Həsən
Məcidzadə Savalan
Xalq
həyatının tərcümanlarından
biri də Güney Azərbaycanın Ərdəbil şəhəri
yaxınlığında, Savalan dağının ətəklərindəki
Nir qəsəbəsində dünyaya göz açan Həsən
Məcidzadədir. Şairin doğulduğu 30-cu illərdə
İranda mürəkkəb ictimai-siyasi hadisələr baş
verməkdəydi. Rza şah Pəhləvi hakimiyyətinin
zülmünə, hakim üsuli-idarənin qanunsuzluqlarına,
çinovnik və ərbabların
özbaşınalıqlarına dözə bilməyən zəhmətkeş
əhali mövcud rejimə qarşı etiraz səsini
qaldırır, milli haqq və hüquqları uğrunda
mübarizəyə qalxır. Güney Azərbaycanda Azərbaycanın
milli-azadlıq hərəkatının yeni dalğası
kükrəyirdi. Bütün bu hadisələrin şahidi olan
balaca Həsən də məhrumiyyətlərə,
sıxıntı və ehtiyaclara məruz qalırdı.
Atası hərəkatın fəallarından biri kimi təqib
olunduğundan ev-eşiyindən didərgin
düşmüşdü. Ailənin başçısı
qanlı hadisələr zamanı həlak olduqdan sonra
babası Baratəli kişi ailəni Tehrana köçürmək
məcburiyyəti qarşısında qalır. Çünki
Təbriz qan gölündə üzürdü. 1946-cı il
21 Azər hərəkatının, Demokratik hökumətin
irticaçı qüvvələr tərəfindən divan
tutulması dəhşətli milli faciə idi.
Həsən
də erkən yaşlarından işləməyə,
başsız qalmış ailəyə çörək pulu
qazanmağa məcbur olur. Elektromexanika emalatxanasında
şagirdlik edir və qısa müddətdə çilingərlik
sənətini öyrənir. 12 saatlıq ağır iş
rejimi onun ədəbiyyata, Azərbaycan dilinin tarixinə,
türkcənin incəliklərinə olan tükənməz həvəsini
boğa bilmir. O, Azərbaycan ədəbiyyatının Nizami, Füzuli, Həbibi, S.Ə.Şirvani,
M.Ə.Sabir, S.Vurğun, S.Rüstəm, Ə.Vahid və b.
yaradıcılığından ilham alır. Onların əsərlərindən
təsirlənərək şeirlər qələmə
alır, eyni zamanda, soydaşları arasında ədəbiyyatı
təbliğ edir, ədəbiyyatşünaslığa dair məqalələr
yazır. S.Ə.Şirvani, M.H.Rüşdiyyə,
M.Müşfiq, Nəbi Xəzri kimi sənətkarların həyat
və yaradıcılığına yeni ədəbi dəyərlər
prizmasından yanaşaraq qələmə aldığı məqalələri
"Varlıq" dərgisində dərc etdirir.
Tehran,
Təbriz, Ərdəbil radiolarında, Rudəki
salonlarında, şeir-sənət məclislərində
ardıcıl olaraq çıxışlar edir. Başı
qarlı Savalan dağına, ana Vətənə uca məhəbbətinin
ifadəsi kimi, "Savalan" təxəllüsü ilə
yazmağa başlayır. O, bütün türk
dünyasında da elə bu imza ilə tanınır və
sevilir.
Elini,
dilini, torpağını ürəkdən sevən, odlar yurdu
Azərbaycanın aydın gələcəyinə inanan,
xalqına və Vətəninə, onun mədəniyyətinə,
adət-ənənələrinə, bir sözlə, milli-mənəvi
dəyərlərinə düşmənçilik mövqeyindən yanaşaraq xəyanət
edənlərə, milli varlığına xor baxanlara qənim
kəsilən Savalan ana dilinin saflığı,
varlığının qorunması uğrunda bütün
ömrü boyunca mübarizə aparmışdır.
Şairin əsərlərində ana dilinə, Vətənə,
el-obaya, türk ruhuna dərin sevgi, sonsuz məhəbbət
qırmızı xətt kimi keçir. Ana dilini milli
varlığın əsası sayan şair yazır:
Ey
böyük ulusun anası anam!
Oğuz
ellərindən qalan nişanam.
Eşqinlə
yaşayam, eşqinlə yanam, -
Sənsən
bu bağrımda çırpınan, dilim.
