Son zəng
Uşaqlar
cəmiyyətin gülüdür, çiçəyidir;
uşaqlar hamımızın həm bu günü, həm də
gələcəyidir
Heydər Əliyev
Mayın 31-də Səbail rayonu 190
saylı orta məktəbdə bayram əsl əhval-ruhiyyəsi
yaşanırdı. Əllərində gül-çiçəklə
məktəbə son gəlişlərini qeyd etməyə
hazırlaşan onbirincilərin üzündə həm sevinc,
həm də həyəcan hiss olunurdu… Bu bayram ovqatı həm
də məktəb direktoru Afət Bakıxanovanın,
onbirincilərin sinif rəhbərlərinin, eyni zamanda valideynlərin
simasında aşkar duyulurdu.
Bəli, bu gün onlar məktəbə
son qədəmlərini qoyur, gələcək həyatın
həyəcanını yaşayırdılar.
Əvvəlcə Azərbaycan Dövlət
himni səsləndi. Tədbiri məktəbin direktoru Afət
Bakıxanova açdı, onbirinciləri, tədbirdə
iştirak edən qonaqları, müəllim heyətini və
valideynləri salamladı. Afət xanım sonra məktəbin
qonaqlarını təqdim etdi və sözü onlara verdi. Səbail
rayon icra hakimi Asif Əsgərov, vaxtilə məktəbin məzunları
olmuş xalq artistləri bəstəkar Eldar Mansurov və
skripkaçı Natiq Nuriyev, Bakı şəhəri üzrə
Təhsil İdarəsinin metodisti Roza Rüstəmova, Bakı
Slavyan Universitetinin dosenti, məktəbdə fəaliyyət
göstərən ali və orta təhsilin koordinasiyası
kafedrasının müdiri dosent Nuridə Novruzova onbirinciləri
səmimi qəlbdən təbrik etdilər.
Tədbir məktəblilərin
maraqlı çıxışları ilə davam etdi. 11d
sinfinin rəhbəri Təranə Əzizova da şagirdləri
bu bayrama xüsusi hazırlamışdı. Onbirincilərdən
Pəri Hacızadə, Ləman İsmayılzadə və Səidə
Qədimova maraqlı musiqi nömrələri ilə
çıxış etdilər. Skripkaçı Natiq Nuriyevin
şirin musiqi təbrikinə "Təbəssüm" rəqs
kollektivi də qoşuldu.
Sülh rəmzi olan ağ göyərçinləri
səmaya uçuran onbirincilər son zəngin sədaları
altında tədbiri rəqslə davam etdirdilər.
X. Məcidova
Ədəbiyyat
qəzeti.- 2013.- 7 iyun.- S.7.