Nizami Gəncəvinin adına

çıxılan bir əlyazma

haqqında

     

Misirin Xədiviyyə Kitabxanasının Əli əfəndi Helmi tərəfindən tərtib edilmiş kataloqunda Nizami Gəncəvinin türkcə əlyazma divanının mövcudluğu barədə məlumat verilmişdir. Həmin məlumat klassik irsimizlə, anadilli şerimizlə məşğul olan mütəxəssisləri, ədəbiyyat həvəskarlarını laqeyd buraxa bilməzdi. Çoxları bu əsəri əldə edərək çap etdirmək arzusunda olmuşdur. Nəhayət, Eloğlu təxəllüslü Sədyar Vəzifə bu arzunu həyata keçirmiş və həmin əlyazma “Divani-Nizami Gəncəvi — türkcə yeni tapılan əsərləri” adı ilə 2003-cü ildə İranın “Əndişeyi-no” nəşriyyatında çap edilmişdir. Kitabın nəşri həmin divanın Nizami Gəncəviyə aid olub-olmaması barədə fikir söyləməyə imkan verir.

Kitabla tanış olduqdan sonra Əli əfəndinin kataloqunda Qaramanlı Nizami Qunəvi divanının səhvən Nizami Gəncəvinin adına çıxıldığını qətiyyətlə söyləyə bilərik. Müxtəlif əlyazma kataloqları, təzkirə və monoqrafiyalarda, digər elmi mənbələrdə səhv və qeyri-elmi məlumatlara az rast gəlmirik. Məsələn, Berlin Dövlət Kitabxanasının əlyazmalar xəsinəsində saxlanılan “Gəncinə” adlı məcmuənin 1862-ci ildə elmi təsvirini verən E.Rodiger bildirir ki, özündən qabaq yazılan köhnə kataloqda, bu antologiya Firdovsinin “Şahnaməsi” adı ilə təqdim edilmişdir. Əslində isə 1666-cı (H.1077) ildə farstürk dillərində yazılıb tərtib edilmiş bu əlyazmaya Şah İsmayıl Xətai, Əlişir Nəvai, Məhəmməd Füzuli, Baqi, Məlik bəy Ovci kimi türk şairlərinin əsərləri daxil edildiyi kimi, fars dilində yazılmış bir çox əsərlərdən, o cümlədən “Şahnamə”dən də bir hissə daxil edilmişdir. Eləcə də Saib Təbrizinin türkcə şeirlərinin elmi və tənqidi mətnini tərtib etdiyim zaman, Gülçin-e Məani adlı müəllifin Saib Tabriziyə həsr etdiyi monoqrafiyasında Əhməd Münzəvi kataloquna əsaslanaraq şairin Qahirədə saxlanılan üç türkcə divanının mövcudluğuna işarə etdiyini oxumuşdum. Həmin nüsxələrdən birinin surətini xeyli zəhmətlər bahasına əldə etdikdən sonra məlum olmuşdu ki, bu əsərlər şairin farsca şeirlərinin osmanlıcaya tərcümə və şərhindən ibarətdir.

İranın Məclisi-Şurayi-İslami Kitabxanasının əlyazma nüsxələri föhristində türkcə yazılan “XosrovŞirin” əsəri Salimi Təbrizinin (XVI əsr) adına çıxılmışdır. Əsəri diqqətlə nəzərdən keçirdikdə onun XVIII əsrin 2-ci yarısı, XIX əsrin 1-ci yarısında yaşayıb-yaratmış Salim adlı, yaxud təxəllüslü osmanlı şairi tərəfindən yazıldığı üzə çıxır. Məlum olur ki, bu nüsxənin təsvirini verən Əbdülhüseyn Hairi nüsxənin nə əvvəlini, nə də sonunu oxumuşdur! Olduqca oxunaqlı və gözəl nəsx xətti ilə köçürülmüş bu nüsxədə III Sultan Səlimə aid mədh və kitabın yazılıb tamamlanma tarixi (1800) açıqcasına göstərilir. Yenə də həmin kataloqun 25-ci cildində Sani adlı cığatay şairinin divanı Sani Səfəviyə (II Şah Abbasa) və ya Sani Təkəlüyə aid edilir. Xalis cığatay türkcəsində yazılan bu divanda bir sıra Türküstan şəxsiyyətlərinə həsr edilmiş şeirlər də vardır. Kataloqun tərtibçisi Əli Sədrai Xoyi həmin əlyazmanın mündəricatına belə göz gəzdirməmiş, bəlkə də türkcə olan bu əsəri oxumağa qadir olmamışdır! Belə də ola bilər ki, nüsxə türkcə olduğundan ona lazımi əhəmiyyət verilməmişdir! Bu xüsusda faktların sayını dəfələrlə artırmaq olar.

