Ötən gəncliyə

 

Uçdu əllərimdən gənclik illəri,

Əsən küləklərə qoşulub getdi.

Heyf, tez qopartdım yazıq gülləri,

Qoxusu bir yana, həyatı bitdi.

 

O gəldi dünyaya bir çiçək kimi,

Hər vaxt bu şövq ilə gülməyəcəkdir.

İndi o yaşayır bir dibçək kimi,

Ətri, təravəti solan ləcəkdir.

Qaytar, qaytar məni çiçək illərə,

Əllərdə alışan məşələ dönüm.

Apar, apar məni göyçək illərə -

Ən parlaq ulduz tək alışım, sönüm.

 

Bir yaz günəşiyidi, bir udum suydu,

Nuru, gözəlliyi düşmür dilimdən.

Məni bu yollarda yarıda qoydu,

İndi sərt qayalar tutub əlimdən.

 

Dağlardan, daşlardan yolumu salıb,

Məni qəmə çəkir hər gələn sabah.

Deyən, son mənzilə daha az qalıb,

Haraya aparır bu yollar, Allah?!

 

 

Yol

 

Yolçu qardaş, yolun hara?

Mən bələdəm bu yollara.

Gedirsənsə uzaqlara

Məni özünlə apar.

 

Daşlar ayağını əzər,

Yollar damarını üzər.

Söylə, buna necə dözər

Arxanca düşən bu çapar!

 

Tutsan dünyanı min əlli,

Hər nəfəs olsa təsəlli

Vallah, əzəldən əcəlli

Sonsuz yollar səni udaq.

 

 

Qarabağ düşmən əlində

 

Boş yerə çağırma məni

Onsuz da gələn deyiləm.

Şit söhbətə, zarafata

Neyləsən gülən deyiləm.

 

Qarabağ düşmən əlində,

At çapır yağı elimdə.

qədər əsir zülümdə,

Sakitlik bilən deyiləm.

 

Azad olmayınca elim,

Susmayacaq mənim dilim.

"Doğransam da dilim-dilim",

İnanın ölən deyiləm.

 

 

Ələddin Əzimov

  

Ədəbiyyat qəzeti.- 2013.- 1 fevral.- S.7.