Tale ona yar olmadı

  

Hörmətli oxucum!

Yaşım mənə haqq vermir ki, vaxtilə mötəbər adamlardan eşitdiklərimi özümlə aparım.

Şükürlər olsun ki, respublikamızda mövcud olan demokratiya, söz azadlığı mənə imkan verir ki, ürəyimi boşaldıb köçüm.

O zaman Akademiyada vitse-prezident olan Heydər Hüseynovun vəzifəsinə ondan sonra məşhur ədəbiyyatşünas f.e.doktoru, professor Məmməd Arif Dadaşzadə təyin edilmişdi. Mənim eşitdiyimə görə, Arif müəllim sonralar da Heydər müəllimin ailəsinə diqqətli olub, o cümlədən Sara xanıma xəbərsiz hər ay məvacibindən göndərərmiş.

Böyüklərə xas qayğıkeşliyi dahi Üzeyir Hacıbəylinin Hüseyn Cavid həbs olandan sonra onun oğlu Ərtoğrula göstərdiyi böyük diqqətdə görmək mümkündür.

Deyilənə görə Mir Cəfər Bağırov Cavid əfəndinin ailəsinə, Seyid Hüseyn kimilərin ailəsinə, necə deyərlər, zülm etməyib.

--------------------------------

Akademiyanın həyətindən çıxırdım. Birdən bu yaxınlarda kitab təqdimatında tanış olduğum çox gənc alimlərdən biri ilə rastlaşdım. Köhnə dostlar kimi görüşdük. Hal-əhvaldan sonra hara getdiyimi xəbər aldı, - dedim hüzür yerinə gedirəm. Maraqlandı. Soruşdu bəlkə mən tanıyıram. Dedim mərhum akademik Heydər Hüseynovun böyük qızı Sara xanım vəfat edib, başsağlığına gedirəm.

Həmsöhbətim dedi:

- Bir məsələni soruşmaq istəyirəm. Siz yaşlı nəsildənsiniz. Doğrudurmu dövlət tərəfindən Heydər Hüseynov avtomobilində qəzaya uğradılıb?

Dedim:

- Xeyr, o, Mir Cəfər Bağırovun qəzəbinə tuş gəlmişdi. Mən bu barədə bir az haliyəm. Heydər Hüseynovun Şüvəlanda bağı var idi, hər yay mövsümündə oraya köçərdilər. Çox sadə kəndli ailəsi olan bacımgil onların həndəvərində yaşadığından neçə illər idi ki, səmimi qonşuluqları vardı.

M.C.Bağırov tərəfindən çox sıxılmışdı, - deyə bağda qalırdılar. Bacımın əri Fərəc tez-tez onun yanına gedərmiş. Fərəc hiss edirdi ki, Heydər heç özündə-sözündə deyil. Ona görə atamdan xahiş edir ki, "Sən bir az Şərq ədəbiyyatından, şeriyyatdan xəbərdarsan, gəl Heydərlə söhbət elə".

Atam bir neçə dəfə onunla həmsöhbət olur. Sonra deyir ki, mən Füzulidən şeir deyirəm, onun fikri başqa yerdədir. Onun üstündə nəzarət olmalıdır (çünki bir dəfə şah damarını kəsibmiş).

İnsafən, arvadı Talə xanım onu gözdən qoymurmuş.

Bir dəfə Buzovnaya Həmid Araslıgilə getmişdim. Həmid müəllim məndən soruşdu ki, doğrudurmu, Heydər intihar edib?!

Dedim: Xəbərim yoxdur.

Həmid müəllim məndən xahiş etdi ki, Şüvəlana gedim bu işdən xəbər tutum.

Hövlnak Şüvəlana getdim, bacımgildən xəbər aldım. Dedilər, dünən ailəvi həyəcan içində Fərəci çağırdılar. Görür ki, işdən keçib - Fərəc bir neçə nəfərlə Bakıya aparıb torpağa tapşırıblar.

