C.Cabbarlının
“Qız qalası”:
Mifoloji
qaynaqlar və bədii həqiqət
Hər
bir xalqın bədii təfəkkürünün
formalaşmasında, tarixi şüurunun təkamülündə,
milli mədəniyyətinin inkişafında mifik
görüşlər kompleksi aparıcı amildir və bu
proseslərin davamlılığında mühüm rol
oynayır. Türk xalqı üçün mifoloji qaynaqlar -
söz sənəti, mənəvi dəyərlər toplusu,
ilkin düşüncə tərzi olmaqla yanaşı, həm
də əfsanələrdə yaşayan tarixdir. Xalqların
törənişindən, yaranışından bəhs edən
əfsanələr olduğu kimi, qədim tarixi abidələrin
meydana gəlməsindən, tikilmə səbəblərindən,
dövründən, mühitindən söz açan mifoloji mətnlər
də mövcuddur. Azərbaycanda «Qız qalası» adı ilə
tanınan abidələr çoxdur. Bunlardan ən qədimi və
ən dəyərlisi Bakıda, Xəzər dənizi sahilində
ucaldılan möhtəşəm və əfsanəvi
«Qız qalası»dır. Bu abidə haqqında fərqli məzmuna malik
beş əfsanə yazıya alınaraq dövrümüzə
qədər gəlib çıxmış, mövzuya dair
müxtəlif dillərdə üç poema qələmə
alınmışdır.
Bu
bədii əsərlərdən Birinci Dünya müharibəsi
dövründə Bakıda yaşamış, Nobel
qardaşları şirkətində statist işləmiş,
latış şairi Pavils Roozitisin (1889-1937) və rus şairi
Mixail Larsskinin “Qız qalası” poemaları məlum əfsanə
əsasında işlənmiş və o dövrün
aydınlarının diqqətini cəlb etmişdir. Hətta sonuncunun eyniadlı
poeması 1925-ci ildə Bakıda çap edilmiş, görkəmli
Azərbaycan yazıçısı Əbdürrəhim bəy
Haqverdiyev kitaba yazdığı ön sözdə «Azərbaycanın
tarixi keçmişi haqqında Mixail Larsskinin “Qız
qalası” poeması son zamanlar rus dilində ilk ən
böyük bədii əsər» olduğunu və «Şərq
ənənəvi üslubuna tam riayət etməklə
çox gözəl və axıcı dildə
yazıldığını» (Haqverdiyev Ə. Ön söz.
Mixail Larsski, Qız qalası. Bakı, «Azpoliqraftrest», 1925, (48)
səh. 4) xüsusi vurğulamışdır.
Pavils
Roozitisin və Mixail Larsskinin eyniadlı poemalarından ədəbi-bədii
keyfiyyət xüsusiyyətləri və mənəvi-əxlaqi
dəyərlərə milli münasibətilə tam fərqlənən
Azərbaycanın qüdrətli söz ustası Cəfər
Cabbarlının (1899-1934) “Qız qalası” əsəri - “əski
sirlər yuvası”, “keçmişin gözəl gəlini”
adlandırmasına rəğmən ismət, namus, qeyrət
abidəsi kimi də bütün əzəməti və
möhtəşəmliyi ilə özünü büruzə
verir.
«Qız
qalası» əfsanəsi tarixi-əxlaqi mahiyyəti etibarilə
türk mifologiyasının ayrılmaz parçası,
mühüm tərkib hissəsidir. Əfsanə
yaradıcılığı əski dünyanın
yaddaşda əks olunan bədii modelidir və bu modeldə
etnosların etik, estetik, mənəvi-əxlaqi dəyərlər
toplusu öz əksini tapır.
Cəfər
Cabbarlı «Qoca, düşkün qiyafəli bir pir»dən
eşitdiyi bir əfsanənin motivləri əsasında
özünün məşhur «Qız qalası»
poemasını yazmışdır. Əsərin məzmununu əks
etdirən əfsanə ilk dəfə 1852-ci ildə «Kavkaz» qəzetində
çap olunan «Yol qeydləri»ndə verilmişdir (Əfəndiyev
P.Ş. Cəfər Cabbarlı və xalq
yaradıcılığı. Bakı, «Yazıçı»,
1985, (200) səh. 100).
Poemanın
yazılma tarixi ilə bağlı Əbdül Vahab Yurdsevər
qeyd edir ki: “Cəfərin “Qız qalası” mənzuməsi
müstəqil Azərbaycan dövründə
yazılmışdır... Başdan sona qədər milli ruhda
və bağımsızlıq aşqıyla yazılan bu əsərin
ilk mətni Azərbaycan istiqlalının birinci
ildönümü üçün hazırlanan “İstiqlal” dərgisində
yayınlanacaqdı. Fəqət,
1920 sənəsi, 27 nisanda vüqu bulan sovet-rus istilası nəticəsində
dərgi çıxmadı. Cəfərin 1923 sənəsi 15
haziranda sovet “Çeka”sı tərəfindən yapılan ilk
tevqifində bir çox əlyazmaları ilə birlikdə
“Qız qalası” müseddesi də ələ keçmiş
və qayb olmuşdur” (Yurdsevər Ə.V. Azərbaycan dram ədiblərindən
Cəfər Cabbarlı. Ankara, «Azərbaycan» dərgisi, 1952, ¹
6, səh. 6-8).