Ana
dili, qadağan edilmiş, milli haqq və hüquqları
tapdalanmış doğma xalqının var olduğunu -
varlığını "Varlığ"ın səhifələrində
ləyaqət və qürurla təcəssüm etdirən
jurnalın təsisçisi və baş redaktoru, görkəmli
alim-cərrah, dilçi və ədəbiyyatşünas Cavad
Heyət, türkoloq-şair Həmid Nitqi, folklorşünas
alim Məhəmmədəli Fərzanə və xalq ədəbiyyatının
yorulmaz tədqiqatçısı Əli Kəmali,
istedadlı şairlər - Kərim Məşrutəçi
Sönməz, Əziz Möhsüni, İsmayıl Hadi, Əbdülkərim
Mənzuri Xamneyi, professorlar - Qulamhüseyn Bəydili və Həmid
Məmmədzadə və bir çox başqa ziyalılar kimi
Savalan da uzun illərdən bəri milli haqq və hüquqlar,
vahid ədəbi dil, vahid yazı mədəniyyəti yaratmaq
uğrunda mübarizə aparır. Savalan Cavad Heyətin el-oba,
Güney Azərbaycan xalqı və ədəbiyyatı
qarşısındakı xidmətlərinə yüksək dəyər
verərək ustada həsr etdiyi şeirində yazır:
Sən elin
daimi bir qayğıkeşi, məhrəmisən,
Vətənin
xadimi, yurd aşiqi, el görkəmisən.
Savalan
yaradıcılığının müasir Güney Azərbaycan
ədəbiyyatında özünəməxsus yeri var. Onun
yüksək ideyalı əsərlərində bir çox mətləblər
sətiraltı və ya açıq təsvirlər vasitəsilə
oxucunun idrakına, düşüncələrinə sirayət
edir.
Savalanın
şeir və poemalarında məcazların, folklor nümunələrinin
çoxluğu onun xalq ruhuna, soykökünə nə qədər
bağlı olduğunun, şifahi xalq ədəbiyyatından
yüksək sənətkarlıqla bəhrələndiyinin təzahürüdür.
Şair yüksək bədii-poetik fikrin ən yığcam
ifadə forması olan lakonik şeirlərini -
bayatıları da əsl sənətkar məharətilə qələmə
almışdır.
Şair həyati
dəyərlərin və real hadisələrin, xalq ənənələrinin
dolğun şəkildə inikasına
çalışmışdır. O, yaxşı gündə
də, çətin, ağır çağlarda da
xalqının yanında olmağı bacaran, millətinin
sevincinə sevinib kədərinə kədərlənməyi
bacaran vətəndaş şair, vicdanlı ziyalıdır.
Şair sənətkarlıqla qələmə
aldığı qəzəllərində də onu
düşündürən, narahat edən milli məsələləri,
müşkülləri, xüsusilə ana dilinə qoyulan
qadağaları qabardır, bu məhrumiyyətlərin
çox çəkməyəcəyinə, zülm evinin nə
vaxtsa bərbad olacağına, zalımların,
zülmkarların qurduğu xanimanın öz başlarına
uçacağına da inanır:
Daim
yaşayış oldu bizə bir qara dustaq,
Əl-qol
yerinə bəndə vurulduq dilimizdən.
Ancaq bilirəm,
zülm evi odlanacaqdır
Xəlq
üsyanı, el ahı, bizim nisgilimizdən.
Məhz bu səbəbdən
"Savalanın şeirlərini xalqın həsrət və
hicranının ədəbi salnaməsinin çox oxunan səhifələri
sırasına daxil etmək heç də yanlış
olmazdı".
1945-46-cı
illər milli-azadlıq hərəkatının
yatırılması, milli hökumətin məğlub edilməsi,
inqilab fədailərinə divan tutulması onun
yaddaşında tarixin qanlı səhifəsi kimi
yazılmışdır. Savalan "Ana" poemasında məhz
Milli demokratik hökumət məğlub edildikdən sonra Cənubi
Azərbaycanda baş verən hadisələri, canlı
şahidi olduğu və ağrısını illər uzunu qəlbində
yaşatdığı faciələrdən birini - qəhrəman
ananın öz idealı uğrunda canını fəda etməsini
qələmə almışdır. Şair üçün ədəbiyyat
bütün tarixi dövrlərdə xalqın
yaşadığı gerçək həyatın, bu həyatda
baş verən yeni keyfiyyət dəyişikliklərinin, onun
duyğu və düşüncələrinin, başından
keçən hadisə və olayların bədii
inikasıdır.
