Şerim
İçimdən
püskürən vulkan kimidir,
çəkir batinimi
zahirə şerim.
Gizlində yaranır,
xəlvətcə gəlir
təptəzə,
yep-yeni, bakirə şerim.
O da
yaranışdır Tanrı yanında,
canlıdır,
yaşadır sözü canında.
Ruhuma güc verir
yoldaş olanda
kamilə, arifə,
mahirə şerim.
İşıq
sürətlidir, xəyal adında,
dolanır Meracı
göz qırpımında.
Çox vaxt
qılınc kimi susar qınında,
dönər hərdən
qorxunc bir şirə şerim.
Dözməz
qabağında nə ah, nə aman,
xoş duyğu
alınca gedəndə güman.
Bir gözəl
misrası yaranan zaman
sığışmır
nə göyə, nə yerə şerim.
Məndən
qabaqdadır xeyirdə, şərdə,
şərikdir sevincə,
ortaqdı dərdə.
Oxunur, deyilir, gör,
neçə yerdə
qoşulur gündə
bir tədbirə şerim.
Nə boş tərif
deyər, nə bir mədhiyyə,
satılmaz
şöhrətə, ummaz hədiyyə.
Əllərim həmd
ilə açılar göyə
yığanda dostları bir yerə şerim.
Gah tədbir tökəndir, gah uzaqgörən,
gah çiçək bitirən, gah çələng
hörən.
Hələ Yaradandan möhlət var ikən
söz qoşur yüz nazlı dilbərə şerim.
Çətin bundan sonra usana, susa,
gəzsin şerimdə, kim məni arasa.
Sağam, sirdaşımdı, məndən sonrasa
qalacaq elimə xatirə şerim.
Beləcə uzanır açdığım
cığır,
hər yeni duyğumdan bir misra doğur.
Bu cür vurğunluqla məni də axır
döndərdi
deyəsən şairə şerim.
Dördlüklər
Ömrün rahat anı şirindir, ancaq
azmanlar həmişə çətin yol seçir.
İnsan var - bir xalqı çəkir dalınca,
insan var - həyatı yedəkdə keçir.
Mənə ürəyimin diktəsi yetər,
kimə bacarmışam, əl uzatmışam.
Arzuya çatmağın özü bir zəfər,
mən çox istəyimə bu cür
çatmışam.
Kim ömrünün mənasını nədə
görür,
kim həyata ağlı ilə baxa bilir?
Kim əməli, hünəriylə zirvələşir,
kim yaşının olimpinə qalxa bilir.
Pisin təxəyyülü, xisləti xəstə,
pis imkan düşdükcə pisə meyl edir.
Dünya yaxşıların əlləri üstə,
el də yaxşıların dalınca gedir.
Torpaqdı, günəşdi, havadı, sudu,
dirilik dediyin o hikmət budu.
Biri çatışmasa bunlardan, fəqət
məhv olar hər şeyə qadir təbiət.
Ah, neçə gözəlçün
alışdım, yandım,
nə qədər macəra yaşadı könlüm.
Hansını sevdimsə ürəkdən sevdim,
onun möhnətini daşıdı könlüm.
Bir vaxt gözəllərə ithaf yazırdım,
bitib tükənmirdi söhbətim, sözüm.
O zaman özümçün gözəl gəzirdim,
indi gözəl gəlin axtarır gözüm.
Yazın nəfəsiylə təbiət yenə
halını dəyişmiş, nəbatat
şişmiş.
Həzrəti İsa da yəqin bu yolla
müqəddəs Məryəmin bətninə
düşmüş.
Nə gözəl məkandı bu Yer kürəsi,
nə şirin zamandı yazın gəlişi.
Yazda yer üzünə zinət verməkdi
bəlkə Yaradanın ən zərif işi.
Elə ki, təbiət oyanır nazla,
bülbül nəğmə qoşur gülə avazla.
Mənə elə gəlir tək nəbatat yox,
Adəmlə Həvva da yaranıb yazda.
Nazlı təbiətin min rəngidir yaz,
min gülün, çiçəyin çələngidir
yaz.
Hər yerdə, hər zatda bir şux oyanış,
dünyanın zəriflik ahəngidir yaz.
Bu dağlar cənnətin özüdü bəlkə,
gül-çiçək sehrli sözüdü bəlkə?
Adəm bu yerlərdən qovulan gündən
çeşmələr ağlayan gözüdü bəlkə?
Azacıq imkanın varsa, özündə
güc tap, imkansıza pənah yeri ol.
Tərəzi dediyin xalqın gözündə
səxavət yiyəsi, el sərvəri ol.
Bu qədər qohumu, doğmanı, dostu
necə eyləyəsən səfnəzər, Allah?
Dostun nanəcibi tez unudular,
doğmanın pisindən əlhəzər, Allah.
Yaxşılar
Yaxşılıq
etməyə tələsin.
Məhəmməd
peyğəmbər (s)
Dünya elə yaranışdan yaxşıdır,
yaxşı səma, yaxşı Günəş,
yaxşı Ay.
