Mələklər ötdüyü yerdə…

 

Firuzə Məmmədli: "Seçilmiş əsərləri".

 

VI cild. "Nurlan"

  

   "Firuzə Məmmədli Azərbaycan poeziyasının zəngin ədəbi ənənələrini davaminkişaf etdirən şairlərimizdəndir. Onun şeirləri də özünə bənzəyir; bir az kövrək, bir az həzindi, yeri gələndə bir az da sərtdi. Hisslərin, emosiyaların bədii ifadəsində nə qədər səmimidirsə, gerçəklikdəki və insanların qarşılaşdığı müxtəlif problemlərin mənalandırılmasında da bir o qədər təbiidir. Olduğundan artıq görünməməyə çalışması onun şeirlərinə cəlbedicilik verir. Sözə həssaslıqla və məsuliyyətlə yanaşması, dilinin sadəliyi, gündəlik həyatın ən adi və ən müxtəlif faktlarında, hətta dərddə, ölümdə şeiriyyət tapmaq cəhdi də Firuzə Məmmədli imzasını imzalar içində fərqləndirir. Ən azı bütün bunlara görə onun mənəvi haqqı var ki, desin: "Mən şairəm…"

Firuzə Məmmədlinin "Seçilmiş şeirləri"nin VI cildi xalq yazıçısı Anarın bu dəyərli sözlərilə açılır. Sonra gəlir xalq şairi Fikrət Qocanın və filologiya elmləri doktoru, tənqidçi Arif Əmrahoğlunun dəfələrlə dilə gətirdikləri, qələmə aldıqları fikirlərdən seçmələr. Hər iki sənət dostu doğru olaraq vurğulayırlar ki, bir qələm əhli, şair kimi Firuzə Məmmədli üçün başlıca olan şey təriflərdən xumarlanmayan ilham və ürəkdir! Firuzə xanım üçün söz fikrin, hissin, həyəcanın laylası, eyni zamanda da fəryadıdı, sahilsiz fəryadı. Onun üçün:

 

Söz hasardı, söz divardı,

Dünyanın qapısıdı.

Açmadınsa, düz divardı,

Açdınsa, keç, qapısıdı.

 

Firuzə xanım heç nəyin onun yaddaşını söz qədər ələyə bilmədiyinin fərqindədi, dəqiq əmindi ki, söz döyüşsüz qələbədir və həmişə, hər yerdə ona sığınmaq, tapınmaq olar. Eyni zamanda yaxşı bilir ki:

 

Görmədiyim günlərin

Gördüyüm əzabı var.

Tanrının dəftərində

Hər kəsin hesabı var.

 

F.Məmmədlinin poetik dünyası ənənəvi qoşma, gəraylı ovqatından qaynaqlanır, eyni zamanda da çağdaş poetik texnologiyalarının gəlişmələri də ona yad deyil. Ənənə və müasirliyin novatorluğu onun şeirlərinin dünyasından, deyim, ifadə, münasibət tərzindən bütöv, boyaboy keçir. İnamla yazır ki:

 

Çiynimdəki söz yükü -

Öz sınağım, öz yüküm.

Hərdən ağır duz yükü,

Hərdən həyandır mənə.

 

Büküldümsə əmrinə,

Yazılacaq ömrümə.

Fərmanı nə, əmri nə, -

Haqdan əyandır mənə.

 

Firuzə xanım əslində hər bir şeirində, misrasında ona haqdan əyan olanları yazır, ona verilən şeir, söz butasının şəklini çəkir. Fikri dəqiq, münasibəti aydındı:

 

Hər gün əlimdən alınan

İçimdəncə qan çəkirəm.

Məni talayan sevinir,

Cəzasını mən çəkirəm.

 

"Seçilmiş əsərləri"n hər səhifəsi bu cür isti, səmimi duyğularla süslənib. Yetər ki, oxuyaq, yetər ki, onun kimi əmin-arxayınlıqla deyə bilək:

 

Mələklər ötdüyü yerdən

Yenə yol düşər yollara

 

 

Sərvaz Hüseynoğlu

  

Ədəbiyyat qəzeti.- 2013.- 15 fevral.- S.7.