Ədəbi dilimizin tarixi xalqımızın milli-mənəvi dəyərlərinin tarixidir

     

Azərbaycan ədəbi dilinin tarixi Azərbaycan türk xalqının əsrlərin keşməkeşlərindən qoruyub-saxladığı ən böyük xəzinəsi, ən böyük sərvətidir. Azərbaycan ədəbi dilinin tarixi Azərbaycan xalqının ədəbi-bədii düşüncəsinin, poetik-estetik təxəyyülünün, milli-mənəvi əxlaq dəyərlərinin, qərinələrlə qoynunda qoruyub-saxladığı əxlaq, ədəbrkan dəyərlərinin tarixi, ümumən milli mədəniyyət, milli mənəviyyat tarixi, intellekt tarixidir. Və xoşbəxtdir o şəxs ki, Azərbaycan xalqının əsrlərlə yaradıb-inkişaf etdirdiyi bu xəzinənin - Azərbaycan ədəbi dili tarixinin bu məziyyətlərini böyük vətəndaş hissilə, fəxarətlə vaxtında duyub-hiss edir, özünün Tanrıdan verilmiş ömür payını bu müqəddəs işə sərf edir.

Milli Elmlər Akademiyasının müxbir üzvü, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Tofiq Hacıyev məhz belə xoşbəxt insandır. O, ömrünü xalqının milli-mənəvi intellekt tarixinin elmi-nəzəri araşdırılmasına həsr etmiş yeganə alimdir ki, ardıcıl olaraq xalqının intellekt, bədii söz yaratmaq bacarığını bədii söz xəzinəsinin dil gözəlliklərinin tarixi-linqvistik elmi tədqiqinə həsr etmiş və o, bu gün də öz işindən mənəvi zövq alır, ürək dolusu fəxarət hissləri yaşayır və biz bu işdə ona uğurlar, cansağlığı arzulayırıq.

Bu günlərdə “Elmnəşriyyatında çapdan çıxmış “Azərbaycan ədəbi dilinin tarixi” (redaktor filologiya üzrə fəlsəfə doktoru dos. Qızılgül Abdullayevadır) fundamental əsər (2 hissə: I h. 476 s. II h. 392 s.) Azərbaycan xalqının ümumən mədəniyyət tarixinin salnaməsidir.

Müəllif (özünəməxsus xarakterindən çıxış edərək) universitetlərin filoloji fakültələri üçün nəzərdə tutulan “Azərbaycan ədəbi dilinin proqramı” əsasında yazılmış həmin əsəri təvazökarlıqla, dərslik adlandırsa da, əslində elmi-nəzəri keyfiyyəti, elmi sanbalı ilə, sözün həqiqi mənasında elmi-nəzəri tədqiqatdır.

Əsərdə ədəbi dilimizin tarixi xronoloji ardıcıllıqla elmi təhlilinə həsr edilməklə, hər bir tarixi mərhələnin (dövrün) araşdırılmasında dildaxili və dilxarici faktorlara, habelə üslubların təşəkkül tapmasına və onların sonrakı inkişafına, eləcə də ədəbi dildə norma anlayışının tarixi təkamülünə diqqət yönəldilir; Azərbaycan ədəbi dilinin son dərəcə aktual və vacib problemi - ədəbi dilimizin yazıyaqədərki (şifahi) dövrü xüsusi olaraq işıqlandırılır. Azərbaycan ədəbi dili tarixinin şah damarı - ədəbi dilimizin bədii üslubuna, habelə ədəbi dil eyni zamanda cəmiyyətin inkişafında, milli-mənəvi kamilləşməsində nüfuz dairəsinə malik şəxsiyyətlərin, ədəbi dil tarixinə istiqamətverici mövqeyi təsdiqləyən, həqiqəti gerçəkləşdirən “Ədəbi dil intellekt sahibi şəxsiyyətlərin yaradıcılıq tarixidir” missiyasını doğruldaraq şəxsiyyətlərin ədəbi dilin səviyyəsini göstərən faktorlar kimi tədqiqata cəlb edilmişdir, çünki həqiqətən də ədəbi dil tarixi həm də yüksək intellekt və əhatəli bilik dairəsinə malik görkəmli şəxsiyyətlərin, xüsusən şairlərin, yazıçıların söz xəzinəsinin inkişaf tarixidir. Məhz bu baxımdan “Ədəbi dilin tarixi xalqın uzaqgörən vətəndaş qayəli intellekt sahiblərinin yaradıcılıq tarixidir” - desək, yəqin ki, səhv etmərik, çünki “cəmiyyətin inkişafı və tarixi şəxsiyyətlərin yetişməsi” ilə ədəbi dilin səviyyəsi arasında mütəmadi uyğunluq tarixin təsdiqlədiyi danılmaz bir həqiqətdir.

