Məni

 

Heyranam Tiflisə uşaq çağımdan

Bir o yerlərə yetirin məni.

Səhərlər aşırıb Sənan dağından

Güllərin içində itirin məni.

 

Göy otun üstündə kəsin quzunu,

Kabab sulanmamış səpin duzunu.

Kaxet çaxırıyla kəl buynuzunu

Doldurub bir hala gətirin məni.

 

Yayılsın ətrafa çonqurun səsi,

Ruhuma doğmadır gürcü nəğməsi.

Düşəndə axşamın sərin kölgəsi

Kürün körpüsündən ötürün məni.

 

Çayın sahilində yaşıl bağça-bağ,

Hər evdə, eyvanda təzə çilçıraq

Sevirəm Tiflisi, sevirəm, ancaq

Öləndə Qazaxdan götürün məni.

 

 

Hüseyn Hüseynzadə

 

Ədəbiyyat qəzeti.- 2013.- 1 fevral.- S.3.