Qabriele D`ANNUNTSİO - 150
(1863 -
1938)
İ t a l i y a
Həyatını mistifikasiyaya çevirmiş
romantik, bohemanın, qadınların pərəstiş
etdiyi estet və duelçi. Əsasən snob mühitindən,
korrupsiya və qalmaqallardan bəhs edən məşhur romanların, maraqlı povest və hekayələrin müəllifi,
bənzərsiz realist təsvir
vasitələrinin mahir
ustası, yüksək
poetik istedad və eyni zamanda,
siyasi və mənəvi etibarı qəti şəkildə birmənalı olmayan ziddiyyətli şəxsiyyət...
Gözəl şair və mahir hərbi
təyyarəçi, Vaqnerin
və Nitsşenin pərəstişkarı olmaqdan
əlavə, Mussolininin
sevimlisi və həyat idealı, italyan faşizmini, fövqəlbəşər insan
fəlsəfəsini təbliğ
edən siyasi avantürist...
Əsərlərindəki ekzotikaya, xarici effektə və həyat eybəcərliklərinin
təsvirinə, qalmaqallı
səhnə əsərlərinə
görə kilsə tərəfindən qadağan
edilməsinə, ağlasığmaz
maliyyə fırıldaqlarına
baxmayaraq, Avropa dekadansının başçısı
sayılan bu sənətkar XX əsr İtaliya ədəbiyyatında
böyük bir epoxaya güclü təsir göstərmişdir.
“Ədəbiyyat qəzeti”nin oxucularına təqdim olunan “Pişik” hekayəsi Q.D`Annuntsionun ilkin yaradıcılıq dövrünə xas olan özünəməxsus
bədii təsvir vasitələri ilə diqqəti çəkir. Əsər “Bakirə torpaq” (1882) hekayələr toplusundan götürülmüşdür.
Tərcüməçi
Pişik
O axşam
Adriatika bənövşəyi rəngdə idi, ametist kimi
şəffaf və tünd bənövşəyi rəngdə,
nə ağ köpüklü dalğalar, nə də bir yelkən
gözə dəyirdi. Yalnız uzaqdakı üfüqdə,
mavritan evlərinin və minarələrinin çevrəsini
xatırladan buludların zərif naxışları
altında, səmanın gümüşü fonunda qürub
edən günəşin son şüalarında sanki alov tək
yanan düz, sivri - uclu yelkənlər qatarı
görünürdü.
Tora
yosunlarla və burraskanın1 sahilə atdığı
qırıntılarla örtülü qum təpələrinin
arası ilə sahil boyu gedərək, frankavil2
mahnısını zümzümə edirdi, sevgidən bəhs
etməyən, vəhşi bir mahnını. Nəğmənin
sonuncu, uzun notundan sonra o, dodaqları yarıaralı, duz
dadıyan yüngül mistralı3 ciyərlərinə
çəkə-çəkə, ləpədöyənin zəif
uğultusunu və ucsuz-bucaqsız səmada uçub keçən
tənha qağayının səsini dinləyə-dinləyə
bir xeyli dinməzcə addımladı. Onun dalınca
quyruğunu qısaraq, ara vermədən dayanıb yosun
topalarını iyləyən bir qancıq
qaçırdı.
- Arı,
bura gəl, bura gəl! - deyə, Tora əlini buduna vura-vura onu
səsləyir, heyvan ox kimi yerindən götürülərək,
tükləri rəngdə sarı qumların üstü ilə
irəli cumurdu.
Ancaq bu səsi
sahilə çıxarılmış qayıqda oturub torlar
üçün qaravul kəsən Minqo da eşitmişdi:
onun ürəyi sanki birdən yerindən qopdu, çünki
Toranın sarı gözləri, cansız balıq bəbəklərinə
bənzəyən bir cüt yumru gözləri bir səhər
onun qəlbini ox kimi dəlmişdi. Ah, o səhər! Heç
unuda bilərdimi: ucaboy, sərv qamətli Tora çılpaq
ayaqları ilə qızılı şüalarda bərq vuran
yaşıl sulara girərək, üzü günəşə,
xırda balıqlardan ovlayırdı... Minqo öz
barkasında onların lap yanından ötüb keçdi,
balıqçı qadınlar küy qaldırdılar. Tora əli
ilə günəşdən qorunmadan baxırdı. Kim bilir,
indi uzaqlaşaraq dənizdə gözdən itən, sirokkodan
dolmuş bu yelkənin qırmızı qanadı sonra həmin
bu baxışlara sancılmayacaqdi ki!
