Yuxular
o yuxular deyil
Hekayələr
Qasım
kişi yerinə girib
yatan kimi özünü Qarabağda,
doğma kənd-kəsəyində,ev-eşiyində
görürdü. Həyət-baca işləri
ilə məşğul olurdu: yer belləyib lək düzəldirdi, ağac əkirdi, inəyə, dana-doluğa,
qoyun-quzuya baxırdı... Kəndin içindəki çayxanaya gedib
tay-tuşları ilə çay içir, ordan-burdan
danışırdı.Söhbətləri də əsasən
köhnə kişilərdən olurdu,onların igidliklərindən
,səxavətlərindən olurdu... Elə
ki, yuxudan
ayılırdı, görürdü ki,Qarabağ nə gəzir, ev-eşikləri nə
gəzir, tay-tuşları nə gəzir...
Başlayırdı deyinməyə:
-Bu
imansızlar bizdən nə istəyirlər axı? Torpaqdan da pay
olar? Bir
qarış da verən deyilik. Ağılları əvvəlki vaxtlara
getməsin. Onda zəif idik, güclü dövlətlər
də kölgəmizi
qılınclayırdı.İndi başqa aləmdir:gücümüz də
var, arxamızda duran da... Ömrümüzə bir gün də
qalsa, Qarabağa qayıdacağıq. Öldü var,
döndü yoxdur.
...Qasım kişi bir neçə gün idi ki, yuxuda
Qarabağı görmürdü,
kənd-kəsəklərini görmürdü, həyət-bacada
çalışmırdı, tay-tuşları ilə kəndlərinin çayxanasında
çay içib söhbət eləmirdi.
...Qasım kişi gördü
ki,metrodadır,vaqonda harasa gedir,
onu kitab kimi sıxırlar, az
qalır nəfəsi kəsilsin. Bir də
gördü ki,
yox,avtobusdadır,qadınlardan kimsə onu
dürtmə ilə vurub deyir:
- Saqqalından heç utanmırsan? Bir az aralı dursana! Görmürsən qabağında
qadın dayanıb?
Qasım kişi yazıq bir
görkəm aldı,sıxıla-sıxıla dedi:
- Ay bacı, bəs
mən necə dayanım? Görmürsən sağımda, solumda,
arxamda qadın durub? Neyləyim, necə durum ki,
Allaha xoş getsin?
Qadın səsini
daha da ucaltdı:
- Bir buna bax, hələ utanmayıb mənə bacım da deyir...
Ağsaqqalı belə olan
millətin gör cavanı necə olar?
Aralıda dayanan cavan bir
oğlan qadının üstünə
çımxırdı:
-
Danışığınıza fikir verin, xala. Bura
səni zorla mindirməyiblər ki,özün minmisən də. Görürdün yer yoxdur ,minməyəydin. Daha
buna ağsaqqal neyləsin,
cavan neyləsin, millət neyləsin?
- Deyirsən bu qoca minsin mənim
belimə?
- Bundan sonrası
öz işindir...
- Öz işim?
- Qadın Qasım kişidən əl çəkib oğlanın
üstünə düşdü:
- Oğraş, qurumsaq...
Sürücü qəfildən
əyəci basdı,
avtobus silkələnib
dayandı,qapıları
açdı. - Düşün,
düşün, - deyə
qışqırdı. Gedin başqa
yerdə savaşın,
mənim polisdə, məhkəmədə şahidlik
eləməyə halım
yoxdur.
Adamlar
bir anda hərəkətə gəldilər,
itələşə-itələşə
avtobusdan çıxdılar. Qasım kişi bu gücə,bu
qüvvəyə tab gətirə
bilmədi, şappıltı
ilə avtobusun qapısından yerə yıxıldı,adamların ayaqları
altında qaldı. Boğulmağa,xırıldamağa
başladı...
Arvadı Sənəm
onu yuxudan oyatmağa çalışdı:
-Dur, dur, ay kişi, dur,
bu qədər yatmaq olar? Bu
şəhərə gəldik,
gəlmədik, dəyişildin,
yaman yatağan olmusan. Son vaxtlarda isə başı kəsilmiş qoyun kimi xırıldayıb adamı qorxudursan...
Qasım kişi gözlərini
açdı,yavaş-yavaş özünə gəldi,
qınayıcı nəzərlə arvadına baxdı.
İstədi desin ki, ay arvad,mən həmin adamam,
iyirmi il, otuz il bundan
əvvəlki kimiyəm,dəyişilməmişəm. Yuxular dəyişilib,yuxular... Daha
əvvəlki yuxuları görmürəm. O yuxularda
Qarabağı görürdüm, kənd-kəsəyi
görürdüm. Tay-tuşlarımla gedib kənddəki çayxanada
çay içib
söhbət eləyirdik. Dərdləşirdik, köhnə
kişiləri yada salıb onlara rəhmət oxuyurduq.
Qasım kişi təzəlikcə gördüyü
yuxularını arvadına danışmağa utandı,
özünə sığışdırmadı...
Paltarlarını geyinib çörək
yemədən evdən çıxdı. - Bir
gedim,görüm,qaçqınlar komitəsində təzə
nə xəbər var? Qarabağa
qayıtmağımız barədə nə deyirlər?
Ürəyimə damıb ki, təzə
nəsə deyəcəklər... Axı elə şeylər var ki, mətbuata
çıxarılmır,gizli saxlanılır...
Bayram İsgəndərli
Ədəbiyyat
qəzeti.- 2013.- 27 dekabr.- S.7.