Dostluq çələngi
Əlaqələr
“Azərbaycan bizim üçün, həmçinin
digərləri üçün yaxşı bir nümunədir.
Əslində biz bunu adi bir hal kimi qəbul etməli deyilik. Biz
həmçinin regionda digər hadisələri də
görmüşük və hesab edirik ki, məhz bu
baxımdan Azərbaycan xüsusi bir istisnadır.”
Dost, qardaş Gürcüstan
Respublikasının Prezidenti cənab Mixeil Saakaşvilinin
şəksiz reallığa əsaslanan bu qiymətli fikirləri
Azərbaycan və Gürcüstan xalqlarının əsrlər
boyu inkişaf edib gələn ictimai-siyasi-ədəbi əlaqələrinin
tarixi ifadəsidir.
Bu
günlərdə nəfis şəkildə çap
olunmuş “Dostluq çələngi” kitabı (“Nurlar” Nəşriyyat-Poliqrafiya
Mərkəzi. Toplayanı, tərtib edəni və ön
sözün müəllifi f.e.d., prof. Teymur Əhmədov)
oxuculara Azərbaycan və Gürcüstan xalqlarının
mehriban dostluq və qardaşlıq əlaqələrini, səmimi
duyğularını əks etdirən qiymətli bir hədiyyədir.
Bu
sayımızda həmçinin qardaş Gürcüstan
Respublikasında yaşayan soydaşlarımızın
övladlarının təhsil aldığı məktəblərdə
doğma ədəbiyyatımızla - “Ədəbiyyat qəzeti”mizlə
maraqlandıqlarını göstərən materiallarla da
tanış ola bilərsiniz.
Azərbaycan
və Gürcüstan xalqlarının tarixi qonşuluq əlaqələri,
qarşılıqlı mənəvi dostluğu Nizami Gəncəvi,
Şota Rustaveli, Molla Pənah Vaqif, Besiki, Mirzə Fətəli Axundzadə,
İlya Çavçavadze, Səməd Vurğun, Georgi
Leonidze kimi qüdrətli sənətkarların əsərlərində
əksini tapmışdır.
Gürcü
şairi Şalva Abaxidze yazır: "Bu dostluq bir ənənə
halını almış, əsrlərdən-əsrlərə
getdikcə möhkəmlənmiş, xalqımızın nəsillərdən-nəsillərə
verdiyi poetik estafetə çevrilmişdir" (Şalva
Abaxidze. Poeti vse yedinoy krovi…
"Zarya Vostoka" qəzeti, 28 sentyabr 1967-ci il).
Zaman
keçdikcə, Azərbaycan və Gürcüstan
xalqlarının monolit birliyə çevrilən dostluq və
qardaşlıq əlaqələri yazıçıların əsərlərini
yeni mövzularla zənginləşdirmişdir. Azərbaycan
xalq şairi Süleyman Rüstəm 1929-cu ilin yazında
gürcü şair, nasir və ədəbiyyatşünas
alimlərin Bakıya gəlişini, şəhərin tarixi, mədəni-sənaye
ocaqları ilə tanışlığını
xatırlayır. Bu görüşün ədəbi əlaqələrin
möhkəmlənməsində əhəmiyyətindən
söhbət açır.
