Firidun bəy Köçərli irsi

ədəbi tənqiddə

 

I

 

Azərbaycan ədəbiyyatşünaslığı tarixində F. Köçərlinin ədəbi-tənqidi irsi xüsusi bir mərhələ təşkil edir. O, Azərbaycan, eləcə də rus və Qərbi Avropa ədəbiyyatının bir sıra qabaqcıl simalarının yaradıcılığını tədqiq etmiş, tənqid və ədəbiyyatşünaslığın bəzi nəzəri məsələlərini elmi cəhətdən əsaslandırmış, demokratik və inqilabi ədəbiyyatın sonrakı inkişafına müsbət təsir göstərmişdir. Xüsusilə, XX əsr Azərbaycan ədəbiyyatının nəzəri, elmi, estetik problemlərini F. Köçərlinin orijinal fikir və mülahizələrindən kənarda təsəvvür etmək çətindir. Buna görə də Azərbaycan sovet ədəbiyyatşünaslığında Köçərli yaradıcılığının mühüm tədqiqat obyektinə çevrilməsi zəruri bir hal kimi meydana çıxır.

XIX əsrin sonlarından ta bu günə kimi F. Köçərli haqqında bir çox elmi-tədqiqat əsərləri yazılmışdır.

Azərbaycanda ilk marksist tənqidçilərdən Mustafa Quliyev hələ 30-cu illərdə yazdığı "Azərbaycan ədəbiyyatının inqilabdan əvvəlki yeganə tənqidçisi" adlı əsərində F. Köçərlinin zəngin ədəbi irsini yüksək qiymətləndirmiş, "tədqiq və təhlil olunması zəruri olan sənətkar" olduğunu qeyd etmiş, ədəbiyyatımıza aid olan nümunələrin vicdanla və böyük səylə toplanmasında onun böyük xidmətlərini göstərmişdir. Bu faktın özü dövrün çox görkəmli tənqidçilərini F.Köçərli ədəbi irsini tədqiq etməyə həvəsləndirmiş, onlara düzgün istiqamət vermişdir. F.Köçərli ədəbi irsi ədəbiyyatın nəinki məzmun və forma məsələlərinə aydın və düzgün münasibətilə xarakterizə olunur, həmçinin realizm, xəlqilik, ənənə və novatorluq, müasirliyə güclü meyl, maarif, məktəb, mətbuat məsələlərinin yeni mövqedən şərhi kimi də nəzəri cəlb edir. Yarım əsrdən artıqdır ki, Azərbaycanın bir sıra qabaqcıl elm və mədəniyyət xadimləri, görkəmli sənətkarları F. Köçərli yaradıcılığındakı dərin məfkurəviliyi nəzərə alır, alimin ədəbi-tənqidi irsini müxtəlif yaradıcılıq aspektində tədqiq və şərh edirlər.

F. Köçərli yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında (XX əsr ədəbiyyatında), xüsusilə tənqid və ədəbiyyatşünaslıqda yeni bir dövr başlanmışdır. Bu cəhətə xüsusi diqqət yetirən ədəbiyyatşünas K.Talıbzadə yazır: "XIX əsrin 80-ci illərindən F. Köçərlinin (1863-1920) fəaliyyətə başlaması ilə Azərbaycan ədəbi tənqidi tarixində, xüsusən, realizmin estetik əsaslarının işlənməsi sahəsində yeni bir səhifə açılır. M.F. Axundzadənin məhdud bir çərçivədə aparmağa məcbur olduğu işi o, geniş bir miqyasda davam etdirməyə başlayır, realist ədəbiyyatın fəal tədqiqatçılarından biri olur. Köçərlinin "Kaspi", "Tiflisski listok", "Şərqi-Rus" qəzetlərində çap olunan məqalələri realizmi yeni dövrün əsas yaradıcılıq metodu elan edirdi. O, "hissiyyati-həqiqi ilə bəhəmə gələn" əsərləri, "ata və babalarımızın dolanacağını, ədəb və əxlaqını, arzu və təmənnalarını, fikir və xəyallarını" təsvir edən realist şairləri müasirlərinə nümunə göstərir, formalizmin ədəbiyyata vurduğu ziyanları oxucularına başa salırdı. Tənqidçi xəyala, fikrə heç bir qida verməyən, sxolastik məzmuna, çeynənmiş təsvir vasitələrinə malik epiqonçu şeri tənqid edir, onu müasir ədəbiyyatın inkişafına əngəl olan səbəblərdən biri sayırdı".

