“Qardaş köməyi”
“Qardaş köməyi” kitabı 2012-ci ildə
“İpəkyolu” nəşriyyatında Türkiyə
Respublikası Baş nazirlik
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi və Gəncliyə
Yardım Fondunun dəstəyi
ilə çap olunmuşdur.
Kitabın məsləhət heyəti Nizami
Cəfərov, Salih Polat,
Ahmet Tecimdir.
Mətni
transliterasiya edən Arif
Həşimov, Sedat Demir,
İbrahim Eroldur. “Qardaş köməyi” kitabında yer alan yazılar həm əski
əlifbada, həm Türkiyə türkcəsində, həm
də latın qrafikası ilə Azərbaycan dilində nəşr
olunmuşdur. Toplunun üz qabığında Əzim Əzimzadənin
bir rəsmi verilmişdir.
Şəklin altında bu misralar
yazılmışdır:
Düşüb ormanda zəxmnak ahu, -
Bakışır
zar-zar neçələri;
Yad edərlər məzalimi-bəşəri
Bu da bir şeri-məhzəni digər.
“Qardaş köməyi” kitabının içərisində
maraqlı fotoşəkillər də verilmişdir.
Kitaba
ön sözü Gəncliyə
Yardım Fondunun prezidenti Ahmet Tecim, “Türkiyə-Azərbaycan: etle tırnak, ayrılmaz iki
parça” məqaləsini TBMM Adana millət vəkili, Türkiyə-Azərbaycan
Parlamentlərarası Dostluq qrupu başqanı Necdet Ünüvar, təqdimatı Atatürk
Universiteti Kazım Karabekir
Egitim fakültəsi tarix
egitimi Anabilim
Dalı başkanı Betül Aslan yazmışdır.
Kitabda Azərbaycan-Türkiyə
parlamentlərarası dostluq qrupunun həmsədri Nizami
Cəfərovun “Qardaşlıq borcu,
insanlıq vəzifəsi” məqaləsi çap
olunmuşdur.
“Qardaş
köməyi” Türkiyə torpaqlarında
Sarıqamış, Qars, Ərdahan,
Kağızman, Oltu, Ərzurum, Nasanqala, Nınıs, Van, Ərciyəz,
İspır, Ərzincan, İğdır, Trabzon
və s. bölgələrdə
müharibədən zərər çəkən müsəlman
qaçqınlarının xeyrinə Azərbaycan-türk
yazarları tərəfindən dərc edilmiş bir nömrədən
ibarət rəsmli məcmuədir.
Ədəbiyyatşünas
alim Vaqif
Sultanlının tədqiqatına görə bu
nadir jurnalın redaktoru
məşhur Azərbaycan publisisti Məhəmməd
Əmin Rəsulzadə olmuşdur.
“Qardaş köməyi” toplusunda
Məhəmməd Əmin Rəsulzadənin “Bizim
nöqteyi-nəzərdən Rusiyada
cümhuriyyəti-ənam” məqaləsi dərc olunmuşdur.
Dərgidə
yazıları çap olunmuş
müəlliflər Azərbaycanın çağdaş
mətbuatının görkəmli nümayəndələridir.
Məcmuədə müxtəlif janrlarda yazan H.Cavid, A.Şaiq, M.Ə.Rəsulzadə, A.Səhhət,
Ə.Cavad, F.Köçərli, Ə.Haqverdiyev, S.Hüseyn,
Ö.F.Nemanzadə,
Ə.Nəzmi, M.S.Ordubadi, Ş.Əfəndizadə,
C.Cabbarzadə, T.Ş.Simurq, H.İ.Qasımov, N.Bəsir kimi məşhur
yazarlarla yanaşı, Fateh Kərim,
Manafzadə Sabit, Hüseyn
Mirzəcamalov, Əli Mişan, Asya Nərimanova, Əli Şövqi,
Bədrəddin Əlhüseyni, Oruc Orucov və başqaları kimi
nisbətən az tanınmış
yazarların ədəbi, siyasi, tarixi, ictimai məqalələri
yer almışdır.
Dərgidə nəşr olunan ilk redaksiya
məqaləsindən dərginin məqsəd və məramnaməsi
aydın görünür: “Əvət, biz sizə ancaq hərbin
yıxdığı, zülmün
yaxdığı o atəşnak, o hövlnak mənzərələri
təsvir edəcək zavallı qardaşlarımız üçün bir azca mərhəmət, bir
azca şəfqət, diləyəcəkdik.
İndi yalnız buna
kifayət etməyir, edəmiyoruz və var
səmimiyyətlə diyoruz ki: Millətdaş, ey vətəndaş!
