Teatrşünaslığımızın tarixindən

  

Azərbaycan dramaturgiyasının bünövrəsi Azərbaycan teatrından əvvəl qoyulduğu kimi, Azərbaycan teatrşünaslığının yaşı da professional səhnə sənətinin yaranmasından əvvəl başlanır. Dramaturgiyamızın banisi, böyük mütəfəkkir və ədib Mirzə Fətəli Axundzadə teatrşünaslığın üç qolundan biri olan dram nəzəriyyəsindən yan keçməmiş, səhnə sənətimiz haqqında öz fikirlərini bildirmişdir. Axundzadənin dramaturgiya haqqındakı fikirlərinin nüvəsini bir maarifçi kimiDram sənətinin məqsədi insanların əxlaqını yaxşılaşdırmaq, oxucuqulaq asanları ibrətləndirməkdir” fikirləri təşkil etdiyi kimi, onun səhnə sənəti barədə nəzəri fikirləri 1859-cu ildə “Təmsilatı”na ön söz kimi yazdığı “Fehristi-kitab” məqaləsindəki aşağıdakı kəlamlarda öz əksini tapıb: “Təəccüb yerində - mütəəccib ol, sual yerində - sail, xövf yerində - xaif ol, heyrət yerində - hayir, sükut yerində - sakit ol, zöhk yerində - zahik, büka yerində - baki ol, qeyz yerində - qaiz, şəfqət yerində - müşfiq ol, heybət yerində - mühib, istehza yerində - müstəhzi ol, çığırmaq yerində - çığır, ahəstə mükaliməni - ahəstə oxu, qoca mühakiməsində - qocamanənd söylə və erməni danışığında - erməni tələffüzünü mülahizə elə, qalan zad mövqufdur sənin öz qabiliyyətinə”. Göründüyü kimi, maarifçilik ənənələrinə sadiq, səhnədəki hadisələri reallığa, həyata yaxınlaşdıran, tamaşada bu hadisələri olduğu kimi, şübhəsiz, ümumiləşdirilmiş şəkildə görmək istəyən M.F.Axundzadə öz dram əsərlərinin nümunəsində Azərbaycan teatrının gələcək inkişaf mərhələləri ilə əlaqədar narahatçılığını bildirir, səhnə sənətimizin realist yollarla irəliləməsini tövsiyə edir, arzulayırdı. Görkəmli maarifçi-filosof yuxarıdakı fikirlərini yazandaprofessional teatrımız, nə də mətbuatımız mövcud idi. Şübhəsiz, teatrşünaslıq elminin pərvazlanması üçün bunların hər ikisi zəruri idi.

1873-cü ildə Axundovun ən böyük arzularından biri həyata keçdi. Onun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” pyesinin tamaşası ilə peşəkar səhnə sənətimiz ilk addımlarını atmağa başladı. Ondan cəmi iki il sonra isə “Əkinçi” qəzeti ilə mətbuatımızın əsası qoyuldu. “Əkinçi”nin ayağı düşərli oldu. Bir-birinin ardınca Bakıda və Tiflisdə Azərbaycan və rus dillərində nəşr olunan qəzet və jurnallar işıq üzü gördü. “Kəşkül” (Baxçasarayda çıxırdı), “Novoye obozreniye”, “Bakinskiye izvestiye”, “Şərqi-Rus”, “Kaspi”, “Baku”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Səda”, “Yeni iqbal”, “Bəsirət” və s. qəzet və jurnallar işıq üzü gördü. Mətbəələrin açılması kitabların çıxmasına rəvac verdi. Beləliklə, ictimai-iqtisadi şərait bir çox sahələrdə olduğu kimi, Azərbaycan teatrşünaslığının inkişafı üçün də şərait yaratdı. Mətbuat istər-istəməz teatrşünaslığımızın mühüm qolu olan teatr tənqidindən də yan ötə bilməzdi. O zaman əsasən informasiya, xəbər xarakteri daşıyan məqalələrdə “filankəs alqışlarla qarşılandı,” “filankəs rolunun sözlərini bilmirdi” və s. bu səpkili fikirlərdə bəsit də olsa teatr tənqidi cücərirdi. Amma çox keçmədi ki, get-gedə tamaşalar, ümumiyyətlə, teatr haqqında nisbətən geniş fikirlər söylənməyə başladı. Bu sahədə Azərbaycan yazıçılarının fikirləri daha professional, daha analitik keyfiyyət kəsb edirdi. Xüsusən Azərbaycan dramaturqlarının - Nəcəf bəy Vəzirovun, Nəriman Nərimanovun, Əbdürrəhim bəy Haqverdiyevin, Cəlil Məmmədquluzadənin yazılarında daha çox professionallıq duyulurdu. Bu sıraya böyük mütəfəkkir, dahi bəstəkar və dramaturq Üzeyir bəy Hacıbəylinin də adını əlavə edə bilərik. Onlar dram əsərləri, tamaşalar, aktyor dostlarının yaradıcılığı haqqında fikirlər söyləməklə səhnə sənətinin müxtəlif sahələrinə baş vurmuş olurdular. Beləliklə də bu şəxsiyyətlər Azərbaycan mədəniyyəti tarixində əsasən dramaturq kimi qalsalar da, teatr nəzəriyyəçisi, tənqidçisi və tarixçisi kimi də xatırlanırlar. Bu görkəmli simaların arasında Əbdürrəhim bəy Haqverdiyev teatrşünas kimi daha hərtərəfli fəaliyyət göstərmişdir. Onun teatr tarixinə dair araşdırmaları bu günöz aktuallığını itirməyib. Görkəmli yazıçı və dramaturq bunlarla kifayətlənməyib bədii yazılarında da teatr haqqındakı mülahizələrini bildirirdi.

