Kiçik janrın ustası

  

Mərkəz Qacarın yaradıcılığının əhatəli, çoxsahəli olmasını mütaliəsevərlər, yəqin ki, yaxşı bilirlər. Buna görə də onların hamısını bir məqalədə əhatə etmək çətindir. Sərlövhənin yalnız konkret bir sahəni özündə ehtiva etməsi zərurəti də məhz elə buradan yaranıb.

Ümumiyyətlə, o, söz sənətkarlığının demək olar ki, bütün sahələrində qələmini uğurla sınayıb. Publisistik mətbu materialları da var, elmi məqalələri də. Nəsr yaradıcılığına da biganə deyil. Məsələn, “Metroda terror” adlı sənədli povestində 1994-cü ildə Bakıda törədilmiş qanlı faciə təşəbbüskarlarının, ilk növbədə bədnam Zori Balayanın eybəcər əməlləri, mənfur siması konkret fakt və dəlillərlə açılır, belələrinə kəskin nifrət hissi aşılanır.

Ancaq Mərkəz Qacar ilk növbədə poeziya ilə nəfəs alan, onun vurğunu olan sənətkardır. Ardıcıl şəkildə bayatılar, qoşmalar, gəraylılar, qəzəllər, rübailər.... yazır. Ona yaxın poemanın, təxminən bir o qədər alleqorik pyesin müəllifidir. Onların xeyli hissəsi müxtəlif vaxtlarda özünün səhnə həyatını yaşayıb, kiçiklərin, gənclərin diqqət və marağına səbəb olub. Məsələn, “Dovşanın məhkəməsi” Kukla Teatrında, “Ayı meşədən qaçır” Gənc Tamaşaçılar Teatrında, “Qarğanın iflası” Naxçıvan Dövlət Dram Teatrında müvəffəqiyyətlə oynanılıb.

Mərkəz Qacarın indiyə qədər “vur-tut” 42 kitabı işıq üzü görüb, əksəriyyəti də həcm etibarilə tutarlı, sanballıdır. 2007-ci ildə “Adiloğlu” nəşriyyatında hazırlanmış “Qəzəllər” kitabına 1500 qələm məhsulu daxil edilib. Lakin bütün bunlar yalnız həcm göstəricisidir. Bədii əsəri qiymətləndirmək üçün isə ilkin və etibarlı meyar sənətkarlıq məsələləri - mövzunun seçilməsi, müxtəlif istiqamətlərdən işlənilməsi, bədii həllidir. Bəs bu barədə nə demək olar?

Qabaqcadan xatırladım ki, ədəbi redaktoru olduğumdan müəllifin bir çox kitablarının, o cümlədən qəzəllərinin nəşrindən əvvəl - əlyazması halında tanışlığım başlayıb və onların üzərində birlikdə xeyli dərəcədə işləmişik. Yaradıcılıq prosesində hiss etmişəm ki, məntiqi, mühakimə şəklində söylənildikdə o, redaktorun dediyi ilə razılaşan, işin xeyrinə, əsərin kamilləşməsi naminə güzəştə gedən müəlliflərdəndir. Bu kimi məsələlər barəsində ayrı-ayrı məqalələrimdə, həmçinin “Mərkəz Qacarın təmsil dünyası”, “Ədəbi redaktə: nəzəriyyə və təcrübə” adlı kitabımda ətraflı söhbət açmışam, yeri gəldikcə, qəzəllərin də mahiyyətindən məna və məziyyətlərindən bəhs etmişəm.

Onun çoxsaylı qəzəlləri arasında insanı həqiqətən valeh edən, ona estetik təsir göstərib, mənən zənginləşdirən nümunələr çoxdur. Onlarda mövzu ilə fikrin ifadə tərzi gözəlliyinin vəhdəti, bir-birini qarşılıqlı şəkildə tamamlaması qabarıq şəkildə hiss olunur, hər biri tərbiyəvi əhəmiyyət gücünə malikdir. Bəzi qəzəllərində sözlər, misralar sanki musiqiyə bələnib, daha doğrusu, musiqi onun ruhuna hopub, fikrin, ideyanın ürəklərə nüfuz etməsi məqsədinə səfərbər olunub. Belə mətnlərin ifası ilə, mən hələ yüksək demirəm, hətta orta səviyyəli müğənni də tamaşaçı, dinləyici rəğbətini qazana bilər.

İlk baxışdan nə qədər heyrətamiz görünsə də, Mərkəz Qacar 20 minə yaxın təmsilin müəllifidir və onların xeyli hissəsi eyni adlı kitablarda - “Təmsillər”də işıq üzü görüb. Bu, bir daha göstərir ki, konkret sahədəki fəaliyyəti onun yaradıcılığının ana xəttini təşkil edir.

