Sən heç danışmırsan...
1956-cı
il fevralın 14-ü Azərbaycan ictimaiyyəti
üçün əlamətdar olan günlərdən biridir.
Azərbaycan televiziyasının ad günüdür. Qəzetlər bu barədə yazır, televiziya
kanalları bu mövzuda
xüsusi verilişlər təqdim edir. Sənin diktor həmkarların
müxtəlif kanallarda
çıxışlar edir, xatirələr
danışırlar. Bir zamanlar
şahanə ekran görümün
və yüksək nitq mədəniyyətinlə
seçilən və “təklərdən” biri
olan sən isə heç
danışmırsan...
Heç demirsən
ki, Azərbaycan televiziyasında professional diktor məktəbinin
bünövrəsini qoyanlardan biri olmusan.
Heç demirsən
ki, neçə-neçə diktorun yetişməsində qəlbinin odunu əsirgəməmisən.
Heç demirsən
ki, onları mikrofonla
“dostlaşdıran” sən olmusan.
Heç demirsən
ki, ekranda göründüyün ilk
gündən böyük bir
tamaşaçı auditoriyasının qəlbini riqqətə
gətirmisən. Axı sən də o zaman gənc idin. Bu gün kimlərsə az qala bağça
yaşından diktor olmaq
istədiklərini ucadan, çox
ucadan bəyan edirlər. Amma
sən heç danışmırsan...
Televiziyanın
yeni yarandığı o
illərdə ana dilimizin
bütün incəliyi, bütün
gözəlliyi ilə danışan tək- tək idi. Sən o təklərdən
biriydin. Sənin ekrandan
səsin gələndə, özün
görünəndə adam nəfəs
çəkmədən səni dinləmək istəyirdi. Çünki o səs
içdən gəlirdi. Onun üçün də təbii idi. Səsini heç vaxt titrətmirdin, əsdirmirdin. Gücə
salmırdın. Səs tembrin o qədər ürəyə yatımlı idi ki, sanki
həzin bir musiqiydi. Bu səs ədəbi-bədii verilişlərə
yatımlı idi. Bu səs
xəbər proqramlarında da diqqət
çəkən idi. Çünki
sən səslə işləməyin metodikasını çox gözəl bilirdin.
Həm də bu bildiyini
digər həmkarlarına da deyirdin, öyrədirdin. Amma
bu gün susursan, heç bunlardan danışmırsan...
O
illərdə diktor çox
idi. Amma aparıcı tək-tək idi. Sən o təklərdən də biriydin. Çünki aparıcılıq pafos sevmirdi. Tamaşaçını uzun müddət
ekran qarşısında
saxlamaq üçün
ona doğma olan bir tərzdə
danışmaq lazım
gəlirdi. O zaman
sən bu doğmalığı tez,
lap tez qazanmışdın.
Bir də ki, aparıcı
həm də yüksək intellektə malik olmalıydı.Tamaşaçı
səndə bu intellekti də həm görürdü, həm də duyurdu. Amma bu gün keçdiyin
o böyük sənət
yolundan heç danışmırsan...
Bir zamanlar ən populyar verilişlərdən biri
- “Mavi işıq” gecələriydi. Bayramlarda, əlamətdar günlərdə
təqdim olunardı.
O verilişlərdə sən
səsinin əzəməti
və son dərəcə
telegenik zahiri görünüşünlə çox seçilərdin.
Diktor çox idi. Amma tamaşaçını
hərtərəfli qane
edən az
idi. Sən o azlardan biriydin.
Bəlkə də birincisi.
Bu gün o illəri xatırlayan həmkarların
öz pərəstişkarlarından
ağızdolusu danışırlar. Hətta bəziləri özləri
özlərinə heyranlıqdan
çəkinmədən danışırlar.
Amma sən, tək sən susursan, danışmırsan. Özü
də yarım əsrin canlı salnaməsi ola-ola heç danışmırsan...
Bir “Ocaq” verilişi
vardı. Onu sən aparırdın.
Səsin
o qədər istiydi ki, o “Ocağ”ın istisinə milyonlar isinirdi. Söz xəzinəmizin dürlü-dürlü incilərini
“Ocaq” başında xırdalayardın. O an
tamaşaçının ruhu
dincələr, qəlbinə
el sevgisi, torpaq məhəbbəti hopardı.
Səsin
adamı uzaqlara, çox uzaqlara aparardı. “Ocaq” başındakı bu söhbətin bitməsini
heç istəməzdi
adam. Çünki səsin sanki göylərdən süzülüb
gələn bir səs idi. Cazibə qüvvəsi böyük,
işığı gur
olan bir səs. Bəzən olur ki, kimsə səsini kiməsə bənzətmək
istəyir. Amma sən
bunu istəmirdin.
Çünki səsinin özü
bənzərsiz səsdir.
Bir az
da yanğılı səsdir. Çünki boğazdan qalxan yox, sənin iç dünyandan qopan bir səsdir.
Heç kəsin varid ola
bilməyəcəyi o iç
dünyanda nələri,
kimləri yaşadırsan
bir özün bilirsən. O iç dünyanda nə qədər sevinc, nə qədər qəm daşıyırsan
onu da bir
özün bilirsən.
Çünki heç
danışmırsan, heç...
Amma istəyirəm bir onu biləsən
ki, sən nə qədər danışmasan da, sənin sənət məziyyətlərini görənlər
görüb, bilənlər
bilir. Bu gün
kadrarxası mətnləri
oxuyanda səsin sanki adamı alıb aparır. Uzaqlara, çox uzaqlara aparır.
Bilmirəm nə dərəcədə
doğrudur, o zaman deyirdilər ki, Azərbaycan televiziyasına
1958-ci ildə gəlmisən. Əgər bu tarixi qəbul
etsək, bu il sənin
sənət ömrünün
55 yaşı tamam olur. İllərin sürətinə bir bax. Ana televiziyamızın ömür yolu sənin kimi tək- tək sayılan sənət korifeylərinin ömür
yolundan keçir.
Bu isə tarixdir.
Səhifələri zaman-zaman oxunan
bir tarix.
Səninlə uzun, çox
uzun illərdir ki, görüşmürük. Amma bir zamanlar görüşəndə də
elə bir yaxın ünsiyyətimiz
olmayıb. Sadəcə olaraq baxdığım verilişlər yaddaşımda
iz salıb. Qəribədir, heç özüm
də bilmirəm, niyə uzun illər sənə demək istədiklərimi
məhz bu gün qələmə aldım. Görünür buna da təkan verən bir qüvvə oldu. Amma nə yaxşı
da ki, oldu.
Yazdım, həm də
bir rahatlıq tapdım.
Hörmətlə,
Zərxanım ƏHMƏDLİ
Ədəbiyyat qəzeti.- 2013.- 15
fevral.- S.8.