Əsər Məhəmməd peyğəmbərin (s.ə.s.) türklər və türk dili, ana dili haqqında kəlamları ilə başlayaraq, dünyanın qəbul etdiyi görkəmli şəxsiyyətlərin fikirlərinin təqdimi ilə müşayiət edilir ki, bu da, ilk növbədə, gənc nəslin vətənpərvərlik ruhunun, milli təəssübkeşlik hissini qüvvətləndirməkdə, onlarda ana dilimiz haqqında fəxarət hissini gücləndirməkdə mühüm amildir.

Tarixi məlumatlar göstərir ki, xalqın ağır, mənəvi təzyiqləri çox olan günlərində onun ən yaxın həmdəmə -intellekt sahibi söz bilicilərinə, dahilərə çox böyük ehtiyacı yaranır (akad. D.Lixaçov). Azərbaycan xalqının da ən çətin, ən gərgin günlərində onun əlindən tutub qaldıran məhz bu dahilər olmuşdur. Azərbaycan türk xalqını səciyyələndirən məxsusi xoşbəxtliklərindən biri də odur ki, xalq basqılara məruz qaldıqca, ona qahmar çıxan, onu yaşadan belə dahiləri çox olmuşdur - sanki bu basqılar, bu təzyiqlər bumeranq kimi xalqa öz dahilərilə, öz söz sahiblərilə qayıdır. Bu dahilər -müxtəlif intellekt sahiblərinin - filosofların, şairlərin, alimlərin, filosof-şairlərin, şair-hökmdarların simasında Azərbaycan xalqının durub -dözməsini, həm fiziki, həm mənəvi yaşamasını təmin etmişlər. Monoqrafiyada bunlar ətraflı, elmi əsaslarla şərh edilir.

Ümumiyyətlə, əsərin milli mədəniyyət tariximiz, ədəbi dil tariximiz üçün fərəh doğurucu məziyyətləri çoxdur, lakin, ən başlıcası, fikrimizcə, Azərbaycan ədəbi dilinin dövrləşdirilməsi ilə bağlıdır. Əsərdə qeyd edildiyi kimi, Azərbaycan ədəbi dili tarixində çoxlu miqdarda dövrləşdirmə modelləri olmuşdur: B.Çobanzadənin, Ə.Dəmirçizadənin, T.Hacıyevin, A.Məhərrəmovun, A.Axundovun, Q.Kazımovun dövrləşdirmələrində müxtəlif prinsiplərin əsasında müvafiq dövrləşmələr verilmişdir. Lakin zaman öz sözünü deyir: bu gün qloballaşma hər bir mütəxəssisdən keçdiyi elmi təcrübəsinə daha yaxından baxmağı tələb edir.

Prof. T.Hacıyevin Azərbaycan ədəbi dilini iki mühüm mərhələyə ayıraraq tədqiq etməsi məhz düşünən alimin zamanın tələbləri ilə ayaqlaşmaq və onun tələblərinə əsaslı müddəalarla cavab vermək məqsədilə bağlıdır. Həqiqətən də XIII əsrdən kamil, tam poetexnik əsaslarla inkişaf edən Azərbaycan ədəbi dili özündən də kamil bir bünövrə üzərində sınaq meydanından keçmişdir. Bu, Azərbaycan türk xalqının yaranışından öz qoynunda bəslədiyi şifahi xalq ədəbi dilidir. Digər tərəfdən, yazı insan cəmiyyətinin şüurlu həyatı boyu qazandığı ən böyük, sivil, mədəni qazanclarından olsa da, o cəmiyyətin yaşam tarixinin ilkin uğuru deyil. Belə olduğu halda alimin “Azərbaycan-türk ədəbi dilinin tarixini xırdalıqlara varmadan əsasən iki dövrə: 1. Yazıyaqədərki dövr; 2. Yazılı dövrə ayırması öz şəffaflığı və real tarixi mənbələrə əsaslanması ilə alqışa layiqdir. Həqiqətən də, bir millət olaraq, əsrlərlə, qərinələrlə bizə baş ucalığı gətirmiş yazılı ədəbi dilimiz, onun dünya şöhrətli söz ustaları (klassik Azərbaycan şairləri) olmuşsa da, onların ünlü bir şair-filosof kimi yetişməsində xalqın “canlı universiteti” - ana folklorumuz az rol oynamamışdır. Alimin real arqumentlərə əsaslanaraq göstərdiyi kimi, “yazıyaqədər ədəbi dil” anlayışını göydəndüşmə saymaq olmaz” (75), şifahi ədəbiyyatın dili xalq dilinin ənənələrini əsrlərlə mühafizəkarcasına qoruyaraq, xalq dili janrlarının standartlaşmış, şablonlaşmış söz qəliblərini yaradaraq yaşadır, nəsillərə hazır şəkildə ötürür, alınma sözlərdən xali, doğma, milli söz xəzinəsi olan “doğma” söz ustadlarını yaradır ki, bunlar da ana dilini qoruyub-saxlamaqla, ana dilinin qoruyucularına çevrilirlər. Aşıq-şairlərimiz buna canlı nümunədir. Bunlarla yanaşı, əsərdə qədim şumer mədəniyyəti nümunələri, Orxon-Yenisey abidələri ilə yanaşı, folklor janrlarının, xalq deyimlərinin, onomastik vahidlərin, başqa qonşu xalqların dilində mühafizə olunan türk sözlərinin və s. faktların əsasında yazıyaqədərki ədəbi dilimiz haqqında fikir yürütmək mümkün hesab edilir. Müəllifin tövsiyəsinə görə Azərbaycan dilinin yazıyaqədərki dövrü tədqiq edilərkən dilimizdəki oğuz-qıpçaq təbəqəsinin tarixən mövcud olmuş daha qədim layına istinad etmək daha önəmlidir. Alim yazır: “Tədqiqatlar göstərir ki, bizim tanıdığımız oğuz-qıpçaq elementlərindən daha qədimdə, məhz e.ə. yazıyaqədərki dövrdə daşlaşmış Azərbaycan türkcəsi olmuşdur”. (76). Lakin qeyri-obyektiv tarixçilər Azərbaycanda türklərin aborigen olmasını cavanlaşdıraraq, oğuzların Midiya-Albaniya (Azərbaycan) ilə bağlılığı, eləcə də oğuzların dili IX əsrlə - səlcuqların Azərbaycana gəlişi ilə əlaqələndirilir. Fikrinə dil faktları ilə davam edən müəllif tutarlı arqumentlərlə göstərir ki, Azərbaycan-türk dilində oğuz elementləri “iki qat” təşkil etmişdir. Birinci qat ən qədim dövrlərdən dilimizin əsasını təşkil etmiş, ikinci qat ilk Orta əsrlərdən yaranan oğuz qatıdır. Sonuncu mərhələnin özü də 2 səviyyədə özünü göstərir: 1. E.ə. XXI əsrlərə qədərki səviyyə (müqaysə edək. DQ eposunda oğuzun oğuzla vuruşu və ya dastanda geniş işlənən iç oğuzlar, yəni daha qədim dövrlərin oğuzları, daş oğuzlar - sonradan gəlmələr (76); 2. XII-XV əsr arası (91). Əsərdə qədim oğuz qatına aid fonetik, leksik xüsusiyyətlər incələnir, yazıyaqədərki mərhələdə şeir texnikası, qafiyə düzülüşü sözün qədim yaradılışı yazıyaqədərki dil mənzərəsi inandırıcı, məntiqi nəticələrlə göz önünə gətirilir.