- Arı,
bura gəl, bura gəl! - Minqo gözlərinin üstünə
tökülən saçlarını arxaya ataraq, vurğun
yaquar cəldliyi ilə qayıqdan yerə sıçrayarkən,
itin hürüşünə qarışan həmin şaqraq
səs bu dəfə lap yaxından eşidildi.
- Tora, hara
belə? - deyə Minqo soruşdu; onun yanaqları çöl
laləsi kimi qızarmışdı.
Tora cavab
vermədi, heç dayanmadı da; Minqo başını
aşağı salıb onun ardınca getdi, onun ürəyi
şiddətlə döyünürdü, qəlbindən
keçən ehtiraslı sözlər boğazında
ilişib qalır, bitməmiş nəğməni dinlədikcə
ləpədöyənin uğultusuna qarışan gurultulu
dalğalar tək qəflətən səslənən həyəcanlı
notlardan bütün varlığı sarsılırdı.
Şam
meşəliyində Tora ayaq saxladı: yarpaqların tünd,
təmiz və təravətli ətri budaqların arasından
süzülən son qürub çalarları ilə birlikdə
onların çöhrəsinə vurdu.
- Ah, Tora...
- Nə istəyirsiz?
- Sizə
demək istəyirəm ki, gecələr həmişə
sizin gözlərinizi görür, yuxuya gedə bilmirəm.
Gəncin
sözlərində elə çılğın ehtiras,
baxışlarında elə həsrətli parıltı
vardı ki, Tora hətta bir qədər diksindi də.
-
Çıx get, çıx get, - deyə o, nəhayət
söylədi və öz kürən iti ilə birlikdə
şamların arasında gözdən itdi.
Minqo
aşağıdan, balaca körpüdən gələn
hürüşləri hələ də eşidir,
axşamın alaqaranlığında üfüqdən
körfəzə dönən balıqçı
qayıqlarına tərəf qəmgin-qəmgin
baxırdı.
Hamının
Pişik deyə çağırdığı Tora elə də
gözəl deyildi. Təkcə gözlərinin geniş
ağ pərdəsində hərəkətsiz görünən,
günəşin şüaları altında metal
parıltısı tək bərq vuraraq, bəzən
zümrüdə çalan bir cüt sarı əlvan təbəqəsi
bənzərsiz idi.
Bu
dünyada Tora tamam tənha idi, çaqqal kimi daima ac
dolaşan bu sısqa, kürən iti ilə birlikdə, öz
mahnıları ilə, öz dənizi ilə birlikdə tənha
idi.
O, səhər
tezdən dənizə gedər, suda dayanıb, xırda
balıqlardan ovlayardı. Şiddətlənən dalğalar
onun üst-başını isladanda da, çırmalayıb
yığdığı tumanını yaş edərək,
onu az qala yerə yıxanda da o, dənizdən
çıxmazdı; belə anlarda fırtınanı
qabaqcadan duyan qağayılar onun başı üzərində
dövrə vurarkən o, hətta əynindəki cındır
paltarında belə, heyrətamiz görünərdi. Balıq
ovladıqdan sonra o, ucadan mahnı deyə-deyə,
qarşısında çömələrək gözlərini
dinməzcə ona zilləmiş Arı ilə uzun-uzadı
söhbətlər edə-edə biçənəklərdə
və kövşənlikdə hinduşkaları otarardı.
Ancaq onu qəmgin
görməzdin: düzdür, nəğmələri
usandırıcı və kədərli olardı, öz qəribə
ahəngi ilə də misir ovsunçularını
xatırladardı; ancaq o, bunları bir növ fərqinə
varmadan oxuyardı, sanki bu nəğmələr onun
qulağına çatmaz, qəlbinə yol tapmazdı; o, bu nəğmələri
heyrət dolu bəbəklərini geniş açaraq buluda,
quşa, yelkənə baxa-baxa, yorğunluğun nə
olduğunu bilmədən, öz balaca torunu qumlu sahildən
çıxarmadan söylərdi.