Həqiqətən
də Cəfər Cabbarlı Milli istiqlal hərəkatına
qoşulduğuna görə 1923-cü ildə Azərbaycan
«Çeka»sı tərəfindən iki dəfə həbs edilərək
bütün əlyazmaları və o cümlədən
“Qız qalası” poeması da müsadirə olunmuşdur.
Lakin xalq maarif komissarı, “Maarif və mədəniyyət”
jurnalının baş redaktoru Tağı Şahbazinin o vaxt
problemə cəsarətli müdaxiləsi, Az.ÇK-ya məxfi
məktub yazması “Qız qalası” əsərinın «qayb
olma»sının qarşısını almışdır. Məktubda
yazılırdı: “Gizlin. Azərbaycan fövqəladə
Komissiyonuna. Cabbarzadə həbs olunan zaman onda olan cümlə
məktubələr, ən az cümlə məktubələr
arasında bulunan “Qız qalası” əfsanəsi də
alınmışdır. Həmin “Qız qalası” əfsanəsini
Xalq Maarif Komissarlığı kəndi parası ilə alaraq
birinci hissəsi Maarif Komissarlığı tərəfindən
nəşr olunan “Maarif və mədəniyyət”
jurnalında təb olunmuşdur. İkinci hissəsi isə
müəllifə verilmişdir ki, baxsın və jurnalın
növbəti nömrəsində nəşr ediləcək
idi.
Cabbarzadənin
məktubələrinin arasında bulunan “Qız qalası” əfsanəsinin
istisna edilərək Xalq Maarif Komissarlığına verilməsinə
dair qərardad edilməsi rica olunur. Xalq Maarif Komissarı
T.Şahbazi. 8.10.23” (Cəfər Cabbarzadənin işi. AR
MTN-in Arxivi, PS-1008, St.-Qeydiyyat ¹ 3845, iş ¹ 791, vərəq
13).
Şübhəsiz
ki, Çeka cəlladlarının məkrli niyyətinin
qurbanına çevrilən çoxsaylı mənəvi dəyərlərimizin
acı aqibəti “Qız qalası” poemasını da gözləyirdi.
Lakin sevindirici haldır ki, qədim bir əfsanənin motivləri
əsasında yazılmış “Qız qalası”nı maarif
komissarı fövqəladə komissarın qəzəbindən
xilas edə bilmişdi.
Cəfər
Cabbarlı başıbəlalı “Qız qalası” əfsanəsinin
əsas məzmununa müdaxilə etmədən süjet xəttinə
dramatik ünsürlər, obraz adlarına rəmzi
çalarlar gətirməklə mifoloji təməl üzərində
bədii sənət abidəsi ucalda bilmişdir. Əsəri
«romantik poema nümunəsi» adlandıran görkəmli ədəbiyyatşünas-alim
Mir Cəlal «Yeni şeirin
manifesti» məqaləsində yazırdı: «Cabbarlı
müasir həyata yox, əfsanəyə müraciət
etmişdir. O, əfsanəvi və həm də qeyri-adi, faciəli
bir sevgi macərasını əsərinin əsasına
qoymuşdur. Cabbarlı məhəbbətin elə bir şəkli
və xariqüladə vəziyyətini ifadə etmişdir ki,
real həyatda çətin təsadüf olunur» (Mir Cəlal,
Yeni şeirin
manifesti. Bakı, «Azərbaycan» jur., 1961, ¹ 3, səh. 169).
Mif
yaddaşın assosiativ təsir imkanlarını, ilkin
düşüncə formasından qaynaqlanan
şüuraltı hisslərin psixoloji məqamlarını nəzərə
almadan «real həyatda çətin təsadüf olunan» məhəbbətin
min illərdən bəri çalxalanıb durulmuş, sabitləşmiş
adət-ənənələrin məcrasında dolğun və
obyektiv dəyərləndirmək mümkünsüzdür.
Əsərin
süjet xətti Qan Teymurun (C.Cabbarlının “Qız
qalası” poemasının bütün nəşrlərində
bu obrazın adı təəssüf ki, yanlış olaraq
Qantemir şəklində verilmişdir - A.R) öz doğma
qızı Durnanı sevməsi üzərində qurulub.
