“İslamam, zirvədə süzən şairəm”

    

Naxçıvan Dövlət Universitetində şair-dramaturq, əməkdar incəsənət xadimi İslam Səfərlinin 90 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirildi. Konfransı giriş sözü ilə açan universitetin rektoru, akademik İsa Həbibbəyli vətənpərvər, incə poetik ruha malik şairin çoxcəhətli yaradıcılığından, poeziyasının ideya-bədii məziyyətlərindən bəhs etdi. Qeyd olundu ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun tanınmış şair-dramaturq, tərcüməçi və publisist İslam Səfərlinin 90 illik yubileyinin Naxçıvanda geniş şəkildə qeyd olunması ilə əlaqədar 18 yanvar 2013-cü il tarixdə imzaladığı sərəncam onun ədəbi irsinə yüksək qiymət verməklə yanaşı, İslam Səfərli yaradıcılığının sistemli şəkildə tədqiqi baxımından müasir ədəbiyyatşünaslığın üzərinə mühüm vəzifələr qoyur. Görkəmli ədəbiyyatşünas İsa Həbibbəyli bununla bağlı keçiriləcək müxtəlif səpkili yubiley tədbirləri barədə də məlumat verdi.

Azərbaycan ədəbiyyatı kafedrasının professoru, filologiya elmləri doktoru Yavuz Axundlu şairlə bağlı xatirələrini bölüşdü, İslam Səfərlinin Azərbaycan poeziyasında özünəməxsus yeri olduğunu vurğuladı. Qeyd olundu ki, Böyük Vətən müharibəsində iştirak edən şair müharibə mövzulu şeir və poemalarında xalqımızın alman faşizminə qarşı mübarizədə göstərdiyi şücaəti təsirli poetik lövhələrlə təsvir edib. İslam Səfərli oçerk, novella, libretto və kinossenari, məqalə müəllifidir, uğurlu tərcümələri də tanınır. Kafedranın baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Seyfəddin Eyvazov “İslam Səfərlinin dramaturgiyası”, universitet Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının sədri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Kamal Camalov “İslam Səfərli yaradıcılığında maarifçilik ideyaları”, Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, şair Xanəli Kərimli “İslam Səfərli yaradıcılığında Naxçıvan”, musiqişünaslıq və metodika kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İnara Məhərrəmova “İslam Səfərlinin şeirlərinə yazılmış mahnılar”, universitetin elektron kitabxanasının direktor müavini Röyal Məmiyev “İslam Səfərli şeirlərinin dil xüsusiyyətləri” mövzusunda məruzələr etdilər. Elmi konfransın bədii hissəsində İslam Səfərlinin şeirləri bədii qiraət olundu, sözlərinə yazılmış mahnılar ifa edildi. Konfransda şairin həyat və yaradıcılığını əks etdirən slaydlar, əsərlərindən ibarət kitab sərgisi nümayiş olundu.

 

 

Mehriban Sultan,

NDU-nun Mətbuat

şöbəsinin müdiri

 

Ədəbiyyat qəzeti.-2013.- 1 fevral.- S.6.