Azərbaycan Mülki Aviasiya Muzeyində
“Qadın işvəsinin silahı” adlı sərgi
açıldı
Fevralın
14-də Milli Aviasiya
Akademiyasının nəzdində fəaliyyət göstərən
Azərbaycan Mülki Aviasiya
Muzeyində “Qadın işvəsinin silahı” adlı sərgi
açılmışdır.
AzərTAc
xəbər verir ki, Milli Aviasiya
Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayevin
təşəbbüsü ilə açılmış sərgidə
Beynəlxalq Rəssamlar federasiyasının üzvü
Elvira Araslının şəxsi
kolleksiyası əsasında 80-dən çox
yelpik nümayiş etdirilir.
Sərginin
açılış mərasimində MAA-nın rektoru, akademik Arif Paşayev, ali təhsil müəssisəsinin
professor-müəllim heyəti iştirak etmişdir.
Muzeyin
direktoru Firəngiz Hüseynova
bildirmişdir ki, sərginin
məqsədi akademiyada təhsil alan gəncləri dünya
xalqlarının mədəniyyəti və incəsənəti
ilə yaxından tanış etmək, onların bədii-estetik
zövqünü zənginləşdirməyə
və formalaşdırmağa təkan verməkdən
ibarətdir.
Vurğulanmışdır ki, bu, MAA-nın rektoru Arif Paşayevin
təşəbbüsü ilə akademiyada
təşkil edilən ilk sərgi deyildir. 2011-ci ildə milli-mənəvi dəyərlərimiz
olan xalçaçılıq, misgərlik,
zərgərlik, bədii tikmə, milli
geyimlər kimi müxtəlif sənət
nümunələrimizdən ibarət “Azərbaycan
xalq tətbiqi sənəti nümunələri”
mövzusunda fotosərgi də məhz
hörmətli akademikimizin təşəbbüsü
ilə reallaşmışdır.
Diqqətə
çatdırılmışdır ki,
“Qadın işvəsinin silahı” adlı sərgidə Çin, Yaponiya, İtaliya, İspaniya və
Malayziya istehsalı olan
ipək, sandal, lələk, kağız və
digər materiallardan hazırlanmış
“utiva”, “may-oqi”, “sensu” formalı yelpiklər nümayiş
etdirilir.
Yelpik qədim tarixə malik bir əşyadır. Onun yaranması ilə
bağlı müxtəlif
rəvayətlər mövcuddur.
Başlanğıcda adi sərinlədici
vasitə olan yelpik sonralar hakimiyyət simvoluna çevrilmiş, müxtəlif
dövrlərdə yalnız
adlı-sanlı, kübar
təbəqənin istifadə
edə biləcəyi
bir əşya olmuşdur. Bu günədək yelpiklərin
müxtəlif ölçü
və formaları mövcuddur.
Yelpik sənətinin çiçəklənmə dövrü
XVIII əsrə təsadüf
edir. XIX əsrdə xanımlar
yaşından və mövqeyindən asılı
olaraq yelpiklərə
malik idilər. XIX əsrdən başlayaraq
Azərbaycanda da yelpikdən geniş istifadə edilməyə başlanılmışdır. Dövrümüzə qədər gəlib
çatmış, bir
çox xalqlara məxsus yelpiklər dünya muzeylərinin
nadir inciləri hesab edilərək qorunub saxlanılır.
Sərgi ilə yaxından tanış
olan MAA-nın rektoru, akademik Arif Paşayev belə tədbirlərin müxtəlif xalqlara məxsus mədəniyyətlərin
öyrənilməsi baxımından
əhəmiyyət daşıdığını,
tələbə və
məktəblilərin böyük
marağına səbəb
olacağını vurğulamışdır.
Sərgi İki ayadək davam edəcək.
Ədəbiyyat qəzeti.- 2013.- 15 fevral.- S.4.