1909-cu ildə Gəncədə yerli həvəskarlar cəmiyyəti Mirzə Məhəmməd Axundzadənin “Teatro nədir” adlı kiçik bir kitabçasını nəşr etdilər. Bu kitab Azərbaycanda teatra dair ilk kitabdır. Müəllif kitabında teatrı aynaya, güzgüyə bənzədir və bildirir ki, necə ki, bir insan güzgüdə öz eyblərini görüb düzəldir, öz teatrını yaradan millətlər də səhnədə eyiblərinə, əyər-əskiklərinə baxıb onları islah edir.

Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra “Övraqi-nəfisə” adlı incəsənət jurnalı çıxmağa başlayır. Cəmi bir neçə sayı dərc olunan ilk toplumuzun səhifələrində Azərbaycan teatrına xüsusi yer ayrılmışdı.

Azərbaycanda sovet hakimiyyətinin qurulması yeni bir ideologiyanı sənətə gətirdi. İş burasında idi ki, teatrda olan əyintilər, çatışmazlıqlar bu dövrdə teatr tənqidində də özünü büruzə verirdi. Rejissor sənəti, aktyor ifaları günü-gündən püxtələşir, inkişaf edirdi. Bunu o dövrün teatrşünaslığı da təsdiqləyir. Tənqid bu sahədə teatrın həm uğurlarını göstərir, həm də çatışmazlıqları diqqətə çatdırırdı. Amma söhbət tamaşaların təhlilindən, mahiyyətindən düşəndə teatrşünaslıq elmi teatrın dadına vaxtında çata bilmir, bəzi hallarda onu çaşdırırdı. Əgər fikrimizi ümumiləşdirməli olsaq, deyə bilərik ki, bu zaman hələ özü belə püxtələşməyən, kövrək addımlarını atan teatrşünaslıq elmimizdə üç müxtəlif dünyagörüşü qarşı-qarşıya dayanmışdı. Bunlardan biri teatrın ənənəvi yolunu qoruyan, fikirlərində ona söykənən tənqid idi. Digər iki dünyagörüş bir kökdən qayələnsələr də, iki zidd dünyagörüşü kimi diqqəti çəkirdilər. Belə ki, cəmiyyətdə “yeni dünyaqurmaq istəyən bəzi qələm sahibləri teatrşünaslığı, teatrı həddindən ziyadə siyasiləşdirir, sənətə düz yol göstərmək əvəzinə onu sola doğru əyir, hətta dram əsərlərinin mövzusunu belə dəyişməyə təhrik edirdilər. Bu dövrdə - ötən əsrin 20-ci illərinin sonu, 30-cu illərinin əvvəllərində Məhəmməd Sadiq Əfəndiyev, Mustafa Quliyev, Əsəd Tahir, İbrahim Xəlil, eləcə də Cəfər Cabbarlı kimi qələm sahibləri səhnə sənəti haqqında söylədikləri fikirlər bəzən bir-birinə zidd olurdu. Amma çox keçmədi ki, Azərbaycan teatrşünaslığında bir sabitlik yarandı.