F. Köçərlinin ədəbi irsi ilə əlaqədar yazılmış tənqid və tədqiqat xarakterli əsərləri şərti olaraq belə qruplaşdırmaq olar: 1. 1920-ci ilə qədər yazılmış əsərlər; 2. Azərbaycan ədəbiyyatında sosializm realizminin qələbəsinə qədər yazılmış əsərlər; 3. Müasir tədqiqat əsərləri.

F.Köçərlini elm, ədəbiyyat aləmində geniş şəkildə tanıdan, yaradıcılığı, xidmətləri haqqında həm mübahisəli, həm də orijinal fikirlərin yaranmasına səbəb olan ilk əsəri 1903-cü ildə Tiflisdə nəşr olunan "Azərbaycan tatarlarının ədəbiyyatı" kitabı idi. Bu əsər Azərbaycan ədəbiyyatı tarixinin, klassik ədəbi irsin, xalq ədəbiyyatının sistemli tədqiqinin əsasını qoyduğu kimi, müasir ədəbiyyat məsələlərini düzgün qiymətləndirmək işində də yazıçı və tənqidçilərə istiqamət verdi. Bəzi nöqsanlarına baxmayaraq, belə bir əsərin meydana çıxması dövrün qabaqcıl ziyalılarını, xüsusilə mütərəqqi mətbuat işçilərini sevindirdi. Kitab çapdan çıxdıqdan bir neçə gün sonra "Tiflisski listok" qəzeti F. Köçərliyə birtərəfli yanaşan müəlliflərdən fərqli olaraq, "Azərbaycan tatarlarının ədəbiyyatı" əsərini mütərəqqi bir hadisə kimi qiymətləndirirdi. "Azərbaycan tatarlarının ədəbiyyatı" kitabı XX əsrin təqdirəlayiq ədəbi hadisəsi kimi əksər demokratik və maarifçi ziyalıları, xüsusilə də müəllifin özünü hədsiz sevindirmişdi. "Azərbaycan tatarlarının ədəbiyyatı" əsərinin maraqla qarşılandığını görən F.Köçərli kitabı yenidən nəşrə hazırlamaq məqsədilə əlində olan materialları saf-çürük etməyə, müasirlərini düşündürən məsələləri daha ətraflı öyrənməyə başlayır. Bu məqsədlə axtarışlar aparan müəllif bir çox əlavə məlumat və ədəbiyyat əldə etmiş, nəticədə "Azərbaycan ədəbiyyatı tarixi" kimi iki cild, üç hissədən ibarət sanballı əsər yaratmışdır.

"Azərbaycan tatarlarının ədəbiyyatı" təkcə oxucu və ədəbiyyat maraqlılarının deyil, həm də mərkəzi mətbuatın, nəşriyyatların diqqətini cəlb etmişdi. 1925-ci ildə "Materiallar"ı çap edən "Azərnəşr" kitabda "Firidun bəy Köçərlinin müxtəsər tərcümeyi-halı"nı da vermişdir. Bu yazıda göstərilirdi ki, Köçərlinin 1903-cü ildə rus dilində çap etdirdiyi "Azərbaycan tatarlarının ədəbiyyatı" daha çox kəşfiyyat xarakterli bir əsər idi. Müəllif "…hələ material toplamaqda ikən ziyalıların nəzər-diqqətini cəlb etmək məqsədilə 1903-cü ildə rusca olaraq yazdığı "Azərbaycan ədəbiyyatı" adlı kitabçanı nəşr etdi. Bu sürətlə öz məqsədinə çatmağa daha geniş bir addım atmış oldu".

1903-cü ildə Odessada təhsil alan N. Nərimanov da "Azərbaycan tatarlarının ədəbiyyatı" əsərini oxuduqdan sonra müəllifə əsaslı bir məktub göndərir. Bu məktubda o, təkcə öz sevincini deyil, həm də xaricdə təhsil alan bütün azərbaycanlı tələbələrin arzu və istəklərini əks etdirdi: "Sizin bu kitabçanız bütün türk (Azərbaycan - İ.B.) tələbələrinin xoşuna gəldi. Tələbələr bilirlər ki, sizin daha çox materiallarınız var. Bunları siz türkcə çap etdirmək xəyalındasınız. Ona görə çox şad oldular və bunun türkcəsini çapda görmək arzusundadılar".

