"Ancaq ədəbi
mühit üçün qəribsəyirəm…"
Müsahibimiz xalq yazıçısı İsa
Muğannadır
- İsa müəllim,
düz beş il əvvəl ziyarətinizə gəlmişdim.
Söhbətimiz də alındı. Maraqlı bir müsahibə
hasilə gəldi. Ayrılanda dərin səmimiyyətlə
"bu evin qapısı həmişə sənin üzünə
açıqdı, ürəyin nə vaxt istəsə ərklə
aça bilərsən" - dediyini heç unutmadım. Eyni
münasibəti sizdən sonra xalq yazıçısı, rəhmətlik
Qılman İlkindən və professor Qəzənfər
Paşayevdən gördüm. Maraqlıdı, siz
özünüz
ömrünüzün-gününüzün bu
çağında kimin qapısını ərklə, ürəklə
açmaq istərdiniz?
- Əgər
möcüzə baş versəydi, zamanın
hökmünü bir anlığa dəyişmək
mümkün olsaydı, heç tərəddüd etmədən
Mehdi qağanın, Mehdi Hüseynin qapısını
açardım. Deyərdim: "Xoş gördük, ay Mehdi
qağa, qələmin necədi, özün necəsən?"
O da mütləq nəsə oxuyardı… Heç unutduğum
olmayıb; kabineti vardı - mənzili üç balaca otaqdan
ibarət idi. Stolu belə qoymuşdu (əliylə göstərir
- S.H.) qarşıda divan, divanın arxasında da kitab rəfi…
Uzaq qohumluğumuz vardı. Mənə "əmioğlu",
firuzə xanıma da "əmiqızı" - deyərdi.
Bir də görərdin gecə saat birdə, ikidə zəng
edib deyir: "Durun gəlin bəri, gözləyirəm".
Bilirdim ki, yeni nəsə yazıb-oxumaq, fikrimi bilmək istəyir.
Saatlarla oxuyardı. Ölümündən bir neçə
saat əvvəl də zəng edib demişdi ki, gözləyirəm,
gəlsin… Mənə çox inanırdı.
"Teleqram"ı yenicə çap etdirmişdim.
Yazıçılar İttifaqının Sumqayıtda
keçirilən plenumunda Mehdi qağa çıxış
edib dedi: "Əsəri oxudum, "Əhsən!" - deməyə
bilmədim". Baxmayaraq ki, tənqidi fikirləri də
çox idi. "Doğma və yad adamlar"dakı (Sonralar
"İsahəq, Musahəq" adıyla nəşr olundu)
Qara Canbalayev obrazı barədə "belə patoloji
obrazlardan əl çək - deyirdi, - bu, səni səhv yolla
aparacaq. Həmin obrazın Dostoyevskinin "Karamazov
qardaşları" romanındakı ögey qardaş
obrazına yaxın cəhətlərini xüsusilə qeyd edərdi.
"O cür ruhu - patoloji situasiyaya uymaq qorxuram səni çəkib
arxasınca apara" - deyə nigaranlığını
bildirirdi. Ancaq mən Qara Cambalayev obrazını dəyişmədim,
əksinə, bir az da tündləşdirdim. Hələ də
unutmuram o böyük insanla aramızda olan mükalimələri…
Hərdən ürəyimdən keçir ki, kaş Səməd
Vurğun sağ olaydı… Oturaydıq üzbəüz… Otuz
yeddinci ilin, otuz səkkizin vahimə dolu anlarını
xatırlaya-xatırlaya bu gün dünyada baş verən
köklü qloballaşmanın xeyrindən-zərərindən
söz açaydıq. Soruşaydım ki, ustad, necə bilirsən,
görəsən qalib gələcəkmi cahanda kamal? Bilmirəm
böyük şair yaşadığımız zəmanənin
gedişatı baxımından indi bu sualı necə
cavablandırardı… Ancaq yəqin bilirəm ki, o, ana dilimizə
qarşı olan biganəliyimizə əlbəəl etiraz edərdi.