Azərbaycan yazıçıları və ədəbiyyatşünasları səhnə sənətinə biganə qalmadılar, öz fikir və mülahizələrini bildirməyə başladılar. Dünya, xüsusən də rus səhnə sənəti və teatrşünaslıq ənənələri ilə tanışlıq onların tənqidi fikirlərini müəyyən professional məcraya yönəltməkdə mühüm rol oynayırdı.

Ötən əsrin 30-cu illərinin sonunda və 40-cı illərində Azərbaycan teatrşünaslığı ilə artıq təkcə jurnalistlər, mətbuat işçiləri deyil ədəbiyyatşünaslar da məşğul olmağa başladılar.

Onların sırasında Əziz Şərif, Mikayıl Rəfili, Məmməd Arif, Abbas Zamanov, Hüseyn Mehdi, Əli Sultanlı kimi qələm sahibləri var idi. Bu da təsadüfi deyildi. Azərbaycan ədəbiyyatşünaslığı teatrşünaslığımızdan daha tez formalaşmış, bir çox hallarda bu sahədəki vaakuma tərəf axırdı. Onların yazıları, tənqidi məqalələri təkcə informatik xarakter daşımırdı. Bu yazılar üçün analitik araşdırma, dünya teatrı haqqında məlumat, rejissor və aktyor sənətinin təhlilinə cəhd duyulurdu. Bu qələm sahibləri özlərini teatrşünas adlandırmasalar da, bu iddiada olmasalar da, fundamental Azərbaycan teatrşünaslığının bünövrə daşlarını qoyur, ya da ən azından onun vaxtının çatdığını yada salırdılar.

Fundamental Azərbaycan teatrşünaslığının bünövrəsinin qoyulması, akademizm səviyyəsinə çatdırılması bütün yaradıcılığını bu sahəyə həsr etmiş, görkəmli alim Cəfər Cəfərovun adı ilə bağlıdır. Məhz onun səyi nəticəsində ilk dəfə olaraq indiki Akademik Milli Dram Teatrının nümunəsində teatr tariximiz hərtərəfli araşdırılmağa başlandı. Cəfər müəllimin Azərbaycan dramaturgiyasının, teatr sənətinin müxtəlif sahələrinə aid araşdırmaları, nəzəri-estetik fikirləri çoxşaxəlidir. Amma onun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının tarixinə dair araşdırmaları və Azərbaycanda professional teatrşünaslarını yetişdirməsi sahəsindəki xidmətləri əvəzsizdir.