"Dinlə,
Gəlin qayası" poemasının, adından da
göründüyü kimi, mövzusunu Azərbaycanın xalq əfsanəsindən
alsa da, şair əsərdə orijinal bir sevgi hekayəti
qurmuş, qəhrəmanlarının simasında oxucusunu saf və
ədəbi məhəbbətin varlığına
inandırmağa çalışmışdır. "Bahar
bayramı" poemasında bütün
yaradıcılığının baş mövzusu Vətən,
ana dili, xalqının azadlıq, istiqlal duyğularının
tərənnümü olan Savalan Azərbaycan xalqının qədim
adət-ənənələrinə, tarixən yurdumuzda
xüsusi məhəbbət və coşqunluqla qeyd olunan bahar
bayramının özəlliklərindən və gözəlliklərindən
bədii dilin qüdrətilə söz
açmışdır. Min bir rəngli, min naxışlı
ana təbiətin ecazkarlığından, gözəlliyindən
söz açdığı poemada mövzunu yenə də
ümummilli məsələlərin üstündə, ictimai
məzmunda kökləyir. Haqqı söylədiyinə, həqiqəti
yazdığına görə böyük Sabirə rəhmət
oxuyur, ancaq bir xalq mahnısından iqtibas verərək "Sən
deyən olmayıb hələ, Arxa su dolmayıb hələ,
Köhnəlikdən çox şey durur, Rəngi də solmayıb
hələ" yazır və oxucuya sətiraltı mənada
çatdırır ki, Güney xalqı qolundakı buxovlardan
hələ də qurtulmayıb, arzuladığı günlərə
qovuşmayıb.
XX əsrin II
yarısında, İranda, eyni zamanda Güney Azərbaycanda
formalaşan ədəbiyyatda da bu meyllər daha aydın
görünməkdə idi. Bu dövr ədəbiyyatında
bir sıra maraqlı və mürəkkəb proseslər
baş verirdi. Məhz bu dövrdə yazıçı və
şairlər xalq həyatına üz tutur, öz əsərlərində
xalqın tarixi keçmişinə, yaşantılarına, əsrlərin
sınağından keçərək mövcudluğunu
qoruyub saxlamış ağız ədəbiyyatına, folklor
qaynaqlarına müraciət edirdilər. Şifahi xalq
yaradıcılığı, xalq əfsanə və rəvayətlərinin,
mahnılarının motivləri əsasında yaranan əsərlərdən
biri də Savalanın "Apardı sellər Saranı"
poemasıdır...
Əsər
"Xan Çoban və Sara" qədim xalq əfsanəsinin
və bu əfsanənin mahiyyətini özündə
yaşadan "Apardı sellər Saranı" xalq
mahnısının motivləri əsasında yaradıcı
şəkildə qələmə alınmışdır. Əməkçi
insanların, sevgisində, eşqində pak və son nəfəsədək
sədaqətli olan sadə zəhmət adamlarının
parlaq obrazları əsərə xüsusi təravət və
oxunaqlıq verir. Bu insanların qurduqları ailə - öz
balaca dünyaları saf, təmiz, ləkəsiz, fərəhlidir...
Əsərdə
şair bu məqamda qəhrəmanlarının - Gülnarla
Soltanın mənəvi-əxlaqi gözəlliklərini, nəcib
insani keyfiyyətlərini, mənsub olduqları bütöv
bir xalqa məxsus milli psixologiyanın dərinliyinə diqqəti
yönəldir.
Sevgilisindən
ayrılıq Soltanı bərk sarsıdır, qəddini əyir.
Bütün məhəbbətini, mehrini onun əmanətinə
- bircə balasına salır, ona həm ata, həm də ana
olur. Həsrətlə böyüməsini, toy edib gəlin
köçürəcəyi, vəfalı qadınına
verdiyi sözün gerçəkləşəcəyi
günü gözləyir. Hər gün Saranı kürəyinə
alıb çölə işləməyə gedir. Muğam
çölündə qır çiçəklərinin,
otların və güllərin qoynu Saranın yatağı,
balalı ceyran isə süd anası olur. Beləcə,
gül-çiçək qoxusunun, ot ətrinin, böcək nəğməsinin
içində böyüyür, ceyran südü, saf bulaq
suyu içir. Nəhayət, qızlar bulağından da su
içib yetkinləşən Sara ceyran kimi bir qız, qənirsiz
gözəl olur. Epik-lirik poemanın ünsürlərini
özündə birləşdirən bu əsərdə
Savalan baş qəhrəmanlarla yanaşı, orijinal yeni bir
obraz da canlandırıb - Saranın böyüyüb
boya-başa çatmasında əvəzsiz rol oynayan min bir
naxışlı, cilvəli, füsunkar Azərbaycan təbiətinin
obrazını… Və Ana təbiətin hər bucağı,
naz-neməti qızcığaza simsar, arxa-dayaq olur.
