verir...

 

O gedən

gedənlərimdir mənim!

Mehrabım, dərgahım,

şəhrü-yarım, həmşərim,

həmşəhərli didələrim,

dədələrimdir

mənim.

 

Gedənlər

könül abidələrim!-

səcdəgahım, can evim, tayfam-

tuyfam,

qollarım,

bədənim, əlllərimdir mənim!..

Ah, eyvah!..

Çağırıb, çağırıb... gediblər.

 

Məni mənə vermədilər

 

Nə dərd, nə ələm bildilər,

Nə istədim vermədilər.

Əslində nə istədim ki?

Düzləri görmək istədim -

ürək üçün.

Bir veyl külək istədim -

seyr edib yer üzünü,

azadə nəfəs dərib,

asudə ölmək üçün.

Vermədilər.

Könlüm bir könül istədi

könlümü kiritməyə.

Quyu suyu istədi

bu susuz ciyərimə

qurtum-qurtum çəkməyə.

Bir ovuc torpaq... istədi

sinəm ilə bərabər

dərdlərinə çökməyə!

Vermədilər.

 

Yol istədim, at istədim,

bir bəyaz həyat istədim,

Yollarımı hördülər

məni məndən aldılar,

məni mənə vermədilər.

Hey yandım, hey çırpındım,

çırpındım fəğan eylədim,

Vermədilər, vermədilər,

məni məndə görmədilər,

məni mənə vermədilər.

 

Ürəyimi eşit, dünya

 

Dünya çiyinlərimdə,

çiynim dünyadan ağır,

endirdim başımı çiynimin üstə

gördüm qollarım yoxdur.

İki qolum - iki budaq.

İki qolum ikisi də dirəndilər göy

üzünə.

Baxdım bədən torpaq üstə,

iki qolum ikisi də

üzür keçir göy üzündən.

 

Ürəyimi eşit, dünya!

Qollarım hövl eyləmiş.

Torpaq iki haçadır,

Körpu heyrət içində,

Məftillər qocalıbdır,

gör haçandır

iki yol arasında

qollar naçar qalıbdır!

Dünya, mənə həyan ol,

Göyləri səksəndirmə,

qollarım yol gedəsidir,

Onu həsrət uçurub,

qollarıma ana ol,

qollarım yorulubdur,

qollarımı ovundur!

 

Dünya, mənə yiyə dur!

O sahilə... baxınca

ürəyim suya dönür,

Bədən qolsuz çırpınır,

yerə-göyə sığınmır

Dağlar boy vermir mənə,

barı Allah göyündə

qollarıma yol eylə!

 

Dünya, özün cavab ver!

Mənim bədənsiz qollarım

gül-çiçək çələngini

görən necə tutacaq?

Dönüb bir cüt quş olunca

ağarıb göy üzündəcə

bədənsiz necə uçacaq?

Ömrü darda, başı qalda,

o təklənən torpağımı...

görən, havax, hansı üzlə

hansı təşviş içində...

necə, cür qucacaq?!.

 

Bu kədər... köhnə kədər

 

Sən - ancaq gur ahəngli

mahnıları eşidirsən,

O - qəfəslərdə çırpınan ürək

səsini.

Sən - suyun üzünü görürsən,

O - şübhəsini.

Ulduzlar necə göz vurur,

Sən yalnız bunu görürsən,

bundan deyirsən.

O deyir ki, ağlayıb, ağlayıb

əriyirlər ulduzlar,

Bir nagahan vidadan...

tir-tir titrəyirlər göydə ulduzlar.

Payız sənin ovqatını sərinliyiylə

açır,

O bu anı, qərib-qərib uçuşan,

yarpaqlara acıyır.

Bir dəlidən, olsa, olsa sənin

yadında qalanı -

Dəlinin dəli canı, dəlinin yırtıq

donu!

Gəl ki o dəlinin fəryad çəkən

sözləri,

O dəlinin heybət dolu dəli gözləri

Xeyli zaman dəli eyləyir onu!

Elə bilmə, boşunadır qəfəs

naləsi,

Boşunadır su şübhəsi!

Bica yerə deyildir, yarpaqların

səksəkəsi,

Elə bilmə bica yerə

ulduzların bir-bir ölməsi!...

Bica deyil, deyildir, bir dəlinin

selləmə göz yaşları,

Baş qaldırıb üzü göyə, qəh-qəh

çəkib gülməsi!

Hə dostum, hə, sən bilən tək

deyil dünya!

İşgəncədi

Ömrün vahimə dərdi!

Dərbədər tifaqlar üzündəndi bu

Su şübhəsi, ulduzların üşüməsi,

Bir dəlinin heyrətindədi

bir fəğanlı nifaq günü,

didərginlər sürgünü!