Onun
balıqçı rəfiqələri də nəğmə
deyərdilər; ancaq, bəzən Toranın mahnısı,
onun səsindəki təlaş, tənhalıq və həyəcan
hissləri onları sarsıdardı. Onlar susar, günün
istisindən od tutub yanan başlarını aşağı əyər,
dizlərinin get-gedə daha da donub keyidiyini, gözlərinin isə
daha da bərk ağrı çəkdiyini hiss edərdilər;
onların yorğun qolları yanlarına düşər,
Pişiyin mahnısı bitmək bilməyən
üzüntülü bürküdə bir and kimi, sonuncu
hönkürtü tək yoxa çıxardı.
Minqonun
sözləri, onun baxışları Toranı ani olaraq
utandırmışdı; o, heç nə başa düşə
bilmirdi. Ancaq içində, qəlbinin dərinliklərində
anlaşılmaz bir həyəcan duyur, bu bəyaz dişli, yekədodaq,
ötkəm oğlana qarşı sanki qəzəb hiss edirdi.
Meşəliyin
kənarında, sonuncu şam ağaclarının yanında
o, dayandı, Arını səsləyib kürən tüklərini
oxşadı; indi o, özünü ələ almış,
yenə laqeyd və təmkinli olmuşdu və yenə də
oxuyurdu.
Ancaq bir dəfə
avqustda, günorta çağı kölgəlik axtarırkən
o, öz hinduşkaları ilə birlikdə şamlığa
qayıtdı və orada öz sevgisini tapdı.
Tora
ağacın gövdəsinə söykənərək
dayanmışdı; göz qapaqları yuxusuzluqdan
ağırlaşmış, baxışlarına zərif
xumar çökmüşdü. Hinduşkalar açıq bənövşəyi
başlarını həşəratların
qaynaşdığı çəmənliyə soxaraq
otlayırdı, ikisi tullanıb mərsin kolunun üstünə
çıxmışdı; külək şamların
yaşıl çətirlərində astadan
pıçıldaşır, uzaqda günəşdən od
tutub yanan sahil, bəyaz yelkənlərin
ağardığı firuzəyi dəniz xətti
parlayırdı.
Sıx
ağacların arasından Minqo göründü və
asta-asta, nəfəs çəkmədən Toraya
yaxınlaşdı; onun sehrbaz ovsunçusu oradaca ayaq üstə,
ağacı qucaqlayaraq mürgüləyirdi.
- Tora!
Tora diksinərək
çevrilib bir cüt yumru, şaşqın gözlərini
ona zillədi.
- Tora.., -
deyə Minqo həyəcandan titrəyərək, təkrar
etdi.
- Nə istəyirsiz?
- Sizə
demək istəyirəm ki, gecələr həmişə
sizin gözlərinizi görür, yuxuya gedə bilmirəm.
Bu dəfə
Tora, deyəsən, nəhayət, hər şeyi
anlamışdı: o, sanki qulaq asırmış, nəyi isə
yadına salırmış kimi, başını
aşağı dikdi: o, bu sözləri bir dəfə
eşitmişdi, səs də həmin səs idi; onları harada
eşitdiyini xatırlaya bilmırdı, ancaq eşitmişdi.
O, başını qaldırdı: oğlan onun
qarşısında dayanmışdı, - ona vurğun
baxışları ilə, yarı aralı dodaqları, od
tutub yanan yanaqları ilə, güclü, cavan bir oğlan.
Külək yabanı otların ətrini yayır, Adriatika
şam ağaclarının əyili gövdələri
arasından sonsuz parıltı ilə bərq vururdu.
- Ey, Minqo!
- deyə bu vaxt uzaqdan kiminsə gur səsi eşidildi.
Minqo
diksindi, Toranın əlindən yapışıb, onu var
gücü ilə sıxdı, sonra sanki ağlını
itirmiş kimi, qumların üstü ilə yerindən
götürülərək, sahildə
yırğalana-yırğalana onu gözləyən barkasa tərəf
qaçdı.
- Minqo! -
deyə, sürətlə uzaqlaşmaqda olan latın yelkənindən
gözlərini çəkməyən Pişiyin
dodaqlarından qəribə bir pıçıltı qopdu.
