Gürcüstan: Soydaşlarımızın təhsil uğurları

  

Elmin təməli məktəbdən başlayır. Məktəb bilik, savad deməkdir. Məktəb illəri insan həyatında ən çox yadda qalan, unudulmaz daimi xatirəyə çevrilən bir dövrdür. İstər dünyamiqyaslı ictimai və siyasi xadimlər, istərsə də elm, mədəniyyət və incəsənət xadimləri vaxtilə məktəb partası arxasından çıxıblar. Şagirdlərin vətəndaş, şəxsiyyət kimi formalaşıb intellektuallıq və kamillik dərəcəsinə çatdırılmasında məktəbin rolu danılmazdır.

Avropa təhsilinə inteqrasiya edən Gürcüstan Respublikasında təhsildə qazanılan uğurlardan, əlbəttə, bu ölkədə, yaşayan yarım milyondan çox azərbaycanlı da yararlanır. Bu gün Gürcüstan məktəblərində təhsil alan məzunların səsi-sorağı dünyanın hər yerində eşidilir.

Vaxtilə 1865-ci ildə Tiflisdə, qulluqçu ailəsində anadan olan, ilk təhsilini Tiflis gimnaziyasında alan Bakı Dumasının sədri, Azərbaycanın ilk parlamentinin sədri olmuş, 1920-1934-cü illərdə Parisdə mühacir həyatı yaşamış, Azərbaycanın müstəqilliyi uğrunda mübarizəni burada davam etdirmiş Əlimərdan bəy Topçubaşov, 1870-ci ildə Tiflisdə anadan olmuş, Qori Müəllimlər Seminariyasını bitirmiş, Azərbaycan SSR Xalq Komissarları sovetinin sədri, SSRİ Mərkəzi İcraiyyə Komitəsinin həmsədrlərindən biri, Azərbaycan SSR-in ilk dövlət və hökumət başçısı olmuş Nəriman Nərimanov, 1881-ci ildə Tiflis şəhərində doğulmuş, ilk təhsilini altısinifli məktəbdə alan, çoxlu sayda dərs kitablarının, pyeslərin, hekayələrin, poeziya və nəsr əsərlərinin müəllifi, uşaq şairi kimi tanınan Abdulla Şaiq, 1872-ci ildə Ahıska (Axalsix) Qəzasının Azqur kəndində anadan olan, ilk təhsilini kənd camesində almış, Cənub-Qərbi Qafqazda ilk müstəqil türk respublikası "Ahıska hökuməti-müvəqqətəsi"nə hökumət rəisi seçilən, sonralar 1937-ci ildə repressiyanın qurbanı olmuş, "Molla Nəsrəddin" jurnalının fəal üzvlərindən biri Ömər Faiq Nemanzadə, 1860-cı ildə Tiflis şəhərində anadan olmuş, 10 yaşında mədrəsə təhsilini bitirdikdən sonra 1882-ci ildə Qori müəllimlər seminariyasını bitirmiş 1906-1918-ci illərdə çar Rusiyasının çoxmilyonlu türk əhalisi içərisindən çıxan ilk və son senzor olub, Qafqaz Senzura komitəsində Şərq dilləri üzrə senzor vəzifəsində çalışan, Azərbaycan mətbuatı tarixinə dair "Materialı dlya istorii tyurkskoy peçati na Kafkaze" (1926) adlı monumental əsərin müəllifi, 1937-ci il repressiyasının qurbanı Mirzə Şərif Mirzəyev kimi insanlarla xalqımız haqlı olaraq fəxr edir.

Gürcüstanda soydaşlarımızın təhsil aldığı adı dillər əzbəri olan məktəblər onlarcadır. Belə ocaqlardan biri də Tbilisi şəhərindəki 64 saylı təhsil ocağıdır. 1955-ci ildən "Rus-Azərbaycan" məktəbi kimi fəaliyyətə başlayan məktəb 2010-cu ildən "Gürcü-rus-Azərbaycan" ümumtəhsil məktəbinə çevrilmiş və bu təhsil müəssisəsinin bazası əsasında "Azərbaycan bölməsin"də azərbaycanlılar təhsil alırlar.

