Bir gül soldu Kərkükdə...
Mənim
üçün ölüm xəbəri göylərin
daş yağışıdır. Bu hisslərimin
kökündə ürəyimdəki ata, iki qardaş, dost və
qohumlarımın vaxtsız ölümlərinin dərin yara
ağrılarının təsiri dayanır. Necə ki,
külək əsəndə yarpaqların səsi kökü
möhkəm ağac üçün həzin musiqi,
pıçıltıdırsa, kökündən
oynamış ağac üçün fəryad səsidir.
Türk dünyasının ərəb torpağında
yaşayan görkəmli ziyalısı, şairi, tədqiqatçısı,
eyni zamanda mənim dostum və köhnə terminlə desəm,
aspirantım Məhəmməd Mehdi Bayatın faciəli,
vaxtsız ölüm xəbəri məni
ağıllı-başlı silkələdi. Əvvəl
inanmasam da, amansız ölüm hökmünün “mətnini”
internet səhifəsində gözlərimlə oxudum...
Kərkükün
sözü nabat,
Gülü,
çiçəyi həyat,
Bir
çiçək soldu, adı
Məhəmməd
Mehdi Bayat.
Məhəmməd
Mehdi Bayatla məni Azərbaycanda hamının sevdiyi, hörmət
etdiyi, xeyirxah əməllər sahibi, Azərbaycan-İraq ədəbi-mədəni
əlaqələrinin inkişafında böyük xidmətləri
olan, “Kərkük pərvanəsi”, görkəmli elm xadimimiz
professor Qəzənfər Paşayev tanış etmişdi.
Qeyd edim ki, Kərkük elimizin dünya şöhrətli digər
insanı, gözəl şairi, istedadlı alimi və
ictimai-siyasi xadimi mərhum Əbdüllətif Bəndəroğlu
ilə tanışlığım da Qəzənfər
Paşayevin adı ilə bağlıdır. Mən
M.M.Bayatın ölümü ilə əlaqədar kədər
hisslərimi Azərbaycanda ilk olaraq Qəzənfər
Paşayevlə bölüşmək istədim. Amma telefonu
yığmağa əlim, danışmağa dilim gəlmədi.
Azərbaycan Dövlət Pedaqoji Universitetində rəhbəri
olduğum “Türk araşdırmaları” elmi-tədqiqat mərkəzində
Məhəmməd Mehdi Bayatı yaxşı tanıyan əməkdaşlarla
onunla bağlı xatirələr dünyasına səyahətimiz
bizi bir anlıq da olsa ölüm acısından
ayırdı... Amma bir qədər sonra Qəzənfər
müəllimin başsağlığı zəngi məni
yenidən həmin hisslərin ağuşuna atdı. Necə
deyərlər, bizi ilk tanış edən də o oldu,
ölümü ilə əlaqədar
başsağlığı vermək üçün ilk
telefon açan da.
Məhəmməd
Mehdi Bayat Məhəmmədhüseyn Şəhriyarın
İraq-türkman ədəbiyyatına təsiri problemləri
ilə bağlı dissertasiya yazmaq fikrində olduğunu bildirəndə,
mərhum akademik Bəkir Nəbiyev (ruhu şad olsun) və Qəzənfər
Paşayev bu işi mənim rəhbərliyim altında
yazmağı məsləhət bilmişdilər. Qəzənfər
Paşayev belə bir fikrin olduğunu mənə deyəndə
mən nəinki razılıq verdim, eyni zamanda onların məsləhətindən
məmnun qaldığımı bildirdim. Mən Məhəmməd
bəyin əsərləri ilə tanış olmuş,
M.Şəhriyarla bağlı tədqiqatlarımda “Heydərbabaya
salam”a onun nəzirə yazdığı “Kaytaz baba” əsərini
oxumuş, əsərlə bağlı fikirlərimi qələmə
almışdım. Amma özü ilə şəxsən
görüşməmişdim. Yadımdadır ki, Qəzənfər
Paşayev onu mənim iş otağıma gətirdi və mənimlə
tanış etdi. Danışıqları, məsələlərə
münasibəti onun müdrik bir insan olduğundan xəbər
verirdi. İlk tanışlıq məndə onun haqqında
yüksək təəssüratlar yaratdı. Elə oradaca
ilkin olaraq mövzu ilə əlaqədar məsləhətlərimi
verdim. Yaş baxımından məndən böyük olsa da,
bütün hərəkət və münasibətlərində
kifayət qədər ədəb, nəzakət, etika gözləyirdi.