Ədəbi dilimizin ikinci mərhələsi əsərdə “Yazılı dövr” adlanır və o bir neçə mərhələni əhatə edir: 1. VII-XII əsrlər - “Dədə Qorqud kitabı”ndan Həsənoğluya qədər; 2. XIII-XVI əsrlər - divan ədəbiyyatının aparıcı dil kimi fəaliyyət mərhələsi: a) XIII-XIV əsrlər divan ədəbiyyatı dilinin başlanğıcı, ədəbi dilin Nəsimi yekunu; b) XV-XVI əsrlər - divan ədəbiyyatı dilinin zirvə mərhələsi: ədəbi dilin Füzuli yekunu - milli ədəbi dilin müəyyənləşməsi; 3. Milli ədəbi dilin yeni mərhələsi XVII-XXI əsrlər. Bu mərhələ üç pillədən ibarətdir: a) XVII-XVIII əsrlər normada xəlqiləşmə, realist ədəbiyyatın dilinin aparıcı mövqeyi mərhələsi; b) XIX-XX əsrlər - üslubların yenidən təşkili; c) üslubların sabitləşməsi, müasir ədəbi dil - XX əsrin 30-cu illərindən sonrakı dövr.

Yazılı dövrün birinci mərhələsini “Dədə Qorqud kitabı” və Həsənoğlunun elm aləminə bəlli artıq üç qəzəli (bu vaxta qədər iki idi) üzərində araşdırmalar aparan alim, haqlı olaraq, bu vaxta qədər bir çox alimlərin ümumtürk abidəsi etməyə çalışdıqları Azərbaycan türk xalqının halal abidəsi “Dədə Qorqud kitabı”ndan məhz Azərbaycan türklərinin bədii intellektinin abidəsi kimi bəhs edir və ana folklorumuzun şah əsəri “Dədə Qorqud kitabı”nı yazılı dövr Azərbaycan ədəbi dilinin ilk, lakin möhtəşəm abidəsi hesab edir, çünki həqiqətən, “Dədə Qorqud kitabı”nın dil materialı təsdiqləyir ki, birinci minillikdə Azərbaycan yazılı ədəbiyyatı, yazılı dili olmuşdur. Xatırladaq ki, alimin “Dədə Qorqud kitabı”nın yazıya alınma tarixi ilə güman və fərziyyələri də mütəxəssisi qane edir: tarixi faktlardan çıxış edərək bu gün əlimizdə olan “XV əsr əlyazmasının ilk nüsxə deyil, bəlkə o, XI əsr nüsxəsindən də əvvəl yazıya alınmışdır” - deyən alim bu hadisəni konkret rəqəmlə yanaşı, həm də həmin dövr türk renesansı ilə bağlayır; bu fikir öz reallığı ilə diqqəti çəkir: məlumdur ki, XI əsrdə bizim “Kitab”la yanaşı, türk dünyası M.Kaşğarinin “Divanü lüğat-it türk” və Y.Balaşaqunlunun “Qutadqu bilik” kimi nəhəng abidələrinin də yaranmasına şahidlik edir. Deməli, XI əsr bütün türk dünyasında, eləcə də türkün “beşik başı” olan Azərbaycanda da xüsusi inkişaf, təbəddülatlar dövrü olmuşdur. Belə olduğu halda, “Dədə Qorqud kitabı”nın XI yüzillikdə daha qədim nüsxədən köçürülməsi tarixi mədəni hadisə kimi real və inandırıcıdır. Müəllif tarixi faktlara -Axistanın sifarişilə Nizaminin “Leyli və Məcnun”u türkcə yaza bilmək imkanına, farsca yazan azərbaycanlı-türk şairlərin əsərlərindəki küllü miqdarda türk-Azərbaycan söz xəzinəsinə əsaslanaraq, Azərbaycan türk xalqının şifahi ədəbiyyat nümunələri yazılı dövrün ilk mənbələri hesab olunur, “Dədə Qorqud kitabı” üzərində dayanıqlı mülahizələr aparılır, abidənin məhz Azərbaycan oğuzlarının ana abidəsi olması onun əsas lüğət fondunun Azərbaycan milli dilinin əsas lüğət fondu ilə, əsasən, uyğun olması, diqqətə çatdırılır, bununla belə, abidənin dilində oğuz qrupunun digər dilləri ilə, eləcə də qıpçaq qrupu türk dilləri ilə ümumi faktların olması da təbii hesab edilir. Bu dövrün ikinci böyük abidəsi XIII əsrin böyük şairi İ.Həsənoğlunun üç yetkin, kamil qəzəli tədqiqata cəlb edilir. Həsənoğlunun böyük yaradıcılığı (çox böyük gümanlara görə Həsənoğlunun Azərbaycan-türkcə şeirlər “Divan”ı olmuşdur) dövrün ədəbi dilini səciyyələndirən faktlar kimi linqvistik poetik araşdırılır.

Beləliklə, XIII-XVI əsr mərhələsində “Dədə Qorqud kitabı” Həsənoğlu, “Dastani-Əhməd Hərami”, “Qisseyi-Yusif”, xalq bayatıları, Qazi Bürhanəddin yaradıcılığı, eləcə də bu dövrdə yazılmış türk-ərəb, ərəb-türk lüğətləri (Əbu Həyyanın, Hüsaməddin Xoyi, Hinduşah Naxçıvaninin, məşhur lüğətləri, dövrün yazılı ədəbi materialları kimi incələnir, ümumtürk və Azərbaycan mədəniyyət tarixi, ədəbi dili tarixinin vacib məqamlarına aydınlıq gətirilir, Nəsiminin dilinə xüsusi yer verilir, çünki həqiqətən də, “bu yarımbölmənin kamillik həddinə çatması Nəsiminin şəxsiyyəti ilə bağlıdır”. Nəsimi, həqiqətən də Azərbaycan türk dilinin vurğunu, mücahidi olaraq, bu yolda özünü şüurlu şəkildə, dərk edə-edə fəda etdi. Ana dili uğrunda şəhidlik zirvəsinə qalxdı! Qazandığı da oldu:

 

Nəsimi alnında qanlı bir qürur,

Baxır kainata öz dan yerindən!

On dördüncü əsr yıxılır-durur,

Tutur o dahinin ətəklərindən!

 

Xəlil Rza Ulutürk

 

Əsərdə Azərbaycan türk dilində ilk tərcümə nümunəsi kimi “Qurani-kərim”dən tərcümələr “Dədə Qorqud kitabı”nda bu vaxta qədər hamımızın “Quran” ayəsi kimi qəbul etdiyimiz “Yucalardan yucasan, Yuca Tanrı! Kimsə bilməz necəsən, Görklü Tanrı!...” həqiqətən də müəllifin qeyd etdiyi kimi, öz ahəngdar avazı ilə könüllərimizə axıb gələn müqəddəs misralardır, “ilk ədəbi-yazılı abidəmiz olan “Dədə Qorqud kitabı”nda “Quran”dan tərcümədir. Və müəllifin bu arzusuna biz də ürəkdən həmrəy olduğumuzu bildiririk: “Quran”ı bütünlüklə bu şeir dilində tərcümə etmək mümkün olsaydı!...” (124).