Adına "qloballaşma" deyilən tarixi proses heç
vaxt dilimizin özünəməxsus gözəlliklərini
arxa plana keçirməməlidi. Sevindiricidi ki, yaxın aylarda
ölkə başçısı dilimizin qorunması ilə
bağlı xüsusi qərar verdi. Ancaq məyusedici faktlar da
çoxdu. Ekranda, efir məkanında belə doğma dilimizə
qəsd edənlər tapılır. Təhriflər,
qeyri-peşəkar reklamlar, ucuz şou proqramları milli dəyərlərimizi
aşağılamaqdadı. Deyək ki, qalib xalqın dilinin məğlub
ölkənin dilinə təsiri necədirsə,
qloballaşmanın bölgələrə təsiri də elədi;
əşyalarla, maddi nemətlərlə bərabər dil də
daxil olur. Bu, təhlükəli bir işdi. Televiziya
aparıcılarının yeri gəldi-gəlmədi
"bravo!" - deyə qışqırmaları az qala efiri
başına götürür. fərqinə varmırlar ki,
bu, yabançı sözdü, bunun
qarşılığında dilimizdə gül kimi "əhsən"
ifadəsi var. Təəssüf ki, bu hal türkiyəli
qardaşlarımıza da sirayət edib. Bizimkilər də
onlara baxıb, bir az da irəli gedirlər. Ədəbi
yaradıcılıq sahəsində də bir çox problemlər
var. Bəsit kitabların sayı gündən-günə
artmaqdadı. Nəşriyyatlar belə kitabları çap etməklə
ədəbiyyatımıza pis xidmət edirlər. Xüsusilə
istedadsız qadın yazarların cızma-qaralarına hər
cür sponsorluq edənlərin halına acıyıram. Əvvəl
kitablarını nəşr etdirirlər, sonra bu kitabların
təmtəraqlı təqdimatlarına dəstək verirlər,
sonra da saatlarla televiziya verilişlərində əl-qollarını
ölçə-ölçə, duzsuz-duzsuz
danışmalarına şərait yaradırlar. Hansı
kanalı açırsansa görürsən ki, budur ey, gah ədəbiyyat
dərsi verir, gah əxlaq dərsi verir, ərindən,
sevgilisindən danışır, gah mətbəx
bacarığını göstərir. Bir sözlə, təki
gündəmdə olsun, görünsün. Yetər ki,
iki-üç şeri əzbərləyib o veriliş sənin,
bu veriliş mənim dolaşa bilsin. Ən
acınacaqlısı budur ki, belələri hətta mötəbər
söz sahiblərinin də saqqızını oğurlaya
bilir, özləri haqqında efir məkanından "görkəmli",
"çox istedadlı", "bənzərsiz" epitetlərilə
izlənən müsahibələr aldırırlar.
Tamaşaçı da düşünür ki, doğrudan da
bu boyda alim bu adamın haqqında bu boyda tərif
yağdırırsa, deməli, elə bu adam həqiqətən
də böyük sənətkardı. Bekara bir qələm
adamını bu cür yüksək şəkildə tərifləyən
alimlər əslində Nizaminin, Füzulinin, Vaqifin, Səməd
Vurğunun, Müşfiqin, Məmməd Arazın,
İsmayıl Şıxlının, Mehdi Hüseynin
haqqını ayaqlamış olur. Bəs onda Xaqanini, Nəsimini,
Rəsul Rzanı, hansı epitetlərlə təqdim etməliyik?
Bunları
deyirəm, dedikcə də yadıma Nobel
mükafatçısı İosif Brodskinin bir məşhur
fikri düşür: "Mən yazmağa başlayanda ədəbiyyat
üzrə yüzə yaxın müəllifin adını
çəkmək olardı. İndi kitab dükanlarına
baxıram, solist və qrup albomlarıyla zəngin val-plastika
dükanına bənzəyirlər. Bütün bu
albomdakı qruplar və solistləri dinləmək
mümkün deyil, çünki buna heç ömür də
bəs etməz. Həm də ona görə ki, onların əsas
üslubu səs-küydür. Bütün bunlar müasir ədəbiyyata
da aiddir. Onun didaktik səs-küyü bu səs küydən fərqlənmir".