Sonra o, uşaq kimi güldü; evə tərəf qayıdanda,
tox hinduşkaları qabağına salıb onları quru
şax budaqla qovarkən, o, tarantella ritmində şən və
oynaq bir mahnı da oxudu. Qızılı qan rənginə
çalan günəş isə qəflətən əsməyə
başlayan qarbinonun4 gətirdiyi buludlara qarışaraq
Montekornonun arxasında qürub edirdi.
Ancaq həmin
axşam qarbinonun ardınca burraska qopdu; dalğalar qorxunc
uğultu ilə evləri yalayır, sahilin zavallı sakinləri
evlərinə sığınıb, tufanın uğultusuna həyəcanla
qulaq asır, balıqçıları xilas etsin deyə,
Müqəddəs Məryəmə yalvararaq dua edirdilər.
Təkcə,
Tora başını aşağı salaraq tüğyan edən
qasırğanı yara-yara, təşviş dolu sarı
gözlərini qaranlıqdan çəkmədən, kiminsə
çağırışına hay verməkdən
ötrü bir hənirti də olsa eşitmək ümidi ilə
gecənin qaranlığında vəhşi heyvan kimi
dolaşırdı... Ancaq heç nə. Tufanın
müdhiş gurultusunda, kim bilir, haradasa uzaqlarda azıb
itmiş Arının qəzəbli hürüşündən
başqa heç nə eşidilmirdi!
Tora isə
azğınlaşmış dənizi və kimsəsiz
qumsalları bir göz qırpımında zülmətdən
qoparan ildırımların qorxunc parıltısı altında
elə hey sahilə tərəf gedir, gedirdi. O, sahilə həddən
artıq yaxın gəlmişdi: dalğalardan biri onu
haqlayıb yerə yıxdı, o birisi üstünə
uçaraq onu başdan ayağa islatdı; bu vaxt, duzlu sular
onun haray çəkmək üçün
açılmış ağzına dolduğundan, o, həyat
instinktinə tabe olaraq, dənizin sahilə atdığı
delfin kimi qıvrılaraq var qüvvəsi ilə altından
daima sivişib çıxan qumlardan yapışdı.
Nəhayət,
o, dizləri üstə dikələrək, dəli ləpədöyəndən
sürünə-sürünə çıxa bildi;
başdan-ayağa islanmış, əli-ayağı cəng,
dişlərini bir-birinə sıxaraq, qorxudan və sevgidən
ağlını itirmiş Tora öz daxmasına
qayıtdı.
Səhərə
yaxın Adriatika sakitləşmişdi, dəniz neft kimi
yapışqan idi, bircə dənə də olsun yelkən
gözə dəymir, lal sular amansız
görünürdü. Pişiyə elə gəlirdi ki,
qorxulu bir yuxunun vahiməsindən ayılmışdı, hiss
etdi ki, qəlbinə yad bir duyğu - tənhalıq hakim kəsilib,
hiss etdi ki, qaranlıqdan qorxur... Sonra onun iri sarı gözlərinə
cansız balığın hərəkətsiz
baxışı qayıtdı. O, rəfiqələri ilə
birlikdə hələ də balıq ovuna gedir, yenə əlləri
sızıldayır, ayaqları suda donur, başı gündən
yanır; onun nəğmələri də əvvəlki tək,
bir parça çörəkdən ötrü taqətdən
düşənə qədər işləyən ümidsiz
və təsəllisiz insanların qəlbinə yol taparaq, bu
gözqamaşdırıcı və kədərli səma
altında səslənməkdədir. Qağayılar isə
göydə dəstə-dəstə irəli-geri
uçuşur, öz azad çağırışları ilə
fırtınanı da, aydın səmanı da salamlayırlar.
1. Burraska -
ildırımlarla müşaiyyət olunan şiddətli
qasırğa
2. Frankavil - frankavilla al -
mare, Adriatika sahilində
balaca şəhər
3. Mistral - şimal-qərb küləyi
4. Qarbino - qərb küləyi
Qabriele D`ANNUNTSİO
İtalyan dilindən tərcümə edəni:
Cəmşid CƏMŞİDOV
Ədəbiyyat qəzeti.- 2013.- 8 fevral.-
S.8.