O, təmsillərində ilkin mənbə kimi təbiətin müxtəlif sahələrinə - meşələrə, çaylara, ormanlara, quşlara, heyvanat aləminə ... müraciət edir, diqqətini cəlb edən obyektlərdəki nöqsanları, daha doğrusu, onlara şamil edilən qüsurları naqis insan təbiəti ilə tutuşdurur, müvafiq nəticələr yolu ilə qarşımızda yığcam, dolğun mənfi obrazlar yaratmağa müvəffəq olur. Məsələn, bax belə:

 

Vəzifə vermişdilər

Bir dəfə boz çaqqala.

Yeyib dağıtdı, dedi:

- Kim ölə, kim sağ qala.

 

Yaxud :

 

Qaraya söylədi,

Yenə əl çaldılar.

Ona görə tülkülər

Vəzifədə qaldılar.

 

Təsadüfi deyil ki, bu qəbildən olan təmsilləri mütaliə etdikcə mənfi tiplərin, satirik obrazların daşıyıcıları olan neçə-neçə adamın surəti gözümüz önündə canlanır, onların insana layiq olmayan müxtəlif əməllərinə qəlbimizdə nifrət hissi daha da güclənir. Bu isə bədii ədəbiyyatın əsas məqsədlərindən, tərbiyəvi üsullarından biri deyilmi? Şübhəsiz ki, belədir.

Öz şəxsi mənafeyini hər şeydən üstün tutan, nəyin bahasına olursa-olsun, varlanmaq eşqi ilə yaşayanlar müəllifin üzlərinə tutduğu aynada - heyvanların timsalında öz mənfi obrazlarını görüb seyr edə bilərlər:

 

Çaqqal gördü ki Qurdun

Üzündən yağır zəhər,

Yağlı toyuq göndərdi

Rəhbərinə hər səhər.

 

Mənfur qonşumuz ermənilərin dünyanın, az qala, bütün sərvətlərinə sahib çıxmaları, onların hamısını özəlləşdirmək ehtirası müəllifin iki misralıq təmsilində öz gözəl ifadəsini tapıb:

 

Özgə torpağında tapıb bir kəllə

Mənim babamındır söylədi Dələ.

 

Bir qədər diqqət yetirilsə, bu təmsillərdə elə bizim obrazımız var. Yəni ölkəmizə, xalqımıza ziyan yetirən ifrat dərəcədə humanistliyimiz, sadəlövhlüyümüz müəllifin diqqətindən yayınmayıb o, təəssüf hissi ilə yazıb:

 

Qaranquş qurban verdi

Neçə körpə balanı,

Aldanıb yuvasına

Buraxmışdı İlanı.

 

Yaxud bu qəbildən olan başqa bir təmsilə diqqət yetirin:

 

Pələng torpaqlarını

Kiçiltdi ildən - ilə,

Öyündü babasının

Daim qılıncı ilə.

 

O birilərində olduğu kimi, yuxarıdakı hər iki təmsildə mətləb o qədər aydındır ki, şərhinə ehtiyac duyulmur. Daha doğrusu, bu müəllifin bütün təmsillərinə aiddir. Aşağıdakı nümunəyə fikir verin:

 

Metal diş qızıl dişlə

Düzülmüşdü yan - yana,

Haray salıb deyirdi :

-Batasan, ay zamana.

 

Dan ulduzun seyr edib

Bir gün İşıldaböcək

Dedi göyə qalxsa da,

Ayağıma gələcək.

 

BaxıbMersedes”ə dedi Araba:

- Bu, ölkə deyil ki, qalsın xaraba.

 

Nadanlığın, geriliyin bu cür sərrast ifadə tərzinin şərhinə məgər ehtiyacmi var? Qətiyyən yoxdur! Çünki savadından, səviyyəsindən asılı olmayaraq, tənqidin mahiyyətini hər kəs aydın başa düşür, onun prototiplərini , ola bilsin, dərhal gözləri önündə canlandırır. Bu isə müəllifin səriştəsindən, onun qələm məhsulunun sanbal səviyyəsindən xəbər verir.

Məlum olduğu kimi, bizim günlərdə mütaliəyə maraq xeyli azalıb, həm kitablar çox az sayda nəşr olunur, əksəriyyəti kitabxanalara demək olar ki, göndərilmir. Bu mənada oxucuları Mərkəz Qacar təmsillərinin məzmun sənətkarlıq xüsusiyyətləri ilə bir qədər ətraflı tanış etmək istədik...

 

 

Mahmud Mahmudov,

BDU-nun jurnalistikanın

nəzəriyyəsi təcrübəsi

kafedrasının dosenti

 

Ədəbiyyat qəzeti.- 2013.- 15 fevral.- S.7.