Şöhrətə atılan güllə
İlya Çavçavadzeni öldürən güllə
indi onun ev-muzeyində saxlanır
Bir dərə
bağırıb güllə
səsindən,
Açılıb döşlərdə
yarğan-yaralar.
Bir qaya
hellənib dağ zirvəsindən -
Bəlkə şairi yox, onu vuralar.
Çıxıb mehvərindən fayton çarxları,
Atlar göy qaşıyıb dırnaqlarıyla.
Səksənməsin
deyə gürcü dağları
O, boğub səsini dodaqlarıyla.
Qırmızı püskürüb vulkan sinəsi,
Ağaclar qırmızı yarpaq gətirib.
O gün düşmənini, al-qan sinəsi
Özüylə evinə qonaq gətirib.
Döşündə
yatmayıb qurğuşun
qonaq,
Keşikçi dayanıb ev
sahibinə.
Baxıram, boz kini indi
də oyaq…
Qorxur oyadarlar,
oyanar yenə…
Uyuyur bir
evdə ilham, xəyalət,
Şair ayrı deyil öz millətindən;
Şöhrətin yanında dustaq xəyanət
Necə də ərimir
xəcalətindən.
O, mənə çox tanış
göründü, dayan!
Neçə yüz illərin gülləsidir
o.
Bəlkə Nəsimini dabandan soyan
Cəllad bıçağının
qəlpəsidir o.
Bəlkə də, yayınıb yönəlib bura
Dantes gülləsinin təpdiklərindən.
Qafqazda sağ qalan Lermontovlara
Tuşlanan tüfəngin tətiklərindən.
Sabirə tuşlanan hiylələr hərdən
Nizəyə dönməyi bacarmayanda,
Tiflisin xəyanət muzeylərindən
Sifarişlər gəlib yəqin o anda.
Baxıram, bir xurma dənəsi
boyda
Bir güllə
nə dondan nə dona
girir.
Bəzən bir elatın qurduğu toyda
Min illik adətin qoynuna girir.
Sürünür şöhrətin quyruğunda
o,
Keçib divar olur yeri
gələndə,
Bir az aralı dur, aralı, qatso,
Qurğuşun göyərir şair görəndə…
Məmməd Araz
Ədəbiyyat qəzeti.- 2013.- 1 fevral.- S.3.