Sadəlik, səmimilik,

təvazökarlıq timsalı

     

Dünyaya gəlişinin bu günlər 80 illiyini qeyd etdiyimiz unudulmaz dost, görkəmli alimpedaqoq Firidun Hüseynov ustadı Mir Cəlal haqqında yazırdı: "Mir Cəlal bir insan, ədib, müəllim, alim, kafedra müdiri kimi həmişə - yaşının bütün çağlarında və hər yerdə bir cür görünən adam idi. O, sadəlik, səmimilik, təvazökarlıq timsalı idi.

…Yazıçılıqdan gələn bir həssaslığı, dəqiqliyi, ən başlıcası isə incə və dərin müşahidə qabiliyyəti vardı".

Dekabrın 14-də Yasamal rayon Heydər Əliyev Mərkəzində Firidun Hüseynovun 80 illik yubileyinə həsr olunmuş tədbir ulu öndərin Mərkəzin "Muzey" bölməsində yerləşən büstü önünə gül dəstələrinin qoyulması və muzeylə tanışlıqla başladı.

Sonra Firidun Hüseynovun həyat və elmi fəaliyyətindən bəhs edən filmə baxıldı.

Məclis iştirakçılarının yubilyar haqqında dedikləri çox səmimi ürək sözlərində təbiidir ki, Firidunun özünün ustadın layiqli tələbəsi, mənəvi övladı kimi böyük payı vardır. Qələm dostları onun çoxtərəfli ədəbi-ictimai-elmi fəaliyyətindən ürək dolusu danışdılar.

Məclis iştirakçıları - AMEA-nın müxbir üzvləri Tofiq Hacıyev, Nizami Cəfərov, xalq şairi Nəriman Həsənzadə, professorlar İfrat Əliyeva, Abdulla Abbasov, Firidunun tələbəlik dostları Aqşin Babayev, Ayaz Vəfalı, həmçinin BDU-nun və ədəbiyyat İnstitutunun əməkdaşları Cahangir Məmmədov, İsmayıl Əliyev, Kamran Əliyev, Muxtar İmanov, Alxan Bayramoğlu, Həmid Əliyev və başqaları çıxış edərək unudulmaz yubilyar haqqında ürək sözlərini dedilər.

Firidun müəllimin oğlu, istedadlı hüquqşünas Araz Hüseynov ailə üzvləri adından tədbirin təşkilatçısı Heydər Əliyev adına Mərkəzə, eləcə də məclis iştirakçılarına səmimi qəlbdən təşəkkürlərini bildirdi.

Çox maraqlı, məzmunlu keçən yubiley tədbirini BDU-nun müəllimi Sevinc xanım aparırdı.

Elmi, sənəti və şəxsiyyəti ilə dostlarının, tələbələrinin, oxucularının qəlbində əbədi yaşayan əzizimiz Firidun haqqında deyilən çox səmimi ürək sözlərinin heç şübhəsiz bir gün ayrıca kitab halında nəşrini də görəcəyik.

  

Ədəbiyyat qəzeti.- 2013.- 20 dekabr.- S.8.