Dünya mifologiyasında bu motivi Ziqmud Freydin təbirincə desək,
«Edip kompleksi»nə daxil etmək olar.
Poemada
Durna ilə Qan Teymurun üz-üzə gəlməsi
ağılla hissin, keçmişlə müasirliyin, nəcibliklə
rəzalətin, zərifliklə zorakılığın
qarşılaşmasıdır. Durna Qan Teymurun heyvani hisslərin
əsiri olduğunu görəndə onu şərəfsiz və
namussuz yoldan uzaqlaşdırmağın variantları üzərində
düşünür. Halına acıyaraq onunla şərt kəsir,
həlli mümkün olmayan ideyanın icrasını təklif
edir. Quzğun dənizin dalğalı qoynunda ən uca bir
qalanın inşa edilməsi ideyasını irəli
sürür. Xatırlatmaq yerinə düşərdi ki,
Qız qalası əfsanəsi ilə Attilanın
doğulması haqqındakı əfsanə arasında
çox gizli və güclü bir səsləşmə
duyulmaqdadır. Görkəmli macar türkoloqu Gyula Nemethin
«Hunlar və Tanrının qırmancı Attila» kitabında
yazılırdı: «Macarıstan kralı Ostrubalın
çox gözəl bir qızı var imiş. Bir gün bu
qızı soylu ailələrdən biri istəmiş,
qızın qardaşı isə bacısını Bizans
imperatoru Yustinianın oğluna vermək istəyirmiş. Buna
görə böyük bir qala-qüllə inşa
etdirmiş, bacısını xidmətçiləri ilə
birlikdə bu qüllədə saxlayırmış.
Qala-qülləyə heç kim
girib-çıxmazmış və yeməklərini belə
iplə yuxarı çəkərlərmiş» (Gyula Nemeth.
Hunlar ve Tanrının kırbacı Attila. Çeviri
T.Demirkan, İstanbul, 1996, səh.171).
C.Cabbarlı
isə «Qız qalası» poemasının 3-cü hissəsində
əfsanənin xalq arasında söylənilən fərqli
bir variantını da oxucularına təqdim etmişdi:
Xalq
içində maraqla söylənilər,
Ki,
bizim paytaxtımız xanının,
Qızını
Abşeron xanı görmüş
Oğluna
almaq istəyib sormuş.
Xan
da bu batqın ölkə xalqından
Qorxaraq
indiki bu dik qayayı
Xəzərin
göy suyunda tikdirərək
Qızını,
bir də bir qoruq alayı,
Abşeron
çapqınından aldırmış,
Göylərə,
bu binaya qaldırmış.
(Cəfər
Cabbar. Qız qalası. «Maarif və mədəniyyət» jur.,
Bakı, 1923, ¹ 4-5, səh. 21-25).
Göründüyü
kimi, həm macar, həm də Azərbaycan əfsanələrində
hər iki qala-qüllə hakim ailəyə məxsus gənc
və gözəl qızın namusunun qorunması, onların
cəmiyyətdən təcrid edilməsi üçün
tikilmişdi. Qalalar hündürlüyünə,
etibarlılığına və basılmazlığına
görə bir-birilərinə çox bənzəyirlər.
Lakin bu qalalar nə qədər uca və basılmaz olsalar da,
tikilməsinə səbəbkar olmuş kral qızını
və xan qızını qorumaqda acizdir. Eyni macar əfsanəsi
haqqında yazan türk mifoloqu Bahaeddin Ögəl qeyd edir ki,
Macarıstan kralı Ostrubalın qızı onun
üçün inşa edilmiş qala-qüllənin ən
hündür qatında mühafizə olunsa da, tazı ilə
yatıb-durmuş, ondan hamilə qalmışdır. «Atası
bunu eşidən kimi hirsindən dəlilik dərəcəsinə
çatmış, bu biabırçılığı
ört-basdır etmək üçün» (Bahaeddin Ögel.
Türk mifolojisi, I cild, Ankara, «TTK» Yay., 2003, səh.209) tədbirlər
görmüşdür. Kral Ostrubalın qızı
atasının şərəf və ləyaqətini
alçaldaraq nəsil-nəcabətinə
başaşağılığı gətirmişdirsə,
Bakı xanının qızı Durna isə namus və ləyaqətini
qorumaq üçün son ana qədər mübarizə
aparmış, müqavimət imkanları tükənəndə
isə şərəfli ölümü şərəfsiz
yaşamaqdan üstün tutmuşdur.
Macar
və Azərbaycan xalqlarının oxşar əfsanələrində
ən uca, möhtəşəm və basılmaz qalaların
da sınaq məqamında etibarsızlığı
vurğulanmaqla yanaşı tərbiyə, əxlaq və ləyaqət
məsələlərinə xüsusi önəm verilir, mənəvi
dəyərlər problemi prioritet sayılır.