Bütün Rusiya
afaqını işıqlandıran hürriyyət günəşi
çıxmış, hər yan
işıqlanmışdır. Bax iştə
gör: Qardaşlıq nə olduğunu anla, qardaşa kömək etmənin əsl həqiqi
yollarını bul. Bil
ki, bu gün
kəmali-hürriyyətlə aça bildiyin o al
bayraq daqi-mandaları bir
loxma əkməyinə möhtac
qalan o zavallı
cinsdaşlarının, o məzlum millətdaşlarının
qanı bahasına alınmışdır”.
“Qardaş
köməyi” dərgisində Hüseyn Cavidin “Hərb və fəlakət”, Yusifzadə
Əli Rainin “Qonaqlara”
şeirləri, Əhməd Cavadın “Yazıq” şeiri və “Xuda qəbul
nəkə” hekayəsi, Abdulla Şaiqin “Əşxas” adlı bir
pərdəlik draması, Abbas Səhhətin
“Qara günlü Həlimə”,
Tağı Şahbazi Simurqun
“Aclar”, Ə.Haqverdiyevin
“Süleyman əfəndi”,
Şəfiqə Əfəndizadənin “Qadın səsi” hekayələri
də çap olunmuşdur.
Belə
dəyərli bir kitabı çapa
hazırlayanlar təəsüf ki diqqətsizliyə
yol vermişlər. Nəzərə
almayıblar ki, bu
kitabın nəşrindən on il əvvəl - 2002-ci ildə “Nurlan”
nəşriyyatında “Qardaş köməyi”
kitabı nəşr olunmuşdur.
Kitab
millət vəkilləri, Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Türkiyə
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri
Anarın, qrupun üzvləri Bəxtiyar
Vahabzadənin, Zeynəb Xanlarovanın, Zəlimxan Yaqubun, Nizami Cəfərovun,
Nizami Xudiyevin, Şamil Qurbanovun, Mayis Səfərlinin, İsmayıl Ömərovun,
Famil Məmmədovun,
İqbal Ağazadənin təşəbbüsü
və şəxsi vəsaitləri hesabına nəşr edilmişdir. Kitabın elmi
redaktorları akademik Kamal
Talıbzadə və filologiya elmləri doktoru Paşa Əlioğludur.
Kitabı transliterasiya edən, ön sözün müəllifi
və müəlliflər haqqında məlumatların tərtibçisi
filologiya elmləri namizədi Nəzakət
Qafqazlıdır. Kitabın sonunda
Anarın “Qardaşlıq borcu, insanlıq
vəzifəsi” məqaləsi verilmişdir.
Müəllif məqalədə “Qardaş
köməyi” dərgisinin yaranması, topluda
nəşr olunan müəlliflər,
onların yazıları haqqında geniş,
əhatəli şəkildə danışmışdır.
Nizami Cəfərovun
özünün xəbəri olmadan adından verilmiş
məqalənin adı və ixtisarlarla verilmiş məzmunu bütövlükdə xalq yazıçısı Anarın 2002-ci ildə
çap olunmuş eyni adlı məqaləsidir. Bu
xeyirxah işi ərsəyə
gətirənlər məqaləni götürdükləri
kitabı ilk dəfə çapa
hazırlayan Kamal Talıbzadə, Paşa Əlioğlu, Nəzakət
Qafqazlının zəhmətlərini xatırlamağı da unutmuşlar. Onlar kitabın 2002-ci il nəşrinə
istinad etmədiklərini yəqin deməzlər.
Ən azı ona görə ki, Anar müəllimim ön sözü elə həmin
kitabdan götürülüb.
Yəqin
ki, araşdırıcılar və ya kitabı çapa
hazırlayan Nəzakət Qafqazlı 2012-ci ildə
işıq üzü görən kitabda on il
əvvəl çap olunmuş
kitabdakı transliterasiyanın necə əksini
tapdığını da müəyyənləşdirməyə
çalışacaqlar.
Bütün hallarda kitabı çapa
hazırlayan heyət ən azı həmkar əməyinə
hörmət olaraq ilk
nəşrin adını çəkməli idi.
Ümumən
qüsurlara baxmayaraq,
“Qardaş köməyi” dərgisinin təkrar
nəşri bütün Türk
dünyası üçün gərəklidir.
Birinci Dünya müharibəsi illərində Azərbaycan
türklərinin yaratdıqları Bakı Müsəlman Cəmiyyəti
xeyriyyəsinin rəhbərliyi ilə Türk
dünyasına çox böyük
yardım göstərən “Qardaş
köməyi” hərəkatı bütün
dövrlərdə təqdirəlayiqdir. Bu
kitab dünya türklərinin
bir araya gəlməsi,
ədəbi, mədəni, iqtisadi əlaqələrin
inkişafı üçün
faydalıdır.
Məlahət Qənbərova
Ədəbiyyat qəzeti.- 2013.- 1 fevral.-
S.2.