Bu arzular və tələblər F. Köçərlini daha ciddi düşündürür, onu kitabın azərbaycanca çapına nail olmağa ruhlandırır. Təsadüfi deyildir ki, o dövrün qəzet və jurnalları F. Köçərlinin bu xeyirxah işini təqdirəlayiq hesab edir, öz səhifələrində müəllifin böyük zəhmət bahasına topladığı materiaları çap etdirə bilmədiyinə təəssüflənirdilər.

"Zakavkazskoye obozreniye" qəzeti yazırdı: "Məşhur və tanınmış ədəbiyyatşünas Firidun bəy Köçərli geniş həcmdə Azərbaycan türklərinin həyatından bəhs edən "Azərbaycan ədəbiyyatı tarixi" əsərini yazıb bitirmişdir. Bu ilk və birinci kitabdır ki, türk şivəsində və Azərbaycan dilində yazılmışdır. Müəllif uzun illər tədqiqat aparmış və bunun nəticəsində heç kəsə məlum olmayan bir sıra maraqlı materiallar əldə etmişdir. Çox təəssüflə qeyd etməliyik ki, bu qiymətli sənət incisinin mətbuat üzü görməsi bir qədər, bəlkə də daha çox yubanacaqdır. Bu da Firidun bəy Köçərlinin əsəri çap etdirmək imkanına malik olmaması ilə əlaqədardır". Daha sonra "Kaspi", "Baku", "İqbal" qəzetləri səhifələrində də Firidun bəy Köçərlinin böyük zəhmət hesabına əldə etdiyi bu qiymətli materialların çap olunmaması təəssüf hissi ilə qeyd olunmuşdur.

Bu hadisədən təxminən dörd il sonra "İqbal" qəzeti də belə bir məlumat verirdi: "Oxucularımız möhtərəm müəllimimiz F.Köçərli cənablarının çoxdan bəri Qafqaziya şairləri ilə mühərrirlərinin tərcümeyi-halını came bir əsər vücudə gətirməkdə olduqlarını bilirlər. Çoxdan bəri çapdan çıxması intizar olunan bu əsərin "Nicat" maarif cəmiyyəti tərəfindən satın alınıb da yaxında təbə veriləcəyi eşidilmişdir. Firidun bəy cənabları kəndiləri dəxi neçə gündən bəri şəhərimizdə bulunuyorlar".

Digər qəzetlər də F. Köçərlinin kitabı haqqında təxminən həmin fikirdə olmuşdur. Bu da, hər şeydən əvvəl, əsərin böyük elmi əhəmiyyəti ilə əlaqədar idi. XIX əsrin 90-cı illərindən başlayaraq öz xalqının tarixi keçmişi və müasir ədəbi hadisələri ilə maraqlanan F. Köçərli qədim, orta əsrlər (XIX və XX əsr) ədəbiyyatımızı diqqətlə izləmiş, mədəniyyət, mətbuat və maarifimizin düzgün istiqamət almasına kömək etmək məqsədilə bir sıra dəyərli məsləhətlər vermiş və məqalələr yazmışdır. Ona görə də F. Köçərli hələ sağlığında ədəbi tənqidin diqqətini cəlb etmişdi.

F. Köçərlinin ilk və geniş tərcümeyi-halını yazan F. Ağazadə onun həyatını, elmi fəaliyyətini, dünyagörüşünü işıqlandıran dəyərli məlumatlar verir: "Demək olar ki, Firidun bəyin təsiri ilə tərbiyələndirmiş bir çox kimsələr meydana çıxdı… Bunlardan elələri vardır ki, Firidun bəyin dəlaləti ilə mahir yazıçılar olmuş və bəziləri də onun göstərdiyi cığırı tutub özlərinə məslək qərar vermişlər… Bəli, Firidun bəy yazıçı idi, dəyərli bir qələm sahibi idi. Onun qələminə yalnız türklər deyil, ruslar, gürcülər belə böyük hörmətlər göstərirdilər. Çünki rusca da onun çox dəyərli məqalələri çap edilirdi. Odur ki, Qafqaz mühərrirləri arasında məşhur olduğu kimi, Moskva, Peterburq şəhərlərində də məşhur idi. Məktubları arasında bir çox dəvətnamələri var. Yəni bir qəzet meydana ilk qədəmini atdığı halda Firidun bəydən məqalə istərdi və o da bu dəvəti diqqətsiz buraxmazdı. Hərgah bu gün Firidun bəyin türkcə və rusca çap edilmiş məqalələrini siyahıya alsaq, həmin siyahı 15-20 səhifəlik yer tutur".