Məlum olduğu kimi, 1945-ci ildə Azərbaycanda ilk ali səhnə təhsili ocağı - Azərbaycan Dövlət Teatr İnstitutu yaradıldı. İnstitutda aktyorluqrejissorluq sənəti ilə yanaşı, bir neçə il teatrşünaslıq fakültəsi də fəaliyyət göstərirdi. 1950-ci ildən başlayaraq ilk dəfə olaraq teatrşünaslar ali təhsil diplomu aldılar. Onlardan bəziləri bu ixtisas üzrə işləmədi. Bəziləri isə ədəbi yaradıcılıqla məşğul oldular. Bu sırada Hüseyn Abbaszadənin, İsaq İbrahimovun, Əli Kərimin və s. adlarını çəkə bilərik. Bir qismi isə bədii yaradıcılıqla yanaşı, teatrşünaslığın müxtəlif sahələrində fəaliyyət göstərməyə başladılar. Məsələn, Adil Babayev həm şair, həm dramaturq, həm də teatrşünas kimi tanındı. Yaxud Əli Səmədli uşaqlar üçün dram əsərləri yazmaqla yanaşı, teatrşünaslıq fəaliyyətini də davam etdirirdi. Bir qism isə sırf teatrşünaslıq fəaliyyəti ilə məşğul olurdu. Onların sırasında Cabir Səfərov, Adilə İsmayılova, Turan Cavid, İnqilab Kərimov, Adilə İsgəndərova, Rahib Hüseynov və digərləri də vardı. Sonrakı illərdə aktyorluq fakültəsini bitirmiş Mahmud Allahverdiyev və Bakı Dövlət Universitetinin məzunu Ədilə Əliyeva da teatrşünas kimi fəaliyyət göstərməyə başladı. Veta Nadirova isə ən çox rusdilli mətbuatda çıxış edirdi. Azərbaycan MEA-nın Memarlıq və İncəsənət İnstitutunda teatr şöbəsinin yaradılması və ona rəhbərliyin Cəfər Cəfərova tapşırılması ötən əsrin 50-ci illərindən sonra Azərbaycan teatrşünaslığının formalaşmasında mühüm əhəmiyyət kəsb etdi. Dramteatr nəzəriyyəsini dərindən bilən, teatr tarixi ilə bağlı sanballı, ciddi araşdırmalar aparan Cəfər Cəfərov öz ətrafına istedadlı teatrşünasları, bu sahəyə həvəsi olanları yığır, onları elmi işlərə cəlb edir, teatrşünaslıq sahəsindəki boşluqları doldurmaq üçün onlara müxtəlif elmi mövzular verirdi. Onun şöbəsi ilə əlaqə saxlayanlar, əməkdaşlıq edənlər görkəmli alimin məsləhəti, çox zaman rəhbərliyi ilə həm Azərbaycan teatr tarixinin müxtəlif dövrlərini araşdırır, həm də ayrı-ayrı sənətkarların, səhnə ustalarının yaradıcılığına nəzər yetirir, onların sənət və ömür yolları haqqında sanballı kitablar hazırlayırdılar. Axundovteatr”, “Əbdürrəhim bəy Haqverdiyevteatr”, “Nəriman Nərimanov və teatr”, daha sonrakı dövrlərdə “Cəlil Məmmədquluzadə və teatr” və s. bu səpkili mövzularının işlənməsi məhz Cəfər Cəfərovun təşəbbüsü, onun teatrşünaslıq elmimizin inkişafı naminə uzunmüddətli planı əsasında baş tutmuşdu. Azərbaycan teatrşünasları bu elmin müxtəlif sahələri üzrə araşdırmalar aparmağa, həmin sahənin mütəxəssisi kimi tanınmağa başladılar. Mahmud Allahverdiyev Azərbaycan xalq teatrının tarixini, İlqilab Kərimov professional teatrın tarixini, Tamilla Yusifbəyli Şekspirin əsərlərinin, Ədilə Əliyeva rus klassiklərinin Azərbaycan teatrında səhnə təcəssümünü araşdırırdı. Cabir Səfərov teatr tənqidçisi kimi mətbuatda çıxış edirdi. Rahib Hüseynov Cəfər Cabbarlı və Azərbaycan teatrı, Tamilla Təhmasib Hüseyn Cavidin pyeslərinin təcəssümü ilə məşğul idi.

Adilə İsmayılova respublikada xarici ölkələr üzrə teatr mütəxəssisi kimi tanınmışdı. Onun antikAvropa teatrlarının tarixindən bəhs edən kitabları bu gün də dərslik kimi istifadə olunur.

XX əsrin II yarısında Azərbaycan ədəbiyyatşünasları da teatrşünaslıq sahəsində fəaliyyətlərini davam etdirirdilər. Məmməd Arif, Məmməd Cəfər, Xalid Əlimirzəyev, Qulu Xəlilov, Əkbər Ağayev, İslam İbrahimovb. teatr və dramaturgiyanın müxtəlif problemləri barədə resenziyalarla mətbuat səhifələrində çıxışlar edirdilər. Onların sırasında görkəmli alim Yaşar Qarayevin resenziyaları xüsusilə diqqəti çəkir, öz professionallığı ilə nəinki teatrşünasların diqqətindən kənar qalmır, çox zaman onları üstələyirdi.

Yazılarının professionallığı, dərin fəlsəfi-estetik təfəkkürü ilə teatrşünaslarımızı üstələyən sənətkarlardan biri də səhnə sənətinin və dramaturgiyanın incəliklərini bilən, dərin fəlsəfi-estetik təfəkkürə malik görkəmli rejissor Mehdi Məmmədov idi. Hələ gənc yaşlarından mətbuatda resenziyaları ilə diqqəti çəkən Mehdi Məmmədov mətbuatda resenziyalarla müntəzəm çıxış edirdi. 60-cı illərdə sanballı işi olan, bu günə kimi də əhəmiyyətini itirməyən, “Həyat və sənət yollarında”, “Azəri dramaturgiyasının estetik problemləri” kitabları uzun illərin araşdırmalarının nəticəsi idi.

