Bayraq meydanı

 

Şirin söhbət edirdi

İki uşaq bayaqdan.

Güloğlan soruşurdu

Yaxın dostu Budaqdan:

 

- Olmusanmı, a dostum,

"Bayraq meydanı"nda sən?

O göylərə ucalan

Al bayrağı görmüsən?

 

Yer üzünün ən uca

Bayrağıdır bu bayraq.

Baxır bütün dünyaya

Alnı açıq, üzü ağ.

 

Müstəqil olan gündən

Vətənimiz, yurdumuz

Göydən həsrətlə baxır

Bizə günəş, ay, ulduz.

 

- Haradadır bu meydan?

Olmamışam mən orda.

Xəzər sahilindədir, -

Bayıla gedən yolda.

 

İstəyirsən gəl səni

Aparım o meydana.

Sən də iftixar ilə,

Sevinc ilə bax ona.

 

Oğurluq gül

 

Yazın son günləridi,

Qızışmışdı havalar.

Öz yerini verirdi

İsti yaya ilk bahar.

 

Vüqar gəldi küçədən

Bir dəstə qızılgüllə.

Ana dedi: - Hardasan,

Bu üst-baş nədir belə?

 

- Bu gülləri səninçün

Dərmişəm, - dedi Vüqar.

Götür, götür, ay ana,

Gör nə gözəl ətri var.

 

Girdim qonşu bağına

Dal qapıdan içəri.

Bir az şirin tut yedim

Gül dərib gəldim bəri.

 

- Oğruluğa girmişdin

Ay bala, qonşu bağa?

Gəl götür bu gülləri

At gözümdən uzağa.

 

Qəhrəman Mübariz

 

Azərbaycan xalqının Milli Qəhrəmanı Mübariz İbrahimova

 

Qəlbi vətən eşqi ilə

Dolu idi,

Elin cəsur, mərd Mübariz

Oğlu idi.

 

Qoruyurdu ermənidən

Öz yurdunu,

Qorxutmurdu nə top-tüfəng,

Ölüm onu.

 

Bir gün düşmən gələn zaman

Üstümüzə,

Qəsd eyləmək istəyəndə

Yenə bizə.

 

Girdi qızğın döyüşlərə

Cəsur kimi,

Mehdi kimi, Gəray kimi,

Qafur kimi.

 

Sərdi yerə neçə-neçə

ermənini,

Öz qanına qəltan etdi

düşmənini.

 

O özü də el yolunda

Şəhid oldu.

Şan-şöhrəti dildə gəzən

İgid oldu.

 

Gəlmə, düşmən, vətənimə,

Gəmə yaxın!

Mübariz tək oğlu çoxdur

Bu torpağın!

 

Əmzik itkisi

 

İki yaşın

İçindədir

Aybəniz,

Üstü-başı

Daim olur

Tər-təmiz.

 

Səhər-axşam

Əmzik əmir

O hələ

Xoşu gəlir

Bəsdir demir,

O hələ.

 

Əmziyini

Qız itirdi

Bir səhər,

Ana onu

Sakit etdi

Birtəhər.

 

Nənə gəzdi,

Ana gəzdi

Evləri,

Qızın qaçıb

Oynadığı

yerləri

 

Ancaq ondan

Xəbər verən

Olmadı,

filan yerdə

Gördüm deyən

Olmadı.

 

Uşaq isə

Hey göz yaşı

Tökürdü,

Ana onu

Qucağına

Götürdü.

 

Dedi: - Gülüm,

Daha böyük

Uşaqsan,

Əmzik üçün

Ağlayırsan

Nahaq sən.

 

Qoy bir öpüm

Sənin gözəl

Üzündən,

Axıtma gəl

Bu qədər yaş

Gözündən.

 

Ana gördü

Gəlir evin

Pişiyi,

Ağzında da

Aybənizin

Əmziyi.

 

Evdəkilər

Gülüşdülər

Bir qədər,

Pişiyə də

Belə olmaz

Dedilər.