Bu təhsil ocaqlarında babaların gözünü maarif ziyalısıyla şölələndirmiş Nazlı xanım Şahtaxtlı, Bağır Ərdahanlı, Şəkərnuş Ərdəhanlı, Əsəd Ağayev, Məmməd Sadıqov, İbrahim Manaflı, Aləmzər Rzayeva, Məhtab Nuriyeva, Şövkət Əhmədova, Ruqiyyə İsfahanlı, Gülənbər Haqverdiyeva, Rəhman Seyidov, Sevil Əliyeva, Əzizə Səfərzadə, Məhərrəm Dursunov, Musa Hüseynov, Hacı Nəsibov, Süleyman Rəhmanov, Məmməd Qəribov, "Şərəf" ordenli Ziyəddin Həmidov və başqalarını ehtiramla xatırlamalıyıq.

Tiflis Azərbaycan məktəblərinin yetirmələri arasında mayestro Niyazi, Azərbaycanın xalq artistləri Mustafa Mərdanov, Əli Qurbanov, Möhsün Sənani, Gürcüstanın xalq artisti İbrahim İsfahanlı, Gürcüstanın əməkdar artistləri Abbas Qurbanov, Reyhan Tağıyeva, Azərbaycan Elmlər Akademiyasının akademiki, prezidenti olmuş Zahid Xəlilov, akademiklər İsmayıl Hüseynov, Ələkbər Quliyev, Maqsud Əliyev, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü İsa Kərimov, kimya elmləri doktoru professor Musa Haşımov, fizika-riyaziyyat elmləri doktoru Məmmə d Talıblı, professorlar Ağa Xəlilov, Aydın Məmmədov, Dilarə Əliyeva, Eldar İsmayılov, Hamlet İsmayılov, Akif Hüseynov, Tahir Hüseynov, iki dəfə Sosialist Əməyi Qəhrəmanı Akif Cəfərov, tanınmış müğənni Safura Əzimi, sevimli şairimiz Adil Babayev, yazıçı-dramaturq Rza Şahvələd, tanınmış kino rejissoru Həbib İsmayılov, ərəb və fars sözləri lüğəti kitabının məsul redaktoru professor Yusif Ziya, məşhur dəmiryol mühəndisləri Cavad Cabbarov, Xanbaba Qurbanov, İsmayıl Rzazadə, İtaliya partizan dəstəsinin komandiri olmuş Əbülfəz Səfərzadə, əməkdar jurnalist Məmmədhüseyn Bəxtiyarlı və başqaları fəxri yer tuturlar.

Ana dilini sonsuz məhəbbətlə sevən azərbaycanlı övladlar başqa millətin övladlarının da təhsil aldığı məktəbdə nümunəvi və yüksək təhsil almağa sövq edirlər. Sovet dövründə 600-700 şagirdin təhsil aldığı məktəbdə şagirdlərin sayı ilbəil azalmış, məlum 1989-cu il hadisələrindən sonra bu rəqəm əgər 1993-cü ildə 250 nəfər olmuşdusa, hazırda bu rəqəm 130 nəfərə bərabərdir.

Məktəbdə dəfələrlə olmuşam. Son dəfə təhsil ocağı ilə daha dərindən tanışlıq məqsədilə dərs hissə müdiri Gülnar Ağayevanı dinləməyi və məktəbdə təhsilin indiki vəziyyəti haqqında danışmağı ondan xahiş etdim. O dedi: - Məktəbimizə gəlişinizə görə sizə minnətdaram. "Ədəbiyyat qəzeti"nin avqust-dekabr saylarını məktəbə gətirməyiniz bizi son dərəcə sevindirir. Çünki uzun müddətdir ki, bu qəzetin üzünü görmürdük. Vaxtilə biz müəllimlər "Ədəbiyyat və incəsənət" kimi nəşr olunan qəzetin daimi oxucusu olmuşuq. "Ədəbiyyat qəzeti"ni oxumayan müəllim necə dil və ədəbiyyatı tədris edə bilər. Şagirdlərin qəzeti vərəqlədiyini və diqqətlə oxuduğunu görürsünüz. 45 illik pedaqoji stajım olsa da, son vaxtlar həm biz, həm də şagirdlər Azərbaycan dilində mətbuat qıtlığı ilə üzləşirik.