Bu deyilənlər
əslində mənim özümün çağdaş ədəbi
həyata olan münasibətimi büsbütün ifadə
edir. Hazırkı kitab dükanlarımız eynən bu durumu
yaşamaqdadı. Səbəbsə bəzi nəşriyyatların
hər cür yazı nümunələrini az qala zorla müəllifin
əlindən para naminə alıb nəşr etmələridir.
- Ustad, doğma Ağstafa
üçün darıxdığınız vaxtlar tez-tezmi
olur?
- Olur
da sözdü… Əsərlərimdən sıx-sıx
keçən bütün uşaqlıq xatirələrim o
yerlərlə bağlıdı. İmkan olan kimi gedirəm. Hər
cür meyvəsi, gülü-çiçəyi olan
bağım-bağçam var. Dünən bağa baxan
kişi telefonun dəstəyini tutub ki, bülbüllərin səsinə
qulaq asım.
- Yəqin Ağstafada da
olanda Bakı üçün darıxırsınız…
- Mən
ancaq ədəbi mühit üçün qəribsəyirəm.
Məsələn, dilxor oluram ki, "Ədəbiyyat qəzeti"
Ağstafaya bir az gec gedib çatır. Tez-tez ürəyimdən
Nizami Cəfərovla, Zəlimxan Yaqubla, Barat Vüsalla söhbətləşmək
keçir. Mehdi qağayla, Səməd Vurğunla, Hüseyn
Ariflə bağlı ediləsi o qədər
sözüm-söhbətim var ki! Nizamini sağ oslun, yaxın
vaxtlarda mənim haqıqmda yaxşı bir məqalə
yazıb. "Açıq məktublar" adlı
kitabının ikinci məqaləsi mənim haqqımdadı.
"İdealı" çox gözəl təhlil edib,
ürəyimcədi. Lap elə "Azərbaycanın
böyük yazıçısı" - deyə tərifləməsi
də… Qoy Mehdi qağanın ruhu şad olsun!
- İsa müəllim,
"İdeal"ın son nəşrinə "Ön söz
əvəzi" yazdıqlarınızı maraqla oxudum.
Doğru deyirsiniz ki, müqəddimə oxunmasa, əsər
oxunmaz. O müqəddiməni oxuduqca xalq şairi Bəxtiyar
Vahabzadənin "Ömür dastanımı bilmədim
açdım, nə qəlmi-qadalı səyahət
imiş" misraları dolanırdı yaddaşımda…
- Mənim
həyatımın indi artıq oxuculara məlum olan qəmi-qadası,
fəlakətləri o vaxt başladı ki, əlimə qələm
alıb yazmağa başladım. İyirmi dörd - iyirmi
doqquz yaşlarımda ilk az-çox ciddi əsərlərimi -
"Arx" hekayəsini, "Dan ulduzu" və "Yanar
ürək" povestlərini yazdım. Ədəbiyyat aləminin
diqqətini təzə-təzə cəlb etməyə
başlamışdım ki, birdən-birə ədəbi
ictimaiyyətin, partiya iclaslarının, plenumların, Azərbaycan
Kommunist partiyası rəhbər işçilərinin kəskin
tənqidinə məruz qaldım. Səbəb povestimin əksər
fəsillərində həyatımızın mənfiliklərinin
çoxluğu və hadisələrin mərkəzindəki mənfi
raykom katibi obrazı idi. Bu kəskin tənqid
altmışıncı ilə qədər davam etdi. Lakin
dördüncü əsər - "Doğma və yad
adamlar" romanı daha kəskin tənqid atəşinə məruz
qaldı. Səbəb əsərin mərkəzində ədəbi
gəncliyi sevməyən, son dərəcə mənfi
xarakterli alim tənqidçinin obrazı idi… Həyatım belə
gətirdi ki, Moskvada Ədəbiyyat İnstitutunda təhsilimi
davam etdirməyə gedəndə kino işçiləri ilə
tanış oldum və "Ulduzlar sönmür" filminin
ssenarisini yazdım. Lakin bu dəfə də kapitalist Hacı
Zeynalabdin Tağıyevin müsbət obrazını
yaratdığıma görə Mərkəzi Komitənin tənqid
atəşi altına düşdüm. Film yenidən montaj olundu.
