NADİYA

 

Los-Ancelesdə köhnə bakılı, şair dostum Aleksandr Qriçlə görüşdüm. Daha doğrusu, biləndə ki, mən Amerikanın İndiana ştatına gəlmişəm, zəng elədi. Mənim üçün darıxdığını, görüşmək istədiyini dedi. Başa düşdüm ki, məndən çox, Azərbaycan, Bakı üçün darıxıb. Mənə düşünmək üçün bir saat vaxt verib dedi: “Mən bu vaxt ərzində İndianapolis şəhərinə o baş-bu başa bir münasib reysə bilet danışacağam. Bu vaxt ərzində sən də ailəni razı sal, etiraz qəbul etmirəm. Səni burda görmək istəyirəm, gözləyənlər var. Bir saatdan sonra zəng edəcəyəm”. Açığı mən də Saşa üçün darıxmışdım. Ömrümüzün böyük bir hissəsi bir yerdə keçib. Bir idarədə işləmişik. Mənim şeirlərimi tərcümə edib. Moskvada çap olunan beş kitabımdan biri olanOdu söndürməyin” kitabımdakı şeirlərin hamısı Aleksandr Qriçin tərcüməsindən ibarətdir. Xülasə, mənimlə İndiana ştatında olan ömür-gün yoldaşım Raya xanımın, qızım Günayın, nəvələrim Pərviz və Fikrət Qocanın razılığını aldım. Mən bu səfərlə bağlı xatirələrimi, düşüncələrimi yazıram. İndi isə AleksandrLyudmila Qriçlərin nəvəsi 6 yaşlı Nadiyaya yazdığım bir şeiri oxuculara təqdim edirəm. Bu şeiri ayrıca çapa verməkdə məqsədim onun mahnı variantını eşitməkdir. Bəstəkarlarımızdan kimsə bu sözlərə musiqi bəstələsə minnətdar olaram. Mən bu şeiri musiqisi ilə birlikdə şair dostuma göndərərəm.  

 

Çox gözəl qızdı Nadiya,

Hollivudun səmasında

Yeni ulduzdu Nadiya,

Ən şirin sözdü Nadiya.

 

Babaların, nənələrin

Anasıdı, nənəsidi,

Ömür sürmək həvəsidi,

O hamının nəvəsidi.

 

Gələr dəniz mehi kimi,

Gülər səhər şehi kimi.

Nənələrin, anaların

Həm dərmanı, həm həkimi.

 

Gözləri küsür, barışır,

Burnunda çillər sayrışır.

Onun dilin xalqlar bilir,

Uşaq dilində danışır.

 

Los-Anceles şəhəri

 

Fikrət QOCA

 

09.07.2013

 

Ədəbiyyat qəzeti.- 2013.- 19 iyul.- S.5.