Şagirdlərimiz öz ana dilində oxusalar da, yaşadığı ölkənin dilinə və mədəniyyətinə hörmət ruhunda tərbiyə olunurlar. Biz müəllimlər də uğurlu nəticələr əldə etmək üçün səylə çalışırıq. Onlarla müəllimin işlədiyi bu pedaqoji kollektivdə şagirdlərin bilikli, vətənpərvər şəxsiyyət kimi böyüməsi üçün peşəkar müəllimlər ordusu gücünü, həyat təcrübəsini əsirgəmir. Müəllimlərdən Nigar Allahverdiyeva, Tərlan Hüseynova, özfəaliyyət dərnəyinin rəhbəri Ceyran Qurbanova, əməkdar müəllim Lia Şaozadze, Leyla Quliyeva, Lia Abuladze və başqalarının adlarını iftixarla çəkə bilərəm. Məktəbdə şagirdlərin dərin biliklər əldə etməsi üçün biz təlim-tədrisi təkmilləşdirir, onlarda təfəkkürün yeniləşməsinə çalışırıq. XII sinif şagirdləri Siyamin Abbasov və Nərminə Qocayeva, XI sinif şagirdləri Rüstəm Rüstəmov, Elvira Xeybullayeva, IX sinif şagirdi Bahar Həsənova, VIII sinif şagirdi Məryəm Topçiyeva, VI sinif şagirdi Lamiyə Şəmilova əlaçı olmaları ilə yanaşı, nizam-intizamda da fərqlənirlər.

Bizim məktəbi bitirən yüzlərlə məzunların qazandığı uğurları şagirdlərə nümunə göstərir və gələcəkdə də bugünkü şagirdlərin məktəbin adını uca tutacağına əminik. Qəzetin hər sayını bizə çatdıracağınıza söz verdiyinizə və Borçalı övladı kimi təəssübkeşliyinizə görə sizə minnətdaram.

Məktəbdə müsbət dəyişikliklərlə yanaşı, çatışmazlıqlar da, maliyyə çatışmazlığı ucbatından çoxdur. Belə ki, məktəblərin əyani vəsait və dərs ləvazimatları ilə təmin olunması lazımi səviyyədə deyil. Heydər Əliyev fondunun dəstəyi ilə Azərbaycandan göndərilən pulsuz dərs vəsaitləri 2007-2008-ci tədris ilindən bizim məktəbə çatdırılmır. Kitablar yararsızdır. Ümidvarıq ki, 2013-2014-cü ildə təzə kitablar alacağıq".

Məktəbdə şagirdlərdən bir neçəsi ilə tanış oldum. Ən çox diqqətimi cəlb edən IX sinif şagirdi Bahar Həsənova oldu. Öyrəndim ki, bu qız Borçalının ən ağır və sanballı, saz-söz ocağı sayılan faxralı kəndinin adlı-sanlı aşığı Nəsib kişinin oğlu Ələddin Həsənovun (mərhum Gürcüstan radiosunun Azərbaycan dilində aparıcı diktoru olub) oğul nəvəsidir. Dərin elmi zəkaya malik olan Bahar gürcü dilini ana dili kimi bilir və "Ədəbiyyat qəzeti"ndəki bəzi maraqlı məqalələri gürcü müəllimlərə tərcümə edərək onları tanış etdi. Söhbətdən aydın oldu ki, Bahar hüquqşünas olmaq arzusu ilə yaşayır. Müəllimləri də onun arzusunun gerçəkləşməsinə əmindirlər.

Məktəbdə informasiya-kommunikasiya texnologiyasından müasir qaydada yüksək səviyyədə istifadə olunmasının şahidi oldum. Təhsil sisteminin informasiyalaşdırılması məqsədilə Gürcüstan üzrə birinci sinfə daxil olan şagirdlərin hər birinə kompyuterin paylanması bunun əyani sübutudur.

…Məktəbdən xoş təəssüratla ayrıldım və müəllimlərə müqəddəs peşələrində yüksək uğurlar arzuladım.

 

 

Almaz Koxalı

 

Ədəbiyyat qəzeti.- 2013.- 1 fevral.- S.3-4.