Gürcü
yazıçısı Demna Şengeliyanın
"Bakı", jurnalist Vano Sulukidzenin "Gürcü
yazıçıları Bakıda" adlı yol qeydlərində
də dostluq səfərinin təəssüratları məhəbbətlə
qələmə alınmışdır. Bakı
görüşləri gürcü şairlərinin
yaradıcılığına təsirsiz
qalmamışdır. Valerian Qaprindaşvilinin
"Bakı", Simon Çikovaninin "Qız
qalası", Georgi Leonidzenin "Azərbaycan şairlərinə"
şeirlərində gürcü xalqının ən nəcib,
müqəddəs dostluq duyğuları tərənnüm
olunmuşdur. Georgi Leonidze Azərbaycan şairlərinə
müraciətlə yazırdı:
Bizə həmdəm
oldu dostluq, məhəbbət,
Bir an
ayrılmadı yaradan ellər,
Getdi birdəfəlik
əsarət, möhnət,
Bizi gələcəyə
səslədi illər…*
(Tərcümə
Əflatun Saraclınındır)
Azərbaycanın
xalq yazıçısı, akademik Mirzə İbrahimov
"Gözəl Gürcüstan" məqaləsində Azərbaycan
yazıçılarının 1952-ci ilin avqust ayında XVIII əsrdə
yaşayıb-yaratmış şair David Quramişvilinin vəfatının
160 illiyi münasibətilə Tbilisi şəhərində
keçirilən təntənəli iclasda iştirakından ətraflı
söhbət açır. Böyük gürcü şairi
David Quramişvilinin şərəfinə Gürcüstanda
keçirilən tədbirləri fərəhlə təsvir
edir. Məqalənin bir yerində Mirzə İbrahimov
yazır: "Gürcüstanda qaldığımız beş
gün ərzində hər tərəfdə ədəbiyyat
və mədəniyyətə sönməz məhəbbətin
şahidi olduq. Budur, biz dağların qoynunda düşmüş
asfalt yollarla gəlib Lamisxana kəndinə
çıxmışıq. Bu, Quramişvilinin doğma kəndidir.
İndi burada varlı və mədəni zəhmətkeşlər
yaşayır. Onlar həvəslə qabağa
düşüb bizi aşağıya, yaşıl otlar,
hündür qarğıdalı əkinləri və qalın
meşəliklə örtülmüş uzun, geniş bir dərəyə
aparırlar. Dərə nə gözəl, nə zəngindir!
Onun soyuq və dumduru bulaqları yaşıl otların
arasında sakitcə axıb gedir. Biz kiçicik bir
bulağın başında durmuşuq. Müasir
Gürcüstanın görkəmli şairi, iki dəfə
Dövlət mükafatı laureatı Georgi Leonidze dağ
boyda bədənini əyərək bulaqdan su
götürür və bir-bir qonaqlara verir:
-
İçin, müqəddəs sudur, - deyir, - Quramişvili bu
bulaqdan su içmişdir".
Mirzə
İbrahimovun "Gözəl Gürcüstan" məqaləsində
gürcü xalqına son dərəcə dərin, səmimi
dostluq və qardaşlıq məhəbbəti əks
olunmuşdur.
"Bulaqdan
bir az aralı böyük bir ağacın altında süfrə
açılır, buraya həm qonaqlar, həm də yerli
adamlar toplanır. Quramişvilinin xatirəsinə, xalqlar
qardaşlığı şərəfinə badələr
qaldırılır, işdən qayıdan qızlar buradaca
qol-qola tutaraq mahnılar oxuyurlar…
Quramişvili
haqqında nəsildən-nəslə eşitdikləri əhvalatları
nağıl edirlər… Axşamdan xeyli keçmiş, göydə
ulduzlar parlayan zaman biz kəndi tərk edirik, mahnı səsləri
isə kəsilmir. Ümumən gürcü xalqı musiqini
çox sevir! Arvad-kişi bir yerdə mahnı oxuyur,
oynayırlar. Bu, xalqın məişətinə daxil olmuş
gözəl adətdir.
…Gürcüstanın
səfalı guşələrindən biri Suramidə də
kollektiv oxunan mahnılar və rəqslərlə
qarşılandıq. Suraminin əfsanələrlə dolu,
lakin zamanın artıq uçurmuş olduğu hündür qədim
qalası, damı qırmızı kirəmidli
yaraşıqlı evləri yamyaşıl ağaclar
arasında itmişdir. Onu əhatə edən dağlar və
təpələrdən sərin yel əsir. Budur, yol şəhərin
içindən keçərək təpənin başına
dırmaşır. Yolun hər iki tərəfi bayram
paltarı geymiş dəstə-dəstə adamlarla doludur.