Şəxsən ulu öndərimiz özü filmi təqdir
edəndən sonra tamaşasına izn verildi. Lakin bu son hadisə
də mənim, necə deyərlər, bəxtimi
açmadı. "26-lar" filminin ssenarisi də kəskin tənqid
olundu.
Yalnız
1985-ci ildə həyatım dəyişdi. O vaxt mən
Kinematoqrafiya Komitəsinin baş redaktoru vəzifəsində
işləyirdim. Yeddinci mərtəbədə əməlli-başlı
çardaq kimi dörd kvadratmetrlik kabinetdə otururdum. Səbəb
sədrlə aramızda baş vermiş siyasi konflikt idi. O, Nəriman
Nərimanovu qatı millətçi sayırdı və mənim
Nərimanova həsr olunmuş filmimi ardıcıl tənqid
edirdi. Bu olayların davam etdiyi günlərin birində səssiz
kabinetimdə oturub "Yanar ürək" povestinin yeddinci
variantını işləyirdim. Qəfildən sanki
qulağıma qeybdən qəzəbli bir səs gəldi. O səs
məni Moskvanın sifarişi ilə rus dilində kinossenari
yazdığıma görə lağa qoyurdu. Axırda da
qayıtdı ki, keç stolun arxasına, mən öz ana
dilində sənə qədim dünyaya dair material verəcəm,
tarixi roman yazacaqsan…" Sonra o səs mənə zaman-zaman vətənimizin
başına gətirilən fəlakətlərdən,
ayır-buyur siyasətinin acısından danışdı.
Özümü itirmişdim. Bu səsin cazibəsindən qurtulmağın
mümkünsüzlüyünü dərk edirdim. Eyni zamanda
görürdüm ki, bu, mənim vicdanımın,
düşüncələrimin səsidi. Məhz bu səsin
hökmü ilə yaxın və uzaq keçmişimizdən
tarixi hadisələr, bədii süjetlər içində
verilmiş SafAğ həqiqətlərinin
qavranılmasını asanlaşdırmaq məqsədilə əsərlərimi
demək olar ki, hamısını yenidən işlədim.
Həyatımı
və mübaliğəsiz demək olar ki, bütün
varlığımı kökündən dəyişən
hadisələr burulğanı Qara Canbalayevin ilk baxışda
çox adi görünən sualı ilə
başlamışdı: "Sənin ana dilini əlindən alan
var ki…" Anadil qoymusan təxəllüsünü! Necə yəni
Anadil?! İzah elə!"
Artıq
hiss edirdim ki, elə hadisələr burulğanına
düşmüşəm, bu burulğandan xilas olmağa
heç bir ümid qalmayıb. İndi, aradan xeyli zaman
keçəndən sonra, qələm əlimdə, yazı
stolumun arxasında oturub fikirləşirəm: "Xilas ola
bilmişəmmi? Beynimdəki bu qaynar qazanın səbəbləri
nədi?"
- İsa müəllim,
"İsahəq-Musahəq"də Rəşid
obrazını elə doğmalıqla təsvir edibsiniz ki,
hadisələrin nə dərəcədə Rəşidə,
nə dərəcədə müəllifə - sizin
özünüzə dəxli olduğunu seçib-ayırmaq
mümkünsüzdü…
-
Bilirsinizmi, o əsər mənim vur-tut yeddi yaşımın
xatirələridi. Müharibənin başlanmasından cəmi
dörd ay keçən bir vaxtın.
- Hələdəmi Seyid Əli
əminin qızı Nailənin, o dərdli Nailənin
bağışladığı bağça çiçəyinin
ətri damağımızdadı?
- O bir
dəstə sarı-qızılı çiçək dəstəsi
bir qəbrin içindədir… Ancaq bir ömür boyunca hələ
də deyə bilməmişəm ki, kimin qəbrinin
içində…
- Ustad, rus ədəbiyyatının
patriarxı Lev Tolstoy deyirdi ki, xahiş edirəm mənə
xeyirxah bir Məhəmmədçi kimi yanaşın. Onda hər
şey yaxşı olacaq!" Sizcə, böyük
yazıçını "xeyirxah bir Məhəmmədçi"liyə
bağlayan o gözəgörünməz gücün sirri nədədi?