1965-ci ildən başlayaraq keçmiş teatr, həmin illərdə M.A.Əliyev adına İncəsənət İnstitutu, indiki Azərbaycan Dövlət Mədəniyyət Universitetində teatrşünaslıq fakültəsi yenidən fəaliyyətə başladı. Bu fakültədə ixtisas dərslərini Cəfər Cəfərov, Mehdi Məmmədov, İslam İbrahimov, Turan Cavid, Cabir Səfərov aparırdılar. Sonralar onların sırasına İnqilab Kərimov, Mahmud Allahverdiyevqoşuldu. Onların əksəriyyəti təkcə pedaqoji fəaliyyət göstərmirdilər. Eyni zamanda mətbuatda resenziyalarla, teatrın müxtəlif problemlərinə dair məqalələrlə çıxış edir, Azərbaycan teatr tarixinə dair kitablar yazırdılar. Onların zəhməti sayəsində şərti olaraq ikinci nəsil adlanan teatrşünaslar yetişdi.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində prorektor vəzifəsində çalışan, teatr tənqidinin tədqiqi ilə məşğul olan Rafiq Sadıqov, Azərbaycan teatrşünaslığında rejissor sənətinin araşdırıcısı Novruz Təhməzov, teatrşünaslar Əliağa Sədirov, Atababa İsmayıloğlu (Hacıbabayev), sənətşünaslıq elmləri doktoru üzrə müdafiə etmiş, professor İlham Rəhimli hələ tələbəlik illərindən mətbuatda çıxış etməyə başladılar. Onların məqalələri o dövrün ən nüfuzlu qəzeti olanKommunist”, “Ədəbiyyat və incəsənət”, “Azərbaycan gəncləri” qəzetlərinin səhifələrində işıq üzü görməyə başladı. Sonradan həmin “İkinci nəsil” teatrşünaslardan olan Məryəm Əlizadə də əvvəl filologiya üzrə namizədlik, sonra sənətşünaslıq üzrə doktorluq işi müdafiə etdi. Mədəniyyət və İncəsənət Universitetində professor vəzifəsinə yüksəldi, “Seyrsehr”, “Dördüncü ölçünün rəngi ilə” kitablarını ərsəyə gətirdi. Teatrşünaslıq ixtisasına yiyələnməsə də, amma teatr həyatını dərindən bilən Məmmədşah Atayevteatr tarixi sahəsində müəyyən axtarışlar apardı. “Cəlil Məmmədquluzadə və teatrmövzusunda namizədlik işi müdafiə etdi, bir neçə kitab yazdı. Əlbəttə, bütün bu insanların ötən əsrin 60-cı illərinin sonundan başlayaraq Azərbaycan teatrşünaslığının inkişafında müəyyən əməyi var. Amma bir qədər kənardan çəkilib Azərbaycan teatrşünaslığının mənzərəsinə yüksəkdən baxsaq, sonrakı dövrün teatrşünaslığına nəzər yetirsək, orada üç nəfərin bu sahədəki yaradıcılığının bir mərhələ təşkil etdiyinin şahidi olarıq. Cəfər Cəfərovun, Qulam Məmmədlinin və İlham Rəhimlinin. Ola bilsin ki, bu fikirlərimizlə kimlərsə razılaşmasın. Amma bizim də əlimizdə müəyyən arqumentlər var. Çünki bu teatrşünasların hər biri Azərbaycan teatrşünaslığının inkişafına müəyyən yenilik gətirmişlər. Elə bir yenilik ki, bu yeniliyi təkrarlamaq çətindir. Onların yaradıcılığı bir-birini təkrarlamasa da, Azərbaycan teatrşünaslığı adlanan qobelini, xalını tamamlayırlar.