Aşağıda, dərədə meydan quraraq gürcü pəhləvanları
güləşir, yuxarıda, təpənin üstündəki
meydançada isə musiqi çalınır, bizim Qarabağ
qadınları kimi geyinmiş bir dəstə qız ahəngdar
səslə oxuyur.
…Gürcüstanın
havası, suyu, uca dağları, yaşıl meşə və
bağları gözəldir. Yerin üstündə təbiət
onu sanki bir parça zümrüd kimi, üzüyün
qaşı kimi yaratmışdır. Bu tarix, məğrur
ruhlu, dönməz ürəkli bir xalqın azadlıq və
yaxşı həyat uğrunda əsrlər boyu davam etmiş
qəhrəmanlıq mübarizəsindən ibarətdir. Gürcüstan
yollarında uca dağların zirvəsində tikilmiş
qalalara, müxtəlif sənət abidələrinə tez-tez
rast gəlirsən. Keçmişin ağır zülm şəraitində
belə xalqın böyük yaradıcı dühası
susmamışdır. Bütün bunlar gürcü
qardaşlarımızın ürəyində həqiqi iftixar
hissi oyadır".
Kiçik həcmli
ön sözdə xalq yazıçısı, akademik Mirzə
İbrahimovun "Gözəl Gürcüstan" məqaləsindən
geniş iqtibas gətirməyim təsadüfi deyildir.
Çünki mütəfəkkir yazıçının
Gürcüstana, gürcü xalqına məhəbbət dolu
sözlərində iki qonşu, qardaş xalqın tarixi
taleyini, mənəvi bağlılığını,
qürur və yenilməzliyini ifadə edən sözləri həyəcansız,
iftixar hissi keçirmədən oxumaq
qeyri-mümkündür. Mirzə İbrahimov müşahidə
etdiyi ürəkaçan hadisələrdə iki xalqın
bir-birinə bağlılığını sübut edən
tarixi əlaqələri, oxşarlıqları da gözdən
qaçırmamışdır.
O,
Gürcüstanda Qori şəhərindəki seminariyanı
görəndə Cəlil Məmmədquluzadə, Firidun bəy
Köçərli, Nəriman Nərimanov, Üzeyir bəy
Hacıbəyli kimi Azərbaycanın siyasi, elm, maarif və mədəniyyət
xadimlərinin tərbiyə aldıqları elm ocağı
qarşısında heyrətlə yazır: "Bu sadə
bina gürcü və Azərbaycan xalqının
keçmiş mədəni əlaqələrini, tarixi
qardaşlığını xəyalımızda
canlandırır…
Gürcüstandan
biz ən yüksək hisslərlə ayrılırıq.
Ürəyimizdə qardaş gürcü xalqına təşəkkür
edirik: bizə müstəsna hörmət və məhəbbət
göstərdilər. Gürcülər dostluğa,
qardaşlığa, səadətə layiq xalqdır!"
Xalq şairi Əhməd
Cəmil də Gürcüstanda dönə-dönə
olmuşdun: Bu ölkənin qonaqsevər adamları,
Böyük Qafqaz sıra dağları ilə Kiçik Qafqaz
dağlarını birləşdirən Suram silsiləsinin hər
iki ətəyindəki qeyri-adi təbii gözəlliyi, əzəmətli
memarlıq abidələri, qədim qalaları, Kür, Araqva,
Alazan çayları, gur şəlalələri onu heyran
etmişdi. "Tbilisinin füsunkar gözəlliyi,
yaşıllığa qərq olmuş Batuminin sahil mənzərələri,
yaz vaxtı Kutaisidə çiçəklənən
bağların ətri, qədim Qori qalasının əzəməti,
yayda Bakurianiya qalxan qatarın keçdiyi dərələr,
Bakurianinin, Mangilisin səfalı şamlıqları, Borjomun,
Sxaltubonun şəfaverici suları" onda xoş, unudulmaz
duyğular oyatmışdır. Şair ilin bütün fəsillərində
gözəl olan Gürcüstanın vurğunu olmuşdur:
…Yayda
geniş çöllərində
Meh əsəndə
hər səhər,
Dalğalanar
dərya kimi
Sarı
sünbül zəmilər.
