Biz faniyik... Söz qalacaq
Əgər
özü demədisə qəlb,
yazmadım,
nə
yazdımsa doğru yazdım, qəlp
yazmadım.
Bu sətirlər şair-publisist, tərcüməçi, tədqiqatçı
alim Hafiz Rüstəmin
“Bakıdan Yardımlıya səyahət” (Kövsər nəşriyyatı,
Bakı-2012) kitabındandır.
Müəllif doğma,
ulu torpaqlarımızın gözəlliyini,
dağlarını, şəlalələrini, nemətlərinin
əvəzsizliyini vurğunluqla vəsf edir, xalqın saf xislətini,
vətənə, torpağa
bağlılığını, doğma
el-obaya, adət-ənənələrə
sədaqətini böyük ruh yüksəkliyi ilə tərənnüm
edir.
Onun oxucu ilə paylaşmaq istədiyi
mətləblər çoxdur və bunlar cəmiyyətdəki pis
əməlləri ifşa etməklə bərabər
həm də nəcibliyə, humanizmə, gözəlliyə
xidmət edir. Bu mətləblərin
predmetləri isə məhz axarına düşdüyümüz
zamanın ictimai-əxlaqi, maddi-mənəvi, milli-tarixi,
sosial-fəlsəfi, dini-mifoloji motivlərindən
irəli gəldiyindən inandırıcı təsir
bağışlayır, oxucunu dalınca
çəkir.
Müəllifin
əhval-ruhiyyəsi oxucu ilə
üst-üstə düşür.
Hafiz
Rüstəm “Sərhəd ağrıları” bölməsində
bir çox söz ustaları tərəfindən qələmə
alınan, hamımıza yaxşı bəlli olan
ağrılı mövzuya yeni nəfəs vermişdir.
Burada tarixi prosesin bütün tərəf
və cəhətləri ehtiva olunur. Müəllif gerçəkliyi
özünəməxsus nəzmə çəkərək
faktı təhlil edir və hadisələrə
münasibət bildirir.
Hafiz
Rüstəmin “Bakıdan Yardımlıya səyahət”
poemasında toxunduğu ən vacib, mühüm məsələlərdən
biri tarixi vəzifənin
bu gün Azərbaycan
xalqının qarşısına qoyduğu,
daha doğrusu, ondan tələb etdiyi milli birlik problemidir
ki, müəllif demək
olar ki, bütün bölmələrdə buna böyük vətəndaşlıq
narahatçılığı ilə dönə-dönə
ağrı ilə qayıdır. Düşmən üzərində
qələbəyə ancaq bu minvalla, bütün
mənəvi və fiziki qüvvələri
səfərbər etməklə gəlmək olar.
Amma əgər partiyalarda
mənafelər, arzu və məqsədlər
toqquşursa, o halda hansı qələbədən
danışmaq olar?!
Müəllif
göstərir ki, bu
mürəkkəb konfliktlərin kəskin mübarizəsində
milli birliyin qələbəsinə
inam xülya görünür:
Nə
qədər olarmış şöhrət düşkünü?
Hər
biri düşünür
ancaq özünü.
Milli
barışığa gəlib nəhayət
Yumruq tək
birləşə bilmir bu
millət.
Müəllif
göstərir ki, igidlik,
qəhrəmanlıq şəxsi mənfəətlərə
görə yox, xalqın xoşbəxtliyi və
azadlığı naminə edilməlidir. İctimai
ideallar naminə özünü
qurban verməyə hazır olmağı
tələb edən əməllər edilməlidir. Bu baxımdan o,
Yardımlı torpağından çıxmış, 1991-ci il 20 noyabrda ölkənin bir qrup rəhbər
işçiləri ilə Qarabağın Qarakənd səmasında
erməni terrorunun qurbanı olan Vəli Məmmədovu nümunə gətirir.
Onu belə tərənnüm edir: “Heç kəsdən
təmənnası, umacağı yox idi, Var-dövlətdən kasaddı, gözü-könlü tox
idi. Milləti düşünürdü,
özünü unudurdu.”
İctimai
və sosial həyatın bütün
tərəflərini özündə ehtiva
edən “Bakıdan Yardımlıya səyahət” poeması geniş təfəkkür, iti
müşahidə qabiliyyəti və müşahidələrdən
məna çıxaran dərin məzmun, fəlsəfi
baxışlarla diqqəti çəkir. Poemada şəxsi hisslər və arzular ümumiləşdirilir, təkcə bir adamın yox, ümumun hiss və həyəcanlarına
çevrilir.
Hafiz
Rüstəm həm müasir, həm də
klassik şeirin bütün bəhrlərinə bələddir
və çətinlik çəkmədən onların hər
birində qələmini sınamışdı. Müəllifin
özünün işlətdiyi
“poeziya-şah”dır ifadəsini götürsək, belə mühüm, ciddi
mətləblərin şah hesab olunan şeir
dili ilə, ustalıqla, hərarətlə
nəzmə çəkilməsi də müəllifin incə
poetik duyumundan və məharətindən
xəbər verir. Burada
onun Şərq dillərini də mükəmməl
bilməsi diqqəti çəkir. “
Cəmiyyətin
yaralı yerlərini ifşa edən Hafiz Rüstəm ağır bir
yük altına girdiyini
bilir və bu yükü şərəflə
daşımaq üçün Yaradandan güc, qüvvət,
cəsarət istəyir. Burada müəllif
həm də öz portretini
çəkmiş olur. Onun
ruhunda bir azadlıq
hayqırır. Zamanla iftilatda
olsa da, səmimidir.
Cövhərində düzgünlük, həyatın
mənfi hadisələrinə, qeyri-bərabərliyə,
acgözlüyə, yaltaqlığa, ikiüzlülüyə,
nadanlıq və cahilliyə, riyakarlığa etiraz,
üsyan vardı.
Bu comərd keyfiyyətləri
o, öz
soy-kökündən əks etmişdir. “Ot kökü
üstündə bitər” - deyərlər. Müəllifin
babaları Həsən İsaoğlu və
Cankişi Murtuzoğlu
Yardımlıda bolşevizmə qarşı mübarizə
aparmış milli-müqavimət hərəkatının cəsur
liderlərindən olmuşlar. “Qaçaq Həsən” dastanından bir fraqment” bölməsində
oxuyuruq: “Ulu
babam Alı bəyin nəvəsi Qaçaq Həsən Şura
hökumətinə qan uddurub
müxtəsər”, “Rəqibi arxadan yox, qənşər üzündən vurub”, “Satqınları salıbdır çaparaq at
döşünə”, “Basdığını kəsməyib,
comərd qəhrəman olub”.
Qeyd edim ki, poemada
eybəcərliyin, rəzilliyin tənqid və ifşası ilə
bərabər, gözəlliyin, ülvi cəhətlərin
əxlaqı, füsunkarlığı vurğunluqla
nəzmə çəkilib. Valideynləri ilə bağlı
xatirələr, “Abidərdə”, “Bərcan”, “Təkdam şəlalələri”,
“Dağlar... Meşələr” bölmələri
buna parlaq sübutdur:
Poemada
müəllifin bəzi zəruri mənbələrə istinad etməsi, qaranlıq məfhumlara, söz və ifadələrə ətraflı
şərh və izah verməsi onun bir daha
ensiklopedik biliyindən, geniş
mütaliəsindən xəbər verməklə
yanaşı, həm də yaradıcılığına bir sanballıq gətirir.
Mehriban Rzayeva,
yazıçı-publisist
Ədəbiyyat qəzeti.- 2013.- 1 fevral.-
S.6.