Xalq şairi Cabir Novruzun

80 illik yubileyi keçirildi

     

Dekabrın 23-də Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqi zalında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə xalq şairi Cabir Novruzun 80 illik yubileyinə həsr olunmuş “Məni taparsınız şeirlərimdə...” adlı xatirə tədbiri keçirilmişdir.

AzərTAc xəbər verir ki, mərasimdə filologiya elmləri doktoru, professor Vüqar Əhməd il ərzində ölkəmizin ayrı-ayrı rayonlarında görkəmli şairin xatirəsinə həsr olunmuş silsilə yubiley tədbirlərinin, xatirə gecələrinin, anma mərasimlərinin keçirildiyini bildirmişdir.

Cabir Novruzun həyat və yaradıcılığı, ədəbi və ictimai fəaliyyəti haqqında məlumat verən natiq şairin poeziyasının XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil etdiyini söyləmişdir. Vurğulanmışdır ki, ədəbiyyat aləminə gəldiyi ilk illərdən o, yüksək bəşəri və mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır. Onun şeirlərinə bəstələnmiş “Məhəbbət”, “Bakının qızları”, “Bulaq suyu, dağ havası”, “Cavanlığım”, “Mənim duyğularım”, “Ömür keçir”, “Böyüməyə tələsmə” “Məhəbbət ölməyəcək” və digər mahnılar bu gün də sevilərək dinlənilir. Cabir Novruzun yüksək mənəviyyata səsləyən yaradıcılığı bədii gözəlliyi və rəvanlığı ilə seçilir. Onun yaradıcılığı xalqımızda vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasına mühüm xidmətlər göstərmişdir.

Qeyd edilmişdir ki, Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olmuşdur. O, ömrünün bütün mərhələlərində ölkəmizdə gedən ictimai-siyasi proseslərin fəal iştirakçısı olmuş, xalqımızın həyatında baş verən taleyüklü hadisələrə düzgün qiymət verilməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir.

Görkəmli şairin ədəbi yaradıcılığı həm xalqımız, həm də dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, əməkdar incəsənət xadimi, xalq şairi fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülmüş, 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilmiş, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur.

Xatirə gecəsində yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundova və xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev çıxış edərək görkəmli şairin yüksək insani və mənəvi keyfiyyətlərindən söhbət açmış, onunla bağlı xatirələrini bölüşmüşlər. Bildirilmişdir ki, bu gün Cabir Novruz poeziyasının işığına çoxlu insanların toplaşması şairin yaradıcılığına olan böyük məhəbbətin təzahürüdür.

Qeyd edilmişdir ki, 1958-ci ildə “Bakı” axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967-1970-ci illərdə “Azərbaycan” ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. O, 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin katibi olmuşdur.

Çıxış edənlər şairin Azərbaycan Yazıçılar Birliyindəki yorulmaz fəaliyyətindən də ətraflı söhbət açmışlar.

Tədbirdə tanınmış incəsənət ustalarının ifasında şairin sözlərinə bəstələnmiş mahnılar ifa olunmuş, onun poeziyasından nümunələr səsləndirilmişdir.

 

 

Ədəbiyyat qəzeti.- 2013.- 27 dekabr.- S.5.