Daş yuxuları
Ə.Əkrəmin son hərəkətlərindən təsirlənərək
qələmə aldım
Tezliklə
Qarabağ azad oluna,
Çin ola
xalqımın kaş yuxuları.
Sapı özümüzdən olan
"balta"lar,
Atır yaddaşıma "Daş
yuxular"ı
Məəttəl qalmışam özüm-özümə,
Ruhuma inanım, yoxsa gözümə?
Düşmən tənə ilə vurur üzümə
Özümünkü yazan boş
yuxuları.
Kökü bilinməyən mənşəyə
yazaq,
Şöhrətə yamayaq, mənsəbə yazaq.
Hansı dinə yazaq, məzhəbə yazaq -
Bəziləri görən çaş yuxuları?
Gözə dura bilər xalqın əməyi,
Haqdır məzəmməti, haqdır gileyi.
Uşaq ağlı ilə ölçür hər şeyi,
Qocalıq adlanan yaş
yuxuları.
Millətin haqqını ayaqlatdırır,
Ürək bulandırır, qan qaraltdırır.
Deyən kimlərisə sayıqlatdırır,
Çillə yuxuları, qış yuxuları.
Qara quraq
qalıb, ağa qar yağır,
Dövrana qar yağır,
çağa qar yağır.
Dünən güvəndiyin dağa qar yağır,
Quru yuyub sərir
yaş yuxuları.
Dədəmiz, babamız namərd olmamış,
Xalqa arxalanan darda qalmamış.
Yuxudan tez durur çimir
almamış,
Bəzisi görəndə quş yuxuları.
Göyçə, Dərələyəz, Gorus,
Zəngəzur,
Şirin yuxuları gözlərdən qovur.
Niyə həqiqəti yalana yozur?
Ağıllı, ağılsız baş, yuxuları.
Bu sözə tamarzı ağız, dil, dodaq:
Görək azad olub Şuşa, Qarabağ.
Tezliklə qələbə seivnci dadaq,
Çin olsun bu xalqın
xoş yuxuları!..
İlham İnam,
Şəmkir rayonunun Y.Seyfəli
kənd orta məktəbinin
dil-ədəbiyyat müəllimi
Ədəbiyyat qəzeti.- 2013.- 15 fevral.- S.4.