Görkəmli alim, nüfuzlu ziyalı

 

Etnoqrafiya elmimizin banilərindən biri, akademik Teymur Bünyadov vüqarla, gümrahlıqla, hünərlə 85-i haqladı. Alimin mənalı ömür yoluna, elmi yaradıcılığına nəzər salanda iki böyük dahinin qızıldan qiymətli kəlamları gəlir göz önünə. Azərbaycanın dünya şöhrətli alimi, Bağdadda Kazimiyyə məscidində imam Museyi Kazimlə yanaşı uyuyan, əsərləri dünyanın bir çox aparıcı dillərinə tərcümə olunan Xoca Nəsirəddin Tusi xüsusi vurğulayırdı ki, elm sahiblərini elmlərinin çoxluğu ilə deyil, əməllərinin faydalılığı, əxlaqlarının saflığı və özlərinin xeyirxahlığı ilə sınaqdan keçirmək lazımdır. Dahi Nəsirəddin Tusinin göstərdiyi şərtlərlə mizan-tərəzi qurulsaydı, şübhəm yoxdur ki, sınaqdan üzüağ çıxanlar sırasında mütləq akademik Teymur Bünyadov da olardı.

Dahi Nizami isə deyirdi:

 

Rütbələr içində seçilir biri,

Hamıdan ucadır alimin yeri.

 

Nizaminin dövründə alim alim idi, kərpickəsən kərpickəsən, bənna bənna idi. İndi meyarlar dəyişib. Ona görə də həqiqi alimdən söhbət düşəndə, mütləq əsl alim ifadəsini işlətmək zorunda qalırıq. Teymur Bünyadov əsl alimdir, etnoqrafiya elmimizin patriarxıdır. Bu bəstəboy, nəcib insanın yeri alimlər arasında elə ucadır ki, hansı tərəfdən baxsan, onun elminin nuru diqqətini çəkəcək, onu görəcəksən.

Teymur Bünyadova yaradan o qədər böyük istedad və mərifət verib ki, lap cavanlıqdan elmin, biliyin enişli-yoxuşlu, daşlı-kəsəkli yolu ilə irəliləyərkən həmişə birinci olmuşdur. Baxmayaraq ki, atası Əmiraslan Nazar oğlu 1938-ci ildə «xalq düşməni» damğası ilə güllələnmişdi, 1946-cı ildə orta məktəbi bitirəndə ona qızıl medal verməkdən imtina edə bilməmişdilər (Maraqlıdır ki, alimin hər iki qızı da orta məktəbi qızıl medalla bitiriblər. İndi Qaratel şərqşünas, atasının yolu ilə gedən Şirin isə tarix elmləri doktorudur).

Teymur müəllim Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirdikdən sonra (1946-1951) Azərbaycandan ilk olaraq Moskvaya, SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına daxil olur və vaxtından əvvəl namizədlik dissertasiyası müdafiə edir. O, ilk dəfə olaraq «Azərbaycanın qədim və Orta əsrlər dövrü təsərrüfat həyatı» mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Teymur müəllim respublikamızda arxeologiya və etnoqrafiya elmləri üzrə ilk elmlər doktoru, professordur. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda AMEA-nın ilk müxbir üzvü (1989), 2001-ci ildə isə ilk həqiqi üzvü seçilmişdir. 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə institut üzrə ilk olaraq «Şöhrət» ordeninə, 2008-ci ildə isə əməkdar elm xadimi fəxri ada layiq görülüb.

1995-ci ildə institutun tarixində ilk dəfə olaraq Milli Məclisə deputat seçilib və parlamentin Elm və Təhsil Məsələləri Komissiyasının sədri kimi səmərəli fəaliyyət göstərib.