Azərbaycan ədəbi dili tarixində ana dilinə hökmdarlıq missiyası aşılayan və onun inkişafı üçün hər cür imkanlar yaradan Şah Xətainin ana dilinə qayğısı və şüurlu münasibəti, doğru olaraq, hökmdarın ictimai qayəsi ilə əlaqələndirilir və göstərilir ki, “Xalq şeiri və klassik poeziya dilinin birləşdirən Xətai ölkənin birləşdirmək arzusundan qaynaqlanırdı. Xətainin bütün yaradıcılığında klassik poeziya dili ilə xalq dili məhrəmliyi müvazi getsə də, elə hallar olur ki, xəlqi deyim tərzi daha üstün olur: “Dəhnamə” poemasında yazın gəlişi ilə təbiətdə əmələ gələn canlı təbiət lövhələri, doğrudan da, XX əsrin əvvəllərində A.Şaiqin “Köç” hekayəsi ilə müqayisə oluna bilər. “Dəhnamə”də verilən təbiət təsvirləri etiraf edək ki, çağdaş yazarlarımıza da örnək ola bilər! Bütün bunlara səbəb o idi ki, Xətai bir vətəndaş olaraq dövlətin möhkəmlənməsində dil amilini ön plana çəkirdi, çünki “ölkənin birləşdirilməsində bədii sözün nüfuzu Xətaiyə ordudan az kömək etmir”di (282).

Yazılı dövrün XV-XVI əsrlər hissəsində M.Füzulinin mövqeyinə xüsusilə geniş yer verilir, Füzuli dövrü Azərbaycan ədəbi dilinin müəyyənləşməsi kimi səciyyələndirilir, qeyd edilir ki, Füzuli quru meydanda zirvəyə qalxmadı, ondan əvvəl, xüsusən qüdrətli hökmdar Şah İsmayıl Xətai dövründə şairlərə, ümumən mədəniyyətə, xüsusi qayğı və Bağdaddakı içtimayi-siyasi durum, ana dili mühiti Füzulinin zirvə səviyyəsinə təminat yaratmışdı. Müəllif tamamilə haqlıdır ki, “Şah İsmayılın hakimiyyəti və Füzulinin sənət dili Azərbaycan ədəbi dilini ən qüdrətli türkcə kimi təqdim edir.” Füzuli dililə əlaqədar müəllif ədəbi dilin sabitləşməsində dialekt məsələsinə də toxunur, doğru olaraq, dünya nəzəri fikrinə haqlı olaraq əsaslanıb, dünya ədəbi dillərinin tədqiqinə aid ədəbiyyatlarda milli dillərin yaranmasında dialektlərin sintezinə üstünlük verilməsini məqbul sayır, “Dialetfövqü fakt kimi meydana çıxan şifahi xalq ədəbiyyatının folklor şeirinin dili də həmin dialekt sintezinin nəticəsidir. Bunu yazılı abidələrin dili də əks etdirir.” (294) (müqayisə edək. DQ-da və bütün klassik yazıçılarımızın dil materialı) Bütün dil məziyyətləri ilə, M.Füzuli Azərbaycan milli ədəbi dilinin banisi hesab olunur.

Əsərdə problemlərə sadə, aydın təhlil yoluna üstünlük verilir. Fikrimizcə, bu əsərin bir tərəfdən dərslik səciyyəsi daşımasından, digər tərəfdən isə ümumiyyətlə, problemlərə daha dərindən yanaşılması ilə izah oluna bilər: məlumdur ki, Azərbaycan ədəbi dili tarixində ədəbi dilimizin çoxsaylı üslubları haqqında məlumatlar verilmişdir. Əsərdə Azərbaycan ədəbi dilinin üç üslubu olması fikri irəli sürülür və onların məzmun tərkiblərinə aydınlıq gətirilir: hər üç üslub üçün iki əsas dil istiqaməti müəyyən edilir: klassik -kitab dili, folklor - danışıq dili. Bədii üslub üçün də, elmi üslub üçün də tərkib etibarilə klassik - kitab dili və folklor - danışıq dili məqbul hesab edilir: 1. “bədii üslub (tərkibi: klassik - kitab dili, folklor - danışıq dili), elmi üslub (tərkibi: klassik - kitab dili, folklor - danışıq dili), rəsmi - epistolyar üslub (tərkibi: klassik - kitab dili, folklor - danışıq dili)” (249).

