Teymur Bünyadov – 85
Hörmətli
Teymur müəllim!
Sizi -
görkəmli alim və istedadlı
yazıçını 85 illik yubileyiniz münasibətilə təbrik edirik.
Siz ölkəmizin
tanınmış tarixçi alimlərindənsiniz.
Xalqımızın çoxəsrlik tarixi
ilə bağlı neçə-neçə sanballı əsərin
müəllifisiniz. Maraqlıdır ki, elmi fəaliyyətlə
yanaşı, siz bədii
yaradıcılıqla da məşğulsunuz.
İlk mətbu əsəriniz - "Narahat ürək" hekayəniz 1974-cü
ildə "Elm və həyat"
jurnalında dərc olunmuşdur. 1991-ci
ildə "Yazıçı" nəşriyyatında
yüksək tirajla nəşr edilmiş "Göz
yaşları" romanınızda bir
nəslin timsalında xalqımızın repressiya
illərində, müharibə və mübarizədən
sonrakı dövrdə başına gələn müsibətlər
qələmə alınmışdır. "Bir
qız bir oğlanındır"
adlı povest və hekayələr
kitabınızda adət-ənənələrimiz, vətənpərvərlik,
düzlük, etibar məsələləri
əksini tapır.
Siz
qələminizi poeziyada da
sınamısınız. "Öpərdim gözlərindən",
"Bilsəydim ayrılıqdır", "Gül
açılır, yaz olur"
kimi kitablarınıza daxil
edilən bayatılarınız təbiiliyi,
oxunaqlığı, dərin məzmunu ilə yadda
qalır.
Əsasən
tarixi mövzuda
yazırsınız. Əsərlərinizin dəyəri həm
də ondadır ki, bu
əsərlər etnoqrafiyamızı, tariximizi
öyrənmək üçün dəyərli
vəsaitdir.
Siz 1951-ci ildə indiki Bakı Dövlət Universitetinin
tarix fakültəsini bitirib,
həmin il Moskvada
SSRİ EA Maddi-Mədəniyyət İnstitutunun
aspiranturasına daxil olmusunuz.
1955-ci ildə namizədlik dissertasiyası müdafiə edərək
Vətənə qayıtmısınız. Həmin vaxtdan Azərbaycan MEA Tarix
İnstitutunda
çalışırsınız. Tarix
elmləri doktoru, AMEA-nın akademikisiniz. 1991-ci ildə Azərbaycan
Respublikası Milli Məclisinin
deputatı, bir il sonra Milli Məclisin Elm, təhsil məsələləri daimi komissiyasının sədri seçilmisiniz.
Hörmətli
Teymur müəllim!
Sizi bir daha yubileyiniz
münasibətilə təbrik edir, sizə
uzun ömür,
cansağlığı, yaradıcılıq uğurları
arzulayırıq.
Azərbaycan Yazıçılar Birliyi
Ədəbiyyat qəzeti.- 2013.- 1 fevral.-
S.5.