Qarabağ yuxusu  

     

  Bu günlərdə A.Bakıxanov qəsəbəsində yerləşən “Aygün Sity”-də filologiya elmləri doktoru, professor Vüqar Əhmədin “Qarabağ yuxusu” və yaxudYuxuda qələbə” (aftobioqrafik roman) əsərinin geniş ədəbi ictimaiyyət üçün təqdimat mərasimi keçirilmişdir.

Mərasimi giriş sözü ilə açan tanınmış televiziya aparıcısı İlkin Həsənli kitab barəsində məlumat verdi. Təqdimatda akademik Vasim Məmmədəliyev çıxış edərək Vüqar Əhmədi çoxdan tanıdığını bildirdi, onun elmi yaradıcılığına, seir aləminə, musiqi dünyasına ehtiramını xüsusi vurğuladı. Alim Vüqarın yazıçı qismində qələmə aldığı ilk romanını oxuyanda həyəcanlandığını bildirdi. Bütövlükdə romanı fundamental əsər kimi dəyərləndirdi. Əsərin adına yüksək qiymət verən görkəmli şərqşünasımız müəllifin “Qarabağ yuxusunun tezliklə çin olacağını arzuladı.

Kitabın ön sözünün müəllifi yazıçı- jurnalist Müşfiq Cabiroğlu dəyərli əsər münasibəti ilə müəllifi təbrik etdi. Əsərin bədii məziyyətləri haqqında ətraflı danışan filologiya elmləri doktoru, professor Elman Quliyev Vüqarın Azərbaycana məhəbbətindən söz açdı. Filologiya elmləri doktoru, cənubşünas alim Sabir Nəbioğlu müəllifin böyük gördüyünü ön plana çəkdi.

Şair Yusif Nəğməkar əsəri oxuyub qürur duyduğunu təqdimat iştirakçılarına çatdırdı. Filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu romandan aldığı mənəvi zənginlikdən ətraflı söhbət açdı. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin dosenti Vamiq Məmmədəliyev bütün ziyalılarımızın bu kitabı oxumasını tövsiyə etdi. Azərbaycan Milli Konservatoriyasının professoru, musiqişünas Rafiq Musazadə başdan-ayağacan oxuduğu romanın əsas ideyasının Qarabağ və aftobioqrafik ruh daşıdığını, müəllifin insani keyfiyyətlərindən, sədaqətli dost olduğunu vurğuladı. Filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad Vüqar Əhmədin doğmaları haqqında yazdığı fikirlərini, düşüncələrini romanın başlıca leytmotivini isə Qarabağ mövzusu və Güneyə məhəbbət olduğunu ifadə etdi. Mərasimdə sair Maşallah Məftun, aparıcı Elgiz Əkbər cıxış edərək Vüqar Əhmədə yeni-yeni yaradıcılıq uğurları arzuladılar.

Təqdimatın bədii hissəsində xalq artisti Nisə Qasımova şairin sözlərinə Nailə Mirməmmədlinin bəstələdiyi “Arzular məndən uzaq” mahnısını ifa etdi. Əməkdar artistlər Razı Şükürov, Teyyub Aslanov, Mirnazim Əsədullayev, müğənnilərdən İzzət Bağırov, Eldar Ələkbərov, Emil Bədəlov mərasim iştirakçılarına musiqi payı bəxş etdilər. Bədii qiraət ustası Nazilə xanım xalq artisti Firuz Əliyevin müşayiətində romana daxil edilmiş şeir parçalarından nümunələr söylədi. Bəstəkar Rauf Məmmədovun müəllifin “Qarabağ” şeirinə bəstələdiyi və özünün ifa etdiyi eyni adlı mahnı hamını duyğulandırdı. Sonda çıxış edən Vüqar Əhməd təqdimatın təşkilatçılarına sonsuz minnətdarlığını bildirdi. Televiziya və mətbuat nümayəndələrinə təşəkkür etdi, “Qarabağ” və “Vətəndir” şeirlərini oxudu.

 

 

M.Novruzlu

 

Ədəbiyyat qəzeti.- 2013.- 1 fevral.- S.8.