Bu bölgüdəki müvazi paralellik Azərbaycan klassik yazılı abidələrinə yaxından bələd olanlar üçün tamamilə anlaşıqlıdır, çünki bu, bir təkzib olunmaz həqiqətdir ki, klassik Azərbaycan yazılı ədəbi dili klassik - kitab və folklor - danışıq dili məcrasında inkişaf etmişdir. Hər iki istiqamət Azərbaycan klassik ədəbi dilinin (təbii ki, Azərbaycan klassik ədəbiyyatının) xeyrinə işləmişdir: klassik - kitab istiqaməti Azərbaycan yazılı ədəbi dilinin sanballı ənənəyə əsaslandığına şahidlik etmişsə, folklor - danışıq istiqaməti onu məhz Azərbaycan-türk xalqının milli köklərinin solmayan təzahürüdür. Məhz bu keyfiyyətinə görədir ki, Azərbaycan klassik ədəbi dili (Azərbaycan klassik ədəbiyyatı) ümumşərq müstəvisində özünəməxsusluğunu, özümlü lüğət fondunu, lüğət tərkibini əsrlərin sınağından qoruyub-saxlaya bilmişdir. Bu bölgüdə “dil” termininin saxlanılması da ağ həqiqətdir: hər şeyi öz adı ilə demək baxımından bu terminin işlədilməsi daha anlaşıqlı, daha məqbuldur. Əsərdə Azərbaycan ədəbi dili tarixində öz mükəmməlliyi və ənənəsi ilə diqqət çəkən tərcümə məsələlərinə toxunulur və həqiqətən, tərcümənin ədəbi dilimizin tarixində fəxarət doğurucu mədəni-ədəbi hadisə olmasına diqqət yönəldilir. Doğrudan da, XV-XVI əsrlərdə Azərbaycan-türk dilinin inkişaf səviyyəsi o dərəcəyə yüksəlmişdi ki, o artıq qədim yazılı ənənəsi olan ərəb və fars dillərindən tərcümələrə “qucaq aça bilirdi”, daha dəqiq: türk dili ərəb dililə (eləcə də fars dililə) “atbaşı gedə” bilirdi (M.Kaşğari). Müəllif milliliyilə bu gün də bizi heyran edən, təbii olaraq hökmdar şair Şah Xətainin çağdaşı, ədəbi-aşıq məclislərində hökmdarın söz hökmdarı tərəf-müqabili aşıq Qurbaninin söz xəzinəsindən bəhs edərkən, çox təbii olaraq, xalqın bu böyük söz ustadı qarşısında öz alim sözünün reallığını nümayiş etdirərkən Aşığın bu gün də Azərbaycan milli şeirinin şedevri “Bənövşə” qoşması üzərində dayanıqlı “ayaq saxlayır”:

 

Qurbani der, könlüm səndən

sayrudur;

Neyləmişəm, yarım məndən

ayrudur?!

Ayrılıqmı çəkmiş, boynu əyridir -

Neç yerdə görmədim

düz bənövşəni!

 

Burda istər-istəməz, Qurbaninin böyük ustadı, Nəsiminin bir emosional-ekspressiv ifadəsini xatırlamaya bilmirəm: “Allah! Allah!” Görəsən bu qoşmanı bundan gözəl necə demək olar?! Mümkün deyil! Fikrimizcə, elə Qurbanini xalqına məhrəm edən, xalqının dilinə minillərin yaşını verən də elə bu “mümkünsüz”lüklər, bu düşünülmüş seçib-əvəzetmələr (müqayisə et: əlvan(ə) sözü əvəzinə xalqın qoynunda bəslədiyi al-yaşıl sözünü: Al-yaşıl geyinib durma qarşıda...) olmuşdur.

 

Yayın bədnəzərdən, göz dəyər sənə!

Dəstələ zülflərin yerə dəyməsin,

Yollar qubarlanar, toz dəyər sənə!

 

Bircə qubar sözü göstərir ki, Qurbani xalqın şairi olmaqla, həm də dövrün savadlı bir şəxsiyyəti olmuşdur: o, fars dili alınması olan qubar sözünü xalqın mənalandırdığı semantik mənanı da qoşmaya daxil edir, ona sanki çoxmənalılıq aşılayıb, özümləşdirir, türkləşdirir, azərbaycanlaşdırır. Aşıq-şair yuxarıdakı misrada yayınmaq feilini işlədir: məzmunu budur ki, pis gözdən, bədnəzərdən uzaqlaş, uzaq ol! Məlumdur ki, geniş xalq dilində uzaqlaşmaq, kənara çəkilmək mənasında var-get (müasir dialektlərdən, xüsusən Qərb qrupu dialekt və şivələrdə) tərkibi həmin mənada daha fəal olmuşdur. Lakin böyük sənətkar yayınmaq feilindən istifadə etməklə xalq danışıq dili ilə ədəbi (bir qədər də rəsmi) dilin qarşılıqlı faydalanma prosesinin əyani nümunəsini yaratmışdır. Bu fakt isə ədəbi dilin xəlqiləşməsi və xalq dilinin elementlərinə ədəbi səlahiyyət verməklə bütövlükdə ədəbi dili zənginləşdirmək missiyasına xidmət edən vasitələrdəndir. Ümumən, müəllifin “Qurbaninin sənət dili xalqın dilinin özüdür” fikri real olduğu qədər elmi, elmi olduğu qədər qaneedicidir. Çünki Qurbaninin dili XVI əsr Azərbaycan türk xalqının canlı, gündəlik həyatında, məişətində işlətdiyi sözlər - kəlmələrdir, hətta alınmalar da o dövrün camaatının qəbul edib öz sözü kimi mənimsədiyi sözlərdir. Əgər Qurbani göz dəymək, söz dəymək, qanla oynamaq, dil-dil ötmək, doğram-doğram etmək, düzəltginən halı (müasir dövrdə aranı sözü ilə komponent olaraq aranı düzəltmək), təklikdə işlənir dünyanın boş ələyə bənzədilməsi və onlarla belə söz və ifadəni bu gün biz düşündüyümüz semantika ilə işlədirsə, deməli bu ifadələr Qurbaninin dövründə də həmin mənada işlənmişdir. Deməli, göz dəymək feili frazeoloji vahidin XVI əsrdə bugünkü mənada işlənməsi üçün o ən azından 5-10 əsr əvvəldən xalq dilində frazemləşmə prosesini keçirməyə məhkumdur: söz birləşməsinin frazeoloji vahidə çevrilməsi yalnız uzun bir prosesin nəticəsində baş verə bilər.