Heydər Hüseynov haqqında mənim danışmağım bəlkə yersiz olardı.

Heydər Hüseynov Azərbaycan mədəniyyəti - ədəbiyyatı tarixinin keşiyində duranlardan idi. Belə şəxsiyyətlərdən biri Səməd Vurğun idi. Onu həyatda görmək mənə nəsib olmuşdu.

Səməd:

- Biz hamımız deyirik ki, ədəbiyyatımızı, tariximizi sevirik, amma edirik?

Yadımdadır, Akademiyada illik hesabat verilirdi. Akademik katib İsmayıl Hafiz (şeir yazmağı da vardı) məruzəsini qurtardı. Məruzə Moskvaya göndərilməli idi. Odur ki, vacib məsələlərdən biri "ateizm" idi.

Səməd Vurğun soruşdu ki, ateizmdən yazmısız?

İsmail Hafiz dedi:

- Şükür Allaha ki, yazılarımızın hamısı ateizm deyilmi?

Hamımız güldük.

Səməd Vurğun:

- Yazırsınız, amma yazılarınız Xaçmazdan o tərəfə çıxmır, paravozun buxarı qurtarır.

O da can atırdı ki, bizim alimlərimizin əsərlərinin səsi xarici ölkələrdən gəlsin.

İnandığım mötəbər adamların söylədiyi:

Heydər Hüseynov ədəbiyyatımızın, tariximizin tədqiqi başqa xalqlara çatdırılması üçün çox çalışırmış.

O, tez-tez institutlarda bir inzibatçı, rəhbər kimi yox, yeni, sanballı əsərlər yazılması təəssübkeşi kimi çıxış edirmiş:

İşə gəlməyəni, işə gecikəni danlayarmış:

- 150-160 səhifə nədir ki, bir il ərzində yazıb müdafiə etmirsiniz?!

Bu həm elmin inkişafı, həm maddi cəhətdən yararlı olar.

Maraqlı söhbətlərdən biri Mir Cəlal müəllimlə olub.

Mir Cəlal müəllim həmişə işə gec gələrmiş. Bir dəfə Heydər Hüseynov deyir ki, Mir Cəlala deyin, əgər o çox bilirsə, gəlsin bizə öyrətsin, - yox, əgər az bilirsə, gəlsin bizdən öyrənsin.

Bu peyğam-kəlamı Mir Cəlal müəllimə yetirirlər.

O, özünəxas astalıqla-təmkinlə cavab verir:

- Ona deyin ki, hər ikimiz bir səviyyədəyik.

Deyilənə görə məlum elmi-tədqiqat əsərinin mövzusunu ("Füzulinin poetik xüsusiyyətləri") Mir Cəlala ustad Hüseyn Cavid tövsiyə etmiş olsa da, dissertasiya yazmasına səbəb Heydər Hüseynovun təkidi olub.

Sara xanım uzun illər müxtəlif direktorlarla işləmişdir. Hamı da ona hörmət izzətlə yanaşmışdır.

Sağ olsun Nizami muzeyinin müdiriyyəti kollektivi ki, onu lazımi qayda-qanunla, dinimizi qorumaqla yerdən qaldırdılar torpağa tapşırdılar. Onun qırxını lazım olan səviyyədə verdilər. Eyni zamanda, qəbrinin üstündə sandıqça düzəltdilər.

Bu günlərdə isə mərhumənin ili keçirildi. Xatirəsi dərin ehtiramla anıldı.

Sara xanımın zəhmətini çəkənlər sırasında Akademiyanın müxbir üzvü, professor Səlahəddin Xəlilovun da adını xüsusi qeyd etmək lazımdır.

Çox təəssüf ki, tale Sara xanıma yar olmadı!

 

 

Cümşüd Muradov,

Azərbaycan Respublikası

məclis üzvü

 

Ədəbiyyat qəzeti.- 2013.- 15 fevral.- S.5.