F. Köçərli haqqında Fərhad Ağazadənin verdiyi bu məlumat təsadüfi deyildi. Ona görə ki, F. Köçərli həqiqətən ictimai fəaliyyətə başladığı ilk gündən (Yerevan gimnaziyası, 1885) ta ömrünün sonuna qədər mənsəb və şöhrət dalınca qaçmadan şüurlu, ömrünü xalqının maariflənməsinə, dilimizin saflığına, ədəbiyyatımızın düzgün istiqamət almasına, dünya xalqlarının mütərəqqi ənənələrinin öyrənilməsinə sərf etmişdir. O, hər şeydən əvvəl, xalq üçün, vətən övladının gələcək nəsli üçün yazıb-yaratmışdır.

Əsrimizin ilk illərindən maarif, mədəniyyət, ədəbiyyat və ədəbiyyatşünaslıq sahəsindəki geniş fəaliyyətinə görə tanınan, xalq arasında böyük hörmət qazanan F. Köçərli hakim dairələrin də diqqət mərkəzində olmuş və onunla hesablaşmışlar.

Məlum olduğu kimi, "Molla Nəsrəddin" jurnalı fəaliyyətə başladığı ilk dövrlərdən hakim sinfin yeritdiyi siyasəti, din və dini məzhəblər, o cümlədən bəhailik və onun təbliğ etdiyi dini mistikanı ardıcıl tənqid və ifşa etmişdir.

1923-cü ildə jurnalın 21-ci nömrəsində "Dastançı" (Məhəmmədəli Əbdülmənafzadə) imzası ilə çap olunmuş "Gimnazist" şerinə görə isə Cəlil Məmmədquluzadə və Əliqulu Qəmküsar (bu illər hər ikisi redaktor idi) məhkəməyə verilmişdi. Mömin müqəddəsləri tənqid və ifşa edən bu şeirdə deyilirdi:

 

Ey gözümün nuri, malay gimnazist,

Rəngi günəş, çöhrəsi ay gimnazist.

 

Bu hadisədən sonra Cəlil Məmmədquluzadə və Əliqulu Qəmküsar jurnalın ideya istiqamətini müdafiə etmək və hakim sinfin diqqətini yayındırmaq məqsədilə vəkil-müdafiəçi sifəti ilə Tiflis şiə-ruhani məclisinin üzvü Poladzadənin, Qori seminariyasının müəllimi, məşhur ədəbiyyatşünas Firidun bəy Köçərlinin, rus dilini yaxşı bilən Eynəli bəy Sultanovun ekspert sifəti ilə məhkəməyə dəvət olunmasını xahiş edirlər. Böyük nüfuza malik olan bu şəxslərdən Firidun bəy Köçərlinin və Eynəlibəy Sultanovun məhkəmədə bir vəkil kimi çıxışları Cəlil Məmmədquluzadə və Ə. Qəmküsarın işini xeyli yüngülləşdirir.

F. Köçərli və E. Sultanov kimi nüfuzlu şəxslərin məhkəmədə əsaslı dəlillərlə çıxışından sonra çar məhkəmə üzvləri onlarla hesablaşmağa məcbur olmuş və hər iki mühərrirə - Cəlil Məmmədquluzadə və Əliqulu Qəmküsara istər-istəməz bəraət vermişdilər.

Məlumdur ki, 1907-ci ildə F. Köçərli şeyxülislamlıq mənsəbinə çağırılır. Lakin müasirlərindən aldığı məktublara görə bu vəzifədən imtina etmiş və ömrünün axırına qədər müəllim olaraq qalmış, ədəbiyyatımızın tədqiqi ilə məşğul olmuşdur. Bunun nəticəsində "Böylə bir riyasətpərvər müəllimin çalışmasından bizə iki əsaslı fayidə qaldı: onların biri Qazax darülmüəllimini, ikincisi, işbu "Azərbaycan ədəbiyyatı materiallı"nı göstərmək olar."