- Bilirsənmi,
Lev Tolstoy kimi bir dahi şəxsiyyət heç vaxt bəhrəsiz
səhra hüzurunda baş əyə bilməzdi. Mənim
"NurÜn" romanımda Cahan Pəhləvanla Nizami Gəncəvi
arasında bir mükalimə gedir. Nizami Cahan Pəhləvana tənə
edir ki, xalis hökmdar kimi danışırsan. Hökmdar təəccüb
edir: "Bəs necə danışmalıyam?" Nizami
cavabı ləngitmir: "Qul kimi!" Atabəy qəzəbini
boğa bilmir: "Şeyx, Atabəyəm mən" "Atabəylər
nəslən elmimizin qullarıdır. Elmin qulu kimi
danış, Elm hökmdarı Nizami qulun olsun…" - deyir.
Həzrəti
Peyğəmbərimiz insanlıq elmimizin, bəşəri
düşüncənin hökmdarı kimi, Tanrının
dilmancı kimi danışan bir şəxsiyyət idi və
Tolstoy kimi bəsirət gözü açıq olan bir dahinin
Məhəmmədçi olmaq istəyi də ordan
qaynaqlanırdı. Allaha bağlı olan kəslərin
imanı eyni yerdən gəlir. Allah sözünün mənası
mənim ƏsƏrlərimdə dönə-dönə
istinad etdiyim Odər dilində "bağ" deməkdi -
insanı insana bağlayan, dost edən bağ, əlaqə
vasitəsi. Bunu əsərlərimdən oxuduğunuz SafAğ
elmini anlayanlar bilər… O dərcə üzüağ deməkdi.
Bizim xalqın qədim adlarındandı. Bizim Hürufi
dediyimiz SafAğlar həriflərə istinad edirdi. Boya-başa
çatdığım Qazax mahalının,
Borçalının hürufiliklə əlaqəsi geniş
olub. Xalq şairi Zəlimxan Yaqubun doğulduğu kəndin
adı hurifi elmindən gəlmədi. Hürufilərin üst
geyiminə "Xirqə" deyirdilər. Kəpənəkçi
kəndi də o xirqələrin tikilməsiylə
bağlı bir məkan adıdı. Orada aşıqların
daha çox yetişməsi də həmin ruhdan gəlir. Eləcə
də Zəlimxanın söz dünyası… Aşıq
Kamandar SafAğ elminə, yəni paklıq, ruhi təmizlik
elminə çox bağlı bir insan idi. Onun
yaradıcılığını araşdırmağa
böyük ehtiyac var. SafAğın kökündə
İslamın hardan gəlməsi kodu var. Mən bütün
ömrümü bu elmin dərkinə həsr etmişəm.
Bu elmin mahiyyəti odur ki, o, qorxunu silir. Daha bəşəri
bir elmdir. İsmi Pünhan müəllimim və qəlbimin səsi
elə hey mənə təlqin edir ki, bu elmin əsaslarını
cəmiyyət üçün daha anlamlı şəkildə
açım, gələcəyin ən böyük elmi kimi dərk
etdirim. İndi müstəqil, azad Azərbaycanımız
tolerantlığın mərkəzinə çevrilib. Əsərlərimdən
sizə tanış olan SafAğ elmi bu dəyərlərə
daha yaxındı, günəş işığı mənasındadı.
Bu işıq mənim həyat idealımdı, ömür səhifəmdi.
Müxtəlif məqamlarını yazmışam. Axırında
Kamandarın şerindən bir misra gətirmişəm:
"Haqdan gəlir sənin bu səltənətin…"
Haqdan gələn
səltənətə ehtiram boynumuzun borcudu. Boynumuzun borcudu
ki, heç bir haqqı itirməyək… Heç unutduğum
olmayıb xalq yazıçısı Mirzə İbrahimovun mənə
tənqidin gücləndiyi bir vaxtda dözə bilməyib
"bəsdirin, nə istəyirsiniz bundan, ürəyini
partladıb öldürməkmi istəyirsiniz. İsa əsərlərini
ürəyinin qanıyla yazıb" - deyə məni
müadfiə etməsini. O çəlimsiz cüssəsilə
bu cür kükrəyib haqqı müdafiə etməsi Mirzə
müəllimi gözlərimdə əzəmətli bir
dağa döndərmişdi. Ya elə Qılman İlkini
deyim… Yeddi il olardı ki, kitabım nəşr olunmurdu. Getdim
yanına ki, bə mənim tutumlu bir kitabım işıq
üzü görməyib. Dedi: "Neçə çap vərəqi
bəs edər?" Utandığımdan çox az bir rəqəm
dedim. "Elə niyə?" - dedi. - Get iyirmi çap listi həcmində
kitabını hazırla gətir".