Zəmanəmizin böyük şairi Səməd Vurğun Vaqif haqqında “Vaqif bir oğludur əbədiyyətin!” - deyərkən təbii ki, böyük Füzulinin yolunu qoşma janrı ilə davam etdirən, sözün həqiqi mənasında, xalqın şairi - xəlqi şair olduğunu ön plana çəkirdi. Molla Pənah Vaqif babası Şah Xətai kimi xalqın ziyalanmasına, ana dilinin xalqın sər-çeşməsindən qidalanmasına, realist şair kimi, real hadisələrin, xalqın içindən gələn qəhrəmanların təsvirini xalqın öz dili ilə, təbii, əlvan boyalarla tərənnüm edərkən ana dilinin milli təməlini möhkəmləndirirdi, ana dilini yersiz təqlidçilərdən qoruyurdu (müqayisə edək XIX əsr, XX əsrin əvvəllərində klassik üsluba yerli-yersiz təqlidçiləri). Əsərdə Vaqifin ruh etibarilə də böyük Füzulinin davamçısı olması hər iki şairin eyni ruhlu əsərləri - “Şikayətnamə” və “Görmədim” əsasında maraqlı tutuşdurmalarla izah edilir. Və müəllifin filosof-mütəfəkkir M.F.Axundzadəni haqlı olaraq qınayır və “M.Fətəli dəqiq demir, M.P.Vaqifin poetikası M.Füzilinin sənətindən doğulmuşdur” kimi oxucunu qane edən nəticəsini təqdim edir.

Əsərdə Vaqif dilinin xəlqiliyi linqvə-poetik vasitələrlə incələnir və şairin böyüklüyü məhz xəlqi morfoloji, xəlqi sintaktik vasitələrlə izah və təsdiq edilir, Vaqifdən sonra Azərbaycan ədəbi dilinin inkişafında mühüm rol oynamış Q.Zakir, Ə.Nəbati kimi şairlərin milli şair kimi formalaşmasına qüvvətli təsir göstərməsi vurğulanır.