Bir az əvvələ qayıdaraq onu da deməliyəm ki, 1960-cı ildə Teymur müəllimin respublikamızda ilk dəfə olaraq çap etdirdiyi iri həcmli «Azərbaycan arxeologiyası oçerkləri» əsəri indi də ali məktəblərin müvafiq fakültələrində dərs vəsaiti kimi istifadə edilir. Tədqiqatçı 1964-cü ildə isə ölkəmizdə ilk dəfə olaraq «Azərbaycanda əkinçiliyin inkişafı tarixinə dair» monoqrafiyasını çap etdirmişdi. 1969-cu ildə isə ilk olaraq «Azərbaycanda maldarlığın inkişaf tarixindən» monoqrafiyasını buraxmışdı. Hər iki monoqrafiya haqqında Moskvada nüfuzlu «Sovetskaya arxeologiya» və «Sovetskaya etnoqrafiya» jurnallarında görkəmli alimlərin müsbət rəyləri dərc edilmiş və bu əsərlərin tarix elminin araşdırılmasında müstəsna rolu göstərilmişdir. Akademik Teymur Bünyadovun rəhbərliyi ilə ilk dəfə olaraq fundamental əsər - üçcildlik «Azərbaycan etnoqrafiyası» hazırlanmış və Prezident İlham Əliyevin 2004-cü il 12 yanvar tarixli sərəncamı ilə böyük tirajla çap olunmuşdur. Akademik Teymur Bünyadovun rəhbərliyi ilə ilk dəfə olaraq ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunan üçcildlik «Qəbələnin tarixi», «Qəbələnin etnoqrafiyası» və «Qəbələ folkloru» əsərləri nəşrə hazırlanmış, rus və ingilis dillərinə tərcümə edilmişdir. Çox asanlıqla sadaladığım bu «ilk dəfə»lərin arxasında keşməkeşli, üzücü 60 illik elm yolu durur. Bu yola Teymur müəllimin 30-dan artıq monoqrafiya və çoxsaylı elmi məqalələri işıq tutur. Akademikin rəhbərliyi ilə 7 elmlər doktoru, 25-dən artıq aspirant və dissertant alimlik dərəcəsi almışdır.

Akademik Teymur Bünyadovun elmi fəaliyyətini AMEA-nın prezidenti, akademik Mahmud Kərimov, AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova, tarix elmləri doktoru Solmaz Məhərrəmova və başqaları sanballı əsərlərində yüksək qiymətləndirib, Azərbaycan etnoqrafiya elmində Teymur Bünyadov məktəbinin yaranmasından və s. söz açıblar. Azərbaycan etnoqrafiya elminin son 50-60 illik inkişaf tarixinin onun adı ilə bağlı olduğunu xüsusi vurğulayıblar. Akademik Mahmud Kərimovun həmkarı haqqında qənaəti adamda qürur hissi oyadır: «Akademik Teymur Bünyadovun ömür yoluna və çoxşaxəli elmi-ictimai fəaliyyətinə nəzər saldıqda bu böyük insanla fəxr etməmək mümkün olmur».

Elm aləmində nüfuz sahibi olan alimin fəaliyyətində ədəbi-bədii yaradıcılıq da mühüm yer tutur. Təsadüfi deyildir ki, o, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür. Onun bədii əsərləri maraqla oxunur. Keçən əsrin 70-ci illərindən başlayaraq alim-yazıçı və şair Teymur Bünyadov «Ana Kürüm», «Qızıl qaya», «Zirvəqala», «Mərd qalalar, sərt qayalar», «Qız var oğuldan qeyrətli», «Göz yaşları» (roman), «Əsrlərdən gələn səslər», «Azərbaycanın uzaq keçmişinə səyahət», redaktoru olduğum, əməkdar artist Nuriyyə Hüseynovaya həsr olunmuş «Sən olmasaydın», «Bir qız, bir oğlanındır», «Öpərdim gözlərindən», «Gül açılır yaz olur», «Anam birdi, vətən tək», «Xan çinar kölgəsində», «Başı çalmalı dağlar», «Bilsəydim ayrılıqdır» kimi sadə və anlaşıqlı dildə yazılan, oxucular və tədqiqatçılar tərəfindən dəyərləndirilən əsərlər yazmışdır. Akademikin hər bir əsəri həcmindən asılı olmayaraq faydalılığı ilə seçilir. «Daş var qızıldan qiymətli, qız var oğuldan qeyrətli» atalar sözündən götürülən «…Qız var oğlandan qeyrətli» əsəri istisna təşkil etmir. Həcmcə çox da böyük olmayan kitabda Azərbaycan tarixində özünə əbədi şöhrət qazanmış Tomris, Banuçiçək, Selcan xatun, Möminə xatundan, Uzun Həsənin anası Sara xatundan, Taclı xatundan, Tutibikədən, Şərəf Cahan Bəyim xatundan, Həcərdən, qanlı 20 Yanvar şəhidi İlhamın sədaqətli Fərizəsindən bəhs edilir. Bu xanımlar dar gündə ərləri ilə çiyin-çiyinə olublar.

Akademikin vətən uğrunda, torpaqlarımız uğrunda qənaəti belədir: «Aparılan hər vuruş qurtuluşdur».