Bir dəlinin heyrətində,

hiddətindədi

Dədə - palıd... qollarının...

ipi açılmaz düyünü!...

Ağla dostum, bir az da sən ağla

bu dərdi,

Ağla, ağla, anla bir az

bu kədər ən böyük kədər,

Bu kədər... köhnə kədər!

 

Mənim o çiçəklərim

 

Tükəndi çiçəklərim, bir payıza

yaraq oldu,

Çaşdı əsən ruzgarlarda, qopub

varaq-varaq oldu.

 

Quş olub uçdu güllərim, əldə qalan

budaq oldu,

Busələrimin qonağı bir üşüyən

yarpaq oldu.

 

Gözlərim gölə çevrildi, vüsal məndən

uzaq oldu,

Nə gəldi qüssədən gəldi, məni üzən

fəraq oldu!

 

Xəyal oldu sevdiklərim, yanıb-

sönən çıraq oldu,

Mənim o çiçəklərim, dönüb qara

torpaq oldu.

Yaddaş yapışqanı

 

Bir bu ağac idi, bir də kölgəsi,

Bir biz idik, bir də sınıq könlümüz.

Ruhumuzda çiçəklərin nəfəsi.

sinəmizdə nəhəng sevgi

nəğməsi,

Bir də çörək idi...

Gərək ki, bir nəməkdan idi,

bir baş da soğan.

Vəssalam.

...Süfrə diksinmişdi, duz

dağılmışdı,

Çörək qupquruydu, soğan da acı.

Nəyimiz yandırdı ki,

Elə bu zaman

Əli baltalı gəldi, kəsdi bizim

ağacı?!...

 

Bağışla

 

Yalqız qumrum!

Susqun yavrum!

Arı pətəyim!

İşıldaquşum!

Bir vaxt

Ovuclarımın içində

yanıb-sönən atəşim!

Bağışla!

Açılıb uzanan

hər sap düzümü ömür deyilmiş,

ömrün hər dözümü ömür

deyilmiş!

Bağışla!

Aldandıq, aldatdıq,

nələrdən döndük

Nələrdə yanıban

nələrdə söndük.

Bilməzdim bu qədər

üzü dönükdük!

Bağışla!

Pisi əzizləyib, yaxşını atdıq,

Olub ki, bəzən də xeyrə şər

qatdıq

Beləcə sevişib ömür uçdu ki!

Ömür quşdu ki!

Sevdalı yolları unutmuşuq ki!

Bir kövrək çiçəyi qurutmuşuq ki!

Bağışla!

Bağışla!

 

Öz aramızda qalsın

 

***

Onda ki

Gəda darğalandı,

Keçəl daraqlandı.

Sərçə də qarğalandı,

Qalan işlər yalandı,

Gün aydın, dostlar!

***

...Qurda da ağlamaq gərək.

Gərək bunu da deyək:

Bu- qurddu,

Bu - qurtdudu.

Qurtdu qurdu qurutdu.

***

...Biri baxır döşünə -

Ordenlərin yürüşünə,

Döyür döşünə-döşünə.

Biri baxır döyüşünə,

Qalır düşünə- düşünə.

***

Lal, kar, səssiz məzar...

Hamısı sür-sümük yığını.

Hə, indi tap bu ölülərin içindən

Hansı katib, hansı sədrdi.

Hansı xitam verir, hansı əmr edir.

Hamısının kəlləsi eyni -

Hamısının dişləri gülür.

Hamısının torpaq olub, əlləşən

beyni!..

***

Gözümün iki damla yaş giləsi

Biri sənsən - haqsızlıq.

Biri namərd tələsi!

***

Ahım qeyrətdəndi

Günahım - nifrətdən.

deyib, söyləmişəmsə

Elimə, obama

məhəbbətdəndi.

 

Mənim eşqim

 

Mənim eşqim ruzgarlardır -

dağ tanımaz, dərə bilməz.

Mənim eşqim ilk bahardır -

sevincləri saya gəlməz.

Mənim eşqim azad quşlar -

bənd bilər, çəpər.

Mənim eşqim qaranquşlar -

Ruhuma müjdələr səpər.

Mənim eşqim al səhərlər -

çiçəklər huşun itirər.

Mənim eşqim kəhərlər -

Təbrizə təbrik yetirər.

Mənim eşqim atəş, ocaq -

Novruzgülüm qızınacaq!

Mənim eşqim qucaq-qucaq -

Anam torpağa qonacaq...

 

Nurəngiz Gün  

 

Ədəbiyyat qəzeti.- 2013.- 20 dekabr.- S.7.