Əsərin II hissəsi Azərbaycan ədəbi dili tarixində mahiyyət etibarilə mühüm bir epoxaya bənzər mərhələni əhatə edən XIX əsr ədəbi dilimizin elmi-nəzəri tədqiqinə həsr edilir. XIX əsrin əvvəllərindən Azərbaycanın siyasi mühiti - ölkənin iki super dövlət arasında parçalanması, bununla əlaqədar olaraq Azərbaycanda yaranan və XX əsrin sonlarına qədər ölkədə mövcud olan ictimai-siyasi mühit (Rusiyanın bütün mənfi və müsbət təsirləri, Avropanın Rusiya və rus dili vasitəsilə Azərbaycan mədəniyyətinə, ümumi səviyyəsinə təsiri) tarixi faktlarla araşdırılır, Azərbaycanın qazandıqları və itirdikləri dilçi-tarixçi həssaslığı ilə detallarla diqqətə çatdırılır. Aydın olur ki, XIX əsrdə dildaxili amillər yavaş-yavaş zəifləyir, bunun əksinə əvvəlki dövrlərdə kortəbii şəkildə müşahidə olunan dilxarici amillər artıq bu dövrdən dildaxili amillərlə birləşib, qoşa qanad kimi dövrün ədəbi dilinin istiqamətini müəyyən edir. Bu zaman Azərbaycanda mövcud dilçilik mühiti Azərbaycan dilinin normativ inkişafına təsir edir. Zaqafqaziyada Azərbaycan türk dilinin (o zaman Qafqaz tatarlarının dili) öz, bir növ, beynəlxalq kommunikasiya vasitəsi olması statusu etiraf edilir (müqayisə edək. Lermontovun dostu Rayevskiyə məktubu), hətta xalqlar, xüsusilə Rusiya ilə Azərbaycan arasında ticari münasibətlərin aydınlaşmasında, Azərbaycan türk dilinin öyrənilməsini asanlaşdırmaq üçün xüsusi dərsliklərin, “samouçitellərin” yaranmasından, rus türkoloqlarının - L.Z.Budaqovun, V.V.Radlovun türkologiyanın təməl mənbələrinin yaranmasından, ədəbi dil norması ilə sıx bağlı olan orfoqrafiya məsələlərinə, M.F.Axundzadənin sağır nun (?) hərfindən, özünün yazdığı xəlqi ruhlu komediyalarının düzgün oxunuşundan narahatlığından, ərəb əlifbasının nöqtələrindən və onların oxunuş zamanı yaratdığı rahatsızlıqlardan və beləliklə, yazının yazılmasını və oxunuş qaydalarının sadələşməsindən, yazıda durğu işarələrindən necə istifadə edilməsi haqqında Axundzadənin fikir və mülahizələri və s. məsələlər, incə məqamları ilə oxucu-mütəxəssisə çatdırılır. “Normalar” bölməsində XIX əsr ədəbi dilində sabitləşməyə istiqamət götürmüş fonetik-orfoqrafik-morfoloji normanın bir tərəfdən XVII-XVIII əsrlərə, digər tərəfdən XX əsr mərhələsinə uyğun olaraq, ortaq vəziyyət halında olması müəyyən edilir. Dövrün leksik terminoloji norması kimi alınma ərəb, fars terminoloji leksikanın zəifləməsi, bunun əksinə dövrün səciyyəsi - rus-Avropa təhsilli savadlı təbəqənin xidmətilə, rus-Avropa sözlərinin fəallığı, bu işdə böyük mütəfəkkir Axundzadənin xəlqi, milli ana dilinə uyğunluğu ilə diqqətə çəkilir (32). Dövrün ədəbi dilinin sintaktik norması xalq dilinin, xalq ünsiyyətindəki danışıq dili sintaktikinə tam uyğun olması Axundzadənin dram əsərlərindən verilmiş nitq faktları ilə əyaniləşdirilir. Bunlar hamısı