 

Əmzik nədir

Bilməyir qız

O gündən.

Pişiyin də

Uzaq gəzir

Gözündən.

 

Nağıl istəyən qız

 

Babasını görəndə

Gülür, sevinir çiçək.

Yüyürür qabağına

Babam gəldi deyərək.

 

Baba da qucağına

Götürür nəvəsini.

Uşaq kimi sevinir

Eşidəndə səsini.

 

Qız deyir: - Danış, baba,

Mənim üçün nağıl gəl.

Göydən üç alma düşsün

Biri-birindən gözəl.

 

Evdə gizlətsin anam

Götürüb almaları.

Sonra gətirsin mənə,

Yeyim bir-bir onları.

 

- Bəs mənə pay çatmayır,

Qızım, bu almalardan?

Heç olmasa birini

Babana ver, ay şeytan.

 

- Yaxşı, qoy biri sənin,

İkisi olsun mənim.

Ancaq xəbər tutmasın

Bundan Murad, nə Səlim.

 

Yoxsa gəlib hərəsi

Birisini götürər.

Yerdə mənə pay qalmaz,

Almalar əldən gedər.

 

De başla, ay babacan,

Gözəl bir nağıl danış.

Qardaşlarım məktəbdən

Gəlib evə çatmamış.

 

Xoşu gəldi babanın

Nəvəsinin sözündən.

Öpdü nağıl istəyən

Qızın iki gözündən.

 

Nənəm küsüb

babamdan

 

Nənəm küsüb babamdan

Qəlyan çəkmək üstündə.

Onların arasında

Söhbət olub bu gün də.

 

Nənəm deyir: - Ay kişi,

Daha qəlyan çəkmə sən.

Öysürürsən gecələr

Yatammıram səsindən.

 

Şükür olsun Allaha

Əlin çatıb hər şeyə.

Yox bir əyər-əksiyin,

Qəlyan çəkirsən niyə?

 

Gül kimi nəvələrin

Gəzirlər qabağında,

Hamı hörmət eyləyir

Sənə qoca çağında.

 

Təmiz havada hər gün

Ye-iç, özün üçün gəz.

Tulla getsin qəlyanı,

Ala bilmirsən nəfəs.

 

Babam isə deyir ki,

Çəkməsəm onu əgər

Günlərim bir-birindən

Daha da ağır keçər.

 

Barışdırdım onları,

Babamın güldü üzü.

“Gözəl balasan” oldu

Onun mənə son sözü.

 

Sən də görərsən

 

Həyətdəki təndirdə

Çörək bişirir nənə.

Xumar durub baxırdı

Nənəsinin əlinə.

 

Yumurtalı, xaşxaşlı,

Gül ətirli çörəklər

Qıpqırmızı olurdu

Bişən kimi bir qədər.

 

Nənə alıb onları

Düzürdü tabaqlara.

Bütün bunlara baxmaq

Xoş gəlirdi Xumara.

 

Dərk eyləyə bilmirdi,

Anlamırdı qız ancaq,

Neçin nənənin əli

Odda bilmirdi yanmaq.

 

Nənə qızı çağırıb

Dayanma bekar, - dedi,

Boş qabları götürüb

O yana apar, - dedi.

 

Sonra gəl dur yanımda

Yavaşca bax təndirə.

Gör çörək necə bişir,

Qızarır birdən-birə.

 

- Bəs niyə yanmır əlin

İsti təndirdə nənə?

- Hə, belə de, ay bala,

Eşit qoy deyim sənə.

 

Qoca nənən çox görüb

Belə odlar, ocaqlar.

Əllərim odda bişib,

Etmir mənə daha kar.

 

Böyüyəndə od, ocaq

Görəcəksən özün də.

Ucalarsan günbəgün

Hamımızın gözündə.

 

Simax Şeyda

 

Ədəbiyyat qəzeti.- 2013.- 7 iyun.- S.7.