«Kim yatmış, kim oyaq» təqdim edildi

  

«Dünyanı dərkin mifik tipi poetik sözlə iç-içə olduğundan onların birinin haradan başlayıb digərinin harada qurtardığını hətta təsəvvür etmək belə çətindir…»

 

Bu deyilənlərə tənqidçi Əsəd Cahangirin yaxın günlərdə «Yazıçı» nəşriyyatında çapdan çıxmış «Kim yatmış, kim oyaq» kitabında əhatəli cavab sərgilənib. Müəllifin «Kitabi-Dədə Sabir», «Platondan Anara qədər», «Ədəbi düşüncələr», «Altmışı aşırdın, yüzə nə qaldı», «Yoldan başqa yol yoxdur», «Amerikan əfsanəsi» və s. esse və məqalələrində çağdaş ədəbi həyatımızın aktual problemləri çözülür, uğurlu cəhətlər təqdim edilir. Qüsurlar göz önünə gətirilir. Bütövlükdə, bu yazılanlar ədəbi prosesə vicdanlı və istedadlı bir yanaşmanın məhsulu kimi diqqəti çəkir.

Elə ötən həftə Yazıçılar Birliyinin Natəvan klubunda «Kim yatmış, kim oyağ»ın təqdimat mərasimində çıxış edənlər də yeni nəşrin bu aktual cəhətini qabartdılar.

Tədbiri giriş sözü ilə açan Çingiz Əlioğlu çıxışında Əsəd Cahangiri çağdaş Azərbaycan ədəbi tənqidi fikrinin ən gözəl nümunələrinin müəllifi kimi dəyərləndirdi.

Xalq yazıçısı, AYB-nin sədri Anar çıxışında Əsəd Cahangirin kitabını ədəbiyyatşünaslığa töhfə kimi qiymətləndirdi: “Əsəd məqalələrində Nizamidən Homerə qədər dünya ədəbiyyatının, Azərbaycan ədəbiyyatının mənbələrinə istinad edir. O, öz fikirlərini geniş ölçüdə, dünya kontekstində oxunaqlı, aydın, səlis, canlı şəkildə ifadə edir”.

AYB-nin katibi Arif Əmrahoğlu müəllifi yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik etdi: “Əsəd sadəcə tənqidçi deyil, o, həm də filoloqdur. Əsəd Kaşğarlidən, dildən, mifologiyadan başlayıb. Bütövlükdə ədəbiyyata mətn kimi baxa bilib. Onun düşüncə tərzi, mənalandırma tərzi fərqlidir. Əsəd mətn ilə kifayətlənmir, həm əsərdən danışır, həm də əsər ilə bağlı problemlərdən danışır. O, mətnə sədaqətini qorumaqla bərabər, öz fikrini yazır. O, analitik tənqidçidir. Ədəbiyyatı, klassik fəlsəfəni əsaslı şəkildə bilir. Təqdimat mərasimində yazıçı və şairlərdən Aqil Abbas, Vaqif Bəhmənli, Səyyad Aran, Sabir Rüstəmxanlı və başqaları çıxış edərək Əsəd CahangirinKim yatmış, kim oyaq?” kitabı haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşdülər, müəllifə yeni yaradıcılıq uğurları arzuladılar.

Tədbirin sonunda çıxış edən Əsəd Cahangir tədbirin keçirilməsinə görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, toplaşanlara təşəkkürünü bildirdi.

 

 

S.Əsgərli

 

Ədəbiyyat qəzeti.- 2013.- 1 fevral.- S.6.