Sonralar o, dəfələrlə Bakıya gəlib, elmi
çalışmaları barədə məlumatlar verirdi. Məhəmməd
bəy ilk növbədə qədirşünas bir insan idi. Hər
dəfə Bakıya gələndə dost və
tanışları ilə görüşməyi özünə
borc bilirdi. Bu sırada Qəzənfər Paşayev ön
sırada dayanırdı. Qəzənfər Paşayevin ona
diqqət və qayğısından ürək dolusu
danışırdı. Məhəmməd bəyi
tanıyanlar, onunla ünsiyyətdə olanlar əziz bir qonaq
kimi onu evlərinə dəvət etsələr də, o, Azərbaycanda
olduğu bütün zamanlarda millət vəkili, xalq şairi
Sabir Rüstəmxanlıya məxsus bir evdə qalır, bu
ocağı özünə doğma hesab edirdi. Təbii olaraq
onun Qəzənfər Paşayevlə və bir rəhbər
kimi mənimlə əlaqələri daha sıx olurdu. İstər
mənim iş otağımda, istər evimdə, istərsə
də müxtəlif yerlərdə olarkən mən Mehdi
Bayatın məsələlərə özünəməxsus
ziyalı yanaşmasının şahidi olmuşdum. 60
yaşlı dünyagörmüş bir insanın
danışarkən gülərüz simasındakı
utancaqlığı unutmaq elə bilirəm ki, heç vaxt
mümkün olmayacaq. O, mənimlə daha çox elmi
araşdırmaları və bədii
yaradıcılığı ilə bağlı söhbət
edirdi. Söhbətin ikinci tərəfi məni çox
çəkirdi. Çünki mən onun timsalında
İraq-türkman söz sənətinin canlı nümayəndəsi
ilə üz-üzə oturmaq, onun vasitəsilə bu ədəbiyyatın
çoxsaylı ədəbi şəxsiyyətlərinin
yaradıcılıqları ilə tanış olmaq imkanı əldə
edirdim. 2011-ci ildə iki cildlik “Şərq xalqları ədəbiyyatı”
antologiyasını çapa hazırlayarkən
İraq-türkman və ümumən ərəb ədəbiyyatının
bir çox nümayəndələrinin həyat və
yaradıcılıqları ilə bağlı bəzi
detalları aydınlaşdırarkən Qəzənfər
Paşayevlə yanaşı onunla da məsləhətləşmələr
aparırdım. Amma nə yaxşı ki, şairin “Kaytaz baba”
poemasını ixtisarla, digər üç şeirini
(“Karabağ şikestesi”, “Ben nerdeyim, Vatan orada” və “Gül
hanım”) isə tam şəkildə kitaba daxil etdim. Məhəmməd
Mehdi Bayat təpədən-dırnağa qədər milli ruh
adamı idi. Onun “Kaytaz baba” poemasında və digər
şeirlərində bu xətt açıq-aydın
oxucuların nəzər-diqqətini cəlb edir. “Qarabağ
şikəstəsi”ndə biz başqa bir milli
özünüifadənin şahidi oluruq:
Kadan alım
dilberim, başına da dolanım,
Gün
doğmadan derdine, pervane tek ben yanım.
Yüz yerden
yaralısan, ey sevgili cananım,
Gün gelir
şafak söker turnalar katar-katar,
O kurumuş
bağlarda bülbüller bir de öter.
Silkin silkin er
gibi, ışık saç güneş gibi,
Gir meydana
baş yüksek, kükreyen aslan gibi.
Kahreyle
düşmanları, görün halka xan gibi,
Yürü-yürü
durmadan, dağıt düşman evini,
Kaydeyle
zaferleri, hep dostların sevini.