İnsanın
gərək sözü ilə əməli bir ola. Mən Səməd
Vurğunu, Mehdi Hüseyni, Rəsul Rzanı, Əli Vəliyevi
belə görmüşdüm; xeyirxah, mərd,
xalqını, vətənini düşünən. Atam
dünyasını dəyişəndən sonra bütöv
ailəmizdə on səkkiz nəfərin
dolanışığı mənim üzərimə
düşmüşdü. Əli Vəliyev kişilik etdi,
qayğısını əsirgəmədi. Onun
yazdığı qonorar olmasaydı, həyatım çox
çətin olardı. Əbülhəsən, Sabit Rəhman
da çox həssas, yaxşı adamlar idi… Ziyalı olan kəs
gərək xalqının milli mənafeyinə, tarixinə
şərəflə xidmət etsin. Söhbətimizin əvvəlində
professor Qəzənfər Paşayevin adını çəkdiniz.
Tale elə gətirib ki, onunla şəxsi həyatımda elə
bir əlaqəm olmayıb. Ancaq bilirəm ki, Qəzənfər
müəllimin "Altı il Dəclə-fərat sahillərində"
kitabı milli varlığımızın sərhədlərinin
göz önünə bütöv şəkildə gətirilməsi
üçün hansı tarixi vəzifəni yerinə
yetirib... Bu çox böyük işdi. Xalq
yazıçıları Anarın, Elçinin, elə
başqa istedadlı sənət dostlarımızın Azərbaycan
ədəbiyyatına necə yüksək dəyərlərlə
xidmət etmələrinin fərqində olmalıyıq. Heyif
ki, gözlərim imkan vermir. Əziz həmyerlim Vidadi
Babanlı kimi, mütaliə etmək imkanım çox
azdı. Ancaq çox istəyirəm ki, Elçinin son əsərlərini
oxuyum. Onun hekayələrindən olmaz… Elçin Azərbaycanda
ən modern yazıçıdı, gözəl nəzəriyyəçi
və tənqidçidi. Nəzəri biliyi genişdi.
Anarın "Ağ qoç - qara qoç"u şedevrdi.
Bir kitaba yazdığım ön sözdə bu barədə
fikirlərimi bildirmişəm.
- Sirr deyilsə,yeni
yaradıcılıq planlarınızdan
danışmağınızı istərdik…
- Tarixi
həqiqət elə genişdir ki, nə qədər əl gəzdirsən
yenə də azdır… Bunu bədii müstəviyə
bütün anlamıyla gətirmək
mümkünsüzdü. Yazıb son nöqtəni qoyursan.
Sonra da baxıb görürsən ki, yox, hələ demədiyin
çox mətləblər var. İtkilərimiz,
ayrılıqlarımız mənə tarixin səhvi kimi gəlir.
"Yurd yeri" adlı roman yazmaq istəyirəm. Bir rus
generalının məktubunu oxumuşam. Yazır ki,
"İrəvanı verdik onlara". Yəni ermənilərə.
Üstəlik, İrəvan çuxuruna qədər gedən
Göyçə də getdi. İndi də belə… Dərələyəz
deyilən kəndin köçürülməsi ağrısı
hələ də məni yandırır. Bütün
bunları yazmaq, bir araya gətirmək, tezliklə
xeyirxahım "Hədəf" nəşriyyatına təqdim
etmək istəyirəm. Sağlıq olsun… Gördüyüm
dünyanın bildiyim dünya olmasını istəyirəm.
- Amin!
Söhbətləşdi:
Sərvaz Hüseynoğlu
Ədəbiyyat
qəzeti.- 2013.- 7 iyun.- S.6.