Kolxidanın
mavi gözlü
Gəlinitək,
qızıtək,
Payız
örtər bağ-bağçalar
Bir
narıncı tül örpək.
Qışda
Suram dağlarına
Düşənəcən
hələ qar,
Gürcü
qızlar Minqreliya
Bağlarında
yığar bar.
Çox
olmuşam o torpağın
O dost elin
qonağı,
Addım-addım
tanıyıram
Mən orda hər
budağı,
Gözəl
olur Qara dəniz
Sahilləri
payızda,
Nəğmələri
diyar-diyar
Gəzir dildə,
ağızda.
Dağlarında
buz bağlayır
Qışdan-qışa
qalan qar,
Bağlarından
sovqat gedir
Dost ellərə
qış-bahar…
Əziz
qardaş Gürcüstanı
Var olsun bu cəlalın!
Çiçəklənsin
qoy daha da
Hər kəndin,
hər mahalın.
Müasir Azərbaycan
və Gürcüstan yazıçıları qədim
dövrlərdən xalqlar arasında yaranmış dostluq və
mehriban qonşuluq ənənələrini davam etdirir, onu daha
da möhkəmləndirirdilər. 1939-cu ilin may ayında
gürcü yazıçılarının - Pavlo
Paşvilinin, Titsian Tabidzenin, İosif Qrişaşvilinin
Bakı şəhərinə, iyun ayında isə Azərbaycan
yazıçılarının - Əbdürrəhim bəy
Haqverdiyevin, Süleyman Sani Axundovun, Abdulla Şaiqin, Əhməd
Cavadın, Mikayıl Müşfiqin, Süyleyman Rüstəmin,
Səməd Vurğunun, Məmməd Rahimin, Cəfər
Cabbarlının Tbilisi şəhərinə dostluq səfəri
iki qardaş xalqın ictimai-siyasi və ədəbi həyatında
böyük hadisəyə çevrilmişdi. Xalq şairi
Süleyman Rüstəm qəlbini riqqətə gətirən
bu görüşdən təsirlənərək
yazırdı:
Torpağına
basdım ayaq,
Güldü
könül, güldü dodaq.
Qoynun meşə,
ətrafın dağ,
Yox
başında duman, Tiflis.
Açdın
mənə ürəyini,
Gördüm
sonsuz diləyini,
Sənin bu
duz-çörəyini
Unutmaram bir
an, Tiflis.
Tarixi dostluq
görüşündən sonra Azərbaycan və
gürcü xalqlarının ictimai-siyasi, mədəni əlaqələri,
əməkdaşlığı şairlərin
yaradıcılığında beynəlmiləlçilik
motivlərinin güclənməsinə səbəb
olmuşdu. Süleyman Rüstəm "Bakı-Tbilisi",
"Qafqaz ordusu", "Köksü qərənfilli şairə"
(Tutsian Tabidzeyə), "Qardaşlar", "Məndən
soruşun", "Öpürəm torpağını"
və sairə şeirlərində Azərbaycan-gürcü
xalqlarının dostluğu tərənnüm edirdi. Şair
lirik şeirlərində tarixi dostluğun zaman ötdükcə
daha da möhkəm və sarsılmaz olmasını coşqun
bir səmimiyyətlə hamıya car çəkirdi. Onun
ictimai idealı Azərbaycan-gürcü xalqlarının həmrəyliyi,
möhkəm birliyi və xoşbəxtliyi idi. Süleyman
Rüstəm sarsılmaz qardaşlıq münasibətinin
"nəsillərdən-nəsillərə", "bahar
kimi könüllərdən-könüllərə"
keçəcəyinə inanırdı.
O,
"Öpürəm torpağını" şeirində
deyirdi:
Gürcü
qardaş, məni hər yerdə
hayan bil
özünə,
Ürəyimtək
bu geniş süfrəm
açıqdır
üzünə.