Bilmirəm,
sinədə hansı ürək döyünə ki, neçə
min kilometrlik məsafədə yerləşən bir
uzaqlıqdan Qarabağ dərdlərinə bu dərəcədə
yanğı göstərə biləsən. Sanki bir
anlığa “Havalansın Xanın səsi, Qarabağın
şikəstəsi”nin təsirini uzaq Kərkük elində
yaşayan Məhəmməd Mehdi Bayatın titrəyən səsində
hiss edirsən. Məhəmməd bəyin mənimlə Qarabağ
mövzusunda danışıqlarında millətimizin üzləşdiyi
problemlərə münasibəti qəti və birmənalı
idi. O, Qarabağın azad olacağı günü səbirsizliklə
gözləyirdi və buna inanırdı. Özü görməsə
də, ruhu sevinər inşallah. O, mənimlə Qarabağ
mövzusunda danışıqlarının “Qarabağ şikəstəsi”
şeirinin yazılmasına təsirini xüsusi qeyd edirdi.
Məhəmməd
Mehdi Bayatın yurd məhəbbəti, türk sevgisi zahirində
yox, ruhunda idi. Ona görə də bu sevgi və məhəbbət
bütün ömrü boyu dəyişməz qaldı.
Bağdad universitetində tələbə olanda (1970-1975),
Tuzxurmatıda müəllim işlədiyi zamanda (1975-1991), Səddam
Hüseyn rejiminin təqibləri nəticəsində vətəni
tərk edib, İranın Ərdəbil Universitetində
çalışdığı dövrdə (2001-2003), yenidən
vətənə qayıtdıqdan sonrakı müddətlərdə
(2004-2013) o, vicdanlı insan, xalqı ilə nəfəs alan,
daim onu düşünən ziyalı təsiri
bağışlamışdır. Ərəb
dünyasında onun “Yurd”, “Qardaşlıq”, “Türkmaneli” kimi
türkdilli dərgilərdəki fəaliyyəti, “Kaytaz baba”
(1979), “Əski Tuzxurmatıda Xoyrat sənəti” (2003) və s.
kitablarındakı milli özünüifadənin poetik tərənnümü,
milli ideallara sədaqəti Məhəmməd Mehdi Bayatın
elmi, bədii, publisistik düşüncələrinin imkan və
səviyyəsini müəyyənləşdirməkdə
çox söz deyir. Son zamanlar maddi və sağlamlıq vəziyyətini
nəzərə almadan türk ölkələrinə getmək
Məhəmməd Mehdi Bayat üçün daxili tələbata
çevrilmişdi. Az danışıb, çox şeylərlə
maraqlanmaq onu tanıyanlar üçün qəribə
görünməzdi.
Sonuncu dəfə
2012-ci ilin iyul ayında göydən od ələndiyi bir vaxtda
onun Bakıdan Gəncəyə Nizami məqbərəsini
ziyarətə getməsi irsi-mənəvi bağlılıq və
sevginin təzahüründən başqa, görünür,
özündən asılı olmayan hansısa qüvvənin
yönləndirdiyi Şeyx Nizami ilə bu dünyadakı təmasının
vida məqamı idi. Deyə bilmərəm, gözəl dost,
gözəl şair olan M.M.Bayat Şeyxin məzarı
önündə hansı hissləri keçirib. Axı onun Azərbaycan
sevgisi dünyanın özü boyda idi. Azərbaycanın
tarixinə, mədəniyyətinə, ədəbiyyatına,
dilinə, insanlarına olan sevgisi onun qəlbinin dərinliklərində
yuva salmışdı. Çox təəssüf ki, bu sevginin
sahibi bu gün həyatda yoxdur. Təsəlli isə odur ki, həyatda
bu sevginin daşıyıcıları olan əsərləri
və bu əsərləri sevə-sevə oxuyan qədirşünas
insanlar var. Amma yenə də ölüm inkar olunmayan həqiqətdir.
Məhəmməd Mehdi Bayatın ölümü məni yenidən
bu yazının ilk cümlələrində ifadə etdiyim
hisslərə qaytardı. Onun ölümü mənim
üçün dost, ziyalı, rəhbərliyim altında
İraqda çalışan qürur duyduğum, gələcəyinə
böyük ümidlər bəslədiyim tədqiqatçı
itkisi oldu. Şərq və türk poeziya sənəti onun
timsalında gözəl yaradıcı insanı itirdi...
Kökündən
oynamış ağaclar, küləyin əsməsindən fəryad
etdilər...
Elman Quliyev,
professor
Ədəbiyyat qəzeti.- 2013.- 8 fevral.-
S.4.