F. Köçərlini mənsəb və şöhrət heç vaxt maraqlandırmamışdır. Onu düşündürən xalqın sənət incilərini toplamaq, sahmana salmaq, ana dilinin saflığı və təmizliyi uğrunda mübarizə olmuşdur. O, Abdulla Şaiqə yazırdı: "Ana dilini yaxşı bilməkdən ötrü lazımdır Qasım bəy Zakir, Molla Pənah Vaqif, İskəndər ağa Şair kimi milli şairlərimizin əsərləri oxunsun. Çifaidə bunlar da çap olunmayıbdır və bu əsərlərin çoxu itib-batıb, tərk olubdur. Ələ düşəni mən toplayıb bir qayda üzrə tərtib qılmışam. Onları da çap etdirməyə təvanım yoxdur".

Köçərli, demək olar ki, dövrünün bütün mütərəqqi maarif və ədəbiyyat xadimləri ilə əlaqə saxlamış və onlarla məktublaşmışdır. Bu məktubların əksəriyyəti, məlum olduğu kimi, çap olunmayaraq itib-batmış "Azərbaycan ədəbiyyatı tarixi materialları"na aid olmuşdur. Müəllifin Azərbaycan SSR Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmaları şöbəsində saxlanılan "Azərbaycan klassik yazıçı və şairlərinin ayrı-ayrı əsərlərinin siyahısında (iki dəftər) "Azərbaycan ədəbiyyatı tarixi"nə daxil olan və olmayan bir sıra şəxsiyyətlərin adları dövrünə və mühitinə görə qruplaşdırılmışdır. İkinci dəftərin sonuna isə ikicildlik "Azərbaycan ədəbiyyatı tarixi"nə daxil olmuş müəlliflərin siyahısı əlavə edilmişdir. Hər iki dəftərdən aydın olur ki, F. Köçərli 410-dan çox görkəmli yazıçı və şairlərlə məktublaşmışdır. Bunlardan başqa həmin dəftərlərdə müəllifin özü tərəfindən yazılmış 24-dən çox məqalənin siyahısı da vardır.

Bu məktublar "Ədəbiyyat tarixi"nin meydana gəlməsində mühüm rol oynadığı kimi, onlarca müasir sənətkarı da epiqonçu şerin təsirindən uzaqlaşdırmış, realizm yoluna salmış, onlara düzgün istiqamət vermiş və yazıb-yaratmağa ruhlandırmışdır.

Ədəbiyyatşünasın müasiri Abbasağa Qayıbov Nazir F.Köçərli ilə gec tanış olmasına təəssüflənərək, 1909-cu ildə ona göndərdiyi məktubda yazırdı: "Hərgah qırx il bundan əqdəm mənim şerimə sizin kimi qədir-qiymət verən olsaydı, indiyə kimi 30-40 cild kitab yazardım".

Azərbaycan şair və ədiblərinin F. Köçərliyə göndərdiyi məktublar arasında Abbas Səhhətin mənzuməsi xüsusilə diqqəti cəlb edir. Şair bu məktubu ilə nəinki özünün, həmçinin inqilabçı-satirik şairimiz M.Ə. Sabirin də dünyagörüşünün düzgün istiqamət almasında F. Köçərlinin yazdığı nəzəri məktubların böyük əhəmiyyət kəsb etdiyini etiraf edirdi. Şair 1912-ci ildə "Yazmam", "Firidun bəy Köçərli cənablarına" başlığı altında yazırdı:

 

"Yazmısan təzə nə şeylər?" deyə sordun

məndən,

Ruhumun tarına mizrabzən oldun, qardaş!

Sabir ilə belə məktubu çox aldıq səndən,

Hər nə yazdıqsa ona bani sən oldun, qardaş!

Bir zaman Nasehü Tərrah ilə Sabir, bəndə,

Yaşayırdıq hamımız qəflət ilə fərxəndə.

Birimiz mərsiyəguluqda böyük şair idi,

Birimiz sağərə mail, birimiz cananə.

Birimiz həcvdə Yəğma kimi çox mahir idi,

Laybali keçinirdi günümüz rindanə.

O pərişan yuxudan sən bizi bidar etdin,

Doğru, düz yolda çalışmaqlığa vadar etdin.

 

Şair birinci məktubu ilə pərişan yuxudan bidar olduqlarını və F.Köçərlinin təkid və tələbi ilə yazıb-yaratdıqlarını qeyd edirdisə, 1914-cü ildə qələmə aldığı ikinci mənzuməsində isə ("Bəradərim Firidun bəy Köçərli cənablarına") zəmanədən, haqsızlıqdan, zülmdən şikayətlənir, ədalət səsinin yumruqla möhürləndiyindən ürək ağrısı ilə söhbət açırdı:

 

…Nə yazım mən bu qəmli zülmətdə?

