Söz var

 

Nə qədər günəş var,

İşıq var, köz var,

Dünyada o qədər

Fikir var, söz var.

 

Söz var,

Öd bolluğu, ağu bolluğu,

Söz var, aman Allah,

Zəhər tuluğu.

 

Söz var, gələn kimi deyilməlidi,

Söz var,

Udulmalı, yeyilməlidi.

 

Söz var,

Deyilməmiş, dildən çıxmamış

Ürəkdə partlayar

Bir damar kimi.

Söz var, kəlmə var ki,

Quru taxtaya

Zərblə vurmalısan

Bir mismar kimi.

 

Söz var,

Ustalıqla deyilməlidi.

Söz var, ifadə var

Döyüşdən qabaq

Əyinə zirehtək geyilməlidi.

 

Söz var, atmalısan

Bir sapand kimi,

Söz var, içməlisən

Hərbi and kimi.

 

Söz var,

İlk məhəbbət həvəsi kimi.

Söz var, aman Allah,

Qundaq şəklində

Südəmər körpənin nəfəsi kimi.

 

Söz var,

Dil-dodaqda

Gül qoxusudu.

Söz var, yorğun-arğın

Budaqda yatan

Quş yuxusudu.

 

Söz var,

İblissifət,

Allah bəlası.

Söz var,

Yuxu dolu ana laylası.

 

Söz var, ulu məslək,

Əqidə, amal.

Söz var büllür şüşə

De, ehmal-ehmal.

 

Söz var,

Deyiləntək min illik yolu

Keçib qət edər.

Söz var,

Ölkə alar,

Ürək fəth edər.

 

Söz var,

Qüdrətlidi öz adamıyla.

Bir aman günüdü,

Aman, ay aman,

Ehtiyatlı olun

Söz adamıyla.

 

Sözə dözümlü ol,

Sözə döz, kəsmə.

Tamam deyilməmiş

Yarı söz kəsmə.

 

Düz sözü elə de,

Düz əyilməsin.

Ağız büzülməsin,

Üz əyilməsin.

 

 

Göstər

 

Mən belə yaşaya bilmirəm daha,

Bir başını qaldır, üzünü göstər.

Dünənim, bu günüm, sabahım baha

Bir gözlərini, gözünü göstər.

 

Yaraşmır şit söz, gülüş mənə,

Yaraşır son hücum, son döyüş mənə.

Vaxt keçir, yubanma qarı düşmənə,

Kül altda qaynayan közünü göstər.

 

Qarşındakı dərə çox-çox dərindir,

Qələbə vətənçün müqəddəs dindir.

Yağıya qəzəblə zərbəni endir,

Dünyaya Kirs boyda gürzünü göstər.

 

Qalx, dünya üzünü sənə çevirir,

Düşmən sinəsini dünyaya gərir -

Yalanı düz kimi qələmə verir,

Sən dur, düz olan düzünü göstər.

 

Hayqır, hayqırtını yer-göy eşitsin,

Döyüşdə dağ-dərən yallılar getsin.

Bəsdir, bəs! Bu döyüş zəfərlə bitsin,

Murovdağ cüssəli köksünü göstər.

 

Başımızda acı küləklər əsir,

Canımızda qarlı tufanlar gəzir.

Düşmən başımızı mişarla kəsir -

Qalx! Nəyə qadirsən özünü göstər.

 

Gözləmək, yubanmaq ölümlə təndir,

Yurdun hər qarışı qalanan təndir.

Dərk et, əlimizdən gedən vətəndir -

Dağını, dərəni, düzünü göstər.

 

 

Olasan

 

Çağıranda "Can!" - derdim ki,

Mənimlə bir can olasan.

Canımı qurban verdim ki,

Canıma qurban olasan.

 

Söz-söhbətə çən düşəndə,

Məndən, ya səndən düşəndə,

Mehr məndən gen düşəndə, -

Mənə mehriban olasan.

 

Dərd ürəyimə sinəndə,

Yer verəsən gül sinəndə.

İçimdə işıq sönəndə

Məndə çıraqban olasan.

 

Yuva saldıq daşda, kolda,

Kəhrizimiz dolhadolda.

Kəhkəşana gedən yolda

Sən mahitəban olasan.

 

Hasarısan dörd yanımın,

Simsarısan hər anımın.

Əbədiyyət karvanımın

Başında sarban olasan.

 

Can şişəsi qırılanda,

Bət-bənizim saralanda,

Üfüqlərim qaralanda

Sökülən al dan olasan.

 

Boşalanlar dolmayanda,

Ümid yeri qalmayanda,

Əlacım tapılmayanda

Dərdimə dərman olasan,

Duyğuma dərman olasan.

  

 

Ramiz Duyğun

 

Ədəbiyyat qəzeti.- 2013.- 8 fevral.- S.7.