Görkəmli teatrşünas Cəfər Cəfərovun Azərbaycan teatrşünaslığına gətirdiyi yenilik nədən ibarət idi? Cəfər Cəfərov ilk növbədə Azərbaycan teatrşünaslığını elmiləşdirdi. Onun resenziyalarında, məqalələrində və kitablarında teatrın bütün komponentlərindən bəhs olunurdu. Artıq o “tamaşaçı” - tənqidçi, teatrşünas deyildi. Onun qələmindən çıxan yazılar təkcə dramaturqun, rejissorunaktyorun oyununa işıq salmırdı, eyni zamanda tamaşanın tərtibatından, musiqisindən və səhnə sənətinin digər nüanslarının, komponentlərinin əhəmiyyətindən söhbət açırdı. Əgər ümumiləşdirilmiş şəkildə desək, teatrşünaslığımızın poetikasının və estetikasının bünövrəsi məhz Cəfər Cəfərov tərəfindən qoyulmuşdur. Görkəmli teatrşünas eyni zamanda fundamental Azərbaycan teatrşünaslığının əsasını qoydu. İlk dəfə olaraq o, Azərbaycan Dram Teatrının yaranması və inkişafı mərhələləri ilə məşğul olmağa başladı. Azərbaycan Dram Teatrının tarixini yazmağa başladı. Bu araşdırma Azərbaycan Dram Teatrının nümunəsində teatr tariximizin araşdırılması demək idi. Azərbaycan rejissorları və aktyorları barədə ilk fundamental elmi araşdırmalar da məhz Cəfər Cəfərova məxsus idi. Bu səpkili araşdırmalar ondan sonra gələn teatrşünasların yaradıcılığı üçün bir örnək, nümunə idi. Onun bu silsilədən olan yazıları neçə dəfə işlənmiş şəkildə nəşr olunmuşdur. Azərbaycan Dram Teatrı kitabı, Cahangir Zeynalovun, Hüseyn Ərəblinskinin, İsmayıl Hidayətzadənin və digər sənətkarlarımızın yaradıcılığına həsr etdiyi monoqrafiyaları təkcə Azərbaycan səhnə sənətinin tarixdə qalmış səhifələrini bərpa edib, işıq salmırdı. Eyni zamanda öz elmiliyi, professionallığı, yazılış diliylə seçilirdi. Bu yazılarda axıcı, səlis dilin arxasında elmi mühakimələr, düşüncələr oxucunun beyninə hopurdu. Teatrşünas alim elmi fikirlərini çatdırmaqla yanaşı, oxucularını yormurdu. Bu da onun yazılarını kütləviləşdirirdi.

Cəfər müəllimin Azərbaycan teatrşünaslığının qarşısında ən böyük xidmətlərindən biribu sahədə milli kadrları yetişdirməsi idi. Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun teatrkino şöbəsinə başçılıq edən tanınmış alim onlarla mütəxəssisin yetişməsi üçün əlindən gələni əsirgəmədi. Onuno dövrdə onun kimi alimlərin təmənnasız qayğıları, diqqətləri onlarla mütəxəssis kadrların yetişməsinə təkan oldu. Bu əməl bu gün çoxlarına görk, ibrət ola bilər. Cəfər müəllimin vəfatından sonra Memarlıq və İncəsənət İnstitutunun Teatrkino şöbəsinə başçılıq etmiş Ədilə Əliyeva, İnqilab Kərimov, eləcə də teatrşünaslıq elmi sahəsində ciddi araşdırmalar aparmış Mahmud Allahverdiyev, Tamilla Yusifbəyli, Adilə Səfərova, Ədilə İsgəndərova və başqaları məhz Cəfər Cəfərovun diqqət və qayğısı sayəsində elmi dərəcələr almış, kitablarını dərc etdirmişlər. Cəfər müəllimin və onun yetişdirdiyi kadrların çalışmaları sahəsində filoloqlar, ədəbiyyatşünaslar teatrşünaslıq elmi ilə ədəbiyyatşünaslıq elmi arasındakı fərqi hiss etdilər. Beləliklə, teatrşünaslıq elmimiz özünü təsdiq etdi. Getdikcə, filoloqlar öz sahələri ilə məşğul olmağa daha çox üstünlük verdilər. Teatr tarixi olduğu kimi, teatr tənqidi və nəzəriyyəsi, onun estetik prinsipləri ilə də teatrşünaslar məşğul olmağa başladılar. Bütün bunlara görə Azərbaycan teatrşünaslıq elmi Cəfər Cəfərova minnətdardır.

 

 

Atababa İsmayıloğlu

 

Ədəbiyyat qəzeti.- 2013.- 1 fevral.- S.7-8.