Qədim
türk əfsanəsinin motivləri əsasında qələmə
alınmış C.Cabbarlının «Qız qalası»
poemasında Durna Xəzər dənizinin suları içərisində
qala-qüllənin ucaldılmasını Qan Teymurun rəzalət
girdabında çırpınan eşqinə cavab olaraq şərt
kimi irəli sürərkən ilk öncə bunun
mümkün olmayacağını və ya uzun illər vaxt
aparacağını güman edirdi. Lakin gözlənilənlərin
əksi olur, o vaxtadək dənizin dalğalı qoynunda
mövcud olması təsəvvürə belə gətirilməyən
qala iki ilə tikilir. Nə iki illik zaman, nə maddi və
fiziki sınaqlar, nə də Xəzərin dəlisov xəzrisi
Qan Teymurun çılğın və sərsəri hisslərini
soyuda bilmir.
Durna
son dəfə olaraq mənəvi sınaqla Qan Teymuru imtahana
çəkir. Gənc ikən həlak olmuş anasının
qanlı paltarını geyərək Qız qalasının
sonuncu qatında Qan Teymuru gözləyir. Qanlı yadigarı
şəhvətli hisslərlə qucmaq
mümkündürmü?! Qan Teymurun qan tutmuş gözlərinə
sevimli xanımının qanlı libası
görünmür. Durna paklığını, ismətini, bəkarətini,
ləyaqətini özünə yaxın olduğu qədər
də özündən uzaq varlıqdan qorumaq
üçün şərəfinə ucaldılmış
yapının ən uca nöqtəsindən “Ah
bağışla, sevimli Qız qalası” - deyərək ləpələri
oynaşan dənizə, lacivərd dalğaların qoynuna
özünü atır. Anasının geyimində mələk
kimi, qatarından ayrı düşmüş durna kimi nifrət
etdiyi ləkədən, zordan, qaranlıqdan, daş qəfəsdən
xilas olur, “canlı bir xülya”, “pəmbə bir röya” kimi
uçaraq intizarını çəkdiyi paklığa,
genişliyə, aydınlığa, əbədiyyətə
qovuşur...
Cabbarlı
öz ənənəsinə sadiq qalaraq bu əsərində
də obrazlara ad seçərkən rəmzi çalara, mənəvi
məqamlara üstünlük vermişdir. Qan Teymurun arzu və
düşüncələrindən qan iyi gəlir. Onun
üçün müqəddəs olan heç nə yoxdur.
Min illərin daşlaşmış adət-ənənələrinin
əleyhinə çıxan Qan Teymuru müəllif nifrət
hədəfinə çevirmək üçün əsərin
sonunadək sağ-salamat saxlayır. İstənilən ən
işgəncəli cəza vasitəsilə Qan Teymurun
öldürülməsi ona qarşı çox humanist
addım olardı. Ölümün fəlsəfi mənası
gözdən düşərdi. Qan Teymur kimilər ona
qarşı nifrəti ilə silahlanmış xalqın
tüpürcəyindən kəfən geydiklərini öz
gözləri ilə görməyə layiqdir.
Durna
- köçəri quş taleli, var-dövlətin,
bolluğun içərisində qəlbi həsrət, intizar
hissləri ilə çırpınan obrazdır. O
şux-şux deyən-gülən, abırı, isməti ilə
öyünən, sevib-sevilən yaşıdlarının
sırasından, qatarından ayrı düşmüş tənha
bir Durnadır. Əsərdə Durna gənc olmasına
baxmayaraq ağıllı, tədbirli, namuslu, ləyaqətli,
nəcib, fədakar bir türk övladıdır. O adına ləkə
sala biləcək ata qatilinə çevrilmir, öz qətlinə
“ata” qarşısında, onun təhrikinin sonuncu nəticəsi
olaraq fərman verir. Əslində Durna insan kəllələrindən
qalalar yapdıran, qüdrəti ilə qürrələnən
Qan Teymurun üzərində ölümü ilə mənəvi
qələbə çalır, Qu quşu kimi vida nəğməsini
zəfər notları üzərində kökləyərək
intəhasız ənginliyə, ruhi azadlığa qovuşur.
Cəfər
Cabbarlının “Qız qalası” - özünü ləyaqət
və namus yolunda həlak etmiş qızlarımızın,
durnalarımızın şərəfinə ucaldılmış
məsumluq, paklıq və bəkarət abidəsi, ismət
heykəli, həyat dastanıdır. Türk mifologiyasından
qaynaqlanan bu poema bütün zamanlar üçün
aktuallığını qoruyub saxlamağa qadir olmaqla
yanaşı, həm də böyük tərbiyəvi əhəmiyyətə
malikdir.
Asif RÜSTƏMLİ,
filologiya elmləri doktoru,
professor
Ədəbiyyat qəzeti.- 2013.- 8 fevral.-
S.6.