Təzədən
dinləmək istər bu könül
mahnınızı,
İncə
bir mahnı desin qoy bacımız
gürcü
qızı.
Məlum
olduğu kimi, Süleyman Rüstəm Səməd Vurğun və
Məmməd Rahimlə gürcü ədəbiyyatının
incisi "Pələng dərisi geymiş pəhləvan"
dastanını Azərbaycan dilinə ilhamla tərcümə
etmişdir, Şota Rustavelinin 750 illik yubileyi ərəfəsində
poemanın kütləvi tirajla nəfis nəşri xalqın
böyük rəğbəti ilə
qarşılanmışdı.
Şota
Rustavelinin "Pələng dərisi geymiş pəhləvan"
poeması Azərbaycan xalqına ən dəyərli hədiyyə
idi. Süleyman Rüstəm Şota Rustaveliyə həsr etdiyi
şeirlərdə onun ürəklərə yol
tapmasından, ümumdünya şöhrətindən iftixarla
söz açırdı.
Süleyman
Rüstəm yazırdı: "Yaxşı yadımdadır,
kitab ("Pələng dərisi geymiş pəhləman"
- red.) bir neçə günün içində
satıldı. Bundan sonra bir çox ailələrdə yeni
doğulmuş uşaqlara poemanın əsas qəhrəmanları
Tariel, Avtandil, Firidunun adı verilirdi. Kitab Azərbaycan və
gürcü xalqlarının dostluğu haqqında hər ailədə
maraqlı və qızğın söhbətlərə səbəb
olmuşdu .
Fərəhli
haldır ki, Nizami Gəncəvidən bu günə qədər
Azərbaycan şeiri salnaməsində gürcü xalqına,
Gürcüstanın heyrətamiz təbii gözəlliyinə
ən ülvi poetik münasibət əksini
tarmışdır. Qafqaz regionunda ən möhkəm dostluq və
qardaşlıq əlaqələri olan Azərbaycan və
gürcü xalqlarının ən ağır zamanlarda
bir-birinə dayaq durması və əməkdaşlığı
tarixi sınaqlardan çıxmışdır.
Məhz ona
görə də taleyi bir olan bu xalqlarda doğmalıq
duyğuları nəsildən-nəslə ötürülərək
ənənəvi hala çevrilmişdir. Xalq
yazıçısı Məmməd Araz "Kür məcrası
kimi…" məqaləsində yazır: "Bu iki xalqın
tarixə "məlum olmayan" elə dostluq, qonşuluq
münasibətləri, toy-yas mərasimləri, get-gəlləri
var ki, bunların çoxunu xalq özünün mərasimində,
bayatısında ifadə edib, daşa-torpağa
yazmışdır. "Gürcü adı",
"gürcü məclisi", "gürcü adət-ənənəsi"
ilə bağlı onlarla məsəllər, atalar sözləri
və s. mövcuddur".
Oxuculara təqdim
etdiyimiz "Dostluq çələngi" kitabında
gürcü xalqına ən ülvi dostluq
duyğularını əks etdirən şeirlər
toplanmışdır. Bu istiqamətdə hörmətli Mədəd
Çobanov "Sevirəm Gürcüstanı" (B.,Azərnəşr,
1971) toplusunda ilk təqdirəlayiq təşəbbüs
etmişdir. O, Məmməd Arazın ön sözü ilə
çağdaş Azərbaycan şairlərinin şeirlərindən
nümunələri çap etdirmişdir.
"Dostluq
çələngi" mətbuatda, kitab və məcmuələrdə
dərc olunan və müəlliflərin özləri tərəfindən
göndərilən şeirlər əsasında tərtib edilmişdir.
Müqəddəs
dostluq əlaqələri hər iki xalqın bədii ədəbiyyatında
öz əksini tapmışdır. Bu tarixi ədəbi hadisəni
bütövlükdə araşdırmaq son dərəcə
faydalı olardı.
Teymur ƏHMƏDOV,
professor
Ədəbiyyat qəzeti.- 2013.- 1 fevral.-
S.1-3.