doğru olaraq böyük dramaturqun yaratdığı dram janrı və onun sələfləri ilə bağlı idi. Bununla belə, XIX əsrdə ədəbi dilinin ümumi normasından kənara çıxmalar da var idi və fikrimizcə, müəllifin bu halı dildə əsrlərlə mövcud olan hər hansı bir dil-nitq hadisəsinin inkişafının sonrakı mərhələsində dildən “birdəfəlik silinib getməməsi” kimi izah etməsi tam real nəticədir. XIX əsrdə ədəbi dilin üslublarından danışarkən, burada da yeniliklərlə yanaşı, istisnaların da mövcud olması diqqətə çatdırılır və göstərilir ki, bu dövrdə də ənənəvi klassik üslubla, folklor -danışıq üslubu davam edir, lakin bununla belə üslubların yenidən təşkili, yeni funksional üslublar inkişafa rəvac alır. Beləliklə, folklor -danışıq dilinin davamı kimi Q.Zakirin, klassik -kitab dilinin davamı kimi A.Bakıxanovun və S.Ə.Şirvaninin əsərləri araşdırılır, onların özünəməxsus məqamları göz önünə gətirilir. Üslubların yenidən qurulması dövründə bədii və elmi üslublar tədqiqata cəlb edilir. XX əsrin əvvəllərində ədəbi dildən bəhs edən müəllif bu dövrü Azərbaycan milli ədəbi dilinin yeni mərhələsinin yeniləşməsi hesab edir və bu dövrün əslində XIX əsrin ikinci yarısından başlandığını qeyd edir, Azərbaycan dilinin cənub qolundan bəhs edən müəllif oxucuya belə bir mənzərəni təqdim edir: XIX əsrdə məşhurlaşan söz ustadları, ədəbi dilə yenilik gətirən, XIX əsr ədəbi dilimizin yeniliyi olan publisist üslubda məhz Azərbaycanın şimal hissəsində yarandı. Bu dövrdə Azərbaycan dilinin cənub qolu haqqında məlumat verən müəllif M.Ə.Möcüzün yaradıcılığı üzərində ətraflı dayanır. Çağdaş dövrdə isə Cənubi Azərbaycan dilində, ictimai-siyasi müəyyənləşmələrlə əlaqədar, daha çox Türkiyə türkcəsinə meylin güclənməsini qeyd edir. Müəllif haqlıdır, çünki bu gün Türkiyədə, eləcə də Güney Azərbaycanda süni sözlər, xalqın artıq mənimsədiyi ərəb, fars sözləri əvəzinə yersiz Avropa alınmalarının işlənməsi, həqiqətən də, “bir tərəfdən, Türkiyənin müasir gəncləri Türkiyə türkcəsinin tarixini anlamamaq həddinə gəlir, o biri tərəfdən, Türkiyə türkcəsi Azərbaycan, özbək, türkmən türkcələrindən təcrid olunur” (239). Əsərdə XX əsrin əvvəlləri üçün beş üslub: bədii üslub, publisist üslub, elmi üslub, şəriət üslubu, rəsmi-epistolyar üslub müəyyən edilir, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədəbi dilindən bəhs edilir “Dil siyasəti dövlətin millətə münasibətinin baş göstəricisi” olduğu qeyd edilir, Cümhuriyyət dövründə ana dilimizin, Azərbaycan türk dilinin dövlət dili kimi işlənməsi üçün geniş meydan açılması faktlarla tədqiq edilir, Azərbaycan Xalq Cümhuriyyətinin bu dillə özünü elan etməsi vurğulanır. Əsərin son hissəsi sovet dövrü Azərbaycan ədəbi dilinin tarixi mövqeyinin açıqlanmasına həsr edilir.

 

 

Sevil MEHDİYEVA

 

Ədəbiyyat qəzeti.- 2013.- 15 fevral.- S.4; 5; 7.