...Savalanın
"Apardı sellər Saranı" poemasında həsrət
və ayrılığın nə qədər dözülməz,
ağır və çətin olduğunu oxucu dərindən
dərk edir. Çünki şair "bir ailənin faciəsini
tarix boyu bir-birini əvəz edən qanlı
işğalçı müharibələri, talan və vəhşilikləri
nəticəsində Vətənə üz verən fəlakət
kimi mənalandırmışdır. Zəhmətkeş insana
xas olan əxlaqi gözəllik elin heç bir zaman əhəmiyyətini
itirməyəcək adət-ənənələri vətənpərvərlik,
əməksevərlik kimi mənəvi keyfiyyətlər əsərdə
həm alimanə, həm də şairanə ifadəsini
tapmışdır".
Əlbəttə,
Savalan öz qəhrəmanlarında gördüyü gözəl
əxlaqi cəhətləri, xarakter cizgiləri əsil-kökünə,
tarixi kimliyinə sıx bağlı olan xalqa məxsus mənəvi
keyfiyyətlər kimi qiymətləndirir. Və bu poemadan da
göründüyü kimi, şairin vətəndaşlıq
mövqeyi, el-obaya, bağrından qopduğu xalqa sədaqətli
övlad məhəbbətinin təzahürüdür. Onun
yaratdığı bədii qəhrəmanlar - Gülnar,
Soltan, Sara, Xan Çoban əsil-nəcabətinə,
soykökünə, Ana Vətənə sadiq insanlar, vətəndaşlardır.
Savalanın
"Bahar bayramı" poeması da dövrünün ictimai
ruhunun bədii dərkini özündə ehtiva edir. Poemada
utopik əhval-ruhiyyə yoxdur, təbii, bəlkə də
oxucuların əksəriyyəti müəllifin çətin
şəraitdə azad mühitdən yazmasını və
azadlığı arzulamasını yalnız arzu, xoş bir xəyal
kimi başa düşə bilər, amma şairin nəzərində
oxucunun gəldiyi qənaət heç də gerçək məqam
kimi təzahür edə bilməz. Çünki o dövr
şairlərinin hər biri mübarizə ruhunun sonda inqilabla nəticələndiyini
öz gözləri ilə görmüşlər. Ona görə
də Cənubda yaşayıb-yaratmış, bütün
şairlərin qələm nümunələri gerçək
həyatın ən çətin məqamlarını
inandırıcı şəkildə, aydın əks
etdirmişlər.
"Bahar
bayramı" poemasında Savalanın sənətkarlıq məharəti
bir daha özünü göstərir. Metaforik xüsusiyyətlərin
qabarıqlığı ilə seçilən əsərdə
bədii təsvir vasitələrindən, xüsusilə məcazlardan,
müdrik kəlamlardan, atalar sözlərindən də
yerli-yerində istifadə olunması fikrin daha təsirli ifadəsinə
xidmət edir:
Qızıl
günəş işıq salıb,
Min
çiçəklə gəlib bahar.
Atalardan bir
söz qalıb:
"Hər
gecənin gündüzü var".
Və yaxud:
Atalar da
böylə deyib:
"Yaxşıdan
yaxşılıq törər".
Sən elləri
ağırlasan,
Öz elin də
hörmət görər.
Şairin
"Dinlə, Gəlin qayası" və "Apardı sellər
Saranı" poemalarında folklor incilərinin meyar və
ölçülərini müəyyən etməkdə oxucu
çətinlik çəkmir.
Savalan və
qələmdaşları dərindən dərk edirdilər
ki, Güney Azərbaycan ədəbiyyatının güclənməsi
orada milli-intellektual şüurun güclənməsinə
ciddi təkan verəcək, xoşbəxtliyə qovuşmaq
arzusuna xalq bir az daha yaxınlaşacaqdır.
Dilini, elini,
dinini sevən, bu müqəddəsliklərin dəyərini,
qədrini bilən və qələmilə onların
keşiyində duran Savalan yaratdığı zəif və ya
güclü əsərlərində xalq ədəbiyyatına,
folklora, əfsanə və rəvayətlərə müraciət
etməklə göstərir ki, onun qəlbi yüksək bədii,
həm də çox mühüm tarixi, ictimai-siyasi əhəmiyyəti
olan Azərbaycan xalq yaradıcılığına məhəbbətlə
boyaboy doludur. Bu məhəbbətin diqtəsilə Həsən
Məcidzadə Savalan "Apardı sellər Saranı",
"Divani-həbibi", "Əliağa Vahidin
divanı", "Türk mahnıları (iki cilddə)"
kitablarını araya-ərsəyə gətirmiş, Məhəmməd
Füzulinin "Hədiqətüs-süəda" əsərini
müasir əlifbaya çevirmiş, "Nəhcül-bəlağə"ni
isə müasir əlifba ilə yığaraq tərtibatını
vermişdir.
Esmira Şükürova
Ədəbiyyat qəzeti.- 2013.- 8 fevral.-
S.5.