Nurdan heç əsər, nişan yoxdur.

Vətənim adlanan bu qürbətdə

Nə də əfqanımı duyan yoxdur.

 

F. Köçərli müasirlərinə yazdığı məktublarda dövrün bir sıra mühüm məsələlərinə toxunmuşdur. Müəllif ədəbiyyatımızın inkişafına, mətbuatımızın, məktəb və maarif şəbəkələrinin düzgün istiqamət almasına çalışmışdır. Onun 1908-ci ildə Qoridən Abdulla Şaiqə yazdığı məktub daha maraqlıdır. Qiraət dərsləri üçün "Üçüncü il" və "Dördüncü il" dərsliyinin yenidən nəşrə hazırlandığını eşidən müəllif Abdulla Şaiqi alqışlayır, ona bir sıra vacib və xeyirli məsləhətlər də verirdi. Düzdür, təlim kitabları az olduğu bir dövrdə ortaya çıxan hər bir yeni dərslik böyük əhəmiyyət kəsb edirdi. Buna baxmayaraq, F.Köçərli belə bir işə daha diqqətlə, qayğı ilə yanaşmağı məsləhət görürdü. İstər ideya, məzmun və istərsə də sənətkarlıq baxımından daha kamil nümunələri seçməyi zəruri hesab edirdi. Hətta şair və nasirlərimizin təlim üçün layiqli əsərlərinin az olduğunu nəzərə alıb dərslikdə rus şair və yazıçılarının tərcümə əsərlərindən istifadə etməyi də məsləhət görürdü. F. Köçərli bu sahədə - tərcümə sahəsində fəaliyyət göstərən müəlliflərin adlarını da çəkir, Abbasağa Qayıbov Nazirə daha çox üstünlük verirdi. Onun nəinki rus klassiklərindən etdiyi tərcümələri təqdirəlayiq sayır, hətta Şərq klassiklərindən etdiyi tərcümələrinin dərsliyə salınmasını məsləhət bilirdi.

Göründüyü kimi, F. Köçərli bu məktublar vasitəsilə dövrünün zəruri məsələlərinə toxunur, ədəbiyyatımızın, mədəniyyətimizin taleyindən xəbər tutur və xəbər verirdi. F.Köçərli bu dərsliklərin yaranmasını alqışlayır, dirçəlməkdə olan gənc nəslin inkişafında, ana dilinin yaxşı öyrənilməsində onların böyük rol oynayacağına inanırdı. Sadə, anlaşıqlı, hamının başa düşəcəyi bir üslubda yazıb-yaratmağı əsas şərt hesab edən F. Köçərli dönə-dönə göstərirdi ki, sadə, anlaşıqlı dil təlimi asanlaşdırdığı kimi, bu və ya başqa bir mətnin uşaqlar tərəfindən yaxşı mənimsənilməsinə də müsbət təsir göstərir.

F. Köçərli 1911-ci ildə Abdulla Şaiqin yenicə çapdan çıxmış kitabları ilə tanış olduqdan sonra onların tərtibçisini ürəkdən alqışlayrıdı.

Bununla yanaşı, Köçərli bu dərsliklərin bir sıra nöqsanlarını da göstərirdi. Dərsliklərdə F.Köçərlini, hər şeydən əvvəl, maraqlandıran sadə, anlaşıqlı dil məsələsi və uşaqlar üçün məişətimizdən götürülüb yazılmış hekayə, şeir və nağıllar idi. Belə nümunələrin qüsurlu olmasına F. Köçərli dözə bilmir və narahat olurdu. Dərslikdəki bəzi nöqsanları görən ədib gələcəkdə onları islah etməyi məsləhət görür və müasirlərinə rus şairlərindən Puşkinin ədəbi irsini nümunə gətirirdi. Onun açıq, sadə, mənzum hekayələr, nağıllar yazdığı üçün özünə əbədi ad və şöhrət qazandığını iftixarla qeyd edir. Müəllif göstərir ki, bu şöhrət, bu ad, hər şeydən əvvəl, Puşkinin öz xalqının adət-ənənələrini və ana dilini yaxşı bilməsindən irəli gəlmişdir. F. Köçərli təəssüflə qeyd edirdi ki, Puşkin səpkisində uşaqlara nağıl yazan şairlərimiz olmayıbdır. Odur ki, Qasım bəy Zakirin bu sahədəki fəaliyyətindən həm sevinir, həm də uşaqlar üçün yazılmış əsərlərinin dilinin qəlizliyinə təəssüflənirdi. A. Şaiq tərəfindən dərslikdə verilmiş nümunələr üzərində dayanan F. Köçərli yazırdı: "Qasım bəy Zakir bir neçə gözəl və baməzə qissələr nəzm ilə yazıbdır. Bu nağıllar pis deyil, məzmunu dəxi öz dolanacağımızdan götürülübdür. Eybi ancaq ondadır ki, bəzi məqamlarda mərhum Zakir çox qəliz ibarələr işlədibdir ki, onları türk sözləri ilə dəyişdirmək olardı. Məsələn, Zakir "Tülkü və qurd" hekayəsini bu sayaq başlayır:

 

Bir rubahi-kühənsala gedirdi,

Qismət üçün seyri-aləm edirdi.

 

Bu beytin əvvəlinci misrasındakı "rubahi-kühənsala" sözlərini dəyişdirib belə də yazmaq olar:

 

Bir dəfə bir qoca tülkü gedirdi.

 

…Gələcəkdə yazdığınız nağıl və hekayələri daha da sadələndirib osmanlı ibarələrinin əvəzində bizim öz sözlərimizi və tərzi-kəlamı işlətsəniz daha da yaxşı olar. "Yukarı" əvəzinə "yuxarı", "bakar" əvəzinə "baxar", "aqıtma" yerinə "axıtma", "bən" yerinə "mən" yazsanız, daha da ovladır.

Ümidvaram ki, mənim cüzi iradlarımdan rəncidə olmayasınız. Çün gələcəkdə sizdən təmənna və arzularımız var. Ona binaət bu başdan bir para məsləhətamiz sözlər deməyi özümə borc bildim".

Göründüyü kimi, F. Köçərli nəinki təkcə yazıçı və şairlərin dilindəki qəlizlikdən şikayətlənir, həmçinin bu dövrdə fəaliyyət göstərən məslək və əqidə cəhətdən bir-birindən fərqli olan mətbuat orqanlarının dili üzərində dayanır. Qəzet səhifələrində dərc olunan məqalələrin, hətta teleqram tərcümələrinin, elanların dilinin bərbad hala salındığına, ümumxalq tərəfindən başa düşülmədiyinə, həyatilikdən və sadə danışıq dilindən uzaq olmasına acıyırdı:

"Biz dilimizi yaxşı bilmirik, bunun təqsiri dilimizdə deyil, özümüzdədir. Farsa, ərəbə və osmanlı şivəsinə o qədər meyl göstəririk ki, öz dilimizdə olan gözəl sözləri də unuduruq. Onun əvəzində əcnəbi dillərindən qəliz sözləri götürüb öz dilimizin şivəsinə də uydurmayıb eynilə dilimizə qarışdırıb sözlərimizi və fikrimizi eybəcər şəklə salırıq. Bunun günahı bizdədir, bizim "oxumuşlardadır", dilimizdə deyil. Bu "oxumuşlar" naqabil "pinəçilər" kimi əllərinə nə düşübdürsə "paltarımıza yamamışıq və gözəl libasımızı klon libasına bənzətmişik".

F. Köçərli elmə və mədəniyyətə olan bu marağı azaltmaq deyil, artırmaq məqsədi ilə daha diqqətli olmağı, hər şeyi yerində işlətməyi, sözləri, kəlamları bir inci kimi düzməyi, fikri aydın ifadə etməyi bacarmağın zəruri olduğunu göstərirdi. Xeyirxah tənqid və məsləhətdən sonra get-gedə bu aydınlığı - sadəliyi Abdulla Şaiq yaradıcılığında hiss edən F. Köçərli müəllifin ona məsləhət və qeydlər üçün göndərdiyi "Bahar xanım" adlı bir pərdəlik mənzum pyesini bəyənir, qızlar və uşaqlar üçün ən xoşagələn bir əsər olduğunu sevinclə qeyd edirdi. Hətta F. Köçərli bu əsəri Üzeyir Hacıbəyli ilə danışıb operetta şəklinə salmağı da məsləhət görürdü.

 

İnayət BƏKTAŞİ

 

Ədəbiyyat qəzeti.- 2013.- 27 dekabr.- S. 6.