M.F.Axundzadə və Qərbi Avropa ədəbi-nəzəri fikri

 

Dünya mədəniyyətini öyrənmək öz doğma xalqının ədəbiyyatını, elmini və bütünlükdə mədəniyyətini daha dərindən öyrənməyə yeni imkanlar yaradır - fikri demək olar ki, professor Vaqif Arzumanlının elmi-ictimai fəaliyyətinin, yaradıcılığının aparıcı qayəsidir. Vaqif Arzumanlı ədəbiyyat və mədəniyyət tariximiz, ədəbi əlaqələrimiz sahəsində onlarla elmi monoqrafiyaların, böyük və kiçikliyindən asılı olmayaraq, həcmi söylədiyi fikirlərin elmi dəyəri ilə ölçülən məqalələrin müəllifidir. Vaqif müəllimin yaradıcılığı boyu davam edən dünya ədəbiyyatının öyrənilməsi və Azərbaycanda tanıdılması sahəsində çalışmaları Azərbaycan ədəbiyyatının araşdırılması və təbliği müstəvisində bu gün də yeni-yeni əsərlərlə zənginləşməkdədir. Tanınmış ədəbiyyatşünas alim Nizaməddin Şəmsizadənin yazdığı kimi, “Vaqif Arzumanlı 70-ci illərdə elmə gəlib, ədəbi əlaqələr adlanan, o vaxtlar üçün ancaq bir tərəfi, yalnız “böyük qardaşa” rəğbət hissi yaranan yeni bir elm sahəsində fəaliyyətə başladı... ilk dəfə... ədəbi əlaqələr sahəsinə Azərbaycan ruhunu qatdı və azərbaycançılıq istiqamətində geniş fəaliyyətə başladı. Azərbaycançılıq ruhu “S.Vurğun və E.Mejelatesin yaradıcılığında “insan” obrazı”, Yan Sudrabkaln C.Cabbarlı haqqında, “M.C.Topçubaşov və A.Mitskeviç”, “Mirzə Şəfi Litva və eston ədəbiyyatında”, “Azərbaycan Berznyek Upitin yaradıcılığında”, “Nizami və ingilis şərqşünaslığı”, “Nizami və fransa şərqşünaslığı”, “Azərbaycan ünvanlı və yaxud dünyaya səpələnmiş tarix və mədəniyyət incilərimiz barədə düşüncələr”, “Nizaminin Qərbi Avropada öyrənilməsi” və s. kimi elmi məqalələrin, “Azərbaycan və baltik xalqlarının ədəbi əlaqələri; “Azərbaycan-Litva ədəbi əlaqələri; “Azərbaycan-Ukrayna ədəbi abidələri”; “Azərbaycan-Pribaltika ədəbi abidələri”; “Azərbaycan ünvanlı...” və s. kimi monoqrafiyaların yaranmasına təkan verdi.

Ümumiyyətlə, ədəbiyyat və tarix Vaqif müəllimin həyat və yaradıcılığı boyu, tədqiq edilən, aşkar edilən faktların elmi şərhinə söykənən paralel xətlərdir desək, yanılmarıq. Ədəbiyyatımızı, ədəbi əlaqələrimizi tarixdə yaşatmaq və tariximizi ədəbiyyatımız, ədəbi əlaqələrimiz, ictimai-siyasi, hadisələr, beynəlxalq vəziyyət müstəvisində araşdırmaq Vaqif müəllimin Azərbaycan elminə ən böyük xidmətlərindən biridir. “Azərbaycan Xalq Cümhuriyyətinin milli siyasəti”; “Tarixin qara səhifələri: Deportasiya, soyqırım, qaçqınlıq”; “Tarix siyasətin, siyasət tarixin dili ilə”, “Azərbaycan Respublikası və türk ziyalılığının Mərkəzi Asiya və Şimali Qafqazda təşəkkülü”, “Bölünmüş Vətənin böyüklük rəmzi”, “Türk dünyası və “Böyük Ermənistan” xülyası” və s. monoqrafiyaları bu qəbildəndir.

Çoxsaylı monoqrafiyalar, məqalələr, məruzə və çıxışlar, çoxsaylı tərcümələr - onun fəal elmi-ictimai fəaliyyətinin məhsuldarlığını bir daha sübut edir.