Alimin «Əsrlərdən gələn səslər» əsəri Azərbaycan musiqi tarixi ilə məşğul olan tədqiqatçılar üçün əvəzsiz mənbədir. Kitabda qədim dövrlərdən üzü bu yana dünya şöhrətli sənətkarlarımızdan, musiqişünaslarımızdan, müğənnilərimizdən, onların milli musiqimizin inkişafındakı xidmətlərindən söz açır. Ən başlıcası, tədqiqatçının muğamlarımız, xalq mahnılarımız, simli, nəfəsli və zərb musiqi alətlərimizin təşəkkülü və inkişaf mərhələləri xronoloji ardıcıllıqla təsvir və təhlil edilir. Musiqi xəzinəmizin tarixi çox sadə və anlaşıqlı dillə qələmə alınmışdır. Əsərdə yer alan «Muğamlar, mahnılar», «Sazlı-sözlü dünya», «Gül nəfəslər, gözəl səslər» və s. kimi bölmələri həyəcansız oxumaq olmur. Bu əsərdə ilk dəfə olaraq xalqımızın musiqi mənəviyyatı tarixi etnoqrafik baxımdan peşəkarlıqla araşdırılıb.

Azərbaycanın Qərb bölgəsində Teymur müəllimin uşaqlıq və gənclik illərində insanların mənəvi qidası saz-söz olmuşdur (Əslində bu elə indi də belədir). Odur ki, saz-söz vurğunu olan akademik poeziyanı, xüsusən də bayatıları çox sevir və özü də illərdən bəridir ki, bayatı yazır. Onun üçcildlik bayatılar kitabı işıq üzü görüb: «Anam birdi, vətən tək», «Xan çinar kölgəsində», «Başı çalmalı dağlar». Bundan əlavə «Bilsəydim ayrılıqdı» bayatılar kitabı da vardır. Bu kitablarda təkcə bayatılar deyil, alim-şairin həyat, dünya, ana, vətən, qəhrəmanlarımız, elm adamları və s. barədə düşüncələri də yer alır. Burada «Nəsihətim, vəsiyyətim sizlərə», «Nə anasız vətən var, nə vətənsiz ana», «Nə küs, nə inci», «Gözü yolda qalan var», «Ellərdən almışdım, ellərə qaldı», «Qarşıdadır imtahanlar, sınaqlar» və s. kimi, qeyri-adi bölmələr vardır.

Teymur müəllimin bayatılarının əksəriyyəti birinci sətri kəmhecalı, Kərkükdə olduğu kimi xoyratvarı bayatılardır:

 

Ağlar könlüm,

Ah çəkər, ağlar könlüm.

Mən yara neyləmişdim,

Dağ çəkər, dağlar könlüm.

 

Akademik Teymur Bünyadovun fikirlərini ifadə etmək üçün Rəsul Rza və Hüseyn Kürdoğlu kimi bayatı janrından istifadə etməsi bir daha göstərir ki, bayatı vaxtı keçmiş janr deyil. Alimin üçcildliyi bir daha göstərir ki, xalq yaradıcılığının hətta ən qədim növü belə yeni dövrün fikrini ifadə etməkdə çox münasib forma olur:

 

Qan ağlar;

Qanlı yanvar qan ağlar.

Dəyişər çərxi-dövran

Qan udduran qan ağlar.

 

Bayatıda söhbət o dövlətdən gedir ki, Teymur müəllimin atası Əmiraslan Nazar oğlunu 1938-ci ilin əvvəlində «Xalq düşməni» damğası ilə güllələmiş, səkkiz yaşında anasını itirən 10 yaşlı Teymuru yetim qoymuşdu. İllər sonra bəraət alanda Teymur müəllimi çağırıb qan bahası təklif etmişdilər. Teymur müəllimin cavabı qısa olmuşdur: «Atama vurulan güllə bağrımı elə parçalayıb, qanla elə doldurub ki, qan bahasına yer qalmayıb». İndi Qazax şəhərində akademik Teymur Bünyadovun atası güllələnən yerin yaxınlığında Azərbaycanda bənzəri olmayan bir park-seyrangah vardır. Burada Qazax rayonunun görkəmli tarixi şəxsiyyətlərinin - şairlərin, yazıçıların, qəhrəmanların, generalların abidələri ucalır. Onların arasında akademik Teymur Bünyadovun da abidəsi vardır.

Akademik Teymur Bünyadov təmtəraqsız və iddiasız həyat sürən, fikri-zikri yaradıcılıqda olan, yaratmaq ehtirası ilə yaşayan nümunəvi ziyalıdır. Vətənimizin görkəmli alimi və böyük ziyalısını anadan olmasının mübarək 85 illiyi münasibətilə ürəkdən təbrik edir, bundan sonra da ömür payını gümrah və mənalı yaşamağı arzu edirəm.

 

 

Qəzənfər Paşayev

filologiya elmləri doktoru,

professor

 

Ədəbiyyat qəzeti.- 2013.- 1 fevral.- S.5.