Ömrümüzün, bəxtimizin naxşıdır
yaxşı sutka, yaxşı həftə, yaxşı
ay.
Xoş günlərin carçısıdır, əl
eylər,
dağda-daşda cığır salar, yol eylər.
Nemət adlı ruzisini bol eylər
yaxşı payız, yaxşı bahar, yaxşı yay.
Bardan qalar onsuz bostan, bağ, zəmi,
elimizin, obamızın zəmzəmi.
İsti gündə təşnəmizin məlhəmi
yaxşı bulaq, yaxşı kəhriz, yaxşı
çay.
Bir dəmət tut bağından gül dərilsə,
sözdən yarat, ömür qəsrin hörülsə.
Müdriklikdir, təmannasız verilsə
yaxşı bəxşiş, yaxşı sovqat,
yaxşı pay.
Ay Fəxrəddin, ötüşdükcə ruzigar,
hər arzudan, kaş doğa bir xoş qərar.
Nə yaxşı ki, hələ vardır
yaxşılar,
yaxşıların yaxşısını yaxşı
say!
Qocalar evi
Övladları onları yola vermədikləri
üçün qocalar evini öz halal od-ocağından
üstün tutub ömrünün sonunadək bu kimsəsizlər
yurdunda yaşamağa qərar verən zavallı, pənahsız
insanları sakit, emosiyasız dinləmək olmur.
Nə qədər ağrılı və acı
görüş!
Başın batsın, nankor övlad!
Ölümün olumundan daha əfzəl!
Salam verib hər vaxtınız xeyir, - söylədim,
aqibətin xeyir olsun, oğul, - dedilər.
Mənə ömrün qürubuna xeyir dilədi
aqibəti qara gəlmiş bu nisgillər.
Aqibəti xeyir olmaq, nə uğurlu yol,
hansımıza qismət olar, qalıb baxtabaxt.
Od-ocaq qur, övlad böyüt, sonra da qovul,
sən həyatın təzad dolu min üzünə
bax!
Qırış kəsmiş çöhrələri
xiffətdən solar,
nurdan düşmüş gözlərində qəm
yuva salar.
Hər gün qüssə, qəhər ilə ürəyi
dollar
yuxusunda övlad, nəvə görən qocalar.
Bu ixtiyar yaşlarında sərgərdan olub
doğmalardan uzaq düşmək nə qədər
ağır.
Nə arabir bir günlüyə qayıda bilir,
nə yurd-yuva, nə qonşular yadından
çıxır.
Gecə-gündüz lənətləyib qara
baxtını,
kimlərisə yada salar, səssiz ağlayar.
Hələ hərdən nəyəsə sərf edər
vaxtını,
hələ hərdən kimə isə ümid
bağlayar!
Hərdən fikir neçəsini çəkər
uzağa,
xəyalında nəvəsinə nağıl
danışar.
Keçər oğul günahından bu qəlbi yuxa,
övladının təhqirini udar, barışar.
Lakin gəlməz övladlardan quru təklif də,
göz yaşıyla dərdlərini
yayındırarlar.
Boş arzuyla, xam xəyalla qalıb təklikdə
bu tənhalar bir-birini ovundurarlar.
Daha daim fikri məchul, qaşı çatılar,
günü-günə, ayı-aya satan qocalar.
Sanki kədər ümmanına lövbər atarlar
dəryalarda gəmiləri batan qocalar.
Aman Allah, nə sitəmdir qocalar çəkir,
bu cür dərdə nə baş dözər, nə
ürək dözər.
Qaçqınların, kökçünlərin
gününə şükür,
övlad nəvə didərgini olmaqdan həzər.
Bir yerdə ki, valideynə ehtiram olmaz,
batsın o yurd, uçsun o ev, sönsün o ocaq.
Vətənə də vətəndaş yox, ləkədir
ancaq,
anasına, atasına xor baxan alçaq!
Bu gərəksiz vücuduna de, nə ad verək,
gözümüzdə cılızlaşan, ay arsız
oğul?
Südünümü, zatınımı, nəyini deyək,
nankor övlad, naqis xələf, qürursuz oğul?
Övlad gərək kəfəninə
bürünüb gedə,
valideyni ölümə də onu çağırsa.
Ulu Tanrım, sənin səbrin nə vaxt daşacaq,
oğul qoca anasını evdən qovursa?!
Dünya həm şər meydanı, həm hünər
meydanı,
kim nə bilir, əkdiyini kim biçəcəkdir?
Bu ağacın acı dadan meyvələrindən
övladların sənə də pay göndərəcəkdir.
Cahil insan, düz yolundan sapdığın yetər,
şərəfin san valideynçün diz çökməyi
sən.
Tanrı-əcəl körpüsündən keçməzdən
əvvəl
öz övladlıq borclarını ödəməlisən!
Fəxrəddin
Ziya
Ədəbiyyat
qəzeti.-2013.- 27 dekabr.- S.7.