Məlum faktdır ki, İran, Orta Asiya, Hindistan və Türkiyədə bir sıra eyni ad, ya təxəllüs daşıyan sənətkarlar olmuşdur. Türkcə əsərlər üzərində tədqiqat aparan şəxs mütləq cığatay, osmanlı və Azərbaycan türkcəsinə dair geniş məlumata malik olmalıdır. Yalnız ad və təxəllüsdən istifadə edərək şairin hansı yerə və xalqa mənsub olduğunu düzgün müəyyənləşdirmək mümkün deyil.

Vaxtilə “Ədəbiyyat qəzeti”ndə (25 dekabr 1996) “Fəzlullah Nəiminin şeirləri” başlığı ilə çap edilən məqalədə Nəiminin adına iki türkcə qəzəl verilmişdi. Məqalənin müəllifi Qulamrza Budaqi burada belə yazmışdı: “Nəiminin dərin fəlsəfi məzmuna malik farsca şeirləri ilə müqayisədə zəif görünsə də, bu heçbu şeirlərin fəzlə mənsubluğunu şübhə altına almağa əsas vermir”.

Həmin məqalədə Fəzlullah Nəimidən başqa bir neçə Nəimi və Nəima adlı şairin, o cümlədən Nəimi Hərəvinin (XV), Nəimai-Quminin və Nəimai-Şirazinin olduğu bildirilir. Burada mən, Qınalızadə Həsən Çələbinin “Təzkirətüş-şüəra”sındakı Nəimi adlı iki şairin də adını onlara əlavə etmək istərdim. Budaqinin məqaləsindəki həmin iki türkcə şerin sərlövhəsində gedən “qofteyi-Nəimi” ifadəsinə əsasən ehtimal etmək olar ki, bu şeirlər “Təzkirətüş-şüəra”da adı çəkilən iki şairdən birinə aiddir. Çünkiqoftesözü tarixən Osmanlı ədəbiyyatında musiqi əsərləri üçün yazılan şeirlərin başlığında işlədilmişdir. Azərbaycan ədəbiyyatında isə bu sözün həmin mənada işlədilməsinə rast gəlmirik.

Əli əfəndi Helmi Xədiviyyə Kitabxanası üçün kataloq tərtib etdiyi zamanDivani-Nizami” sərlövhəli əsərin Nizami Gəncəviyə məxsusluğunu göstərməklə yol verdiyi yanlışlıq yüz ildən artıq bir zaman keçdikdən sonra Eloğlu adlı müəllifin bu səhvi təkrar etməsinə gətirmişdir. Eloğlu tərtib etdiyiDivani-Nizami Gəncəvi” kitabının 58 (34-91) səhifəsini təşkil edən divan hissəsinin 11 səhifəsini (34-45) Nizami Gəncəvinin türkcə şeirlərinə (1-ci bölüm), yerdə qalan 45 səhifəsini (46-91) Qaramanlı Qunəvi Nizaminin farsca və türkcə şeirlərinə (2-ci bölüm) aid etmişdir. Başdan-ayağa oxuduqdan sonra belə bir nəticəyə gəlirik ki, kitab Osmanlı türkcəsində yazılmışdır, birinci bölümlə ikinci bölüm arasındakı müəyyən dil fərqlərini isə ancaq mövzu ayrılığı ilə izah etmək lazımdır. Birinci bölümə salınan nət və mədhdən fərqli olaraq, ikinci bölümə qəzəllər yerləşdirilib ki, onların da dili daha sadə olmalı idi.