“Mən ilk dəfə 1959-cu ildə Tiflis şəhərində olarkən, orada yaşayan qohumlarımız mənə müsəlman qəbiristanlığında Mirzə Şəfinin məzarını göstərmişdilər. Mirzə Şəfinin məzarı dahi mütəfəkkirimiz Mirzə Fətəli Axundzadənin məzarının iki-üç metrliyində yerləşirdi... M.Ş.Vazehin başdaşı üzərindəsə onun haqqında aydın oxunan qeydlər vardı... Sonralar - 1965-ci ildə ikinci dəfə yolum Tiflis şəhərinə düşərkən yenə həmin qəbiristanlığa baş çəkdim. Bu dəfə orada çox dəyişiklik olmuşdu. M.F.Axundzadənin məzarı üzərində ona büst qoyulmuş, amma M.Ş.Vazehin qəbirindən əsər-əlamət qalmamışdır... 1974-cü ildə akademik M.A.Dadaşzadənin 70 illik yubleyi qeyd edilən ərəfədə professor İ.K.Yenikolopov Bakıya gəlmişdi. Onu şəhərmizdə mən müşayiət edirdim. Söhbətlərimizin birində o məndən təəssüflə soruşdu ki, “axı niyə siz Mirzə Şəfinin məzarının qeydinə qalmırsınız”? Mən dedim ki, o kişinin qəbrinin yerini dəqiq bilirəm. Amma təəssüf ki başdaşı indi itib-batıb... O, “Çox heyif, nə qədər gec deyil, bu işin qeydinə qalmaq lazımdır” - dedi... Şairin məzarının yerində onun başdaşını yenidən bərpa etməyin nə qədər vacib olduğunun sübuta ehtiyacı yoxdur… Bir ədəbiyyatşünas kimi, bir vətəndaş kimi bu işin reallaşması naminə imkanım daxilində hər cür kömək göstərməyi özümə mənəvi borc hesab edirəm.

Hörmətlə,

 

Vaqif Arzumanlı

filologiya elmləri namizədi”

 

Bu sətirlər professor, politoloq Vaqif Arzumanlının 1981-ci ildə Azərbaycan KP MK-nın katibi Həsən Həsənova ünvanladığı məktubdandır.

Hələ yeniyetmə yaşlarından qəlbində alovlanan vətən sevgisi, doğma elinə, obasına, onun mədəniyyətinə, ədəbiyyatına, sənət adamlarına böyük rəğbət və məhəbbət duyğusu, onları dünyaya tanıtmaq, dünyanın gözündən Azərbaycanına fəxarət hissi ilə baxmaq Vaqif Arzumanlının bütün həyatı, yaradıcılığı, elmi-ictimai fəaliyyəti boyu davam etmişdir. Mirzə Şəfi - Mirzə Fətəli münasibətlərini dərindən araşdırarkən də müəllif daim “bu iki ədibin həyat və yaradıcılığının, eyni zamanda , XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin, yeni dövr ədəbi əlaqələrimizin neçə-neçə naməlum fakt və materialları” ilə zəngin olduğunu göstərirdi.

“Həm Azərbaycan, həm də dünya ədəbiyyatşünaslığında kim Mirzə Şəfinin həyat və yaradıcılığı ilə maraqlanıbsa, o, eyni zamanda, Mirzə Fətəli irsi ilə də məşğul olub...” Elə Vaqif müəllim də “Mirzə Şəfi irsini araşdırdıqca, Mirzə Fətəli irsinə olan marağı get-gedə çoxalıb və imkan daxilində hər iki mütəfəkkirin həyat və yaradıcılığını öyrənməklə yanaşı, onları bir-birinə bağlayan telləri də araşdırıb”, üzə çıxarmağa çalışıb... İllər sonra Vaqif Arzumanlı “Gərək Mirzə Fətəli barədə düşünək”- də dedi və düşündü də... (Fəryad, 1992, 8 sentyabr).

