Ramiz Duyğun - 75
Hörmətli
Ramiz müəllim!
Sizi -
tanınmış şair-publisist və hərbi
jurnalisti anadan
olmanızın 75 illiyi münasibətilə
təbrik edirik.
Siz ötən əsrin 50-ci
illərinin sonlarında ədəbiyyata gəlmiş, "Yaşa Azərbaycanım" adlı ilk mətbu şeiriniz
1959-cu ildə "Gəncliyin səsi" almanaxında dərc
edilmişdir.
1962-ci ildə N.Nərimanov
adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra
məcburi qaydada keçmiş
SSRİ Silahlı Qüvvələrinin tibb
xidməti korpusu sıralarına
çağırılmış və 10 il
müddətində Belorusiya hərbi dairəsində
xidmət etmisiniz. Bu illər ərzində şeirləriniz
ara-sıra Azərbaycan dövri mətbuatında
dərc edilmişdir.
1971-ci ildə Zaqafqaziya
hərbi dairəsində hərbi xidmətə
qayıtdıqdan sonra əsərləriniz
dövri mətbuatda müntəzəm çap olunmuş, radio və televiziyada səsləndirilmişdir.
1973-cü ilin aprelindən başlayaraq
1990-cı ilin yanvarına qədər Azərbaycan
Dövlət Televiziyası hərbi vətənpərvərlik
tərbiyəsi redaksiyası ilə sıx əməkdaşlıq
etmiş, "Hünər"
proqramının daimi aparıcısı
və müəlliflərindən biri olmusunuz.
1989-cu ildə SSRİ Silahlı
Qüvvələrindən tibb xidməti polkovniki rütbəsində tərxis edilmisiniz. 1991-ci ildə Azərbaycan
Respublikası Müdafiə Nazirliyi
yaradıldıqdan sonra könüllü
olaraq Azərbaycan Silahlı Qüvvələrində
hərbi xidmətə başlamış və Azərbaycan
Müdafiə Nazirliyinin mətbuat xidmətinin
rəisi vəzifəsinə təyin edilmisiniz. 1992-ci ilin
fevralında nazirliyin mətbu orqanı olan "Azərbaycan ordusu"
(ilkin adı "Xalq ordusu") qəzetini yaratmısınız. Qəzet bü gün
də öz fəaliyyətini davam etdirir. 1992-ci ilin iyun ayında Azərbaycan
Dövlət Sərhəd Qoşunlarına hərbi xidmətə
çağırılmış və sərhəd
qoşunlarının mətbuat xidmətinin rəisi vəzifəsinə
təyin edilmisiniz. Dövlət Sərhəd
Qoşunlarının mətbu orqanı olan
"Sərhəd qəzeti"ni yaratmış və iki il müddətində bu qəzetin baş redaktoru olmusunuz.
SSRİ və Azərbaycan
Respublikası Silahlı Qüvvələrindəki hərbi
xidmət illərində siz,
üst-üstə 15 il müddətində
Azərbaycan Dövlət Tibb İnstitutunun hərbi kafedrasında hərbi -
pedaqoji fəaliyyətlə məşğul
olmuş və Azərbaycan Silahlı
Qüvvələri üçün hərbi
həkim kadrları yetişdirilməsinə böyük əmək sərf etmisiniz. Hazırda istefada olan tibb xidməti polkovnikisiniz.
Hərbi
xidmətiniz dövlətimiz tərəfindən yüksək
qiymətləndirilmiş, onlarla medal və Respublika Prezidentinin sərəncamı ilə "Azərbaycan
bayrağı" ordeni ilə təltif olunmusunuz.
Bu
günə qədər "Vətən kimi
şirin", "Göy
üzü damar-damar",
"Haray, dünya",
"Sənə and içirik",
"Şuşa qalası", "Silkələn,
torpağım, püskür
torpağım", "Təki vətən
yaşasın", "Məni döyüşə burax" şeirlər və poemalardan
ibarət kitabların "Vətən beşiyim mənim", "Mənim unudulmaz məktəbim", "Nə
yaxşı ki, Türkiyə var", "Qalib gələcəkmi
cahanda kamal" publisistik kitablarınız nəşr edilmişdir.
Siz
tərcümə sahəsində də fəaliyyət
göstərmiş, Ukrayna
yazıçısı Anatoli Tutikin "Onlar başqa cürə edə bilməzdilər",
Lev Borodetski və Rizvan Zeynalovun
"416-cı Taqanroq diviziyası" sənədli
povestləri, rus yazıçısı Mixail Bulqakovun "İt ürəyi" romanını və seçilmiş əsərləri (Bakı Slavyan Universitetinin nəşri) tərcümə və çap
etdirmişdir. Bunlardan əlavə bir çox rus şairlərinin əsərlərini tərcümə
etmisiniz və onlar dövri mətbuatda çap
olunmuşdur. "Əbədiyyətdən
gələn məktub" mənzum pyesiniz
əsasında Azərbaycan Dövlət Televiziyasında eyni adlı tamaşa (1977)
göstərilmişdir. "Ağ atlı
oğlanın nağılı" şeiriniz əsasında
isə iki hissəli sənədli film çəkilmişdir.
"Araz" Ali ədəbi və
"Qızıl qələm" mükafatları
laureatısınız.
Siz
istiqlal mücahidi, xalq şairi Xəlil Rza Ulutürk 1990-cı ilin yanvarında SSRİ Dövlət Təhlükəsizlik
Komitəsi tərəfindən Lefertovo
zindanına atıldıqdan sonra Azərbaycan
Yazıçılar Birliyinin nəzdində
"Xəlil Rzanı Müdafiə Komitəsi"nin
yaradılmasının təşəbbüskarlarından biri, həmin komitənin katibi, şair məhkəmə
zalından azadlığa buraxılana qədər onun ictimai müdafiəçilərindən
biri və ictimai vəkili
olmusunuz.
Hörmətli
Ramiz müəllim!
Sizi bir daha yubileyiniz
münasibətilə təbrik edir, sizə
uzun ömür,
cansağlığı, yaradıcılıq uğurları
arzulayırıq.
Azərbaycan Yazıçılar Birliyi
Ədəbiyyat qəzeti.- 2013.- 8 fevral.-
S.7.