Demək istəyirik ki, birinci bölümün istər dil, istərsə də bəzi digər faktlar əsasında təhlili əsərin Nizami Gəncəvi ilə heç bir əlaqəsi olmadığını bariz surətdə göstərir. Eloğlu “Nərgis” rədifli qəsidədə çəkilən Məhəmməd xan adı haqqında verdiyi izahda deyir:

“Belə nəzərə gəlir ki, Nərgis rədifli bu qəsidədə adı gələn Məhəmməd xan Məhəmməd Cahan Pəhləvan Eldəniz olsun. O, tarixdə Cahan Pəhləvan, Məhəmməd Xan adı ilə qeyd olunubdur”.

 

Kimdir ol Xosrov-i afaq Məhəmməd xan kim,

Gərdi-rahindən edər didə münəvvər nərgis.

(müqəddimə, s.11)

 

Bizcə, Eloğlu bu fikrində tam əmin olsaydı, “belə nəzərə gəlir kiifadəsini işlətməzdi. Kitabın başqa bir yerində (s.36) tərtibçi həmin beytdəki Məhəmməd xan adı barədə belə yazır: “Məhəmməd xan: Güman edilir ki, Məhəmməd Cahan Pəhləvan Eldəniz oğluna işarədir”. Türk alimi Zəki PakalınXansözünü izah edərkən yazır: “XanOsmanlı padşahları haqqında ünvan olaraq qullanılan bir təbirdir”. Şəmsəddin Sami göstərir ki, bu ad “Səlatini-osmaniyyə əsamisinə ilhaq olunur”.

Burada adı çəkilən Məhəmməd xan böyük Osmanlı imperatoru Sultan Məhəmməd Fatehdir. Digər bir beytdə bu, tam açıqlığı ilə üzə çıxır:

 

Rəzmi-Bəhramilə yunan təxtini fəth eyləyib,

Qəsri-Keyxosrovda Dara bigi (kimi) tutdu Cami-Cəm.

(s.40)

 

Tarixdən məlumdur ki, 1453-cü ildə Sultan Məhəmməd Qəstəntəniyyəni (Konstantinopolu) fəth etdikdən üç il sonra, 1456-cı ildə bütün Yunanıstan Osmanlı imperatorluğunun tərkibinə daxil olmuşdur. Beytdə göstərildiyi kimi, yunan təxtinin fəth edilməsi Məhəmməd Cahan Pəhləvana deyil, Sultan Məhəmmədə aiddir!

 

Bağ içində qədr vərdü reyahin var isə

Cümləsin kəndisinə eylədi növkər nərgis

(s.37)

beytindəkinökərsözü ilə bağlı olaraq hal-hazırda Londonda yaşayan görkəmli türkoloq alim Turxan Gəncei diqqətimizi olduqca maraqlı bir fakta yönəltdi: “Nökərmonqol mənşəli sözdür, monqol istilasından sonra fars türk dillərinə nüfuz etmişdir. Nizami Gəncəvinin dövründə bu söz işlədilə bilməzdi. Bu fakt əsərin Nizami Gəncəvidən sonrakı dövrdə yaranmasına ciddi sübutdur.

Beləliklə, əslində bu Qaramanlı Qunəvi Nizaminin vahid divanıdır. Səhv olaraq Nizami Gəncəvinin adına çıxılan hissə isə həmin divanın əvvəlinət, mədh hissəsidir.

Kitabın müqəddimə izahatlarındakı səhvləri sadalasaq, böyük bir siyahı alınar. Qısaca olaraq onu demək istədik ki, bu divanda mədh edilən tarixi şəxsiyyətlərlə Nizami GəncəviXəmsə”sindəki adların eyni olması mümkün deyil. Buradakı bəzi təşbehlərin Nizami Gəncəvi əsərlərində mövcudluğuna gəlincə, demək istərdik ki, orta əsrlərdə bir çox farsdilli türkdilli şairlərin yaradıcılığında obraz təşbeh eyniliyi ən adi bir hal olmuşdur.

Bu məqalənin yazılmasında istifadə edilmiş iki əlyazma nüsxəsinin (SaliminXosrov Şirin”i, Divani-Sani) İranın Məclisi-Şurayi-İslami Kitabxanasından mikrofilmlərini əldə edib ünvanıma göndərən möhtərəm Füruğ xanım Salehdirinə öz dərin minnətdarlığımı bildirirəm.

 

Məhəmmədəli Hüseyni

Berlin, 30.01.2004

 

Ədəbiyyat qəzeti.- 2013.- 27 dekabr.- S.3.