Bu günlərdə onun əsərlərinin sırasına yeni əlavə olunmuş və M.F.Axundzadənin 200 illik yubileyinə həsr edilmiş “M.F.Axundzadə və Qərbi Avropa ədəbi-nəzəri fikri” monoqrafiyası da müəllifin yuxarıda sadaladığımız azərbaycançılıq və bəşəri dəyərlərə hörmətlə yanaşmaq missiyasının davamıdır. Azərbaycan-Avropa ədəbi əlaqələrinin araşdırılmasında yeni bir səhifə açmış monoqrafiyada M.F.Axundzadənin həyat və yaradıcılığının Avropada öyrənilməsi, əsərlərinin Avropa xalqları dillərinə tərcümə edilməsi, alman, fransız, ingilis ədəbi-nəzəri fikrinin ədibin yaradıcılığına münasibəti məsələləri nəzərdən keçirilir. Eyni zamanda axundzadəşünaslıq istiqamətində Azərbaycanda əldə edilmiş uğurlardan bəhs edilərək onların ümumiləşdirilmiş təhlili verilir.

Monoqrafiyanın ilk fəsli “Azərbaycanı Avropaya bağlayan M.F.Axundzadə telləri” adlanır. Adı çəkilən fəsildə müəllif M.F.Axundzadəni ilk növbədə Şərq və Qərb ictimai-siyasi, sosial-mədəni, ədəbi-nəzəri fikrinin vəhdətinin həm yaradıcısı, həm də daşıyıcısı kimi görür. Bu aspektdə maraqlı tarixi faktlara, etibarlı elmi mənbələrə müraciət edən müəllif Axundzadə yaradıcılığının milli məhdudiyyət çərçivəsindən çıxaraq hər iki mədəniyyətin mütərəqqi, qabaqcıl ənənələrini üzvi şəkildə özündə qovuşdura bildiyini xüsusi qeyd edir.

Monoqrafiyada M.Ə.Rəsulzadə, F.B.Köçərli, A.Şaiq, Ə.B.Haqverdiyev, Y.V.Çəmənzəminli, H.Zeynallı, M.Rəfili, M.Hüseyn və b. görkəmli ədəbi şəxsiyyətlərin M.F.Axundzadənin Avropa ədəbiyyatı və mədəniyyətinə münasibətinin əsas xarakterik cəhətlərini əks etdirən əsərlərinə müraciət edilmiş və bu haqda fikirlər hərtərəfli şəkildə tədqiq edilmiş və ümumiləşdirilmiş nəticələrdə öz əksini tapmışdır.

Mustafa Quliyevin “Azərbaycan həyatının avropalaşdırıcısı” kimi gördüyü M.F.Axundzadə haqqında daha sonralar meydana gəlmiş Şeydabəy Məmmədovun Moskvada rus dilində nəşr edilmiş “M.F.Axundov” və Nadir Məmmədovun Bakıda nəşr olunmuş “M.F.Axundovun realizmi”, Samir Tağızadənin “M.F.Axundov və Avropa” , Zöhrə Əliyevanın “Azərbaycan maarifçiliyi və dünya ədəbi-nəzəri fikri (M.F.Axundzadə maarifçiliyi Azərbaycan və dünya ədəbi-nəzəri fikrinin gözü ilə)” kimi monoqrafiyaları da diqqətlə izləyən müəllif, eyni zamanda M.F.Axundzadənin əsərlərinin akademik nəşrinin indiyə kimi işıq üzü görməməsinə təəssüfünü də bildirir.

“Qərbi Avropa elmi-nəzəri fikrinə rəğbətin qaynaqları” araşdırılan bölmədə müəllif Mirzə Fətəlinin ədəbi-tənqidi yazılarında, fəlsəfi traktatlarında, hətta ayrı-ayrı şəxslərə və qurumlara ünvanladığı məktublarında Homer, Petrarka, Şekspir, Russo, Gizo, Renan, Volter, Monteksye, Lyusia, Mill, Kant, Holbax, Helvetsi, Bokl, Volney, Didro, Lebok, Molyer, Düma və b. şəxsiyyətlər haqqında fikir və mülahizələrini dərindən təhlil etmiş və bu aspektdə yaradıcılıq və dostluq əlaqələrinin roluna da diqqət yetirmişdir. Adı çəkilən müəlliflərə dair Mirzə Fətəli fikirlərinə işıq salarkən müəllif Qərbin burjua həyatının doğurduğu ictimai yaralara münasibətini də izləmiş və maraqlı fikirlər söyləmişdir.

