Əlaqələr

     

“Ədəbiyyat qəzeti”nin baş redaktoruna

 

Hörmətli Ayaz müəllim!

Ədəbiyyatımızın yaxın dostu, Azərbaycan Yazıçılar Birliyinin üzvü Məhəmməd Mehdi Bayat İraqda adi hal almış partlayış nəticəsində həlak olmuşdur. Tuzxurmatıda yas mərasimində törədilən partlayış vaxtı 150-dən çox adam yaralanmış, 30-dan artıq adam isə ölmüşdür. Bu acı xəbəri mənə telefon vasitəsilə folklorşünas Aydın Kərkük çatdırdı. Elə həmin gün Dr.Əbdüllətif Bəndəroğlunun kiçik oğlu Heydər də telefonda təsdiq etdi.

Məhəmməd Bayat Azərbaycan eşqilə yaşayan qan qardaşımız idi. M.H.Şəhriyardan mövzu götürərək prof.Elman Quliyevin rəhbərliyi ilə dissertasiya yazırdı. Odur ki, hər il bir-iki dəfə Azərbaycana gələr, İraqa döndükdən sonra mətbuatda yazılar yazar, “Türkmeneliteleviziya kanalında çıxış edər, ölkəmizdən məhəbbətlə danışardı. İlk dəfə Azərbaycanı ziyarət etdikdən sonra Türkman Yazarlar Birliyinin “Kərkük dərgisi”ndə (¹31, oktyabr 2006) “Səkkiz gün Azərbaycanda” adlı əhatəli və maraqlı yazı ilə çıxış edərək ölkəmiz haqqında həqiqətləri iraqlı soydaşlarımıza çatdırmışdı. Vətənimizi vətəni hesab edən Məhəmməd Bayat hər dəfə Azərbaycana gələndə İraqda türkmanca və ərəb dilində Azərbaycanla bağlı yazıları “Ədəbiyyat qəzeti”ndə təqdim edərdi.

Onun Azərbaycana məhəbbəti gənclik illərindən başlamışdı. Məhəmməd Bayat hələ 1987-ci ilin may ayının 1-də “Yurd” qəzetində “Çağdaş Azərbaycan şairi Səməd Vurğun” məqaləsini çap etdirmişdi. Sevimli şairimiz Səməd Vurğunun iraqlı soydaşlarımızın da sevimlisi olduğu təsdiq edilən, faktlarla zəngin olan məqaləni çap etməyinizi xahiş edirəm.

 

 

Qəzənfər Paşayev

 

Ədəbiyyat qəzeti.- 2013.- 8 fevral.- S.4.