Səmimiyyət timsalı

 

Elimizin, obamızın, ağsaqqalı Teymur Bünyadov layla qədər, bayatı qədər şirin, səmimi ürəyə malik bir şəxsiyyətdir. Bayatı dedim, ona görə ki, o, bayatılar qədər, özü demişkən, dupduru, tərtəmiz, apaydındır. Layla dedim, ona görə ki, o, başının üstündə dayanıb ona layla çalan layla ətirli anasını çox erkən itirdi. Anasını yaddaşında laylalı bir yaxını, sirdaşı kimi saxladı. Sonralar özü anasızlıq dərdindən anasına laylalar qoşub çalmalı olacaqdır.

O, elinə-obasına, torpağına, soy-kökünə bağlı insandır. Belə olmasaydı, üç cildlik bayatılar yaranmazdı. Belə olmasaydı, ədəbiyyatımızın, folklorumuzun səmimiyyət adlanan bir səhifəsini cızmazdı. Onun uşaqlıq yaddaşına yazılmış sazlı-sözlü, dastanlı günləri öz bayatı kitablarında yenidən yaşandı. Yüz yaşı olsa belə, yenə də o yaddaş onda qalacaq. Çünki sazlı-sözlü Qazaxda doğulmuş bir insan ola bilməz ki, folklor yaddaşını unutsun, ondan istifadə etməsin. Onun bütün bayatıları sanki bir abır yüküdür, nəsihətdir, vəsiyyətdir. "Anam" birdir, vətən tək" - deyir ağsaqqalımız. Ananı vətəndən, vətəni anadan ayrı ağlına belə gətirmir. Ana itirən müdrik vətənə sığınır, onu ana bilir:

 

Vətəndi,

Yurd-yuvadı, vətəndi.

Bu ana torpaq ki var,

Anamızdı, vətəndi.

 

ya:

 

Dolan gəz,

Gözüm, könlüm dolan gəz,

Anam birdi, vətən tək, -

Dur başına dolan, gəz.

 

Onun ürəyindən süzülüb gələn bayatıları ilə anasızlıq dərdini unutmaq, oxucuda vətənə olan məhəbbəti daha da alovlandırmaq istəyib. İnsanları sülhə, qardaşlığa çağırıb, bir-birinə arxa-dayaq durmağa çağırıb. Dünyada böyük nüfuza malik olan türkləri dünya fövqəldövlətlərin təkləyib dənləməsinlər deyə haray çəkib.

 

Arxa dur,

Türküm, dosta arxa dur!

Türkü dəhşət bürüyüb,

Qardaşına arxa dur.

 

Teymur Bünyadov Azərbaycan qadınlarını həmişə uca tutub. Onlarla fəxr edib, qurur duyub. Qadını ilahi qüvvə, ulu varlıq adlandırıb. Onu bəşər üçün zinət, insanlığa şöhrət sanıb. Qadından umduğu ucalıq, bakirəlik, ülvilik, sədaqətdir.

Çox sevdiyi anamız Tomrisi hünər zəfər çələnginə bənzədir. Cəngavər amazonkaların - alban qadınlarının məhz Azərbaycanda yaşadığını sübut edir. "Kitabi-Dədə Qorqud" dastanındakı qız-gəlinləri etibar, ilqar, sədaqət, səmimiyyət örpəyi hesab edir.

 

***

 

Teymur Bünyadovun Azərbaycan sevgisi bir ümman qədərdir. O, vətənin torpağını, daşını bir-bir tədqiq edir, onun tarixini, etnoqrafiyasını öyrənir, gələcək nəsillərə çatdırır. Bu yaxınlarda Qəbələnin tarixinə, etnoqrafiyasına aid bir kitabın hazırlanmasının şahidi oldum. Böyük zəhmət bahasına başa gələn kitab gələcək nəsillər üçün qiymətli bir vəsaitdir.

Özünün doğulub boya-başa çatdığı Qazax mahalına olan sevgisi elə Azərbaycan qədərdir. "Qazax Xeyriyyə Cəmiyyəti" yarandığı gündən onun təsis etdiyi "Dəli Kür" qəzetinin abunəçisiyəm. "Dəli Kür"ün elə bir nömrəsi yoxdur ki, orada ağsaqqalımızın yazısı getməsin. Qazağın tarixinə, etnoqrafiyasına, məşhur müdrik adamlarına, dağına, dərəsinə, meşəsinə, çayına aid yazdığı məqalələr bir ürək sevgisindən, el-oba, yurd-yuva həsrətindən qidalanıb.

Deyirlər insan yaşlaşdıqca kövrək olar. Bu kövrəkliyi Teymur müəllimin bu yaxınlarda "Dəli Kür" qəzetinin səhifəsini bəzəyən "Təbib dağlar, məlhəm dağlar" məqaləsində hiss etmək olur. Teymur müəllim cavanlıq illərinin vərəqlərində qalmış yaddaşını təzələyir, at minib dağları belədən-belə, elədən-elə çapdığını həsrətlə xatırlayır.

 

***

Teymur müəllim ana yurdu, ata ocağı Qazaxdan yazdığı məqalələri, ümmandan bir neçə damlanı bizlərə - oxuculara təqdim etməklə qürur duyan insandır. Hələ qəlbimdə çox arzularım-diləklərim, çox sözüm-söhbətim qalıb. Deyilməmiş, oxunmamış mahnılarım, çalınmamış sazım qalıb, təki sağlıq olsun, ömür vəfa eləsin - deyir.

 

 

Salatın ƏHMƏDLİ

 

Ədəbiyyat qəzeti.- 2013.- 1 fevral.- S.5.