“Alman ədəbi-nəzəri fikri və M.F.Axundzadə” adlanan fəsildə M.F.Axundzadənin alman dilinə tərcümə edilmiş əsərləri və tərcüməçilərindən (V.Şott, A.Vahrmund, G.Yagob, T.Lebel və b.) geniş bəhs edən müəllif Mirzə Fətəli ilə Fişer Kino, Adolf Berje arasındakı dostluq və yaradıcılıq münasibətlərinə də toxunur. Almaniyada M.F.Axundzadənin ədəbi irsinin öyrənilməsi ilə bağlı araşdırmalar aparan professor Teodor Mentsel və Horst Brandsın, şərqşünas H.V.Brandsın xidmətlərini xüsusi qeyd edir.

V.Arzumanlı yazır ki, M.F.Axundzadənin ədəbi irsinin nümunələri Avropada ilk dəfə məhz alman dili vasitəsilə ayaq açmış, üç məşhur komediyası alman dilinə tərcümə edilmişdir. Bundan sonra Qərbi Avropa ölkələrində bir-birinin ardınca görkəmli dramaturqun əsərləri fransız, ingilis, italyan, polyak, norveç və digər dillərə tərcümə edilərək yayılmışdır. V.Arzumanlı haqlı olaraq M.F.Axundzadəni XIX əsr Azərbaycan ədəbiyyatında fransız və alman bədii obrazlarını yaratmış ilk ədiblərimizin sırasında görür.

M.F.Axundzadə haqqında fransız ədəbi-nəzəri fikrini tədqiq edən müəllif əsərlərinin fransız mütərcimləri Barbye de Meynar, Alfons Silyer, Lyusen Buvanin, Lui Bazenin eyni zamanda fransız oxucuları ədibin həyat və yaradıcılığı ilə tanış edən yazılarından da bəhs edir. Lui Araqonun Axundzadə irsinin rus və Avropa ədəbi-nəzəri, ictimai-siyasi fikri ilə əlaqələrinə dair fikirləri, Azərbaycan dilini bilən L.Bazenin ədib haqqında obyektiv təhlilləri də müəllifin diqqətini cəlb etmişdir.

Axundzadə ədəbi irsinin ingilis dilinə tərcüməsi sahəsində ilk təşəbbüsün V.Haqqard və S.Sternə məxsus olduğunu bildirən müəllif ingilis ədəbi-nəzəri fikrinin araşdırıcısı kimi də çıxış edir və göstərir ki, adı çəkilən müəlliflər 1882-ci ildə “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyasının tərcüməsini, farsca mətnini, lüğət və izahlarla ayrıca kitab halında Londonda nəşr etdirmişlər. ABŞ şərqşünası, Azərbaycan ədəbiyyatı və tarixinin bilicisi, araşdırıcısı professor Tadeuş Svyataxovski “Kəmalüddövlə məktubları”nın tərcüməsi üzərində çalışması haqqında da məlumat verilir. Monoqrafiyanı müəllifin “Son söz əvəzi və yaxud “Mən bütün bəşəriyyəti sevirəm” deyən Mirzə Fətəlinin Avropa ilə bağlılıqlarının öyrənilməmiş səhifələri çoxdur...” başlıqlı son sözündəki bu misralar tamamlayır:

“...Qərbi Avropa şərqşünaslığı, bütünlükdə Avropa ədəbi-nəzəri fikri çox iş görmüşdür. Bütün bunların müqabilində M.F.Axundzadənin ictimai və humanitar elmlər sahəsində çalışan həmvətənlərinin borcu isə həmin işləri daha dərindən öyrənməkdən, yaddan çıxmış, nəzərdən qaçmış səhifələri axtarıb tapmaqdan, araşdırmaqdan ibarətdir”.

 

 

Əmin ƏFƏNDİYEV,

filologiya üzrə fəlsəfə doktoru

 

Ədəbiyyat qəzeti.- 2013.- 1 fevral.- S.4.