İsa
Muğanna - 85
Hörmətli
İsa Muğanna!
Sizi - görkəmli xalq yazıçımızı 85 illik yubileyiniz münasibətilə
təbrik edirik.
Siz 1928-ci ildə Ağstafa rayonunun
Muğanlı kəndində anadan olmusunuz. Orta məktəbi
bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olmuş (1945) təhsilinizi ADU-nun
filologiya fakültəsində davam etdirmisiniz. Moskvadakı Qorki adına Ədəbiyyat
İnstitutunda yaradıcılıq sirlərinə
daha yaxından yiyələndikdən sonra Azərnəşrdə ədəbiyyat
şöbəsinin müdiri (1952-1954),
"Literaturnıy Azerbaydjan" qəzetində
nəsr şöbəsinin müdiri
(1960-1964), C.Cabbarlı adına "Azərbaycanfilm"
kinostudiyasında baş redaktor
(1964-1968), redaktor, ssenari
şöbəsi üzvü, Azərbaycan
Kinematoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində
çalışmısınız.
İlk mətbu əsəriniz
1949-cu ildə nəşr olunub. "Bizim qızlar", "Dan ulduzu", "Hekayələr",
"Yanar ürək", "Doğma və yad adamlar", "Tütək səsi",
"Kollu Koxa",
"Ömürdən izlər", "Saz",
"Məşhər", "İdeal",
"Ulduzlar sönmür",
"İsahəq - Musahəq", "Cəhənnəm"
və s. kitablarınız dərin oxucu marağı qazanıb.
Ssenariləriniz
əsasında "26 Bakı komissarı", "Nəsimi",
"Ulduzlar sönmür",
"Tütək səsi" və s.
filmlər çəkilmiş, əsərləriniz bir çox xarici ölkələrdə nəşr olunmuşdur.
Siz 1988-ci ildə Azərbaycanın
xalq yazıçısı fəxri
adına layiq görülmüsünüz.
1991-ci ildən Yazıçılar Birliyi
Ağsaqqallar Şurasının üzvüsünüz.
Hörmətli
İsa müəllim!
Sizi bir daha 85 illik yubileyiniz
münasibətilə təbrik edir, sizə
uzun ömür,
cansağlığı və yeni
yaradıcılıq uğurları arzulayırıq.
Azərbaycan
Yazıçılar Birliyi
Ədəbiyyat
qəzeti.- 2013.- 7 iyun.- S.6.